Məhkəmə qərarları › İş №1(044)-103/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-103/2022

21.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-103/2022 21.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 28.02.1986-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs (bundan sonra Təqsirləndirilən şəxs) istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq, yəni təsir maddəsinin ümumi miqdarı 0,320 qram təşkil edən narkotik vasitə metadon dərman həblərini əldə edib daşıyaraq üzərində saxlamış,16 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsqanunsuz olaraq narkotik vasitələri istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilinərək Gəncə şəhəri M.C.Paşayev küçəsində yerləşən “Nəhəng daş” ticarət mərkəzinin yaxınlığıda saxlanılaraq Gəncə şəhər Baş Polis idarəsinə gətirilmiş və üzərinə baxış keçirilən zaman əynində olan pencəyin sol iç döş cibindən üzərində “Methadone 40” göstəricisi olan blister kəsiyində 8 ədəd üzərində F/M40 göstəricisi olan açıq-qəhvəyi rəngli dairəvi formalı təsir maddəsinin ümumi miqdarı 0,320 qram olan narkotik vasitə - metadon dərman həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu CM-nin 234.1-ci maddəsi ilə tam təqsirli bilərək ifadəsində bildirdi ki, o, əvvəllər Göygöl Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş cəzasını çəkib qurtardıqdan sonra ailəsi ilə birlikdə yaşayır.2021-ci ilin oktyabr ayının əvvəllərində Gəncə şəhəri Cavadxan küçəsində yerləşən Narkoloji dispanserin yaxınlığından keçərkən yerdə1 ədəd qəhvəyi rəngli konvalyut görmüş və onu yerdən götürüb baxarkən içində 10 ədəd həblərin olduğunu görmüşdür. Əvvəllər narkotik maddədən istifadə etdiyi üçün onun narkotik vasitə olan metadon olmasını görmüş və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra onu götürüb özü istifadə etmək üçün cibinə qoymuşdur. Sonra evdə həmin həblərdən ikisini udaraq istifadə etmiş, qalan 8 həbi isə özü istifadə etmək üçün əynindəki pencəyin sol iç cibinə qoymuşdur. 16 oktyabr 2021-ci il tarixdə axşam saat 18 radələrində Yeni Gəncə qəsəbəsində yerləşən “Nəhəng daş” ticarət mərkəzinin yaxınlığında olarkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis işçiləri olduqlarını bildirib, onu Gəncə şəhər Baş polis idarəsinə dəvət etmişlər. İdarədə ona vəkil Müdafiəçi1 təqdim etmiş və onun iştirakı ilə üzərinə baxış keçirilən zaman əynindəki pencəyin sol iç cibinə qoyduğu narkotik tərkibli 8 ədəd metadon həbləri aşkar olunmuşdur. O, bildirmişdir ki,həmin narkotik vasitəni 2021-ci ilin oktyabr ayında Gəncə şəhəri Cavadxan küçəsində yerləşən Narkoloji dispanserin yaxınlığından keçərkən yerdən tapmış, içərisinə baxarkən 10 ədəd həblərin olduğunu görmüş və özü istifadə etmək üçün götürmüşdür. Sonra evdə həmin həblərdən ikisini udaraq istifadə etmiş, qalan 8 həbi isə özü istifadə etmək üçün əynindəki pencəyin sol iç cibinə qoymuşdur. Bu barədə protokol tərtib edilmiş,o, da imza etmişdir. Sonda o, törətdiyi əməldən peşmanlıq çəkdiyini və bir daha belə əmələ yol verməyəcəyini bildirib ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin Nizami RPİ-in CAİ-in baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxsqanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitə qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun və CAŞ-nın əməliyyat müvəkkili Şahid2 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 16 oktyabr 2021-ci il tarixdə axşam saat 18 radələrində Yeni Gəncə qəsəbəsində yerləşən “Nəhəng daş” ticarət mərkəzinin yaxınlığında saxlanılaraq Gəncə şəhər Nizami RPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitələri qəbul etməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmişdir. Bundan sonra ona hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Nizami rayon polis idarəsinin inzibati binasında yerləşən xidməti otaqda onun üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan pencəyin sol iç cibinə qoyduğu narkotik tərkibli 8 ədəd metadon həbləri aşkar edilmişdir. Həmin narkotik tərkibli metadon həbləri kağız zərfdə qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİNnin 110 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs onun üzərindən aşkar olunub götürülmüş həmin narkotik vasitəni 2021-ci ilin oktyabr ayında Gəncə şəhəri Cavadxan küçəsində yerləşən Narkoloji dispanserin yaxınlığından keçərkən yerdən tapıb, içərisinə baxarkən 10 ədəd həblərin olduğunu gördüyünü və özü istifadə etmək üçün götürdüyünü,evdə həmin həblərdən ikisini udaraq istifadə etdiyini, qalan 8 həbi isə özü istifadə etmək üçün əynindəki pencəyin sol iç cibində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında Gəncə şəhər Nizami RPİ-nin CAİ-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş: - 16.10.2021-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan, 16.10.2021-ci il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında”protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 16.10.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. - 16.10.2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan məlum olur ki, Gəncə şəhər Nizami rayon Polis İdarəsinin CAİ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1, Gəncə şəhər Nizami rayon Polis idarəsinin CAİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 Rəmiyəddin oğlunun, Gəncə şəhəri BPİ-nin KTB-nin inspektor kriminalisti polis kapitanı X2, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan əynində olan pencəyin sol iç cibinə qoyduğu narkotik tərkibli 8 ədəd metadon həbləri aşkar edilməklə qablaşdırıldı və üzəri möhürlənərək iştirkçılar tərəfindən imzalanmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 oktyabr 2021-ci il tarixli 6/4617 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan bir ədəd zərfdəki üzərində “Methadone 40” göstəricisi olan blister kəsiyində 8 ədəd üzərində F/M 40 göstəricisi olan açıq-qəhvəyi rəngli dairəvi formalı dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,320 qram təşkil edir. Metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısına daxildir. (metadon həblərinin ümumi sayı – 8 ədəd, tədqiqata sərf edildi–1 ədəd həb, qalıq–1 ədəd həb.). Ekspertiza tədqiqatının dəyəri 81.82 manat təşkil edir. - Məhkəmə-narkoloji ekspertizasının 06.01.2022-ci il tarixli, 223 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan metadondan sui-istifadə nəticəsində olan narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - Gəncə şəhər Psixonevroloji Dispanserin 29.11.2021-ci il tarixli 5125 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Gəncə şəhər Narkoloji Dispanserin 29.11.2021-ci il tarixli 5116 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə 27.04.2021-ci il tarixdən “Opioidlərdən aslılıq” diaqnozu ilə qeydiyyatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 22.11.2021-ci il tarixli arayışdan və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Belə ki, o, Göygöl Rayon Məhkəməsinin 1(066)-45/2020 saylı, 01.12.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12.01.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında metadonun şəxsi istehlak miqdarının yuxarı həddi 0.02 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli 1(066)- 45/2020 saylı hökmü ilə yaranmış məhkumluğu ödənilmədiyindən onun əməlində cinayətlərin residivi mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf etməsi və əməlindən peşman olması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmayan müddətdə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli 1(066)- 45/2020 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 12.01.2021-ci il tarixdə başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə cəzanı çəkib qurtardığı gündən sonrakı məhkumluq dövründə - 02 il ərzində yenidən qəsdən az ağır cinayət törətmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs 16.10.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18.10.2021-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli hökmün elan edildiyi vaxtdan hesablanmalı və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda alınmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının birgününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəticəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli 21 aprel 2022-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında həbs edilməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar-Gəncə Şəhər Baş Polis İdarəsində saxlanılan narkotiktərkibli 7 ədəd metadon həbləri (ekspertizadan sonrakı qalığı – 7 ədəd həb) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə baxış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan cəmi 81.82 (səksən bir manat səksən iki qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 19 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və məhkəmədə 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdikləri hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçilərin işlədikləri vəkil bürosunun hesabına müvafiq olaraq 114 manat və 60 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət,azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla,təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 21.04.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübutlar: Gəncə Şəhər Baş Polis İdarəsində saxlanılan narkotik tərkibli 07 ədəd metadon həbləri (ekspertizadan sonrakı qalığı – 7 ədəd həb) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə baxış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 81.82 ( səksən bir manat səksən iki qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) müvafiq olaraq 114 (yüz on dörd) manat və 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar