Məhkəmə qərarları › İş №1(044)-105/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-105/2021

19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-105/2021 19.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Kəlbəcər rayonun doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Azərbaycan Vətən Mühaibəsi X1 Kəlbəcər rayon şöbəsinin sədri vəzifəsində işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-6 ətrafında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, o, 23 noyabr 2016-cı il tarixdən Azərbaycan Vətən Müharibəsi X1 Kəlbəcər rayon şöbəsinin sədri vəzifəsində işləyərkən, qulluq mövqeyinə görə ona olan inamdan istifadə edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə, 2019-cu ilin aprel ayında müharibə veteranı vəsiqəsinin alınmasında köməklik göstərilməsi üçün özünə müraciət edən Şahid1 özünün Azərbaycan Respublikası Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən tanışının olması və həmin tanışı vasitəsilə qeyd edilən vəsiqənin alınmasında ona köməklik göstərmək imkanında olmasını yalandan bildirmişdir. Bunun nəticəsində Şahid1 aldadaraq, onda özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edib qeyd edilən məsələnin müsbət həlli üçün həmin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar sonuncunun xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 2000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirmişdir. O, Şahid1 razılığını almaqla onunla sövdələşərək, həmin niyyətlə, 20 avqust 2019-cu il tarixdə sonuncudan Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən “İstisu” adlı çay evində 2000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etmişdir. Bu hərəkətləri ilə o, qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 məxsus 2000 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, müharibə veteranı və 2-ci qrup Qarabağ müharibəsi əlilidir, həmçinin Azərbaycan Vətən Müharibəsi X1 Kəlbəcər rayon şöbəsinin sədridir. 2015-ci ildən bu vaxta kimi rəsmi və ya qeyri-rəsmi heç yerdə işləmir, aldığı təqaüd ilə ailəsini dolandırır. Atası mərhum Allahverdi sağlığında tanınmış insan olmuş, belə ki, əməkdar mədəniyyət işçisi və “Qəmkeş” təxəllüsü ilə şerlər yazmışdır. O, Səttarı bu işlə bağlı tanımış, onunla tanış edən sonuncunun kəndçisi olan Eldəniz adlı şəxs olmuş, Eldənizi Səttarı tanıdığı vaxtdan 1 ay əvvəl Bakı-Ağdam rayonlar arası marşurutu üzrə sərnişin avtobusunda sürücü kimi tanımışdır. Sürücülər axşam Bakıya çatanda, gecə geri qayıtmaq üçün sərnişin olmayanda adətən Bakı avtovağzalının yaxınlığında yerləşən “Şəms” yataqxanasında gecələmişlər, onun da yolu Bakı şəhərinə düşəndə şəhərdə işlərini tamamlaya bilmədiyi hallarda, həmin günü geriyə Gəncə şəhərinə qayıtmaq mümkün olmadıqda məcbur olub gecəni həmin “Şəms” yataqxanasında qalmışdır. O, Eldənizlə də məhz həmin yataqxanada qalarkən tanış olmuş, onunla arasında artıq səmimiyyət, nomal münasibət yaranmış, söhbət əsnasında Eldəniz onun Azərbaycan Vətən Müharibəsi X1 Kəlbəcər rayon şöbəsinin sədri olduğunu bilmiş, Eldəniz onun mərhum atasını da tanıdığı üçün münasibətlərinin davamlı olmasından ötrü ondan əlaqə nömrəsini də istəmişdir. 2019-cu ilin aprel ayının əvvəllərində Eldəniz istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə onun istifadəsində olan nömrələrdən birinə zəng edərək Səttar adlı kəndçisinin müharibədə iştirak etdyini, lakin veteran vəsiqəsini ala bilmədiyini, onun da müharibə X1 sədri olduğunu bilib bunun üçün veteran vəsiqəsini almaqda Səttara köməklik göstərməsini xahiş etmişdir. Eldəniz onları tanış etdikdən sonra aralarında olan söhbətlərin heç birində iştirak etməmiş, baş verənlərdən məlumatsız olmuş, Eldənizin rolu sırf onları tanış etmək olmuşdur. O, telefonda Eldənizə bildirmişdir ki, Tərtər Hərbi prokurorluğundan barəsində cinayət işinin olub-olmaması barədə məktubu, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən xidməti arayışı, Müdafiə Nazirliyindən arxiv arayışını, şəxsiyyət vəsiqəsinin və hərbi biletinin notarial qaydada təstiq olunmuş surətlərini və 3x4 ölçüdə şəkil hazırladıqdan sonra Səttarın özü onunla əlaqə saxlasın. 2019-cu ilin aprel ayının sonlarında Səttar dediyi kimi onunla əlaqə saxlayaraq qeyd edilən sənədlərin hamısını hazır etdiyini və onunla görüşmək istədiyini bildirmiş, o, Səttarı yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsindəki evinə dəvət etmiş, səhəri gün Səttar Ağdam şəhərindən Gəncə şəhərinə onun yaşadığı ünvana gəlmişdir. Görüş zamanı ona məlum olmuşdur ki, Səttar toy aparıcısıdır, söz ustası olduğu üçün mərhum atasını da tanıyır, hətta atasının şerlərinin də əksəriyyətini əzbər bilir, o, Səttarı atasının ev muzeyi ilə də tanış etmiş, sonda atasının şer kitablarından da hədiyyə etmişdir. Sonra evin yaxınlığında yerləşən “İsti su” adlı çayxanada əyləşib Səttarın sənədləri ilə tanışlığı zamanı o, bildirmişdir ki, Səttarın adından Müdafiə Naziriyinə vəsiqənin verilməsi üçün sənədlərlə birlikdə yenidən müraciət olunmalıdır və müharibə veteranı vəsiqəsi verilməsi üçün 2000 manat pul verməli olacaq, həmin pul Müdafiə Nazirliyinin bu işlə bağlı yaradılmış komissiyanın 6 nəfərdən ibarət üzvlərinə çatacaq, lakin komissiya üzvlərinin kimliyi barədə sonuncuya heç nə deməmişdir. Reallıqda onun həmin pulu kiməsə vermək fikri olmamış, sadəcə komissiyanın adını çəkməkdə məqsəd Səttarda ona qarşı inam yaratmaq olmuş və buna da nail olmuş, həqiqətdə onun planı Səttarın veteran vəsiqəsini qanuni yolla həll etmək olmuş, həmin 2000 manat pul da sırf özünə çatacaqdı. Səttar 2000 manat verməyə razılıq verdikdən sonra elə ordaca onun adından ərizə hazırlayıb Müdafiə Nazirliyinə göndərmişdir. İlkin görüşlərindən 3 ay sonra, yəni 2019-cu ilin avqust ayında Səttar ona zəng edərək ünvanına Müdafiə Nazirliyindən ona məxsus sənədlərlə bərabər məktub gəldiyini və həmin məktubda ona vəsiqənin verilməsinin mümkün olmadığı, həmin məsələ ilə bağlı məhkəməyə müraciət edə bilmək hüququnun olması məzmununda mətn olduğunu bildirmişdir. O, Səttarı həmin sənədlərlə birlikdə yenidən yaşadığı ünvana dəvət etmiş, səhəri günü Səttarla yenidən “İsti su” adlı çayxanada görüşüb söhbət edərkən müsbət cavab verilməməsinin səbəbi komissiya üzvlərinə pulun verilməməsinin olduğu, bunun üçün qısa zaman ərzində 2000 manat pulu çatdırmasını tapşırmışdır. 2019-cu ilin avqust ayının sonlarına yaxın Səttar yenidən yaşadığı ünvana gəlmiş, onunla evin yaxınlığındakı “İsti su” çayxanasına yollanıb söhbətlərini orada davam etdirmişlər, söhbət zamanı Səttar cibindən 50 manatlıq əskinaslardan ibarət 2000 manat pulu çıxardıb ona uzatmış, o, da pulu sayıb cibinə qoymuş, pulu aldıqdan sonra Səttarın vəsiqəsini almaq üçün məhkəməyə müraciət etməyi planlaşdırmış, lakin imkanlaşdırıb məhkəməyə müraciət edə bilməmişdir. O, Səttara verdiyi sözlərə əməl edə bilməmiş, sonuncunun yanında yalançı çıxmış, Səttardan vəsiqə almaq üçün aldığı 2000 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonradan məhkəmə gedişində o, Səttarın 2000 manat pulunu tam şəkildə qaytarmışdır. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, müharibə veteranı və İİ dərəcəli əlil olduğunu nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, yəni 1-ci vətən müharibəsində iştirak etmişdir. Müharibə bitəndən sonra, atəşkəs dövründə o, uzun müddət öz səhlənkarlığı səbəbindən müharibədə iştrak etməyi ilə bağlı müharibə veteranı vəsiqəsini almaq üçün hərbi qeydiyyatda olduğu Ağdam rayon hərbi komissarlığına müraciət etməmişdir. 10 ildən sonra komissarlığa müraciət etdikdə ona müharibədən qayıtmağı ilə bağlı hərbi komissarlıqda qeydiyyata düşməməsi səbəbindən müharibə veteranı vəsiqəsinin verilməsinin mümkün olmadığını bildirmişlər. 2019-cu ilin aprel ayının əvvəllərində Ağdam rayonu, Qarabağlı kənd ərazisində yerləşən çayxanada olarkən uca səslə Kəlbəcər şairi Qəmkeş Allahverdinin müəllifi olduğu şeri deyərkən həmin vaxt çayxanaya daxil olan həmyerlisi Eldəniz ondan kimin şeri olduğunu soruşanda o, şerin müəllifinin kimliyi barədə məlumat vermişdir. Həmin vaxt Eldəniz həmin şairin oğlu Ramizlə tanış olduğunu, sonuncunun Azərbaycan Vətən Müharibəsi X1 Kəlbəcər rayon şöbəsinin sədri işlədiyini bildirmişdir. O, həmin vaxt söhbət əsnasında bildirmişdir ki, müharibədə iştirak etməsinə baxmayaraq bu vaxta kimi müharibə veteranı vəsiqəsi ala bilməmiş, kömək üçün Ramizə müraciət etmək istədiyini demişdir. Eldəniz istifadəsində olan mobil nömrə ilə Ramizin mobil nömrəsinə zəng edib onunla eyni rayondan olduğunu, eyni zamanda onun müharibədə iştirak etməsinə baxmayaraq müharibə veteranı vəsiqəsi ala bilmədiyini, bu məsələdə köməklik etməsini xahiş etmişdir. Ramiz telefonda müharibə veteranı vəsiqəsi almaq üçün tələb olunan bir sıra sənədləri, Tərtər Hərbi prokurorluğundan barəsində cinayət işinin olub-olmaması barədə məktubu, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətnin Ağdam rayon şöbəsi tərəfindən xidməti arayışı, Müdafiə Nazirliyindən arxiv arayışı, şəxsiyyət vəsiqəsinin və hərbi biletinin notarial qaydada təstiq olunmuş surətləri və 3x4 ölçüdə şəkili hazırladıqdan sonra əlaqə saxlamasını tapşırmışdır. Hətta o, əmin olmaqdan ötrü telefonu Eldənizdən alıb özü də Ramizlə telefonla danışmış, sonuncu telefonda eyni ilə ona da lazım olan sənədləri sadalayaraq toplamağı onun nəzərinə çatdırmışdır. 2019cu ilin aprel ayının sonlarında o, dediyi kimi Ramizlə əlaqə saxlayaraq qeyd edilən sənədlərin hamısını hazır etdiyini və sonuncu ilə görüşmək istədiyini bildirmiş, Ramiz onu yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsindəki evinə dəvət etmiş, səhəri gün o, X3 yaşadığı ünvana gəlmişdir. Görüş zamanı Ramiz onu atasının ev muzeyi ilə də tanış etmiş, sonda atasının şer kitablarından da hədiyyə etmişdir. Sonra evin yaxınlığında yerləşən çayxanada əyləşib əsas məsələyə keçdikdə onun sənədləri ilə tanışlığı zamanı bildirmiş ki, onun adından Müdafiə Naziriyinə vəsiqənin verilməsi üçün sənədlərlə birlikdə yenidən müraciət olunmalı və müharibə veteranı vəsiqəsi verilməsi üçün 2000 manat pul verməli olacaq, həmin pul Müdafiə Nazirliyinin bu işlə bağlı yaradılmış komissiyanın 6 nəfərdən ibarət üzvlərinə çatacaq, lakin komissiya üzvlərinin kimliyi barədə ona heçnə deməmişdir. O, 2000 manat verməyə razılıq verdikdən sonra Ramiz elə orada onun adından ərizə hazırlayıb Müdafiə Nazirliyinə göndərmişdir. İlkin görüşlərindən 3 ay sonra, yəni, 2019-cu ilin avqust ayında Ramizə zəng edərək ünvanına Müdafiə Nazirliyindən ona məxsus sənədlərlə bərabər məktub gəldiyini və həmin məktubda ona vəsiqənin verilməsinin mümkün olmadığın, həmin məsələ ilə bağlı məhkəməyə müraciət edə bilmək hüququnun olması məzmununda mətn olduğunu bildirmişdir. Ramiz onu həmin sənədlərlə birlikdə yenidən yaşadığı ünvana dəvət etmiş, səhəri günü o, Ramizlə yenidən həmin çayxanada görüşüb söhbət edərkən sonuncu müsbət cavab verilməməsinin səbəbi komissiya üzvlərinə pulun verilməməsinin olduğu, bunun üçün qısa zaman ərzində 2000 manat pulu çatdırmasını tapşırmışdır. 17 avqust 2019-cu il tarixdə o, Bərdə şəhərində yerləşən "xxxx" QSC-yə kredit almaq üçün müraciət etmiş, 19 avqust 2019-cu il tarixdə həmin bankdan 2000 manat pul krediti götürüb Ramizlə əlaqə saxlayıb pulun hazır olduğunu bildirmişdir. Səhəri günü, yəni, 20.08.2019-cu il tarixdə o, pulu Ramizə vermək üçün Gəncəyə gəlmiş, Ramizlə birinci dəfə olduğu kimi həmin çayxanada oturub söhbət etmiş, söhbət zamanı o, cibindən 50 manatlıq əskinaslarından ibarət 2000 manat pulu çıxardıb uzatmış, Ramiz də pulu sayıb cibinə qoymuşdur. Lakin pulu verəndən sonra da nə onun işi düzəlmiş, nə də ki, veteran vəsiqəsi üçün verdiyi 2000 manat pul geri qaytarılmamışdır. O, dəfələrlə Ramizə zəng etsə də zəngləri cavabsız qalmışdır. Halhazırda Ramiz onun 2000 manat pulunu geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 16.11.2007-ci il tarixdən 06.03.2008-ci il tarixədək Qarabağ hərbi prokurorluğunun mütəxəssisi (kompüter üzrə) vəzifəsinə təyin olunmuş, 06.03.2008-ci il tarixdən isə Tərtər hərbi prokurorluğunun dəftərxana müdiri vəzifəsinə təyin olunmuş və hazırda həmin prokurorluğunun baş məsul icraçısı (dəftərxana müdiri) vəzifəsində, gizir hərbi rütbəsində xidmət edir. Şahid1 və Ramiz adlı şəxsləri tanımır, onlarla heç bir qohumluğu və ya düşmənçiliyi, ədavəti yoxdur. Vətəndaşların barələrində təqsirləndirici materialın və ya cinayət işinin olub-olmaması ilə bağlı Tərtər hərbi prokurorluğuna il ərzində 100-dən artıq müraciət, eləcə də Azərbaycan Respkblikası Hərbi Prokurorluğundan, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə və bölmələrindən, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyyasından, Azərbaycan Respublikası Şəhid Ailələri Əlillər və Müharibə Veteranlarının Hüquqlarının X2 şöbələrindən 600-650 sorğu xarakterli məktub daxil olur. Qeyd olunan müraciətlərin çoxu poçt vasitəsi ilə, bir qismi poçt qutusundan daxil olur, bir qismini isə vətəndaşlar şəxsən özləri gətirməklə prokurorluğa təqdim edirlər. Həmin müraciətlərə prokuror tərəfindən dərkənar qoyulmaqla cavabların verilməsi prokuror köməkçilərinə həvalə olunur. Prokuror köməkçisi də dəftərxanada olan kompüter məlumatlarına və arxivdə olan sənədlərə əsasən vətəndaşa cavab hazırlayır və prokurorun imzası ilə ünvana göndərilir. Yuxarıda göstərdiyi kimi, bəzi hallarda vətəndaşlar müraciəti özləri prokurorluğa təqdim edirlər və xahiş edirlər ki, tez müddət ərzində onlara cavab verilsin. Belə olan halda süründürməçiliyə yol verilməməsi, vətəndaşlarda narazılıq yaranmaması üçün və yolun uzaqlığı, vətəndaşın səhhəti nəzərə alınmaqla Tərtər hərbi prokurorunun göstərişi ilə müraciətlərə cavablar həmin gün, iş yükü ilə əlaqədar olaraq bu mümkün olmadıqda növbəti gün cavab verilir və müraciət müəllifi cavabın dəftərxanada qalan nüsxəsinə imza etməklə cavabın əsli müraciət müəllifinə təqdim olunur. Şahid1 18.04.2019-cu il tarixdə ərizə ilə Tərtər hərbi prokurorluğuna müracət etmişdir. Həmin ərizə üzrə cavabın verilməsi Tərtər hərbi prokuroru tərəfindən prokuror köməkçisi Vüsal Bəylərova həvalə olunmuş və həmin tarixdə müraciətə cavab hazırlanaraq poçt vasitəsi ilə vətəndaş Şahid1 Ağdam rayonu Mahrızlı kəndindində olan ünvanına göndərilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunmuş Şahid2 Qarxan oğlu da ifadəsində eyni xüsusatları göstərərək Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş Tərtər Hərbi prokurorluğuna ünvanlanan 18.04.2019cu il tarixdə 19/69/1/19 nömrə ilə qeydiyyata alınmış ərizədən görünür ki, həmin tarixdə Şahid1 tərəfindən ərizə ilə Tərtər Hərbi prokurorluğuna müraciət edilərək 1992-1994-cü illərdə Qarabağ uğrundə gedən döyüşlərdə iştirakı zamanı hərbi cinayətinin olubolmaması barədə məlumat verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Tərtər hərbi prokurorluğunun 18.04.2019-cu il tarixli məktubundan görünür ki, həmin tarixdə Tərtər hərbi prokurorunun imzası ilə Ağdam rayonunun Mahrızlı kənd sakini Şahid1 ünvanına barəsində həmin prokurorluqda heç bir təqsirləndirici material və ya cinayət işinin olmaması barədə məktub göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin 18.04.2019-cu il tarixli arayışından görünür ki, 1969-cu il təvəllüdlü Şahid1 həqiqətən də 03.09.1992-ci ildən 16.04.1993-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində N Saylı hərbi hissənin tərkibində hərbi xidmətdə olmuşdur. 04.10.1993-cü ildən 04.07.1994-cü ilə qədər Ağdam rayonlararası polis şöbəsində hərbi xidmətdə olmuşdur. 1992-1994-cü illərdə Dağlıq Qarabağda erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin 18.07.2019-cu il tarixli məktubundan görünür ki, Şahid1 “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın 10.07.2019-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. N nömrəli hərbi hissəyə 03.09.1992-16.04.1993-cü il tarixlərdə daxil olması, hərbi xidməti, döyüşlərdə iştirak etməyi və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumatlar arxiv sənədlərində öz təsdiqini tapmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İş materiallarında olan “"xxxx" MMC-dən göndərilmiş diskə baxış keçirilməsi barədə” protokoldan və diskdən məlum olur ki, Abunəçilərin fayllarına baxış zamanı ***- ***-**-** və ***-***-**-** telefon nömrələrinin Təqsirləndirilən şəxs, ***-***-**-** və 050891- 26-55 telefon nömrələrinin isə Şahid1 məxsus olması müəyyən edilmişdir. “503862086sms.txt” faylına baxış zamanı müəyyən olunmuşdur ki, Şahid1 istifadəsində olan ********** mobil nömrəsindən 28.01.2020-ci il tarixdə saat 19:24-də Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsinə “Telefonu niyə açmırsan Səttardı” məzmunlu mesai göndərilmişdir. “**********86-txt” faylına baxış zamanı ********** nömrəsi ilə ********** mobil nömrə arasında 19.06.2019-cu il tarixdən 22.12.2019-cu il tarixə kimi cəmi 5 dəfə qarşılıqlı danışıqların aparıldığı müəyyən edilmişdir. Bundan əlavə ********** nömrəsi ilə Şahid2 məxsus ********** mobil nömrəsi arasında 03.04.2019-cu il tarixdən 27.01.2020-ci il tarixədək cəmi 35 dəfə qarşılıqlı danışıqların aparıldığı müəyyən edilmişdir. Bundan başqa, ********** nömrəsi ilə ********** mobil nömrə arasında 18.04.2019-cu il tarixdən 28.01.2020-ci il tarixədək 60 dəfə qarşılıqlı danışıqların aparıldığı müəyyən edilmişdir. İş materiallarında olan “"xxxx" MMC-dən göndərilmiş diskə baxış keçirilməsi barədə” protokoldan və diskdən məlum olur ki, Abunəçinin faylına baxış zamanı ********** telefon nömrəsinin Təqsirləndirilən şəxs məxsus olması müəyyən edilmişdir. “Zənglərin Detallaşması **********18309” faylına baxış zamanı ********** nömrəsi ilə ********** mobil nömrə arasında 13.06.2019-cu il tarixdən 19.10.2020-ci il tarixə kimi cəmi 10 dəfə qarşılıqlı danışıqların aparıldığı müəyyən olunmuşdur. Bundan əlavə ********** mobil nömrə ilə ********** nömrəsi arasında cəmi 16 dəfə qarşılıqlı danışıqların aparıldığı müəyyən edilmişdir. Bundan başqa ********** mobil nömrə ilə ********** mobil nömrə arasında 17.02.2020-ci il tarixdən 17.11.2020-ci il tarixədək 3 dəfə qarşılıqlı danışıqların aparıldığı müəyyən edilmişdir. Fayla baxış zamanı ********** mobil nömrə ilə Şahid3 istifadəsində olan ********** mobil nömrə arasında danışıqların aparıldığı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Həmin Məcəllənin 178.2.3-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin (01.05.2020-ci il tarixədək qüvvədə olmuş) 312.1-ci maddəsinə əsasən rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkibi vardır. Təqsirləndirilən şəxsin cinayət əməllərini təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı iş materiallarındakı istintaq və digər prosessual hərəkətlərin protokolları, sənədlərlə tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18.12.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Kəlbəcər Şəhər İnzibati Ərazi Dairəsi üzə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan fəxri fərmanlardan görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə orduda şəxsi heyətdə vətənpərvərlik ruhunun yüksəldilməsində göstərdiyi xidmətlərinə görə təltif olunmuşdur. İş materiallarında olan Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısının 24.12.1992-ci il tarixli, 445 p saylı Sərəncamının surətindən görünür ki, 08.05.1992-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhəddini pozan və Ermənistana məxsus olan AH-24 təyyarəsini “İqla” raketi ilə vuraraq əsl qəhrəmanlıq və şücaət göstərdiyinə görə Kəlbəcər 844 hərb hissəsinin döyüşçüsü Təqsirləndirilən şəxs 10000 rubl pulla mükafatlandırılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, İ Qarabağ müharibəsində iştirak etməklə müharibə veteranı və ikinci dərəcəli əlil olmasını, orduya göstərdiyi mənəvi dəstəyi onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 312.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hər bir cinayətə görə təyin ediləcək cərimə cəzası qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və məhkəmədə 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdikləri hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçilərin işlədikləri vəkil bürolarının hesablarına müvafiq olaraq 60 manat və 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut – 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 32.4, (01.05.2020-ci il tarixədək qüvvədə olmuş) 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə 4000 (dörd min) manat cərimə cəzasına, Cinayət Məcəlləsinin (01.05.2020-ci il tarixədək qüvvədə olmuş) 312.1-ci maddəsi ilə 5000 (beş min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5500 (beş min beş yüz) manat cərimə cəzası təyin edilsin. Cəzanın icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi1 işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC-nin Binəqədi filialı; kod 200156; VÖEN **********; müxbir hesab AZ37NABZ********************; SWİFT KOD: AİİBAZ2X; hesab № AZ48AİİB********************; VÖEN **********) 60 (altmış) manat, Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. İş üzrə maddi sübut – 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar