Məhkəmə qərarları › İş №1(044)-106/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-106/2020

28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-106/2020 28.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X3 və Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1974-cü ildə Ermənistan Respublikasının Vardenis rayonunun Kiçik Məzrə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməyən, Göygöl rayonunun Quşqara kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinəaçıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində idarə etdiyi “Vaz 21214 Niva” markalı, ** AA *** dövlət nömrə nişanlı avtomobil iləGəncəşəhəri,Nizami prospekti ilə S.Əliyev küçəsinin kəsişməsində «X8» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyib mövcud şəraitdə piyadalar üçün zolaqlanmış yolla yolu sağdan sola keçməkdə olan piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq sonuncuya travmatik şokla müşaiyət olunan sol baldır sümüklərinin (qamış və incik sümükləri) açıq qəlpəli sınığı, sağ baldır sümüklərinin (qamış və incik sümükləri) qapalı qəlpəli sınığı, sol gözün üst qapağının əzilmiş yarası, sol almaçıq-yanaq nahiyyəsinin əzilməsi, sifətin, bədənin çoxsaylı sıyrıqları ilə müşayiət olunan həyatı üçün təhlükəli olan ehtiyatsızlıqdan sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, hadisə yerinə və DVD diskə baxış protokolları, ekspertiza rəyləri, iş materiallarında olan və tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. İdarə etdiyi “VAZ 21214 Niva” minik markalı, ** AA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur, həmin avtomobili o, sürücülük hüququ əsasında “xxxxxxxxxxxx” MMC-yə məxsus (lizinq) yol vərəqəsi əsasında idarə edir. xx xxxx 2020-ci il tarixdə saat 14 radələrində o, arvadı Gülmüra Rəsulova və tanışı Namiq Əliyevlə idarə etdiyi avtomobillə Gəncə şəhəri, Nizami prospekti ilə üzü yaşadıqları Şəmkir rayonu istiqamətində Göygöl rayonu ərazisində olan Quşqara kəndinə doğru təxminən 50-60 kilometr/saat surəti ilə getmişlər. Qəflətən Nizami prospekti ilə S.Əliyev küçəsinin kəsişməsində iki nəfər şəxs adi addımlarla piyada keçidi olan yerlə yolu keçmişlər. O, həmin piyadaların bərabərliyinə çatanda qarşıda olan sonradan adı ona məlum olan Şahid1 yolu keçmiş, digər sonuncunun arxası ilə gələn Rasim adlı şəxs təntidiyi üçün özünü yolun ortasında itirib onun avtomobili idarə etdiyi hərəkət zolağına çıxmışdır. O, dərhal avtomobilin əyləcini basıb sükanı sola tərəf istiqamətləndirmişdir ki, həmin piyadanı vurmasın. Lakin artıq ara məsafəsi yaxın olduğundan heç cür hadisənin qarşısını ala bilməmiş, onun idarə etdiyi avtomobilin ön qabaq sağ yan hissəsi gedib həmin Rasim kimi tanıdığı şəxsi vurmuş və həmin piyada yola yıxılmışdır. O, istəmişdir ki, avtomobildən yerə düşsün, ondan qabaq tez onun avtomobilində olan tanışı Namiq adlı şəxs dərhal avtomobildən yerə düşüb həmin piyadanı onun idarə etdiyi avtomobilə mindirmişdir. O, dərhal avtomobili sürüb həmin piyadanı Gəncə şəhər 3 saylı tibb məntəqəsinə aparmışdır. Sonra polis əməkdaşları gəlib onu hadisə yerini müayinə etmək və sərxoş olub-olmamasını yoxlamaq üçün aparmışlar.Hadisədən sonra zərərçəkmiş şəxsin səhhəti ilə bağlı müəyyən tibbi ləvazimatların alınmasında və xəstəxanada digər xərclərin çəkilməsində köməklik göstərmiş və həmin xərclərlə bağlı qəbzləri zərərçəkmiş şəxsin qohumlarına vermişdir. Törətdiyi cinayət əməlindən peşmançılıq çəkdiyini, həmçinin onun himayəsində iki az yaşlı uşaqlarının olmasını və özünün də xərçəng xəstəsi olmasını nəzərə alıb məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, X2 əvvələr tanımamış, sonuncu ilə heç bir ədavət və ya düşmənçiliyi yoxdur. O, rəsmi olaraq heç bir yerdə işləmir, günəmuzd fəhlə kimi işləyib ailəsini dolandırır. xx xxxx 2020-ci il tarixdə o, tanışı İsmayılla taxta materiallarının üyüntüsünü yığıb yaşadıqları evə qayıtmışlar. O, İsmayılla bir yerdə Gəncə şəhəri, S.Əliyev küçəsi ilə gəlib Nizami prospektinə, üzü Şəmkir rayonu istiqamətində olan avtomobil yoluna çatıb avtomobillərin hərəkəti üçün yolda quraşdırılmış işıqforda avtomobillər üçün qırmızı işığın yandığını görüb piyadalar üçün zolaqlanmış yola daxil olub yolu sağdan sola doğru keçmək üçün hərəkətə başlamışlar. İsmayıl ondan qabaqda, o isə İsmayılın ardınca hərəkət etmişlər. Yolu təxminən 15 metr sağdan sola doğru piyada qət etmişdir ki, ani olaraq onu “VAZ 21214 Niva” markalı avtomobil vurmuşdur. O, zərbənin təsirindən özünü itirmişdir. O, özünə gələndə onu vuran avtomobilin sürücüsünün onu xəstəxanaya aparmasını bilmişdir. Həmin vaxt sürücü Mübariz onu görüb tanımış və yanındakına demişdir ki, “rəhmətlik Yusif kişinin oğludur”. Mübariz onu 3 nömrəli xəstəxanaya aparmışdır. Həkimlər onu müayinə etmişlər. Sonra o, həmin xəstəxananın şəraitinin yaxşı olmadığını görüb tələb etmişdir ki, onu Gəncə şəhər A.Səhhət adına xəstəxanaya aparsınlar. Həmin gün onu A.Səhhət adına xəstəxanaya aparmışlar. Avtomobilin onu vurması nəticəsində hər iki ayaqları sınmışdır. O, həmin vaxt dəqiq olaraq hansı işığın yandığını bilməmişdir. Ancaq o, avtomobil yolunun boş olduğunu görüb piyada zolağına daxil olmuşdur. Hadisədən sonra təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Ona görə də təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadə verərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs təxminən bir ildir tanıyır və sonuncu ilə birlikdə günəmuzd fəhlə kimi işləyirlər. xx.xx.2020ci il tarixdə saat 14 radələrində Gəncə şəhəri, S.Əliyev küçəsində dülgər sexindən biraz ağac apilkası avtomobilə yığıb işlərini qurtarıb yaşadıqları evə gedirlərmiş. Onlar Rasimlə birlikdə piyada Gəncə şəhəri, S.Əliyev küçəsi ilə gəlib Nizami prospektinin kəsişməsinə çatanda görmüşlər ki, avtomobil yolu boşdur, ona görə onlar hər ikisi də piyada keçidi ilə yolun əks tərəfinə adi addımlarla keçmişlər. O, qabaqda, Rasim isə onun arxasınca gəlmişdir. O, yolun tən orta hissəsində olan boş sahəyə çıxarkən arxada avtomobilin tormuz səsini eşitmiş və arxaya baxmışdır ki, Rasimi bir göy rəngli “Niva” markalı avtomobil vurub yerə yıxıb. O, görmüşdür ki, “Niva” markalı avtomobildən bir nəfər şəxs düşüb tez Rasimi həmin avtomobilə mindirib çıxıb getmişlər. O, dərhal taksi avtomobilinə minib həmin “Niva” markalı avtomobilin arxası ilə gəlmiş və görmüşdür ki, Rasimi Gəncə şəhər 3 saylı xəstəxanaya gətirmişlər. Aradan bir müddət keçdikdən sonra polis əməkdaşları xəstəxanaya gəlmişlər. Adını sonradan Mübariz kimi bildiyi həmin avtomobilin sürücüsünü götürüb hadisə yerinə aparmışlar. Məhkəmə iclasında şahid X5 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Mübarizin istifadəsində “Vaz 21214 Niva” markalı, ** AA *** nömrə nişanlı avtomobil var. xx xxxx 2020-ci il tarixdə Mübariz işləri ilə əlaqədar Gəncə şəhərinə getmişdir. Onun da Gəncə şəhərində işləri olduğu üçün Mübarizdən xahiş etmişdir ki, onu da Gəncə şəhərinə aparsın. Həmin gün onlar Mübarizin idarə etdiyi “Vaz 21214 Niva” markalı, ** AA *** nömrə nişanlı avtomobillə Gəncə şəhərinə gəlmişlər. Onlar işlərini yekunlaşdırıb xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində yenidən yaşadıqları Göygöl rayonu Quşqara kəndinə qayıtmışlar. Həmin vaxt avtomobili Mübariz özü tam ayıq vəziyyətdə idarə etmişdir. O, avtomobildə ön sağ oturacaqda əyləşmişdir. Mübariz avtomobili Gəncə şəhəri, Nizami prospekti ilə 50-60 kilometr/saat sürətlə idarə etmişdir. X10 dairəsindən üzü Quşqara kəndi istiqamətində düzünə hərəkət edib Gəncə şəhəri, Nizami prospekti ilə S.Əliyev küçəsində işıqforun yaşıl işığının yandığını görüb yolun sol hissəsi ilə hərəkətini davam etdirmişdir. Həmin vaxt piyada keçidi ilə piyada hərəkətdə olmuşdur. Piyadalardan biri yolu keçsə də, digər piyada özünü itirib Mübarizin idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. Mübariz də avtomobili saxlaya bilməyib həmin piyadanı vurmuşdur. Piyadanı vurduqdan sonra Mübariz dərhal avtomobili saxlamışdır. O, tez avtomobildən düşüb həmin piyadanı yerdən qaldırıb Mübarizin avtomobilinə əyləşdirmişdir. Mübariz avtomobili sürüb həmin piyadanı xəstəxanaya aparmışdır. O da xəstəxanaya getmişdir. Orada həkimlər adını sonradan bildiyi Rasimi müayinə edib ayaqlarının sındığını demişlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokol və fotocədvəldən görünür ki, hadisə Gəncə şəhəri, Nizami küçəsi ilə S.Əliyev küçəsinin kəsişməsində Nizami küçəsində quraşdırılmış piyada keçidinin üstündə baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, hadisə yerinin yaxınlığında quraşdırılmış Gəncə şəhər Baş Polis İdarəsinin “Təhlükəsiz Şəhər” xidmətinin kamerasında hadisə baş verən anın qeydə düşmüş görüntüsünə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər, S.Əliyev küçəsindən piyada hərəkətdə olan iki nəfər şəxs Nizami prospektində avtomobil yolunun boş olduğunu görüb avtomobillər üçün işıqforun yaşıl işığında piyada keçidinə daxil olub adi yerişlə yolu sağdan sola piyada keçən zaman Nizami prospekti ilə hərəkətdə olan göy rəngli “VAZ 21214 Niva” markalı, **- AA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü piyadaları görüb avtomobilin sükanını az miqdarda sola-sağa edib avtomobili dayandırmadan piyadalardan birini vurur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 733/2020 saylı “Sərxoşluğun təyini” aktından görünür ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 559 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət – travmatik şokla müşaiyət olunun sol baldır sümüklərinin (qamış və incik sümükləri) açıq qəlpəli sınığı, sağ baldır sümüklərinin (qamış və incik sümükləri) qapalı qəlpəli sınığı, sol gözün üst qapağının əzilmiş yarası, sol almacıq-yanaq nahiyyəsinin əzilməsi, sifətin, bədənin çoxsaylı sıyrıqları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-avtotexniki ekspertizasının xx xxx 2020-ci il tarixli, 8/377 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-21214” markalı, ** AA *** nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X8» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər 9 saylı RQİŞ-nin xx.xx.2020-ci il tarixli, 313-2250-1220 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2018-ci il tarixdə AC-644305 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və sürücülük hüququndan məhrum edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2018-ci il tarixli, AC-644305 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs adına BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onun səhhətinə dəymiş ziyanı tələb edir, Təqsirləndirilən şəxs şikayətçi olmaqla ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsi A.Səhhət adına 1 saylı şəhər xəstəxanası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 3175/269 saylı arayışdan görünür ki, Zərərçəkmiş şəxs xəstəxananın travmotoloji şöbəsində stasionar müalicə olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli “Cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında” qərardan görünür ki, iş üzrə hadisə yerinin yaxınlığında olan Gəncə şəhər Baş Polis İdarəsinin “Təhlükəsiz şəhər” xidmətinin kamerasından götürülmüş yol-nəqliyyat hadisəsinin görüntüləri olan bir ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 07 mart2020-ci il tarixdə saat 15 radələrində idarə etdiyi “Vaz 21214 Niva” markalı, ** AA *** dövlət nömrə nişanlı avtomobil iləGəncəşəhəri,Nizami prospekti ilə S.Əliyev küçəsinin kəsişməsində «X8» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyib mövcud şəraitdə piyadalar üçün zolaqlanmış yolla yolu sağdan sola keçməkdə olan piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq sonuncuya travmatik şokla müşaiyət olunan sol baldır sümüklərinin (qamış və incik sümükləri) açıq qəlpəli sınığı, sağ baldır sümüklərinin (qamış və incik sümükləri) qapalı qəlpəli sınığı, sol gözün üst qapağının əzilmiş yarası, sol almaçıq-yanaq nahiyyəsinin əzilməsi, sifətin, bədənin çoxsaylı sıyrıqları ilə müşayiət olunan həyatı üçün təhlükəli olan ehtiyatsızlıqdan sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 №-li Qərarının 1-ci bəndinə əsasən, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixioloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan AZ-İ 816898 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan AZE 11812448 və AZE 11812446 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları var. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs xərcəng xəstəsidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan stasionar xəstənin tibbi kartasının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində olan az yaşlı qızı X4 uşaq serebral iflici xəstəliyindən əziyyət çəkir. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq keçirməsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını və onlardan birinin uşaq serebral iflici xəstəliyindən əziyyət çəkməsini, özünün isə xərçəng xəstəsi olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə alır. Təqsirləndirilən şəxs əməlində həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-nin 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini məhkəmələr sözsüz təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların isə olmamasını cəzanın növünü və həddini müəyyən edərkən nəzərə alır və hesab edir ki, ona ittiham olunduğuAzərbaycan RespublikasınınCinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür, həmçinin həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzatəyin etməkləsosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin tələblərinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir:yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək;məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Göygöl rayonunun Quşqara kəndini axşam saat 23-dən səhər saat 07-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göygöl rayonunun ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 157-ci maddəsinə əsasənnəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzanın icrası müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada hesablanır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş X7 kamerasından götürülmüşyol-nəqliyyat hadisəsinin görüntülərinin əks olunduğu bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 09 (doqquz) iş saatıməsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabındanMüdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına54 (əlli dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İş üzrə Zərərçəkmiş şəxs hadisə nəticəsində dəymiş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Göygöl rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək Göygöl rayonunun Quşqara kəndində yerləşən yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. İş üzrə Zərərçəkmiş şəxs hadisə nəticəsində dəymiş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş X7 kamerasından götürülmüş yol-nəqliyyat hadisəsinin görüntülərinin əks olunduğu bir ədəd DVD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 54 (əlli dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar