Məhkəmə qərarları › İş №1(044)-108/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-108/2020

13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-108/2020 13.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhər Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon-şəhərməhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclasını keçirərək məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, bilə–bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla saxtalaşdırmış və bilə– bilə hüquq verən saxta sənəddən istifadə etmişdir. Belə ki, o, xx.xx.2019-cu il tarixdə saat 12 radələrində, guya həmin tarixdə “Yeni Gəncə–1” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis yığıncağının keçirilməsi barədə saxta qərarını, həmin qərara əlavə edilməli olan yığıncağın boş protokol formasını Gəncə şəhəri, Nizami rayonu, M.C.Paşayev küçəsində yerləşən kompyuter ofisində printer vasitəsilə çap edərək sıra sayı ilə sakinlərin adlarını, mənzil nömrələrini, şəxsiyyət vəsiqələrinin nömrələrini əlyazma ilə protokola qeyd edib həmin sakinlərin bəzilərinə ayrıam vaxtlarda müxtəlif bəhanələrlə protokola imza etdirmiş, əlavə olaraq həmin binada 42 və 43 nömrəli mənzillərin faktiki sahibi olan X5 yerinə 42 nömrəli mənzilin sahibi kimi X6, 43 nömrəli mənzilin sahibi kimi isə X9 protokolda mənzil sahibi kimi göstərmiş, daha sonra həmin mənzil sahiblərindən protokolda 32-ci sətirdə adı qeyd edilən Şahid9, 56–cı sətrdə adı qeyd edilən Şahid17, 36 və 37-ci sətrlərində adı qeyd edilən Şahid7, 29–cu sətrində adı qeyd edilən X7, 20-ci sətrdə adı qeyd edilən X1, 23 və 24–cü sərtlərdə adı qeyd edilən X3, 16-cı sətrdə adı qeyd edilən X4, 13 və l4-cü sərtlərdə adı qeyd edilən X2, 7–ci sətrdə adı qeyd edilən Nurani Zöhrab Qəzənfər oğlunun əvəzindən imza etməklə, “Yeni Gəncə–1” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis yığıncağının qərarında 49 sahə mülkiyyətçisinin iştirak etdiyini göstərməsinə baxmayaraq protokolda 59 sahə mülkiyyətçisinin iştirak etdiyini qeyd edərək guya həmin şəxslərin səsverməsi ilə Təqsirləndirilən şəxs “Yeni Gəncə–1” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin idarə heyətinin sədri seçildiyini göstərib hüquq verən və rəsmi sənəd hesab edilən xx.xx.2019– cu il tarixli qərarı və həmin qərara əlavə edilməli olan protokolu saxtalaşdırmış, həmin saxta qərar və protokolu xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Baş İdarəsinə təqdim edib “Yeni Gəncə-1” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini qeydiyyatdan keçirməklə bilə-bilə həmin saxta qərar və protokoldan istifadə etmişdir. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs vəkili Müdafiəçi2 yazılı vəsatət verərək bildirdi ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin materialları ilə tanış olduqdan sonra, müəyyən etmişdir ki, istintaqın yekun mərhələsində Təqsirləndirilən şəxs müdafiə hüquqları istintaq orqanı tərəfindən pozulmuşdur. Hansı ki, bu pozuntular CPM-nin 303-cü maddəsinin tələbinə görə işin məhkəmə hazırlıq iclasında baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi heyəti keçirən prokurora qaytarılması üçün əsaslardır. Belə ki, iş materialları ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci ildə şahid qismində dindirildikdən sonra, müstəntiq 2 aprel tarixli qərarla işin icraatını dayandırmış və qərarda göstərmişdir ki, iş üzrə əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə baxmayaraq cinayət hadisəsini törətmiş şəxsi müəyyən etmək mümkün olmamışdır. Bundan 2 ay 9 gün sonra müstəntiq 11 iyun tarixli qərarla cinayət işi üzrə istintaq hərəkətlərinin aparılmasının zəruriliyini qeyd edib, həmin günə aid başqa qərarla Təqsirləndirilən şəxs əməlini CM-nin 320.1 və 320.2ci maddələri ilə tövsif etmişdir. Bir gün sonra, yəni xx xxxx 2020-ci il tarixdə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində çoxlu sayda qərarlar,protokollar, bildirişlər hazırlanmışdır. (iş 2-ci cild səh 63– 99). Həmin günə tərtib olunmuş sənədlərin bir çoxunda 11 iyul tarixində düzəliş edilərək 12 yazılmışdır.aq Hətta işin 88-90–cı səhifələrində olan Qərarın 2–ci səhifəsinin çox hissəsi boş və ağ qaqlmasına baxmayaraq,3-cü səhifə əlavə olunaraq orada yalnız imzalar etdirilmişdir. Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı bütün sənədləşmənin cəmi 1 gün ərzində, yəni xx xxxx 2020–ci ildə başlanılıb–qurtarılması və həmin sənədlərin əksəriyyətində tarixlə bağlı düzəliş aparılması, eyni zamanda ona həmin günü heç bir sənədin surətinin verilməməsi, belə qənaətə gəlməyə əsas verir ki, həqiqətən Təqsirləndirilən şəxs iyun ayının hansı günündəsə müstəntiqin yanında olmuş və işin qurtarması adı ilə ona sənədlərə imza etdirilmişdir. İşin 117–118–ci səhifələrində olan tanış olma protokolundan görünür ki, güya Təqsirləndirilən şəxs xx xxxx 2020-ci ildə saat 15:05-dən 16: 45–dək vəkillə birlikdə 2 cildlik cinayət işinin materialları ilə tanış olmuşdur.(117 səhifə və 252 səhifə). Təqsirləndirilən şəxs bildirir ki, xx xxxx 2020–ci il tarixdə o, polis idarəsində müstəntiqin yanında olmamışdır. O, həmin günü ailəsi ilə birlikdə Samux rayon Ziyadlı kəndində olmuşdur. Əlavə olaraq bildirir ki, 0, 12 iyunda Polis İdarəsində olmamışdır. Onun bu dəlilinin yoxlanılması üçün hesab edir ki, polis idarəsinin həmin günə aid giriş qeydiyyat jurnalına və kamera görüntüsünə baxılması zəruridir. Göstərilənlərə əsasən, işin hazırlıq iclasında baxışına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Dövlət ittihamçısı vəsatət əsassız olunduğundan vəsatətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs bildirdi ki, Müdafiəçi2 vermiş olduğu vəsatəti müdafiə edir və vəsatətin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.Əlavə olaraq izahatında göstərdi ki, ibtidai istintaq zamanı aparılmış bütün istintaq hərkətlərinin protokolları cəm halda onun müdafiəçisi tərəfindən ona verilmiş, o da həmin sənədləri imzalamışdır. xx xxxx 2020-ci ildə o Polis İdarəsində, o cümlədən müstəntiqin yanında olmamışdır. Məhkəmə cinayət işinin materiallarını, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 vəsatətini nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci və 303.3.8-ci maddələrinin tələbləri pozulduğundan təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 vəsatəti təmin edilməli, ********* nömrəli cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı yol verilmiş kobud qanun pozuntularına görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası CPM-in 303.3.1 və 303.3.8-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair həmin məcəllənin 284-286-cı maddələrinin tələblərinin pozulması, kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.8-ci maddələrinin tələblərinə tam əməl edilməmiş, ədalətli məhkəmə araşdırılmasının aparılmasına imkan verən təminatlar ibtidai istintaq zamanı gözlənilməmiş, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286 maddələrinin tələblərinin pozulması sonda təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Belə ki, vəsatətin əsas dəlillərindən biri ondan ibarətdir ki, təqsirləndirilən şəxs cinayət işinin materialları ilə ümumiyyətlə tanış edilməmiş, ona cinayət işinin materialları təqdim edilməmişdir. Cinayət işinin materialları ilə tanış olmasına dair protokolda əks edilmiş imza onun tərəfindən icra edilsə də, o cinayət işi üzrə bütün sənədlərə eyni gündə imza etmişdir. Təqsirləndirilən şəxs ümumiyyətlə Gəncə şəhəri Baş Polis İdarəsinin inzibati binasında olmamışdır. Məhkəmə vəsatətdə göstərilən dəlillərə hüquqi qiymət verilməsi zərurəti ilə bağlı dövlət ittihamçısının vəsatəti əsasında cinayət işi üzrə ibtidai istintaq aparmış müstəntiqin məhkəmə iclasında iştirakı təmin edilmiş, o cümlədən müdafiə tərəfinin vəsatəti əsasında təqsirləndirilən şəxsin xx xxxx 2020-ci ildə Gəncə şəhər Baş Polis İdarəsində olubolmamasına dair həmin İdarəyə sorğu göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin müstəntiqi Sahil Alıyev ifadəsində göstərdi ki, cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı bütün istintaq hərəkətləri qanuna müvafiq aparılmış və təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmişdir.Cinayət işi üzrə dəvət edilmiş şəxslərin qeydiyyatı İstintaq idarəsinin rəisi tərəfindən aparılır. xx xxxx 2020-ci ildə isə təqsirləndirilən şəxs və onun müdafiəçisi onun xidməti otağında olmuş və xidməti otağında da onlar cinayət işinin materialları ilə tanış edilmişdirlər. Məhkəmə qeyd edir ki, Sahil Alıyevin ifadəsində göstərilənlər cinayət işinin materiallarında öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işinin materiallarında (İİ cild, səh. 118) olan xx xxxx 2020-ci il tarixli cinayət işinin materialları ilə tanış etmə protokolundan görünür ki, həmin protokolda protokolun tərtib edildiyi yer əks etdirilməmişdir. Cinayət işinin istintaqını aparan müstəntiq təqsirləndirilən şəxsin və onun müdafiəçisinin Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasında cinayət işinin materialları ilə tanış etməyini bildirsə də, təqsirləndirilən şəxs həmin gün ümumiyyətlə həmin yerdə olmamasına dair dəlillər irəli sürmüşdür. Təqsirləndirilən şəxsin qeyd edilən dəlilinin əsaslı olması məhkəmə iclası zamanı öz təsdiqini tapmışdır. Belə ki, Gəncə şəhər Baş Polis İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli məktubunun məzmunundan müəyyən edilir ki, Gəncə şəhər BPİ-nin inzibati binasında quraşdırılmış daxili kameraların yaddaş saxlama müddəti 10 günədək olduğundan, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 Hacıalı oğlunun xx xxxx 2020-ci il tarixdə Gəncə şəhər BPİ-nin inzibati binasına girib-çıxması barədə görüntülər əldə etmək mümükün olmamışdır. Bundan başqa bildirilmişdir ki, Gəncə şəhər BPİ-nin inzibati binasının girişində qeydiyyatın jurnalına baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 Hacıalı oğlunun adları jurnalda müəyyən edilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cinayət işinin İİ cildinin 117-ci səhifəsində olan xx xxxx 2020-ci il tarixli ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumatın verilməsi haqqında protokolda təqsirləndirilən şəxs və onun müdafiəçisinin xx xxxx 2020-ci ildə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində xidməti otağında cinayət işinin materialları ilə tanış olacaqları əks edilsə də, xx xxxx 2020-ci il tarixli cinayət işinin materialları ilə tanış etmə protokolunda protokolun harada tərtib edilməsi öz əksini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 51-ci maddəsinə əsasən cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokol və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafik neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audio yazılarda, fonoqramlarda, video və kino çəkiliş lentlərində, planlarda, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olunmalıdır. Cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişinin və nəticələrinin protokollaşdırılması, bir qayda olaraq, cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir. Cinayət təqibi üzrə prosessual hərəkətin aparılması haqqında protokol bu hərəkətin gedişi zamanı və ya qurtardıqdan bilavasitə sonra həmin hərəkəti aparan təhqiqatçı, müstəntiq, prokuror və ya digər müvəkkil edilmiş şəxs tərəfindən tərtib edilir.Cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişini və nəticələrini protokollaşdıran sənədlər elə tərtib olunmalıdır ki, onların məzmunu bilavasitə və ya texniki vasitələrin köməyindən istifadə edilməklə aydın başa düşülsün. Məhkəmə icraatı halları istisna edilməklə, prosessual hərəkətin aparılması haqqında protokol onu tərtib etmiş şəxs tərəfindən imzalanır. Bundan sonra protokol prosessual hərəkətin aparılmasında iştirak etmiş bütün şəxslərə oxunur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunur. Həmin Məcəllənin 286-cı maddəsinə əsasən müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. Proses iştirakçıları arasında cinayət işinin tanış olma yeri barədə mübahisə də məhz ondan ibarətdir ki, təqsirləndirilən şəxs cinayət işinin materialları ilə faktiki olaraq tanış edilməmiş və ümumiyyətlə o Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasında olmamışdır. Müstəntiq təqsirləndirilən şəxsi və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış etməsini bildirsə də, bu hal Gəncə şəhər Baş Polis İdarəsinin məktubunda göstərilənlərlə və cinayət işi ilə tanış etmə haqqında protokolla inkar edilir. Belə ki, CPM-nin 286-cı maddəsində nəzərdə tutulmuş qaydada müstəntiq tanış etmənin yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib etməli olduğu halda protokolda tanış etmənin yeri göstərilməmişdir. Bundan da başqa da həmin protokolda Təqsirləndirilən şəxs ilə bərəbər X8 da cinayət işinin materiallarının təqdim edilməsi göstərilsə də hazırki iş üzrə X10 təqsirləndirilən şəxs qismində cəlb edilməyərək, proses iştirakçısı da deyildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, bu qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən hərəkətlərin qanunun tələblərinə uyğun olaraq həyata keçirilməməsi təqsirləndirilən şəxsin qanunvericiliyin tələbinə müvafiq olaraq cinayət işinin materialları ilə tam tanış olması imkanından məhrum olmasına və beləliklə müdafiə hüququnun tam olaraq həyata keçirilməsi imkanından məhrum olmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 284.2-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 286.3-cü maddəsinə əsasən cinayət işinin materialları ilə tanış etmə haqqında protokolla tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası CPM-in 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), CPM-nin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286-cı maddələrinin tələblərinin pozulması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.8-ci maddələrinin tələblərinə tam əməl edilməmiş, ədalətli məhkəmə araşdırılmasının aparılmasına imkan verən təminatlar ibtidai istintaq zamanı gözlənilməmişdir. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 13-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2000-ci il tarixli 1 saylı Qərarının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr istintaq-məhkəmə araşdırmalarının hansı mərhələsində yol verilməsindən asılı olmayaraq müttəhimlərin müdafiə hüquqlarının hər hansı şəkildə pozulması hallarına münasibət bildirməli, onların müdafiə hüquqlarının bərpası üçün qanunla müəyyən edilən tədbirləri görməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.8-ci maddələrində göstərilən kobud qanun pozuntularına yol verildiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı yol verilmiş kobud pozuntulara görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirini əsaslılığını müzakirə edərək hesab edir ki, onun barəsində seçilmiş qətimkan tədbiri əsaslıdır və dəyişdirilməsinə zərurət yoxdur, həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 300.1.5., 303.1., 303.2., 303.3.1., 303.3.8-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qərara alır:

1. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 vəsatəti təmin edilsin.Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayətişi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

2. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın.

3. Qərarın surəti dövlət ittihamçısına, müdafiəçiyə və təqsirləndirilən şəxsə göndərilsin.

4. Qərardan şikayət və protest verilə bilməz.

Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar