Məhkəmə qərarları › İş №1(044)-108/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-108/2021

24.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-108/2021 24.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1985-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs “İstintaq təcridxanalarında X7” ilə qadağan olunmus daxilində ***-***-**-** GSm danışıq kartı olan 1 ədəd “Nokia” markalı, “Mini Phone” modelli, “**********00158” imei kodlu mobil telefon aparatını Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş, daşımış və 07 fevral 2020-ci il tarixdə, saat 11:15 radələrində təcridxananın əməkdaşları tərəfindən onun üzərində baxış keçirilən zaman əynindəki şalvarının sağ cibindən həmin əşya aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317- 2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, 2 saylı İstintaq təcridxanasının rəhbərliyi tərəfindən mobil telefon aparatının saxlanılması, gəzdirilməsi, daşınması və istifadəsinin təqsirləndirilən şəxslərə qadağan olunması, eyni zamanda bu hərəkətləri ilə cinayət məsuliyyəti yaratması barədə məlumatlandırılmasına baxmayaraq o, məhkəmədən gəlib həbsdə saxlandığı kameraya gedəndə keçiddə olan dəmir qapının arxasından 1 ədəd “Nokia” markalı mobil telefon aparatı tapmışdır. O, ətrafda heç kimin görməməsindən istifadə edərək həmin telefon aparatını özü ilə götürüb cibinə qoyaraq saxlandığı kameraya gətirmiş, bu barədə heç kəsə məlumat verməmiş, lakin həmin telefon aparatından istifadə etməmiş, danışıq kartında kontur olmadığı üçün heç kəslə əlaqə saxlamamışdır. 07.02.2020-ci il tarixdə, saat 11:15 radələrində təcridxana əməkdaşları tərəfindən onun üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman əynindəki şalvarının sağ yan cibindən daxilində ***-***-**-** danışıq kartı olan həmin “Nokia” markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. Bundan sonra həmin telefon aparatı zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərfindən imzalanmışdır. Daha sonra bu faktla əlaqədar təcridxana əməkdaşlarının və hal şahidlərinin iştiakı ilə protokol tərtib olunmuş, həmin protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonda o, törətdiyi əməldən peşmanlıq çəkdiyini və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq təcridxanasının Əməliyyat Bölməsinin inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təcridxanada həbsdə saxlanılan şəxs kimi tanıyır. 07 fevral 2020-ci il tarixdə, saat 11:15 radələrində daxil olmuş əməliyyat məlumatına əsasən hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə axtarış-baxış keçirilən zaman sonuncunun əynindəki şalvarının sağ yan cibindən daxilində ***-***-**-** nömrəli CİN danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsla aparılmış söhbətlər zamanı sonuncu mobil telefon aparatının özünə məxsus olduğunu etiraf etmiş, qadаğаn edilmiş əşyanın aşkar olunması faktı ilə əlaqədar hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib edilmiş, mobil telefon aparatı qablaşdırılaraq protokola əlavə olunmuş, protokolla bütün iştirakçılar tanış olduqdan sonra doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq təcridxanasının rejim-nəzarər şöbəsinin inspektoru Şahid2 digər Şahid1 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq təcridxanasının dükançısı X4 ifadəsində göstərmişdir ki, 07 fevral 2020-ci il tarixdə saat 11:15 radələrində təcridxananın 34 saylı kamerasında həbsdə saxlanan Təqsirləndirilən şəxs üzərində keçirilən axtarış-baxış tədbirləri zamanı o, hal şahidi kimi iştirak etmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən, daxilində ***-***-**-** nömrəli CİN danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Təcridxana əməkdaşları Təqsirləndirilən şəxs, onun və digər hal şahidinin iştirakı ilə protokol tərtib edərək аşkаr еdilmiş mobil telefon aparatını qablaşdırılаrаq protokola əlavə etmişlər, protokol ucadan oxunmuş, protokolla bütün iştirakçılar tanış olaraq imzаlаrı ilə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq təcridxanasının komendantı Şahid3 şahid X4 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş: - 07.02.2020-ci il tarixli protokoldan məlum olur ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasının əməkdaşları Şahid1, Şahid2, X5, hal şahidləri X1 və Şahid3, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, 07.02.2020-ci il tarixdə saat 11:15 radələrində 2 saylı istintaq təcridxanasının 2 saylı rejim korpusunun 34-cü kamerasında saxlanılan şəxslərin üzərinə və saxlandıqları kameraya qəfləti axtarış-baxış keçirilən zamanı Təqsirləndirilən şəxs üzərindəki, şalvarının sağ cibində gizlətdiyi bir ədəd işlək vəziyyətdə, daxilində 055 521-62-50 “xxxx” nömrə olan, qara rəngli “Nokia CE-0700” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. - 11.03.2020-ci il tarixli, 5172 nömrəli ekspert rəyindən görnür ki, təqdim edilmiş “Nokia” markalı “Mini Phone” modelli “**********00158, **********00158” imei kodlu mobil telefon olmaqla, hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. (mobil telefonun proqram təminantında olan imei kodla arxa tərəfindəki markirovka göstəricisində olan imei kod fərqlidir) - “xxxx” MMC-nin 06.11.2020-ci il tarixli məktubundan görünür ki, **********00158 İMEİ kodlu cihazın istifadəsinin müəyyənləşdirilməsi texniki cəhətdən mümkün deyildir. - “xxxx” MMC-nin 12.11.2020-ci il tarixli məktubundan görünür ki, **********00158 İMEİ kodlu mobil telefon standartlara uyğun olmayan saxta cihaz olduğundan yoxlanılması texniki cəhətdən mümkün deyildir. - “xxxx” MMC-nin 06.11.2020-ci il tarixli məktubundan görünür ki, **********00158 İMEİ kodlu mobil telefon saxta telefon aparatı olduğundan xxxx şəbəkəsində yoxlanılması texniki cəhətdən mümkün deyildir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmişdir. - Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-17/2020 saylı, 18.11.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 206.2-ci maddəsi ilə 3 (üç) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, 234.1-ci maddəsi ilə 2 (iki) il, müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15.02.2018-ci il tarixli hökmü ilə təyin edilmiş və 18.11.2020-ci il tarixə çəkilməmiş 1 (bir) il 11, (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə islah işləri cəzası, CM-in 68.1.3-cü madəsinin tələbinə əsasən dörd günə bir gün hesablamaq yolu ilə 5 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, CM-in 67.1ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə hökmlərin məcmusu qaydasında ona qəti olaraq 4 (dörd) il, 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzanın əvvəlinin 12.04.2018-ci il tarixdən hesablanması qərara alınmışdır. - Gəncə Apellyasiya Məhkəməsinin 09.04.2021-ci il tarixli 1(104)-157/2021 saylı, qərarından görünür ki, dövlət ittihamçısı X6 tərəfindən verilmiş apellyasiya protesti və məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi X10 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-17/2020 saylı, 18.11.2020-ci il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs və müdafiəçi H.Salahovun apellyasiya şikayətlərinə, dövlət ittihamçısının apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin Məcəllənin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317- 2.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində 2 azyaşlı uşağı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-17/2020 saylı, 18.11.2020-ci il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş cəza hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla, təqsirləndirilən şəxsə qəti cəza təyin edilməli və cəzasının əvvəli həmin hökmlə təyin olunmuş qəti cəzanın başlandığı 12.04.2018-ci il tarixdən hesablanmalıdır. Çünki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 59,94 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və daxilində ***-***-**-** nömrəli GSM danışıq kartı olan bir ədəd “Nokia” markalı, “Mini Phone” modelli, “**********00158-**********00158” imei kodlu mobil telefon aparatı cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən müdafiəçi X11 məhkum Təqsirləndirilən şəxs məhkəmədə 11 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 66 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-17/2020 saylı, 18.11.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 04 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin olunmuş 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 12.04.2018-ci il tarixdən hesablansın və onun həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və daxilində ***-***-**-** nömrəli GSM danışıq kartı olan bir ədəd “Nokia” markalı, “Mini Phone” modelli, “**********00158-**********00158” imei kodlu mobil telefon aparatı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 59,94 (əlli doqquz manat doxsan dörd qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab №AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 66 (altmış altı) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar