Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-111/2021 29.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, iclas katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir nəfər azyaşlı uşağı olan, fərdi fəaliyyətlə məşğul olan, məhkum olunmamış, Gəncə şəhəri, N.Hacıyev küçəsi, 320, ev 3, mənzil 127-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 04.02.2021-ci il tarixdə saat 16:00 radələrində əlində olan mətbəx bıçağı ilə yaşadığı ünvan 1 ünvanının qarşısında dəhlizdə qonşusu Zərərçəkmiş şəxs sağ bud nahiyəsinə vuraraq ona - sağ bud nahiyyəsinin kəsilmiş-deşilmiş yarası ilə müşayət olunan xəsarətləri yetirməklə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, eləcə də işdə olan və tədqiq olunan digər iş materialları ilə aşağıdakı qaydada tamamilə sübuta yetirilmişdir. Məhkəmə iclasında cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, iki azyaşlı uşaqları ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qonşusudur. Təxminən bir il bundan əvvəl Ceyhunədən 600 manata öz aralarında qeyri-rəsmi razılaşma əsasında “Samsung A20” markalı telefon almış, hər ay 50 manat verməyə razılaşmışdır. O, həmin pulu vaxtı vaxtında versə də, son 3 ayda imkanı olmadığına görə pulu verə bilməmişdir. 04.02.2021-ci il tarixdə saat 16:00 radələrində yaşadığı evdə olarkən qonşusu Ceyhunə onun evinə gələrək səs- küy salıb onu nalayiq sözlərlə təhqir edərək boşqabını vurub sındırmış, o, da azyaşlı uşaqlarının Ceyhunənin hərəkətlərindən qorxduğunu görüb əsəbləşərək əlində olan mətbəx bıçağı ilə bir dəfə Ceyhunənin sağ bud nahiyəsinə vurub xəsarət yetirmişdir. Bundan sonra Ceyhunə çıxıb getmişdir. Mübahisə onun evinin dəhlizində baş vermiş, həmin vaxtı orada onlardan başqa heç kəs olmamışdır. Ceyhunəyə xəsarət yetirdiyi mətbəx bıçağını da könüllü olaraq təqdim etmişdir. Hadisədən sonra hərəkətlərindən peşman olmuş və Ceyhunədən üzr istəyərək, onunla barışmış və ona dəymiş ziyanı ödəmişdir. Odur ki, qeyd etdiklərini nəzərə alıb məhkəmədən cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, azyaşlı oğlu ilə birlikdə yaşayır. Qonşusu Kəmalə ilə bu vaxta kimi aralarında heç bir narazılıq olmamış, həmişə münasibətləri yaxşı olmuşdur. Təxminən bir il olar ki, özünə istifadə etmək üçün aldığı mobil telefonu pula ehtiyacı olduğuna görə Kəmalə ilə öz aralarında razılaşmışlar ki, ayda 50 manat vermək şərti ilə satsın. Kamalə də 6 ay ərzində 300 manat ödəmiş, 300 manatı isə müxtəlif bəhanələr gətirərək ödəmək istəməmişdir. 04.02.2021-ciil tarixdə Kəmalənin evinə gedib telefonun qalan pulunu nə vaxt ödəyəcəyini soruşmuş, bu zaman Kamalə ona pul verməyəcəyini demişdir. Buna görə onlar arasında sözlə mübahisələri olmuş, Kəmalə onun üstünə gələrək ona əl-qol atmış və onlar dəhlizdə əlbəyaxa olmuşlar. Kəmalə onu itələyərək əlində olan bıçaqla bir dəfə qəsdən sağ budundan vurub xəsarət yetirmişdir. Kəmalə onu vuran vaxtı orada onlardan başqa heç kim olmamışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs hərəkətlərindən peşman olmuş və ondan üzr istəyərək, onunla barışmış və ona dəymiş ziyanı ödəmişdir. Ona görə də cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X1 Gəncə şəhər Şöbəsinin 08.02.2021-ci il tarixli, 161 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ əlin İV barmağının və sol said nahiyyəsinin sıyrıqları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 04.02.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X1 08.02.2021-ci il tarixli, 164 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ bud nahiyyəsinin kəsilmiş-deşilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 04.02.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 04.02.2021-ci il tarixdə saat 16:00 radələrində əlində olan mətbəx bıçağı ilə yaşadığı ünvan 1 ünvanının qarşısında dəhlizdə qonşusu Zərərçəkmiş şəxs sağ bud nahiyəsinə vuraraq ona - sağ bud nahiyyəsinin kəsilmiş-deşilmiş yarası ilə müşayət olunan xəsarətləri yetirməklə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadəsini dinləyib, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını araşdırıb hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış 12.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan əşyanın maddi sübut hesab edilməsi haqqında 17 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağ bud nahiyyəsinə bıçaqla xəsarət yetirdiyi bir ədəd bıçaq maddi sübut hesab edilmişdir və saxlanılması üçün saxlanc yerinə verilmişdir. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan 17 fevral 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkibi olmadığında barəsində cinayət təqibi rədd edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin tərkibi olmadığından barəsində həmin maddə üzrə cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti Nizami RPİ-nin İTB-nə göndərilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq material üzrə maddi sübut hesab olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, hazırda cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, ona görə də Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Beləliklə, məhkəmədə işə baxılarkən aydın olmuşdur ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Nizami rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağ bud nahiyyəsinə bıçaqla xəsarət yetirdiyi bir ədəd bıçaq istifadəyə yararsız olduğundan qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə araşdırması zamanı cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 7 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 42 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və müsadirə tətbiq ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində müəyyən edilmiş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. İş üzrə maddi sübut olan Gəncə şəhər Nizami rayon Polis İdarəsində saxlanılan bir ədəd bıçaq istifadəyə yararsız olduğundan qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 42 manat məbləğində pul köçürülsün . Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-111/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-111/2021
29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver