Məhkəmə qərarları › İş №1(044)-114/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-114/2021

16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-114/2021 16.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon(şəhər) məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru,ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxxx 1976-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri,Zərrabi küçəsi,ev 143də qeydiyyatda olan və Gəncə şəhəri,C.Rəfibəyli ev 14-də yaşayan,barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz şəxsi istehlak miqdarından artıq, yəni ümumi təmiz çəkisi 1,209 qram narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, fəhləlik edərək pul qazanmış, rəsmi olaraq işsiz olmuş, mütəmadi olmasa da, ara-sıra narkotik vasitə olan heroindən siqaret vasitəsi ilə çəkərək istifadə etmişdir. 08 yanvar 2021-ci il tarixdə saat 17:00 radələrində Gəncə şəhəri Bağbanlar küçəsində “Totanlı” dairəsi adlanan yerin yaxınlığında dayanıb siqaret çəkən zaman mülki geyimdə üç nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək ona narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli olduğunu bildirib şübhəli şəxs kimi Gəncə şəhər Nizami RPİ-nə gətirmişlər. Polis idarəsinə gəldikdən sonra ona maddi imkanı olmadığından dövlət hesabına müdafiəçi kimi Müdafiəçi təyin edilmiş, saat 17:30-dan saat 18:00-dək olan müddət ərzində müdafiəçisi ilə konfıdensial ünsiyyət saxlamışdır. Daha sonra polis idarəsinin inzibati otağında video çəkiliş ilə müdafiəçisi Müdafiəçi və digər üç nəfər polis əməkdaşlarının iştirakı ilə onun üzərinə baxış keçirilmiş, baxış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuşdur. Onun əynində olan qara rəngli isti gödəkçənin sol yan cibindən 1 ədəd şəffaf rəngli seloffana bükülmüş büküm aşkar olunmuş, üzərindən aşkar olunan bir ədəd bükümün içərisindəki kütlə narkotik vasitə "Heroin” olmuş, həmin narkotik vasitə olan heroin ona məxsus olmuşdur. Onun üzərindən aşkar olunaraq götürülən bir ədəd bükümdə olan narkotik vasitə olan heroin müdafiəçinin, polis əməkdaşlarının iştirakı ilə aptek tərəzisində çəkilmiş və bükümlə birlikdə ümumi çəkisi 1.28 (bir tam yüzdə iyirmi səkkiz) qram olmuşdur. Daha sonra aşkar olunmuş kütlə kağız zərfdə qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, zərfin üzərini imzalarla təsdiq etmişlər. Bundan sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokolla tanış olmuş və imzası ilə təsdiq etmiş, baxış zamanı narkotik vasitə heroinin ona məxsus olmasını, öz istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən peşmançılıq çəkməsini, gənc olmasını nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitə qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun, baş əməliyyat müvəkkili Şahid1 və CAŞ-in kiçik inspektoru Şahid3 iştirakı ilə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08.01.2021-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Bağbanlar küçəsində yerləşən Totanlı dairəsinin yaxınlığında saxlanılaraq Gəncə şəhər Nizami RPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitələri qəbul etməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verildikdən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmiş, Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, Nizami rayon polis idarəsinin inzibati binasında yerləşən xidməti otaqda Sənən İsmayılovun üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf rəngli sellofan büküm aşkar edilmiş, həmin narkotik vasitə heroin bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və kütlənin ümumi çəkisi 1,28 qram olmuşdur. Daha sonra isə narkotik vasitə heroin içərisində olduğu bükümlə birlikdə kağız zərfdə qablaşdırılmış və zərfin ağzı möhürlənmiş, baxış zamanı Təqsirləndirilən şəxs onun üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroini 3-4 gün əvvəl yaşadığı evin yaxınlığında avtobus dayanacağından taparaq öz istifadəsi üçün saxladığını bildirmişdir. Baxış və götürmə aparılması barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Bəhlul oğlu digər Şahid2 ifadəsinə uyğun ifadə verdi. İfadəsi məhkəmə istintaqında elan edilərək tədqiq edilmiş Şahid3 da Şahid2nin ifadəsinə oxşar məzmunlu ifadə vermişdi. Təqsirləndirilən şəxsin özünü təqsirli bilməsi ilə bağlı etiraf edici ifadəsi ilə yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş və cinayət işinin materiallarında olan məhkəmə–narkoloji ekspertizasının 16 fevral 2021-ci il tarixli, 119 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə edir.Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur.Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş 28 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 yanvar 2021-ci il tarixli rəyindən görünür ki, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 1 ədəd narkotik vasitəyə oxşar büküm sözlər və imzalar olan kağız paketdəki bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,209 qram maddə,kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Məhkəmə iclasında tədqiq edilmiş 08 yanvar 2021-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 08 yanvar 2021-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş 10 yanvar 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində”polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmiş və həmin qərar ona elan edilməklə o MSY-dən azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş 13 fevral 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli isti gödəkçənin sol yan cibindən çəkisi 1,28 qram 1 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli,spesifik iyə malik, ilk baxışdan narkotik vasitə olan “heroinə”oxşar kütlə, aşkar edilməklə qablaşıdırıldı və iştirakçılar tərəfindən imzalandı. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş «Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» 17 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, o, narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib üzərində daşıyaraq saxlamadığından ona AR CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kifayət qədər dəlillərlə sübuta yetirilmədiyindən barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş 1,109 qram olan 1 ədəd şəffaf rəngli polietilən kəsiyi bükümündə narkotik vasitə heroin öz xüsusiyyətinə,əlamətlərinə,üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi,tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilməsi, təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, 29.12.2009cu il təvəllüdlü İsmayılov Raul və 07.10.2005-ci il təvəllüdlü İsmayılova Gülay adlı soyadlı uşaqların atası Təqsirləndirilən şəxsdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 1,209 qram narkotik vasitə heroini əldə etməklə və üzərində daşıyaraq saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində gəzdirərək daşıması barədə Gəncə şəhər Nizami rayon Polis İdarəsinə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 08.01.2021-ci il tarixdə saat 17:00 radələrində Gəncə şəhəri Bağbanlar küçəsi «Totanlı» dairəsi adlanan yerin yaxınlığında saxlanılaraq Nizami RPİ-nə gətirilib üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,209 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 25.06.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir az yaşlı uşağının olmasını, CM-nin 59.2–ci maddəsinə əsaslanaraq, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halın mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, iş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 08 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs 08 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X8 təhvil verilmişdir. İş materiallarında olan 10 yanvar 2021-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin tarixdə saxlanıldığı Gəncə şəhər Baş Polis İdarəsinin X5 azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 08 yanvardan 10 yanvaradək, 02 gün müddətində şübhəli şəxs qismində Gəncə şəhər Baş Polis İdarəsinin X6 saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən gün o şübhəli şəxs statusundan çıxsa da istintaq altında olaraq həmin günün birinci yarısına qədər azadlığı məhdudlaşdırıldığından həmin müddətin də bir gün hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını qanuna uyğun hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 2 nömrəli qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. X4 1961-ci il X1 Baxılmasi üçün Birləşmiş Millətlər Təşkilatı Konfransının qəbul etdiyi İİİ Qətnaməsində xatırladılaraq tərəflərə tövsiyyə edilmişdir ki, bir çox hallarda narkomanlığın, narkotik vasitələrdən sui-istifadə təhlükəsinə daha meyilli olan şəxslərin yaşadıqları qeyri-sağlam sosial atmosferin nəticəsi olması faktı nəzərə alınsın;narkotik vasitələrdən qanunsuz istifadənin yayılmasına qarşı mübarizə üçün mümkün tədbirlər görülsün;gənclərin normal fıziki və mənəvi sağlamlığınm təmin olunması məqsədilə onların asudə vaxtı və digər fəaliyyət növləri təşkil olunsun. Məhkəmə iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alıb, həmin rəydə göstərilənləri Azərbaycan Respublikası CM–nin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1–ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və təmiz çəkisi 1,109 qram olan narkotik vasitə olan heroin məhv edilməli, bundan başqa Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17 və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23-dən səhər saat 07-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Cinayət işi üzrə məhkəmə ekspertizasının xərci 30 manat 40 qəpik (otuz manat qırx qəpik) təşkil etmişdir ki, həmin məbləğdə pul təqsirləndirilən şəxsin üzərinə qoyulmalı və ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfi hesab edilir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 10 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülməlidir. Eyni zamanda iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs hüquqlarını istintaqda dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Ona görə də məhkəmə hesab edir ki, 72 manat məbləğində pul dövlət büdcəsinin hesabından dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o 02 (iki) il,06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 08 yanvar 2021-ci ildən 10 yanvar 2021-ci ilədək həbsdə saxlanıldığı 02 gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış 1,109 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə 32 manat 40 qəpik (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfinin ödənilməsi vəzifəsi Təqsirləndirilən şəxs üzərinə qoyulsun və həmin məhkəmə məsrəfi ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. İbtidai istintaqda Müdafiəçi(72 manat), məhkəmədə X3(60 manat) Təqsirləndirilən şəxs dövlət büdcəsinin vəsaiti hesabına göstərilmiş hüquqi yardımla bağlı cəmi 132 manat məbləğində pul dövlət büdcəsindən Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar