Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-115/2021 09.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əlizadə Kamran Mehman oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə rayon (şəhər) instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi X1, Zərərçəkmiş şəxs, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işsiz, orta təhsilli, məhkum olunmamış, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 63, mənzil 34-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19.11.2020-ci il tarixdə saat 20 radələrində Gəncə şəhəri, M.C.Paşayev küçəsində “Vaz” adlanan yerin yaxınlığında Zərərçəkmiş şəxs ona yazdığı söyüş məzmunlu sms-i müzakirə edərkən sonuncu yazdığı sms-i haqlı yazdığını deyib yenidən söyüş söydüyü üçün aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bir dəfə Zərərçəkmiş şəxs sifətindən yumruqla vuraraq ona burun sümüyünün yerdəyişməmiş qapalı sınığı, sol gözün alt qapağının qançırı ilə nəticələnən, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs, ekspertiza rəyi, eləcə də, işdə olan və tədqiq olunan digər iş materialları ilə aşağıdakı qaydada tamamilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs təxminən 1 ildir ki, tanıyır və onunla iş fəaliyyəti əsnasında tanış olmuşdur. O, Yeni Gəncə qəsəbəsində kombi mağzası işlətmiş, həmin vaxt Vahidlə aralarında tanışlıq olmuş, birlikdə iş görməyə başlamışlar. Vahid ona maliyyə mənbəyi tapmış, o, da müştəri cəlb edib onlara kreditlə kombi və aksesuarlarını satmış, bu şəkildə təxminən 6-7 ay aralarında iş olmuşdur. O, müştəriləri tapdığı üçün onlardan pulu özü yığmış, buna görə Vahid müştərilərlə əlaqədə olmamışdır. 2020-ci ilin mart ayından pandemiya ilə əlaqədar iş yerlərinin bağlanması və digər obyektiv səbəblərdən müştərilər öhdəlikləri yerinə yetirə bilməmişlər. Buna görə o, Vahidə pulları vaxtında yığıb verə bilməmiş, bundan sonra Vahid ondan pulu tələb etməyə başlamış, o, isə pulları müştərilərdən yığa bilmədiyi üçün verə bilmədiyini demişdir. Vahid ona tez-tez zəng edib ondan pulunu tələb etmiş, o, isə Vahidə pulları yığıb verəcəyini demişdir. Lakin uzun müddət pul yığa bilməmiş, Vahid isə zəng etdikdə onunla dalaşmamaq üçün telefonuna cavab verməmişdir. Buna görə Vahid ona bir neçə dəfə telefonunu açmağı üçün sms yazmışdır. O isə pul yığa bilmədiyi üçün Vahidə cavab verməmişdir. Lakin sonuncu mesajda yəni 19 noyabr 2020-ci il tarixdə saat 16:09-da Vahid ona söyüş məzmunlu sms yazmışdır. O, da Vahidə zəng edib iş yerinin yaxınlığına çağırmış, həmin vaxt onun yanında uşaqlıq dostu Eşqin olmuşdur, saat təxminən 20 radələrində Vahid onun iş yerinə gəlmiş, o, Eşqinlə həmin vaxt söhbət etmişdir. Vahid gəlib çıxdıqda o, Vahiddən nə üçün söyüş məzmunlu sms yazdığını soruşmuşdur. Vahid isə üzr istəmək yerinə yenə də söyüş söymüşdür. O da həmin vaxt bir dəfə yumruqla Vahidin sifətindən vurmuş, Vahid yerə yıxılmış və onun burnu qanamışdır. Vahid yerdən qalxdıqda Eşqin araya girib onları dalaşmağa qoymamışdır. O, Vahidi yumruqla vurduqdan sonra aralarında olan davanı davam etdirməmişlər. Həmin vaxt adının sonradan Elçin olduğunu bildiyi şəxs və sinif yoldaşı olan Həsən onların yanına gəlib çıxmışlar. Vahid ondan şikayət edəcəyini demiş və bundan sonra Elçin adlı şəxslə birlikdə çıxıb getmişlər. O, daha sonra Vahid ondan polisə şikayət etdiyini bilmişdir. Hadisə zamanı Vahid söyüş söydüyü üçün onu yumruqla vurmuş, həmin vaxt orada ondan, Vahiddən və Eşqindən başqa heç kim olmamışdır. O, hadisə zamanı Vahidi yumruqla vurmuş, Vahidi başqa vuran olmamışdır. Həsən və Elçin isə dava dalaş qurtardıqdan sonra hadisə yerinə gəlib çıxmışlar. Hadisə təxminən 1-2 dəqiqə davam etmiş, kənardan heç kim həmin yerə yığışmamışdır. Aralarındakı davanın səbəbi Vahidin əvvəlcə ona söyüş məzmunlu sms yazması, daha sonra isə onunla söhbət edərkən öz nalayiq hərəkətini haqlı sayaraq yenidən söyüş söyməsi olmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, halhazırda Gəncə şəhəri D.Qorqud küçəsində yerləşən Optimal elektronika şirkətində məişət avadanlıqlarının təmiri ilə məşğul olur. Təqsirləndirilən şəxs 1 ilə yaxındır ki, tanıyır. Ülvi ilə o, kombi aksesuarları satarkən tanış olmuşdur. Tanış olduqdan sonra Ülvi ona birlikdə şərikli kombi aksesuarları satmağı təklif etmiş, o da razılaşmış və Ülvi ilə birlikdə kombi aksesuarları alıb-satmağa başlamışlar. O, nəğd olaraq mallara pul buraxmış, Ülvi isə malları onun pulu ilə alıb nisyə olaraq evlərdə quraşdırmışdır. Daha sonra həmin nisyə quraşdırılmış avadanlıqların pulunu yığıb ona qaytarmışdır. 2020-ci ilin mart ayında pandemiya ilə əlaqədar mağazalar bağlanmış, həmin vaxt Ülvinin ona təxminən 15.000 manat borcu olmuşdur. Mağazalar bağlandıqdan sonra Ülvi ona olan borclardan qaytarmış və Ülvinin ona 12500 manat borcu qalmışdır. O, daha sonra Ülvidən borcunun qalanını istəmiş, bu vaxt Ülvi ona nisyələri yığa bilmədiyini demiş, bir müddət sonra isə Ülvi onun telefonlarına cavab verməmişdir. O, da 2020-ci ilin noyabr ayında dəfələrlə sms yazıb Ülvidən telefonu açmasını istəmiş, lakin Ülvi telefonu açmamışdır. 2020-ci ilin noyabr ayının 19-da o, Ülviyə söyüşlə sms yazmış, bundan sonra Ülvi ona zəng edib onu işlədiyi Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində mağazasının yerləşdiyi küçəyə çağırmışdır. O, bundan sonra tanışı olan Elçinlə birlikdə həmin yerə getmiş, Elçinə kənarda gözləməsini bildirmişdir. Elçin kənarda gözləmiş o, isə Ülvinin yanına getmiş, həmin vaxt orada Ülvidən başqa adının sonradan Eşqin olduğunu bildiyi şəxs də olmuşdur. O, Ülviyə yaxınlaşıb nə üçün telefonunu götürmədiyini soruşmuşdur. Ülvi isə ondan nə üçün ünvanına söyüş söydüyünü soruşmuş, o, da Ülviyə telefonuna nə üçün cavab vermədiyini soruşmuşdur. Bu vaxt aralarında sözlə mübahisə yaranmış və həmin vaxt Ülvi yumruqla sifətindən bir dəfə vurmuşdur. O, həmin vaxt sifətini tutub özünü müdafiə etmişdir. Bundan sonra Ülvinin yanında dayanmış digər şəxs araya girib onları aralamışdır. Ülvi onu vurduqdan sonra bir dəfə də yerdə təpiklə qarnından vurmuş, bundan sonra Ülvi vurmamış, o, ayağa qalxıb Ülviyə şikayət edəcəyini demiş, həmin vaxt tanımadığı bir nəfər və onun tanışı olan Elçin hadisə yerinə gəlib çıxmış, o, Elçinə avtomobili gətirməsini demiş və onlar birlikdə həmin yerdən aralanmışlar. O, Gəncə şəhər Nizami polis bölməsinə gedib orada şikayət ərizəsi vermişdir. Hadisə onun Ülviyə söyüşlə sms yazmağı səbəbindən başlamışdır. Ülvi onun telefonunu açmadığı üçün o, əsəbləşib Ülviyə söyüşlə sms yazmış, Ülvi də onu buna görə vurmuşdur. Həmin vaxt orada ondan, Ülvidən və Eşqindən başqa heç kim olmamışdır. Sonra isə tanışı Elçin və yoldan keçən və Ülvinin tanışı olan bir nəfər hadisə yerinə gəlmişlər. Həmin vaxt dava bitmişdir. Tanışı Elçin və tanımadığı digər şəxs isə hadisə yerinə dava qurtardıqdan sonra gəlmişlər. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi olduğu üçün ona agır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 19 noyabr 2020-ci il tarixdə saat 20 radələrində o, iş yoldaşı Vahidlə birlikdə işdən çıxıb evə getmiş, bu vaxt Vahid ona Ülvi adlı şəxslə görüşəcəyini demiş və onlar birlikdə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən Ülvi adlı şəxsin mağazasının yerləşdiyi yerin yaxınlığına getmiş, həmin vaxt Vahidin avtomaşınını o, sürmüşdür. Onlar qeyd etdiyi yerə çatdıqda Vahid ona avtomobildə gözləməyini demiş və özü avtomobildən düşüb getmiş, həmin vaxt avtomaşını o, yolun kənarında saxlayıb Vahidi gözləmiş, təxminən 20-21 radələri, hava qaranlıq olardı. Vahid avtomobildən düşüb getdikdən təxminən 10 dəqiqə sonra o, Vahidin arxası ilə getmiş, Vahidin olduğu yerə çatdıqda orada Vahiddən başqa iki nəfər şəxsin olduğunu görmüş, həmin şəxslərin adlarının Eşqin və Ülvi olduğunu sonradan bilmişdir. O, Eşqin və Ülviyə çatdıqda Vahid Ülvi adlı şəxsə şikayət edəcəyini demiş, o, orada olarkən başqa kənar bir şəxs də gəlib çıxmış, o, Vahidin üz nahiyəsindən qan gəldiyini gördükdə Vahidi avtomaşına aparmış və onlar birlikdə əvvəlcə Nizami polis bölməsinə gedərək müraciət etmiş, daha sonra isə Vahid təcili tibbi yardıma gedərək həkimə müraciət etmiş, Vahidin Ülvi ilə dalaşacağını bilməmiş, hadisədən sonra Vahid ona Ülvi ilə aralarında pulla bağlı mübahisə olduğunu, Ülvi Vahidin telefonunu açmadığı üçün aralarında mübahisə yarandığını və nəticədə Ülvinin vahidi yumruqla sifətindən vuraraq xəsarət yetirdiyini bildirmişdir. O, hadisə zamanı orada olmadığı üçün kimin kimi vurduğunu görməmişdir. O, hadisə yerinə çatdıqda orada heç kimin əlində hər hansı alət və digər predmet olmamışdır. O, hadisə yerinə çatdıqda orada Ülvi, Vahid və Eşqin olmuş, sonradan isə adının Həsən olduğunu bildiyi şəxs həmin yerə gəlib çıxmış, kənardan isə həmin yerə yığışan olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, hal-hazırda Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “Nəhəng Daş Ticarət Mərkəzi” adlanan bazarda satıcı işləyir. Təqsirləndirilən şəxs onun sinif yoldaşı olmuşdur. Şahid2 onun əmisi oğludur. Zərərçəkmiş şəxs isə tanımır. 19 noyabr 2020-ci il tarixdə saat 20 radələrində o, yaşadığı evdən çıxıb marketə çörək almağa getmişdir. Həmin vaxt sinif yoldaşı Ülvinin tanımadığı bir kişi ilə söhbət etdiyini görmüşdür. Orada Ülvi və həmin kişidən başqa əmisi oğlu Eşqin də olmuşdur. O, salamlaşıb onlardan aralaşmış və üzü marketə tərəf hərəkət etməyə başlamışdır. O, marketə gedib qayıtdıqdan sonra Ülvi və adının sonradan Vahid olduğunu bildiyi şəxsin sözlə mübahisə etdiklərini görmüş, O, yaxınlaşdıqda Vahidin burnundan qan gəldiyini görmüşdür. Vahid Ülviyə şikayət edəcəyini deyib çıxıb getmişdir. O da bundan sonra öz yaşadığı evə getmişdir.Hadisə zamanı o, Vahidi kimin və nə ilə vurduğunu dəqiq görməmişdir. Həmin vaxt orada Vahiddən, Eşqindən və Ülvidən başqa heç kim olmamışdır. O və adının sonradan Elçin olduğunu bildiyi şəxs isə Ülvi və Vahid bir-biri ilə dava edib qurtardıqdan sonra həmin yerə gedib çıxmışlar. Ülvi və Eşqinin deməsinə görə Vahidi Ülvi yumruqla vurmuşdur. O isə hadisə zamanı Vahidi vurmamışdır. Hadisənin şahidi olmadığı üçün nə qədər davam etdiyini bilməmişdir. Lakin kənardan heç kim həmin yerə yığışmamışdır. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş şahid – Şahid2 ifadəsindən görünür ki, o,hal-hazırda Gəncə şəhər Telekomunikasiya İdarəsində sürücü işləyir. Təqsirləndirilən şəxs onun dostudur. 19 noyabr 2020-ci il tarixdə saat 17 radələrində o, Ülvi ilə kombi mağazasının yerləşdiyi küçədə görüşmüş, Ülvi onunla söhbət edərkən Vahid adlı şəxsə zəng edib Ülvi ilə danışmağa başlamışdır. Ülvi Vahiddən nə üçün söyüşlü sms yazdığını soruşmuş, Vahid Gəncədə olmadığını demiş və gələndə söhbət edəcəyini bildirmişdir. Bundan təxminən 2-3 saat sonra saat 20 radələrində Vahid onların olduğu yerə gəlmiş, həmin vaxt o və Ülvi orada olmuşdur. Başqa həmin yerdə heç kim olmamışdır. Vahid tək gəlmiş, Vahid Ülviyə yaxınlaşıb Ülvi ilə danışmağa başlamışdır. Ülvi Vahiddən nə üçün söyüşlə mesaj yazdığını soruşmuşdur. Vahid Ülviyə üzr istəməyəcəyini və mesajı yaxşı edib yazdığını demişdir. Daha sonra isə nalayiq söyüş söymüşdür. Bu vaxt Ülvi yumruqla bir dəfə Vahidin sifətindən vurmuş, o isə araya girib Ülvi və Vahidi aralaşdırmış, daha sonra adının sonradan Elçin olduğunu bildiyi şəxs və əmisi oğlu Həsən həmin yerə gəlib çıxmışlar. Vahid mübahisəni davam etdirməyib arxası ilə gəlmiş Elçinlə birlikdə həmin yerdən çıxıb getmişlər. Hadisə zamanı Vahid söyüş söydüyü üçün Ülvi Vahidi yumruqla vurmuş, həmin vaxt orada ondan, Vahiddən və Ülvidən başqa heç kim olmamışdır. Ülvi hadisə zamanı Vahidi yumruqla vurmuşdur. Həsən isə dava dalaş qurtardıqdan sonra hadisə yerinə gəlib çıxmışdır. Hadisə təxminən 1-2 dəqiqə davam etmiş və kənardan heç kim həmin yerə yığışmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 20.11.2020-ci il tarixli, 1803 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1984-cüil təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- burun sümüyünün yerdəyişməmiş qapalı sınığı, sol gözün alt qapağının qançırı – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 19.11.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddəyə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 20.11.2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “VAZ” deyilən yerin yaxınlığında yolun kənarında yerləşən mağazanın arxa hissəaində baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 11.02.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibi başlanması rədd edilmiş, zərərçəkmiş şəxsin, şahid ifadələri, məhkəmə tibbi ekspertizasının rəyləri və eləcə də digər iş materialları cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 19.11.2020-ci il tarixdə saat 20 radələrində Gəncə şəhəri, M.C.Paşayev küçəsində “Vaz” adlanan yerin yaxınlığında Zərərçəkmiş şəxs ona yazdığı söyüş məzmunlu sms-i müzakirə edərkən sonuncu yazdığı sms-i haqlı yazdığını deyib yenidən söyüş söydüyü üçün aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bir dəfə Zərərçəkmiş şəxs sifətindən yumruqla vuraraq ona burun sümüyünün yerdəyişməmiş qapalı sınığı, sol gözün alt qapağının qançırı ilə nəticələnən, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin hərəkəti təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə cinayət məsuliyyəti daşıyıb cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 07.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan doğum şəhadətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı var. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və himayəsində bir nəfər azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə onu da qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət törətməsini), cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə törətdiyi cinayətə görə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Göstərilənləri nəzərə alaraq məhkəmə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işər cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 47.1-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarda haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 47.2-ci maddəsinə əsasən ictimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübüt, mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 300 (üç yüz saat) saat müddətə ictimai işlər cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs ictimai işlərə cəlb edildiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-115/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-115/2021
09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver