Məhkəmə qərarları › İş №1(044)-115/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-115/2022

19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-115/2022 19.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində 1 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 09 mart 2022-ci il tarixdə saat 23:00 radələrində yaşadığı Gəncə şəhəri Cavadxan küçəsi 6-cı döngə 18-də yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı sonuncunu qəsdən əli ilə vuraraq Zərərçəkmiş şəxs sol göz qapaqlarının qançırışişkinlik halında əzilməsi, həmin gözün ağlı qişasına qansızma kimi xəsarətləri yetirməklə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2015-ci ildə Zərərçəkmiş şəxs ilə rəsmi qaydada ailə həyatı qurmuş və birgə nikahdan bir az yaşlı uşaqları vardır. Son zamanlar aralarında olan münasibət pozulmuş və yola getməmişlər. 09 mart 2022-ci il tarixdə arvadı Gülmira axşam saat 22 radələrində evə gəldiyi üçün aralarında mübahisə yaranmış və mübahisə zamanı o, əsəbiləşərək Gülmiranın göz nahiyəsinə əli ilə vuraraq ona xəsarət yetirmişdir. Hazırda o, zərərçəkmiş şəxslə barışmışdır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2015-ci ildə Təqsirləndirilən şəxsla rəsmi qaydada ailə həyatı qurmuş və birgə nikahdan bir az yaşlı uşaqları vardır. Son zamanlar aralarında olan münasibət pozulmuş və yola getməmişlər. 09 mart 2022-ci il tarixdə azyaşlı oğlunu hazırlıqdan götürüb yanlarındakı marketə alış-veriş etməyə getdiyi üçün evə gec gəlmişdir. Buna görə əri ilə aralarında mübahisə yaranmış və mübahisə zamanı əri əsəbiləşərək Gülmiranın göz nahiyəsinə əli ilə vuraraq ona xəsarət yetirmişdir. Hazırda o, təqsirləndirilən şəxslə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Gəncə şəhər MTE və PA şöbəsinin 11.03.2022-ci il tarixli, 380 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - sol göz qapaqlarının qançırı-şişkinlik halında əzilməsi, həmin gözün ağlı qişasına qansızma - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 09.03.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 21.03.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, işin icraatına xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış, o, əməlini etiraf edib peşmanlığını bildirmiş, zərərçəkənlə onun arasında heç bir narazılıq və tələb qalmamışdır. Ona görə də onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmışdır. Buna görə də zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 5 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, onun işlədiyi vəkil bürosunun hesabına 30 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak, maddi sübut və mülki iddiа yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar