Məhkəmə qərarları › İş №1(044)-116/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-116/2021

23.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-116/2021 23.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə 22 avqust 1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, taksi fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Gəncə şəhəri, Avtozavod yaşayış massivi, məhəllə Q, sahə 14-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa az ağır zərər vurmuş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki o, 14 noyabr 2020-ci il saat 14 radələrində ictimai yer olan Gəncə şəhəri, Nizami rayonu, Avtozavod qəsəbəsi, Cümhuriyyət küçəsində yerləşən “Daşqın inşaat” bazarında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs ondan avtomobilini sürüb kənarda saxlamasını tələb edərkən bir-birilərinin ünvanına söyüşlər söyərək nalayiq ifadələr işlətmələri səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə səs-küy salıb ucadan nalayiq söyüşlər söyməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Zərərçəkmiş şəxs ayağının arxasına öz ayağını qoymaqla fəndə salıb yıxaraq sağ aşağı ətrafın bayır və iç topuqlarının sınığı ilə müşayiət olunan sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid edilən xəsarət yetirməklə zor tətbiq edib xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, maddi sübutlar, həmçinin işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1 və 221.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus “Vaz 21013” markalı avtomobili ilə taksi kimi fəaliyyət göstərmiş, əsasən Gəncə şəhəri, Avtozavod qəsəbəsində olan “Daşqın İnşaat” adlanan tikinti materialları bazarında dayanmış və orada müştərilərin tikinti materiallarını avtomobili ilə ünvana çatdırmış, həmin yerdə ondan əlavə bir neçə taksi avtomobili də dayanmışdır. Orada onun atası Aydın da öz avtomobili ilə dayanmış, Zərərçəkmiş şəxs da orada özü avtomobili ilə dayanaraq taksi kimi fəaliyyət göstərmişdir. 14.11.2020-ci il tarixdə də həmişəki qaydada “Daşqın İnşaat” adlanan tikinti materialları bazarında dayanmışdı, təxminən saat 14 radələrində Şəmsəddin yaxınlaşaraq avtomobilini saxladığı yerdən çıxarmasını və əks təqdirdə öz avtomobili ilə onun avtomobilini vurub əzəcəyini demişdir. O isə Şəmsəddinə avtomobilini biraz qabağa verəcəyi halda hər üçünün orada dayana biləcəyini demişdir. O, Şəmsəddinə həmin yerin onun olmadığını demişdir. Bu vaxt Şəmsəddin onun ünvanına nalayiq söyüşlər söymüşdür. Həmin vaxt o da Şəmsəddini nalayiq ifadələrlə söymüş, bu vaxt Şəmsəddin onun üzərinə gəlmişdir. Şəmsəddinlə mübahisə edərək yaxalaşmışlar, bir-birilərinin yaxasından tutaraq yaxınlıqda qum yığılan yerə doğru getmişlər. O, ayağını Şəmsəddinin ayağının qarşısına qoyaraq fəndə salıb onu yerə yıxmış və Şəmsəddin sağ ayağının topuq nahiyəsindən xəsarət almışdır. O, ayağa duraraq Şəmsəddinin üzünə qum çırpmış, bundan sonra atası və bazarda olan digər şəxslər onu tutub kənara çəkmişlər. Hadisə təxminən 10 dəqiqə müddətində davam etmiş, hadisəni bazarda olan şəxslər də müşahidə etmişlər. Şəmsəddin ondan avtomobilini qabağa verməsini tələb edən zaman o, ətrafda olan şəxslərin yanında Şəmsəddinə nalayiq söyüşlər söydüyü üçün aralarında mübahisə baş vermiş və o, Şəmsəddini fəndə salıb yerə yıxmışdır. Hadisə inşaat bazarında baş verdiyindən həmin vaxt ətrafda olan camaat da onları müşahidə etmiş, Şəmsəddini söyməsini ətrafdan keçən hamı eşitmişdir. Lakin hadisədən sonra o, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş və zərərçəkmiş şəxs onunla barışmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, gündəlik olaraq “Daşqın inşaat” bazarında taksi sürücüsü kimi işləmiş, Təqsirləndirilən şəxs tanımış, Zaur da həmin bazarda taksi sürmüş, Zaurla onun münasibəti normal olmuşdur. 14.11.2020-ci il tarixdə günorta saatlarında bazarda həmişə dayandığı yerə gələn zaman Aydının öz avtomobili ilə dayandığını, Aydının arxasında isə oğlu Zaurun dayanmasını görmüşdür. O, avtomobilin siqnalını basan kimi Aydın oğlu Zauru çağıraraq avtomobili qabağa verməsini, ya da ki saxladığı yerdən çıxarmasını demişdir. Lakin Zaur avtomobilini çıxarmayacağını deyərək nalayiq ifadə işlədərək ona söyüş söymüş, o da Zaura avtomobilini çıxarmayacağı halda öz avtomobili ilə avtomobilini qabağa itələyəcəyini demişdir. Həmin vaxt Zaur yenə onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün avtomobildən düşərək Zaurun üzərinə getmişdir. Zaurla mübahisə edərək yaxalaşmışlar, bir-birilərinin yaxasından tutaraq yaxınlıqda qum yığılan yerə doğru getmişlər. Zaur ayağını onun ayağının qarşısına qoyaraq fəndə salıb onu yerə yıxmış və o, sağ ayağının topuq nahiyəsindən xəsarət almışdır. Zaur ayağa duraraq onun üzünə qum çırpmış, bundan sonra Aydın və bazarda olan digər şəxslər Zauru tutub kənara çəkmişlər. Hadisə təxminən 10 dəqiqə müddətində davam etmiş, hadisəni bazarda olan şəxslər də müşahidə etmişlər. O, avtomobilini qabağa verməsini Zaurdan tələb edən zaman Zaur ətrafda olan şəxslərin yanında ona nalayiq söyüşlər söydüyü üçün aralarında mübahisə baş vermiş və Zaur onu fəndə salıb yerə yıxmışdır. Hadisə inşaat bazarında baş verdiyindən həmin vaxt ətrafda olan camaat da onları müşahidə etmiş, həmçinin Təqsirləndirilən şəxs ona qarşı işlətdiyi nalayiq ifadələri və söyüşləri ətrafdan keçən hamı eşitmişdir. Lakin hadisədən sonra Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmiş və o, Təqsirləndirilən şəxsla barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, əvvəllər dülgər sexində işləmiş, həmin sex “Daşqın inşaat” bazarında yerləşmiş, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımış, Şəmsəddin və Zaur bazarda taksi kimi işləmişlər. 14.11.2020-ci il tarixdə saat 15 radələrində Zaur idarə etdiyi avtomobili bazarda taksilər dayanan hissədə gətirib saxlamış, Zaurun arxasınca Şəmsəddin idarə etdiyi avtomobil ilə bazara gəlmişdir. Şəmsəddin idarə etdiyi avtomobili Zaurun idarə etdiyi avtomobilin arxasına vermiş, Şəmsəddin dəfələrlə siqnal verdikdən sonra Zaur Şəmsəddinin avtomobilinə tərəf yaxınlaşmışdır. Zaur çatar-çatmaz Şəmsəddin onu söyərək Zaurdan avtomobilini həmin yerdən çıxarmasını istəmiş, Zaur da qarşılığında Şəmsəddinin ünvanına nalayiq söyüşlər söymüş, həmin vaxt Şəmsəddin və Zaur yaxalaşmışlar. Zaur Şəmsəddinin yaxasından tutmuş və Şəmsəddinin ünvanına söyüşlər söymüşdür. Həmin vaxt Zaur Şəmsəddini fənd işlədərək yıxmışdır. Zaurun atası və bazarda olan digər şəxslər onların yanına gedib mübahisənin böyüməsinə imkan verməmişlər. Şəmsəddin ayağa duraraq qışqırıb ayağının qırılmasını demiş və dərhal 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə təxminən 10 dəqiqə müddətində davam etmiş, hadisəni bazarda olan şəxslər müşahidə etmişlər. Zaurun Şəmsəddinin ünvanına nalayiq söyüşlər söyməsini və bu hadisənin baş verməsini bazarda hamı müşahidə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Səfdər oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, Zərərçəkmiş şəxs da onun kimi “Daşqın inşaat” bazarında taksi sürücüsü işləmiş, əsasən müştərilərin tikinti materiallarını avtomobili ilə ünvana çatdırmışdır. Həmin yerdə ondan əlavə oğlu Zaur və bir neçə başqa taksi avtomobili də dayanırdı. 14.11.2020-ci il tarixdə də həmişəki qaydada “Daşqın İnşaat” adlanan tikinti materialları bazarında dayanmış, öndə onun avtomobili dayanmış, onun arxasında isə oğlu Zaur avtomobilini saxlamış, onlar müştəri gözləmişlər. Təxminən saat 14 radələrində Şəmsəddin öz avtomobili ilə oraya yaxınlaşaraq Zaurun avtomobilinin arxasında dayanıb siqnal verməyə başlamış, Zaurun avtomobilini oradan çıxarması və özü orada dayanması üçün siqnal vermişdir. O, yaxınlıqda dayanan Zauru çağırmış və mübahisə olmaması üçün avtomobilini çıxarmasını demiş, Zaur oraya yaxınlaşmış, bu vaxt Şəmsəddin Zaura avtomobilini saxladığı yerdən çıxarmağını və əks təqdirdə öz avtomobili ilə Zaurun avtomobilini vurub əzəcəyini demişdir. Həmin vaxt Şəmsəddin Zaurun ünvanına söyüş söymüş, Zauru söydükdən sonra avtomobildən düşmüş və Zaurla yaxalaşmışlar. Zaurla Şəmsəddin əlbəyaxa olaraq mübahisə edə-edə biraz kənara qum yığılan yerin yanına getmişlər, orada onları ayırmaq istəsə də, gücü çatıb ayıra bilməmişdir. Zaur isə Şəmsəddini sinəsindən tutaraq kənara itələmiş və bu vaxt Şəmsəddin yerə yıxılmışdır. Şəmsəddin qışqıraraq ayağının qırılmasını bildirmiş, daha sonra Şəmsəddin ayağı durub 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə təxminən 10 dəqiqə müddətində davam etmiş, hadisəni bazarda olan şəxslər müşahidə etmişlər. Zaur avtomobilini qabağa vermədiyi üçün Şəmsəddin Zaura söyüş söymüş, buna görə yaxalaşmışlar və Zaur Şəmsəddini itələdiyi üçün Şəmsəddin yerə yıxılmışdır. X3 bazarında baş vermiş, Zaurun Şəmsəddini fəndə salmağını dəqiq görməmiş, Zaur itələdiyi üçün Şəmsəddinin yerə yıxılmasını bilmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş X1 ifadəsindən görünür ki, o, dəmirçi sexində fəhlə işləmiş, həmin sex “Daşqın inşaat” bazarında yerləşmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımış, Şəmsəddin və Zaur bazarda taksi kimi işləmişlər, əvvəllər Zaurla Şəmsəddin arasında heç bir narazılıq olmamışdır. 14.11.2020-ci il tarixdə saat 14 radələrində o, müştərinin avtomobilinə dəmir boşaltmaq üçün getmiş, o, işini qurtarıb sexə qayıdan zaman sexin qarşısında səs-küy olmasını və həmin yerə çoxlu sayda adamların toplaşmasını görmüşdür. Zaurun atası Aydını, Zauru və Şəmsəddini də həmin yerdə görmüşdür. Şəmsəddin öz avtomobilində oturmuş, Zaur isə əks istiqamətdə piyada yerimiş, toplaşmış şəxslərdən maraqlanan zaman Zaur və Şəmsəddinin bir-biri ilə dalaşmalarını demişlər. Şəmsəddin polisə məlumat verərək avtomobilində oturmuş, bundan sonra aranın sakitləşməsini görərək sexə qayıdaraq öz işini davam etdirmişdir. Hadisəni görmədiyi üçün nə qədər müddət ərzində baş verməsini bilməmiş, ancaq sexə qayıdan zaman hadisə yerində 10-15 nəfər adam toplaşmışdır. O, hadisənin baş verməsinin səbəbini bilməmiş, hadisə “Daşqın İnşaat” bazarında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 05 fevral 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edirək Təqsirləndirilən şəxs “Daşqın İnşaat” bazarında onun ayağını fəndə salaraq yerə yıxmasını, nəticədə sağ topuğunun sınmasını Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibb ekspertizasının 17.11.2020-ci il tarixli, 1788 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ aşağı ətrafın bayır və iç topuqlarının sınığı- bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 14.11.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 16 noyabr 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Gəncə şəhərində “Daşqın inşaat” bazarı adlanan yerdə baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 04 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispenserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispenserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 10 fevral 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağ qulaq nahiyəsində vuraraq xəsarət yetirməsi faktı sübuta yetirilmədiyindən həmin xüsusatla bağlı cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 13.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 14 noyabr 2020-ci il saat 14 radələrində ictimai yer olan Gəncə şəhəri, Nizami rayonu, Avtozavod qəsəbəsi, Cümhuriyyət küçəsində yerləşən “Daşqın inşaat” bazarında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs ondan avtomobilini sürüb kənarda saxlamasını tələb edərkən bir-birilərinin ünvanına söyüşlər söyərək nalayiq ifadələr işlətmələri səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə səs-küy salıb ucadan nalayiq söyüşlər söyməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Zərərçəkmiş şəxs ayağının arxasına öz ayağını qoymaqla fəndə salıb yıxaraq sağ aşağı ətrafın bayır və iç topuqlarının sınığı ilə müşayiət olunan sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid edilən xəsarət yetirməklə zor tətbiq edib xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməllərini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1 və 127.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 23.09.2021-ci il tarixli, 1(044)-116/2021 saylı qərarından görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən törətdiyi Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməllə bağlı cinayət məsuliyyətindən azad edilmiş və həmin maddə üzrə onun barəsində cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya beləzorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi,yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İctimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə vəya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhvedilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd edilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Qeyd edilən Qərarın 5-ci bəndində göstərilir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işi materiallarına əlavə edilmiş sübutlarla təsdiq olunur ku, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə zor tətbiq edib onun qəsdən sağlamlığına az ağır zərər vurması ilə müşayiət edilən qərəzli hərəkətləri şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsin sağlamlığına zərər vurmaqla yanaşı, həmçinin şəxsi münasibətlər zəminində başlanılmış həmin hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilmiş, onun hərəkətləri cəmiyyət və ictimai qayda əleyhinə, ictimai qaydanın kobud şəkildə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasına yönəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini törədərkən onun qəsdi zərərçəkmiş şəxsin qəsdən sağlamlığına zərər vurmaqla yanaşı, həmçinin birbaşa ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə olunmasına yönəlməsi- hadisənin baş verdiyi insanların kütləvi şəkildə olduğu yerdə zərərçəkmişə dayanmadan nalayiq ifadələr işlətməsində və söyüşlər söyməsində, həmçinin həmin hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edərək, zərərçəkmişin sağlamlığına zərər vurduğunu qabaqcadan görərək və bunu arzu edərək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoyaraq törətdiyi xuliqanlıq hərəkətləri onun əməllərində hərəkətverici amil rolunu oynamışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, qalmaqal salmağa meyillilik motivin əsasını təşkil edir. Şərh edilənlərə əsasən və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların araşdırılması nəticəsində məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərədə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinənrək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailə şəraitlərinə təsirini nəzərə alır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarekterizə edilməsini, törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşmançılıq çəkməsi təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət törətməsini), təqsirkarın şəxsiyyətini, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, Avtozavod yaşayış massivi, məhəllə Q, sahə 14 ünvanını axşam saat 23-dən səhər saat 07-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunmalı əmlak, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhəri, Avtozavod yaşayış massivi, məhəllə Q, sahə 14 ünvanını axşam saat 23-dən səhər saat 07-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar