Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-118/2021 24.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X18 oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, eli, himayəsində 1 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, təzə məhəllələrdə fərdi yaşayış evində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs “Covid-19” virusu ilə bağlı test analizi verməklə 08.12.2020-ci il tarixdən testin nəticəsinin pozitiv, yəni yeni növ virusu yaymaq təhlükəsi olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda 09.12.2020-ci il tarixdə, saat 13 radələrində yaşadığı Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yeni salınmış yaşayış massivində yerləşən evini qanunsuz olaraq tərk edib idarə etdiyi “Mercedes Benz” markalı, 20DM828 dövlət qeydiyyat nişanlı avtomobillə X20 Mərkəzinə gedən zaman epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmış, həmin tarixdə və saatda Gəncə Şəhəri Baş Polis İdarəsinin CAİ-nin polis əməkdaşları tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi ərazisində müəyyən edilərək saxlanılmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirmişdir ki, anası X2 07.12.2020-ci il tarixdə COVİD 19 virusuna yoluxması barədə testin cavabı pozitiv çıxmış, 08.12.2020-ci il tarixdə isə onun COVİD 19 virusu ilə bağlı vermiş olduğu testin cavabı pozitiv çıxmış və bundan sonra onlar yaşadıqları evdə müalicə olunmuşlar. Anası Ulduzun ağciyərində əvvəldən xəstəlik olduğu üçün virusa yoluxması anasına pis təsir etmiş, anasının tez-tez boğulma ilə nəticələnən öksürməsi olmuşdur. O, da bu barədə TTY-nin 103 xidmətinə və TƏBİB-in qaynar xəttinə zəng edib məlumat vermiş, anasının xəstəxanaya aparılmasını və ciyərlərinin rentgen aparatına salınmasına köməklik göstərilməsini xahiş etmiş, lakin onun zəng etməyinə baxmayaraq heç bir tibbi və ya digər köməklik göstərməmişlər, O. özü məcbur qalıb 09.12.2020-ci il tarixdə 13 radələrində anasını X20 Mərkəzinə aparıb ciyərlərini “KT” müayinəsi etdirmək istəmiş, bunun üçün də o, anası ilə birlikdə özünə məxsus Mercedes Benz markalı, ** DM *** nömrə nişanlı avtomobilə əyləşib xəstəxanaya getmək istəmişlər. Onlar yaşadığı evin giriş qapısının qarşısında avtomobildə olan zaman ağ rəngli xüsusi geyimlərdə polis əməkdaşları onlara yaxınlaşıb nə üçün COVİD-19 virusuna yoluxduqları halda yaşadığı evi tərk etdiklərini soruşmuşlar. O, da həmin şəxslərə anasının səhhəti yaxşı olmadığı üçün X20 Mərkəzinə gedəcəklərini demişdir. Həmin polis əməkdaşları onlarla söhbət edib Covid-19 virusuna yoluxduqları və karantin müddətində olduqları üçün yaşadıqları evi tərk etməmələrini bildirmişlər. Bundan sonra anası ilə o, evlərinə qayıtmış, yaşadıqları evi tərk etməmişlər. O və anası ev şəraitində sağalmışlar, polislər onlara xəbərdarlıq etdikdən sonra onlar yaşadığı evi tərk etməmişlər. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, himayəsində 1 azyaşlı uşağı olduğunu, atasının İ Qarabağ müharibəsində iştirak edərək müharibə vetaranı olduğunu, cərimə cəzasını icra etməyə maddi imkanı olmadığını, anasının da cinayət məsuliyyətinə cəlb olunduğunu nəzərə alaraq barəsində həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 2017-ci ildən Gəncə Şəhər Baş Polis İdarəsi CAİ-də əməliyyat müvəkkili işləyir. Nazirlər Kabineti tərəfindən elan edilmiş sərtləşdirilmiş karantinlə əlaqədar olaraq Covid 19 virusuna yoluxmuş və ev şəraitində müalicə alaraq karantində olan şəxslərin telefonun yerdəyişmə məlumatları Gəncə şəhər BPİ-də nəzarətdə saxlanılırdı. 2020-ci ili dekabr ayında Covid 19 virusuna yoluxanların sayı çoxaldığı üçün polis tərəfindən daim vətəndaşlarla proflaktiki söhbətlər aparıb qoyulmuş qaydalara əməl olunması izah edilmişdir. Həmçinin COVİD 19 virusuna yoluxmuş və yaşadığı evi tərk edən şəxslər müəyyən edilib evlərinə qayıtması və karantin müddətində evlərini tərk etməmələri bildirilmişdir. 09 dekabr 2020-cı il tarixdə rəhbərlik tərəfindən verilən təlimata əsasən o, idarənin digər kiçik əməliyyat müvvəkkili, polis serjantı Şahid2la Gülüsatan qəsəbəsi ərazisində xidmət təşkil etmişlər. Həmin gün saat 13 radələrində idarədən məlumat daxil olmuşdur ki, Covid 19 virusuna yoluxmuş Təqsirləndirilən şəxs yaşadığı ünvanı tərk edərək hərəkət etməkdədir. Onlar həmin şəxsi Gülüstan qəsəbəsində idarə etdiyi Mercedes Benz markalı, ** DM *** nömrə nişanlı avtomobillə hərəkətdə olarkən saxlamışlar, həmin vaxt avtomobildə digər COVİD 19 virusuna yoluxmuş Ulduz Allahverdiyeva da olmuşdur. Onlar həmin şəxsləri saxlayıb onlarla proflaktiki söhbətlər aparmış, yaşadıqları evə qayıtmalarını bildirmişlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, anası Ulduzu və özünü müayinə etdirmək üçün X20 mərkəzinə gedirlər. Onlar bunun qarşısını alıb həmin şəxsləri yaşadıqları evə qaytarmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da ifadəsində eyni xüsusatları göstərərək Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o Gəncə şəhər 3 nömrəli şəhər poliklinikasında sahə həkimi işləyir. O və digər sahə həkimləri yüngül simptomlu Covid-19 xəstələrinin ev şəraitində müalicələrini və onlara nəzarəti həyata keçirirlər. Təqsirləndirilən şəxs da o, işlədiyi poliklinikaya qeydiyata düşmüş və ev şəraitində müalicə almışdır. Belə ki, 08 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs vermiş olduğu Covid-19 testinin pozitiv çıxdığı və poliklinikaya qeydiyata düşməsi barədə məlumat daxil olmuşdur. Həmin vaxtdan onlar xəstəlik tarixçəsi açmış və Təqsirləndirilən şəxslə əlaqə saxlayıb yaşadığı evdən 14 gün müddətində kənara çıxmaması, yaşadığı evdə izolyasiya qaydalarına əməl edərək evdə olan digər şəxslərlə təması azaltmağını tapşırmışlar. 08.12.2020-ci il tarixdən başlayaraq 14 gün müddətində Təqsirləndirilən şəxslə mütamadi əlaqə saxlanılmış və sonuncuya təyinatı dərman pereperatlarını verəcəklərini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs müalicəni nə cür aparması barədə daim nəzarət olunmuş, sonuncuya telefonla əlaqə saxlanılan zaman sonuncu daim özünü yaxşı hiss etdiyini və səhhəti üçün hər hansı bir ciddi narahatçılıq olmadığını, yəni yüksək tempuratur, boğulma ilə nəticələnən öksürmə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs Covid 19 xəsətəsi kimi 23.12.2020-ci il tarixədək poliklinikada qeydiyyatda durmuş və həmin tarixdə nəzarət qaydasında ev şəraitində sağaldıqdan sonra qeydiyyatdan çıxmışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, onun ağciyərində əvvəllər də müəyyən problemlər olduğu üçün o, hər il müalicə götürür. 2020-ci ilin dekabr ayının əvvəllərində onun həmin ağrıları şiddətlənmiş, nəfəs almasında çətinlikləri yaranmışdır, tənginəfəslik, yüksək hərarət halları olduğu üçün Covid-19 virusuna yoluxmağına şübhə olduğuna görə 04 dekabr 2020-cı il tarixdə Gəncə şəhəri, X20 Mərkəzinə gedib orada boğazından yaxma götürülməklə analiz vermişdir. O, həmin analizi verəndən sonra 06 dekabr 2020-ci il tarixdə bazar günü X6 istifadəsində olan, orada mobil istifadə nömrə kimi qeyd etdirdiyi ***-***-**-** mobil nömrəsinə mesaj göndərilərək onun analizinin nəticəsinin pozitiv olduğu qeyd edilmişdir. Bundan sonra o, ayrı bir xəstəxanada analiz verməmiş, sonra onların yaşadığı yer üzrə poliknikanın həkimi Şahid3 onlarla əlaqə saxlamış, ona bildirmişdir ki, onun stasionar şəraitdə müalicəyə ehtiyacı yoxdur. Ondan 1-2 gün sonra oğlu Təqsirləndirilən şəxs da bu virusa yoluxmuş, oğlu da analiz vermiş, sonuncuda da Covid19 virusu aşkar edilmiş, onlar hər ikisi evdə müalicə almışlar. 09 dekabr 2020-ci il tarixdə saat 13 radələrində o və oğlu Taleh onun ağ ciyərinin vəziyyətini, yəni buzlaşma olub-olmadığını, əgər vardırsa da faizini öyrənmək üçün X20 Mərkəzinə getmək üçün evdən çıxmışlar. Onlar evlərindən çıxıb küçənin başına çatarkən xüsusi geyimdə iki nəfər şəxs onlara yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onlardan hara getmələrini soruşmuşlar, onlar da müayinə olunmaq üçün X20 Mərkəzinə getdiklərini bildirmişlər. Həmin şəxslər onları sorğu-sual etmişlər, onlara yaşayış yerini tərk etməmələrini, evdən çölə çıxmamalarını bildirmişlər. Onlar polislərin xəbərdarlığından sonra qayıdıb evlərinə gəlmişlər, bundan sonra yaşayış yerini tərk etməmiş, heç bir yoxlanışa getməmişlər. Hazırda məhkəmədə onun barəsində də Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə cinayət işi vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Gigiyena və Epidemioloji Mərkəzindən verilmiş 09.02.2021-ci il tarixli, 352 saylı məktubdan görünür ki, COVİD-19 Milli Məlumat Bazasında ünvan 1 ünvanda qeydiyyatda olmaqla Gəncə şəhəri, Gülüstan qəsəbəsi, yeni məhəllələrdə yaşayan Təqsirləndirilən şəxs 08.12.2020-ci il tarixdə “COVİD-19” infeksiyasına görə müayinəsinin nəticəsinin pozitiv olması qeyd edilmişdir. Adı qeyd edilən xəstə 08.12.2020-ci il tarixdən 22.12.2020ci il tarixədək ev karantində olmuş, ailə təması anası X7 olmuşdur. İş materiallarına əlavə edilmiş 25.01.2021-ci il tarixli “Baxış aparılması haqqında” protokoldan görünür ki, Gəncə şəhər 3 nömrəli şəhər poliklinikasının sahə həkimi Şahid3, hal şahidləri X14 və X3 iştirakı ilə Şahid3 təqdim etdiyi 1 ədəd “Ambulator xəstənin tibbi kartası”na baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Şahid3 təqdim etdiyi 1 ədəd “Müraciət edənlərin qeydiyyat jurnalı”nın adları sıralanmış şəxslərin şəxslərin siyahısında xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adı “COVİD-19” testi pozitiv çıxmış şəxslərin sırasında 09.12.2020-ci il tarixdən qeydiyyata alınmış və adına tibbi karta açılmışdır. Tibbi kartanın vərəqlərindən görünür ki, Təqsirləndirilən şəxs ilə 09.12.2020-ci il tarixdən 23.12.2020-ci il tarixədək əlaqə saxlanılmış, xəstəyə ev şəraitində müalicə olunması tövsiyyə edilmişdir. Xəstənin səhətindən hər hansı bir şikayətinin olmadığı göstərilmişdir. Müalicə müddəti bitib, əmək qabiliyyəti bərpa olunub. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər hal aşkar edilmədi. Baxış keçirilən “Ambulator xəstənin tibbi kartası”nın surəti çıxarılaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 04.01.2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və DVD diskə qeyd edilmiş videogörüntüdən məlum olur ki, üzərində “POLİS” yazısı olan xüsusi izolyasiya edilmiş geyimdə 2 nəfər Təqsirləndirilən şəxs və anası X1 avtomobildə saxlayıb “COVİD-19” virusuna yoluxduqlarını, tətbiq edilmiş qaydalara əməl etmələrini, karantinə alındıqları müddət ərzində yaşadıqları evi tərk etməmələrini və yaşadıqları evdə digər şəxslərlə təmasda olmamlarını izah etmişlər. İş materiallarına əlavə edilmiş “Sağlam Ailə” klinikasının 08.12.2020-ci il tarixli analiz cavabından görünür ki, Təqsirləndirilən şəxs verdiyi Covid-19 PCR (sıyrıntı) testin nəticəsi həmin tarixdə pozitiv olmuşdur. İş materiallarında olan X20 Mərkəzinin 08.02.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “xxxx” MMC-nin X20 Mərkəzində heç bir müayinədə olmamışdır. İş materiallarında olan “koronavirusinfo.az” internet səhifəsindən “Covid-19” virusu haqqında məlumatların və həmin virusa qarşı profilaktiki tədbirlərin X10 və Azərbaycan Respublikasının İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi tərəfindən sistemləşdirilmiş Tibb işçiləri üçün müvəqqəti rəhbərlikdən aydın olur ki, mövcud sübutlar “Covid-19” virusunun insanlar arasında yaxın təmas və hava-damcı yolu ilə ötürüldüyünü göstərir. Xəstəylə təmasda olan və ya xəstəyə qulluq edənlər arasında yoluxma riski ən yüksəkdir. “COVİD- 19” virusu təsdiqlənmiş xəstələrə 14 gün ev izolyasiyası tədbiq edilir. Müvafiq xəstəliyin inkubasiya dövrü 14 günədək ola bilər. Xəstə monitorinq müddətini evdə keçirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin cinayət əməlini təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı iş materiallarındakı istintaq və digər prosessual hərəkətlərin protokolları, videogörüntülər və sənədlərlə tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12.01.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 21.10.2020-ci il təvəllüdlü X9 adlı 1 azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş 01.06.1997-ci il tarixli, M/V 003308 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X8 müharibə veteranıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 1 azyaşlı uşağı olmasını və atasının İ Qarabağ müharibəsində iştirak edərək müharibə veteranı olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların isə olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən müdafiəçi X5 məhkum Təqsirləndirilən şəxs məhkəmədə 8 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 48 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut – 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Gəncə şəhərinin ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X5 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab №AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 48 (qırx səkkiz) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut – 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-118/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-118/2021
24.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver