Məhkəmə qərarları › İş №1(044)-121/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-121/2021

29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-121/2021 29.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1965-ci ildə Tovuz rayonu Yanıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, taksi fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, ev 12, mənzil 1-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs epidemiya əleyhinə, eləcə də karantin rejimini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdir. Belə ki, o, “Covid-19” virusu ilə bağlı test analizi verməklə 24.12.2020-ci il tarixdən testin nəticəsinin pozitiv, yəni yeni növ virusu yaymaq təhlükəsi olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda 24.12.2020-ci il tarixdə müxtəlif vaxtlarda və müxtəlif yerlərdə yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evini qanunsuz olaraq tərk edib 24.12.2020-ci il tarixdə özünə məxsus VAZ 2106 markalı, **-DZ-*** nömrə nişanlı avtomobillə Gəncə şəhəri ərazisində taksilik fəaliyyəti ilə məşğul olub tanımadığı şəxslərlə təmasda olmaqla epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmış və 24.12.2020-ci il tarixdə saat 21 radələrində Gəncə şəhəri, Nizami rayon ərazisində Şəmkir rayonu istiqamətində sərtləşdirilmiş karantinlə əlaqədar yaradılmış stosianar polis postunda Gəncə şəhər BPİ-nin XTB-nin polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışdır. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadəsi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, vergi orqanından qeydiyyatdan keçməklə özünə məxsus “VAZ 2106” markalı, **-DZ-*** nömrə nişanlı avtomobillə taksilik fəaliyyəti ilə məşğul olur. COVİD-19 virusunun yayılmasının qarşısının alınması ilə bağlı respublika ərazisində elan edilmiş karantin rejimi ilə əlaqədar o, icazə portal sistemində taksi fəaliyyəti ilə məşğul olması üçün icazə almış və sərtləşdirilmiş karantin dövründə də öz işi ilə məşğul olmuşdur. O, taksi fəaliyyəti ilə məşğul olduğu üçün əvvələr test verib sağlam olmağından əmin olmaq istəmiş, əvvəl verdiyi testlər neqativ çıxmışdır. 17 dekabr 2020-ci il tarixdə o, COVİD-19 virusu ilə əlaqədar test versə də, özündə həmin virusun hər hansı bir əlamətləri olmamışdır. O, test verdikdən sonra təxminən 1 həftə müddətində analizinin cavabı gəlməmiş, özündə heç bir əlamət olmadığı üçün o, elə guman etmişdir ki, sağlam olduğu üçün cavab göndərməyiblər. Bunun üçün də o, öz işini davam etdirmişdir. 24 dekabr 2020-ci il tarixdə, saat 20 radələrində o, Natavan qəsəbəsi tərəfdə avtomobilində oturub müştəri gözləyən vaxt tanışı Ayaz ona zəng edib taksi avtomobili ilə gedib Göygöl rayonu, Quşqara kəndindən övladlarını götürüb Gəncə şəhərinə qayıtmağı xahiş etmişdir. O, etiraz etməmiş və gedib Ayazı Ş.İ.Xətai prospektində yerləşən “Kəkotu” kimi tanınan çayxananın yaxınlığında götürməyi razılaşmışlar. Bundan sonra o, Ayazı götürmək üçün sonuncunun olduğu yerə doğru avtomobili ilə hərəkət edən vaxt yolda olarkən xatırlamadığı bir nömrədən zəng edilmiş, o, telefona cavab verəndə danışan şəxs sahə həkimi olduğunu və onun COVİD 19 virusu ilə bağlı vermiş olduğu testin pozitiv çıxmasını və yaşayış yerini tərk etməməsini demişdir. Həmin vaxt Ayazı avtomobilinə mindirdiyi üçün fikirləşmişdir ki, Ayazı aparıb Göygöl rayonu, Quşqara kəndindən övladlarını gətirib gəldikdən sonra evinə gedər. Bunun üçün də o, Ayazla birlikdə Göygöl rayonu istiqamətində hərəkətdə olan vaxt Hava Limanının yaxınlığında Gəncə şəhərinin çıxacağında quraşdırılmış stasionar posta polislər tərəfindən icazəsinin olması yoxlanılarkən polis əməkdaşı onun COVİD 19 virusuna yoluxduğunu deyib avtomobilini kənarda saxlamağı demişdir. O da kənarda avtomobilini saxlamışdır. Həmin vaxt avtomobilin ön sağ oturacağında əyləşmiş Ayaz avtomobildən yerə düşmüş və ondan ayrılaraq çıxıb getmişdir. Bundan sonra polislər onu izolyasiya qaydalarına əməl etməyi və 14 gün müddətində yaşayış yerini tərk etməməsi barədə söhbətlər etmişlər. Bundan sonra polisin müşayiəti ilə o, yaşadığı ünvana yola salınmışdır. O, 14 gün müddətində sahə həkiminin nəzrətində yaşadığı evdə müalicə almışdır. Sahə həkimi göndərdiyi dərman preparatlarından o, istifadə etmiş və 14 gündən sonra sahə həkimi onun karantin müddətinin başa çatdığını bildirmişdir. O, artıq Ayazı götürdüyü üçün və özündə hər hansı bir xəstəlik hiss etmədiyi üçün fikirləşmişdir ki, Ayazla birlikdə tez gedib sonuncunun övladlarını Göygöl rayonundan götürüb Gəncə şəhərinə qayıdar və daha sonra öz yaşadığı evinə gedər. O, COVİD 19 virusuna yoluxması barədə Ayaz adlı şəxsə heçnə deməmişdir. Törətdiyi əməli səmimi etiraf edərək əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2015-ci ildən X1 və həmin ildən isə hazırda tutduğu vəzifədə, yəni Gəncə şəhər BPİ-nin XTB-nin polis serjantı vəzifəsində xidmət edir. Nazirlər Kabineti tərəfindən elan edilmiş sərtləşdirilmiş karantinlə əlaqədar olaraq Gəncə şəhərinin giriş-çıxışına məhdudiyyət qoyulmuş, bununla bağlı Gəncə şəhərinin Şəmkir rayon istiqamətində giriş və çıxışında stasionar polis postları qurulmuşdur. Həmin postlarda növbəli şəklidə Gəncə şəhər BPİ-nin və tabaeli rayon Polis İdarələrinin polis əməkdaşları xidmət təşkil edirdilər. Onların xidməti vəzifələri Gəncə şəhərinə giriş hüququ olan şəxslərin yoxlanılması və buraxılması, həmçinin Gəncə şəhərini tərk edən şəxslərin hüququnun olub-olmamasını yoxlamaq olmuşdur. Həmin yoxlanışları onlara verilmiş xidməti portallarla həyata keçirirlər, portalda yoxlayan zaman izacəsi olan şəxslər qeyd olunur. Həmçinin COVİD 19 virusuna yoluxmuş şəxslər də həmin portalda görsənirlər. 24 dekabr 2020-ci il tarixdə, saat 23 radələrində qeyd etdiyi ərazidə xidmətdə olan zaman Şəmkir rayonu istiqamətdə “VAZ 2106” markalı, **-DZ-*** nömrə nişanlı taksi avtomobili stasionar posta yaxınlaşmış, həmin avtomobilin sürücüsü portalda yoxlanılıb şəxsiyyəti dəqiqləşdirilərkən Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Həmin şəxsin ad, soyadı portalda yazılan zaman Təqsirləndirilən şəxs COVİD-19 virusuna yoluxması qeyd edilmişdir. O, Təqsirləndirilən şəxs COVİD 19 virusuna yoluxduğu halda nə üçün taksi fəaliyyəti ilə məşğul olub sərnişin apardığını soruşmuş, Təqsirləndirilən şəxs da COVİD 19 virusuna yoluxmasını təzə bildiyini və avtomobildə olan Ayaz adlı sərnişini Göygöl rayonu, Quşqara kəndinə aparıb qayıdacağını bildirmişdir. Onlar buna imkan verməmişlər və sərnişini avtomobildən düşürüb Təqsirləndirilən şəxs da avtomobilini bir tərəfdə saxlamasını bildirmişlər. Bundan sonra o, bu barədə Gəncə şəhər BPİ-nin Növbətçi Hissəsinə məlumat vermiş, sonra digər polis əməkdaşları gəlib Təqsirləndirilən şəxs sənədləşdirmişlər və X2 avtomaşınının müşahidəsi ilə yaşadığı evə yola salmışlar, həmçinin Təqsirləndirilən şəxs xəstə olduğu müddətdə yaşadığı evi tərk etməməsi və izolyasiya qaydalarına əməl etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs avtomobilində yalnız Ayaz adlı bir nəfər sərnişin olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər 5 nömrəli şəhər poliklinikasında sahə həkimi işləyir. O və digər sahə həkimləri yüngül simptomlu Covid-19 xəstələrinin ev şəraitində müalicələrini və nəzarəti həyata keçirirlər. Təqsirləndirilən şəxs da o, işlədiyi poliklinikaya qeydiyata düşmüş və ev şəraitində müalicə almışdır. 24 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs vermiş olduğu Covid 19 testinin pozitiv çıxdığı və poliklinikaya qeydiyata düşməsi barədə məlumat daxil olmuşdur. Həmin vaxtdan onlar xəstəlik tarixçəsi açmışlar və Təqsirləndirilən şəxsla əlaqə saxlayıb sonuncunun yaşadığı evdən 14 gün müddətində kənara çıxmaması, yaşadığı evdə izolyasiya qaydalarına əməl edərək evdə olan digər şəxslərlə təmasda olmamasını tapşırmışlar. 24 dekabr 2020-ci il tarixdən başlayaraq 14 gün müddətində Təqsirləndirilən şəxsla mütamadi əlaqə saxlanılmış və sonuncuya təyinatı üzrə dərman preparatlarını vermişlər. Bundan sonra müalicəni nə cür aparması barədə daim nəzarət olunmuşdur. Təqsirləndirilən şəxsla telefonla əlaqə saxlanılan zaman sonuncu daim özünü yaxşı hiss etdiyini və səhhəti üçün hər hansı bir ciddi narahatçılıq olmadığını, yəni yüksək temperatur, boğulma ilə nəticələnən öksürmə olmadığı üçün xəstəliyi nəzarət qaydasında ev şəraitində keçirib sağalmışdır. Təqsirləndirilən şəxs Covid 19 xəsətəsi kimi 07 yanvar 2021-ci il tarixədək poliklinikada qeydiyyatda durmuş və həmin tarixdə sağaldıqdan sonra qeydiyyatdan çıxmışdır. O və digər sahə həkimləri virusu yüngül keçirən xəstələrlə ev şəraitində telefon vasitəsi ilə əlaqə saxlayıb müalicəsinin gedişinə nəzarət edirlər. O, Təqsirləndirilən şəxs evdən çıxıb-çıxmamasını bilməmiş, lakin sonuncuya evdən çıxmaması barədə xəbərdarlıq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs təxminən 2-3 ildir ki tanıyır. Təqsirləndirilən şəxs özünə məxsus “VAZ-2106” markalı, **-DZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə taksilik edir. O, ailəsi ilə birlikdə bütün yerlərə gedəndə zəng edib Təqsirləndirilən şəxs taksi kimi çağırtdırır. 2020-ci ilin dekabr ayının ortalarında o, ailə üzvlərini aparıb Göygöl rayonu, Quşqara kəndində qohumlarıgilin evinə qoymuşdur. 24 dekabr 2020-ci il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs zəng edib xahiş etmişdir ki, sonuncunun idarə etdiyi taksi avtomobili ilə Göygöl rayonu, Quşqara kəndinə gedib ailə üzvlərini Gəncə şəhərinə gətirsin. Onunla telefonda danışan Təqsirləndirilən şəxs etiraz etməyib hazırda Gəncə şəhəri, Natəvan qəsəbəsində olduğunu və «Kəkotu» kimi tanınan çayxananın yaxınlığında görüşməyi bildirmişdir. Təxminən 15-20 dəqiqə keçdikdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2106” markalı, **-DZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə «Kəkotu» kimi tanınan çayxananın yaxınlığına gəlmiş və o, həmin yerdə Təqsirləndirilən şəxs avtomobilinin ön sağ oturacağına əyləşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs taksi kimi idarə etdiyi “VAZ-2106” markalı avtomobili ilə Göygöl rayonu, Quşqara kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Onlar hərəkət edib Gəncə şəhərinin çıxacağında yerləşən Hava Limanının yaxınlığında quraşdırılmış stasionar posta çatmışlar, polis əməkdaşları digər nəqliyyat vasitələri ilə yanaşı, Təqsirləndirilən şəxs da idarə etdiyi avtomobili saxlayıb yoxlamışlar. Polis əməkdaşları Təqsirləndirilən şəxs COVİD 19 virusuna yoluxduğunu deyib avtomobili kənarda saxlamasını xahiş etdikləri üçün Rafiq avtomobili kənarda saxlamışdır. Təqsirləndirilən şəxsla birlikdə o da avtomobildən yerə düşmüş, polis əməkdaşları Təqsirləndirilən şəxs COVİD 19 virusuna yoluxduğunu bildirib yaşadığı ünvanı nahaq yerə tərk etdiyini irad tutmuşlar. Bundan sonra o, ayrılıb yoldan ötən avtomobillə Göygöl rayonu, Quşqara kəndinə getmişdir. Təqsirləndirilən şəxs COVİD 19 virusuna yoluxması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs COVİD 19 virusuna yoluxduğunu bilsəydi, sonuncunu taksi kimi çağırmazdı. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 24 dekabr 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, video görüntü vasitəsilə Gəncə- Şəmkir avtomobil yolunda Gəncə şəhərinin çıxışında quraşdırılmış stasionar postda sanitariya-gigiyena və ya karantin qaydalarını pozaraq Covid 19 virusunun yayılmasına şərait yaradan hərəkətlər edib yaşadığı ünvanı tərk etdiyi üçün polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanıldığı yerə baxış keçirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Gigiyena və Epidemiologiya Mərkəzinin 20.01.2021-ci il tarixli, 211 nömrəli məktubundan görünür ki, COVİD 19 Milli Məlumat Bazasında Gəncə şəhəri, Məhsəti qəsəbəsi, ev 12, mənzil 1-də qeydiyyatda olamaqla yaşayan Təqsirləndirilən şəxs 24.12.2020-ci ildə COVİD 19 infeksiyasına görə müayinəsinin nəticəsinin pozitiv olması qeyd edilmişdir. Pozitiv xəstə olan Təqsirləndirilən şəxs 24.12.2020-ci il tarixdən 07.01.2021-ci il tarixədək ev karantinində olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 13 fevral 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24.12.2020-ci il tarixdə, saat 00:00:00-dan 08.01.2021-ci il tarixdə, saat 23:59:00-dək olan müddət ərzində olduğu yerlərin müəyyən olunması məqsədilə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi üzrə anten dairəsi müəyyən olunaraq əldə olunmuş məlumatlar olan diskə baxış keçirilmiş, diskə baxış keçirilən zamanı Təqsirləndirilən şəxs 24.12.2020-ci il tarixdə, saat 05:58:30-da Gəncə şəhəri, Gəncə AMEA, Vəli Xuluflu adlanan yerdə, 24.12.2020-ci il tarixdə, saat 05:58:39-da Samux rayonu İnstitut qəsəbəsində, bundan başqa isə Gəncə şəhəri, Samux rayonu ərazisində müxtəlif yerlərdə, o cümlədən Göygöl rayonu, Quşqara kəndi, Gəncə-Şəmkir yolu ərazisində anten dairəsinin müəyyən olması məlum olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 27 yanvar 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs “Ambulator xəstənin tibbi karta”sına baxış keçirilmiş, bu zaman “Müraciət edənlərin qeydiyyat jurnalının sayı ilə nömrələnmiş 902-ci sırada 1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adı “Covid-19” testi pozitiv çıxmış şəxslərin sırasında 25.12.2020-ci il tarixdən qeydiyyata alınmış və adına tibbi karta açılmışdır. Tibbi kartanın vərəqlərindən görünür ki, Təqsirləndirilən şəxs ilə 25 dekabr 2020-ci il tarixdən 07.01.2021-ci il tarixədək əlaqə saxlanmış xəstəyə ev şəraitində müalicə göstərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 12 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 15 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş və bu barədə iltizam alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 13 fevral 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı yerə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 (bir) ədəd DVD disk, 12.02.2021-ci il tarixli, 120-4707-1221 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə anten dairəsi üzrə telefon danışıqlarına dair əldə olunmuş məlumatlar olan 1 (bir) ədəd CD disk sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və iş materiallarında olan digər sənədlər ilə Təqsirləndirilən şəxs epidemiya əleyhinə, eləcə də karantin rejimini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaratma cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublukasının Qanunun 2.3-cü maddəsinə əsasən insanların sağlamlığını ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi; sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcə də sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət sisteminin yaradılması; sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət dərəcələrinin müəyyən edilməsi; vətəndaşların salamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması Aərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələrini təşkil edir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etmək, dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etmək sanitariya-epidemioloji salamatlığın təmin edilməsi ilə bağlı dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların vəzifələrinə aiddir. Həmin Qanunun 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariyaepidemioloji; xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır.Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilərək, törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinin tələbinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd DVD və bir ədəd CD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 9 saata görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1ci maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD və bir ədəd CD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 9 saata görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar