Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-122/2021 15.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1968-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Nizami rayonu, M.S.ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz ümumi çəkisi 465 qram narkotik vasitə olan marixuananı, qanunsuz olaraq əldə edib üzərində daşıyarkən 06 yanvar 2021ci il tarixdə saat 18:30 radələrində Gəncə şəhər BPİ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, qanunsuz olaraq narkotik vasitələri istifadə etməkdə və üzərində daşımaqda şübhəli bilinərək Gəncə şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi ilə Şahsevənlər küçəsinin kəsişməsində Şahsevənlər küçəsində yerləşən 28 saylı fərdi yaşayış evinin qarşısında saxlanılaraq H.Ə.Hüseynzadə küçəsi, 5 ünvanında yerləşən Gəncə şəhər BPİ-nə gətirilmiş və üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sol qolaltı hissəsinin içərisində gizlədilmiş şəxsi istehlak miqdarından artıq 1 ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 465 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, M.S.ünvan 3 ünvanında ailəsilə birlikdə yaşayır. O, halhazırda rəsmi olaraq heç bir yerdə işləmir. 2010-cu ildə Rusiya Federasiyasının CM-nin 228-1.3-cü hissəsi ilə 12 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bundan sonra 2014cü ildə Azərbaycan Respublikasına gələrək cəzasının qalan hissəsini 7 saylı cəzaçəkmə məntəqəsində çəkmişdir. 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin Amnistiya qərarına əsasən çəzadən azad edilmişdir. O, narkotik vasitə olan marixuanadan müəyyən vaxtlarda istifadə edirmiş, buna görə narkotik vasitə olan marixuananı tanıyır. 06.01.2021ci il tarixdə saat 18:30 radələrində o, yaşadığı evə gedərkən Gəncə şəhəri, Ordubadi küçəsi ilə Şahsevənlər küçəsinin kəsişməsində üç nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş, üzərində narkotik vasitələrin gəzdirilməsi və istifadəsində şübhəli olduğunu bildirib onu Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşıb Gəncə şəhər Baş Polis İdarəsinə getmişdir. Polis idarəsində olarkən yenə də onun narkotik vasitəni üzərində gəzdirdiyi barədə şübhəli olduğunu demişlər. Sonra hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkillə təmin etmişlər. Vəkil Müdafiəçi1 ona təqdim edilmiş, ona heç bir etirazının olmadığını bildirmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun əynində olan qara rəngli qış gödəkcəsinin içərisində qara rəngli polietilen selofana bükülmüş 1 ədəd bükülü aşkar edilərək götürülmüşdür. Baxış zamanı müdafiəçinin iştirakı ilə polis əməkdaşları tərəfindən bükülü açılmış, bükülünün içərisində yaşıl rəngdə, kəskin iyili, ilk görünüşdən narkotik maddə olan marixuanaya oxşar kütlə aşkar edilmişdir. Sorğu zamanı o, həmin bükülüdə olan marixuananı 06.01.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmamışdan 1 saat əvvəl Gəncə şəhəri 4 nömrəli tam orta məktəbin yaxınlığından tapıb özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Baxış zamanı ondan aşkar edilmiş 1 ədəd büküldə olan narkotik vasitə marixuana müdafiəçinin və digər iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 475 qram olmuşdur. Həmin bükülü əvvəlki vəziyyətinə gətirilib qablaşdırılmışdır. Azərbaycan Respublikası DİN-nin 91 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuşdur. O və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişlər. O, həmin narkotik vasitədən istifadə etməmişdir. Həmin narkotik vasitəni tapmış, özü istifadə etmək üçün yaşadığı evə aparmaq istəmişdir. Narkotik vasitədən heç kimə satmamış, nə də saxladığı narkotik vasitəni heç kimə verməmiş, yalnız özü istifadə etmək üçün üzərində saxlamışdır. Əməlindən peşman olduğunu və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında 1999-cu ildən xidmət edir. Gəncə şəhəri, Ordubadi küçəsi, ev 123 A ünvanında yaşayan xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitə qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun, əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 iştirakı ilə tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 06.01.2021-ci il tarixdə saat 18:30 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Şahsevənlər küçəsi ilə Ordubadi küçəsinin kəsişməsində saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitələri qəbul etməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Gəncə şəhər Baş polis idarəsinin inzibati binasında yerləşən xidməti otaqda onun üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin içərisində narkotik vasitə marixuana olan 1 ədəd qara rəngli polietilen sellofan aşkar edilmişdir. Həmin narkotik vasitə marixuana bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və kütlənin içərisində olduğu sellofanla birlikdə ümumi çəkisi 475 qram olmuşdur. Daha sonra isə narkotik vasitə marixuana kağız zərfdə qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs onun üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan marixuananı 06.01.2021-ci il tarixdə Gəncə şəhəri 4 saylı məktəbin qarşısından yol kənarından taparaq öz istifadəsi üçün saxladığını, götürüb evə gedən zaman saxlanıldığını bildirmişdir. Baxış və götürmə aparılması barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 10 yanvar 2021-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə ifadəsinin yerində yoxlanılması aparılmış və Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini yerində göstərə biləcəyini bildirərək, Gəncə şəhəri 4 saylı orta məktəbin qarşısında dayanaraq 2021-ci ilin yanvar ayının 6-sı tarixində bir ədəd polietilen torbaya bükülmüş qurudulmuş marixuananı həmin məktəbin yaxınlığında olan zibil qablarının yanından tapdığını və yaşadığı ev istiqamətdə getdiyini, bundan sonra Gəncə şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi ilə Şahsevənlər küçəsinin kəsişməsində polis əməkdaşları tərəfindən 06.01.2021-ci il tarixdə saat 18 radələrində saxlanıldığını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 16 yanvar 2021-ci il tarixli video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, video görüntülərə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində təhqiqatçı, polis mayoru Niyaməddin Məmmədov, Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1, Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2, Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində olan qara rəngli qış gödəkcəsinin içərisində olan qara rəngli polietilen torbanın içərisində narkotik vasitə olan marixuananı təqdim etmişdir. Həmin polietilen sellofanın içərisinə baxış keçirilmiş və ilk baxışdan kəskin spesifik qoxulu narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra həmin şəxsdən təqdim etdiyi ilk baxışdan narkotik vasitəyə bənzəyən kütləni haradan əldə etməsi barədə soruşan zaman Təqsirləndirilən şəxs Gəncə şəhəri 4 nömrəli məktəbin qarşısında olan ağaclıq sahədə polietilen torbaların arasından tapdığını və şəxsi istifadə məqsədilə üzərində daşımaqla yaşadığı evə aparmaq istədiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd qara rəngli polietilen sellofan içərisindəki kütlə ilə birlikdə tərəzidə çəkilmiş və həmin kütlənin sellofanla birgə ümumilikdə çəkisinin 475 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlə müvafiq qaydada qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 07 yanvar 2021-ci il tarixli, 16/23 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 465 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (Qeyd: Marixuananin təmiz çəkisi - 465 qr., tədqiqata cəmi sərf edildi - 0,2 qr. qalıq – 464,8 qr.). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 13 yanvar 2021-ci il tarixli, 28 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuanadan epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. İkinci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 04 fevral 2021-cu il tarixli, 59 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş kəllə-beyin travması nəticəsində üzvi pozğünluq, psixoorqanik sindrom XBT 10 F07.0 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1 və 22ci maddələrinin təsiri altına düşmür və o, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda durmur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş «Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» 13 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 464,8 qram təşkil edən qurudulmuş marixuana iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və cinayət təqibi üzrə icraat başa çatanadək Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmiş, 06.01.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə baxış zamanı istifadə edilmiş video çəkilişin bir ədəd “DVD” diski iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlama cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən qurudulmuş marixuana narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Moskva şəhəri Lyublinsk rayon Məhkəməsinin 21.09.2011-ci il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 228-1-ci maddəsinin 3-cü hissəsinin A,Q bəndləri və 30-cu maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi tətbiq edilməklə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03.04.2014-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Rusiya Federasiyası Moskva şəhəri Lyublinsk rayon Məhkəməsinin 21.09.2011-ci il tarixli hökmü Moskva şəhər Məhkəməsinin Cinayət İşləri üzrə məhkəmə kollegiyasının 09.11.2011-ci il tarixli qərarı ilə edilmiş dəyişikliklərlə birlikdə Azərbaycan Respublikası ərazisində tanınmış və Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənməsi nəticəsində o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28, 234.4.1-ci və 28, 234.4.3-cü maddələri ilə təqsirli bilinib 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş hesab edilmişdir, Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli Amnistiya qərarının 1.2-ci bəndinə əsasən 20.06.2016-cə il tarixdə cəzadan azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 03.04.2014-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Rusiya Federasiyası Moskva şəhəri Lyublinsk rayon Məhkəməsinin 21.09.2011ci il tarixli hökmü Moskva şəhər Məhkəməsinin Cinayət İşləri üzrə məhkəmə kollegiyasının 09.11.2011-ci il tarixli qərarı ilə edilmiş dəyişikliklərlə birlikdə Azərbaycan Respublikası ərazisində tanınmış və Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənməsi nəticəsində o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28, 234.4.1-ci və 28, 234.4.3-cü maddələri ilə təqsirli bilinib 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş hesab edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin 17 iyun 2016-cı il tarixli “Amnistiya aktının tətbiq edilməsi” barədə qərarından görünür ki, Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli Amnistiya qərarının 1.2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs 20.06.2016-cı il tarixdə cəzadan azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəl məhkum olunduğu cinayət əməli ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 03.04.2014-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan azad edildiyi vaxtdan altı il keçmədiyindən onun həmin məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən Cinayət Məcəlləsinin 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Təqsirləndirilən şəxs təqsirini etiraf edib, əməlindən səmimi peşmançılıq keçirdiyi, onun ikinci qrup əlil olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır. Təqsirləndirilən şəxs əməlinə cinayətin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eyni zamanda həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunduğundan və yenidən qəsdən cinayət törətdiyinə görə onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivi mövcuddur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 06.01.2021-ci il tarixli protokoldan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs 06 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X4 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir və Gəncə şəhər Baş Polis İdarəsinin X2 azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 03 gün müddətində şübhəli şəxs qismində Gəncə şəhər Baş Polis İdarəsinin X3 saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 (üç) gün müddətində şübhəli şəxs qismində tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən onun əməlində cinayətin residivi olduğundan və o, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməlidir və o, məhkəmə iclas zalında həbs edilməlidir, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəza çəkmə müddətinin başlanğıcı 15.09.2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 13 yanvar 2021-cu il tarixli, 28 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 464,8 qram təşkil edən qurudulmuş marixuana məhv edilməli, eləcə də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 32.40 (otuz iki manat 40 qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 9 (doqquz) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs oğluna göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 54 (əlli dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 15.09.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış ümumi təmiz çəkisi 464,8 qram təşkil edən qurudulmuş marixuana məhv edilsin, həmçinin iş üzrə maddi sübut olan və özündə istintaq hərəkətlərinin görüntülərini əks etdirən 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 54 (əlli dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-122/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-122/2021
15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver