Məhkəmə qərarları › İş №1(044)-131/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-131/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-131/2021 26.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X10 oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1995-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Samux rayonu, Çobanabdalı kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,052 qram və 0,137 qram, ümumi çəkisi 0,189 qram olan psixotrop maddə metamfetamini satış məqsədi olmadan, istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq əldə edib əynində olan tünd boz rəngli şalvarın sağ ön cibində qara rəngli, dəriyə bənzər materialdan hazırlanmış pul qabında saxlayaraq Gəncə şəhəri ərazisində daşımış, 25.01.2021-ci il tarixdə, saat 22:20 radələrində Gəncə şəhəri, Nizami küçəsində yerləşən 41 nömrəli məktəbin yaxınlığında karantin rejimi qaydalarını pozduğu üçün Nizami RPİ-nin PPXT-nin əməkdaşları tərəfindən saxlanılaraq Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd boz rəngli şalvarın sağ ön cibində, qara rəngli dəriyə bənzər materialdan hazırlanmış pul qabının içərisindən təmiz çəkiləri 0,052 qram, 0,137 qram, ümumi çəkisi 0,189 qram olan həmin psixotrop maddə - metamfetamin aşkar edilib götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, o, hərdən bir psixotrop maddə istifadə edir. 25.01.2021-ci il tarixdə, saat 22:20-də tanışı Münasibin nənəsinin yas mərasimində olmuş, ordan çıxıb yaşadığı evə getmək məqsədi ilə taksi fəaliyyəti ilə məşğul olan tanışı Muraza zəng edərək “Qaraçılar” deyilən yerdə yas mərasimindən çıxdığını bildirərək gəlib onu yaşadığı evə aparmasını xahiş etmişdir. Təxminən 10 dəqiqədən sonra Muraz idarə etdiyi maşınla o, olduğu yerə gəlmiş, həmin vaxt Münasib də Murazın maşınına minmişdir ki, onu yola salıb qayıtsınlar. Onlar Murazın maşını ilə gedib Gəncə şəhəri 41 saylı tam orta məktəbin yanından keçən zaman Murazın maşınında nasazlıq yarandığı üçün sonuncu maşını saxlamışdır. Həmin vaxt 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib koronavirus xəstəliyinin yayılmasmın qarşısının alınması məqsədilə tibbi maskadan istifadənin məcburi olduğunu bildirərək maskadan istifadə etmədikləri üçün onlara irad tutmuşlar və onları ərazi aidiyyatı üzrə Gəncə şəhər Nizami RPİ-yə gətirmişlər. Nizami RPİ-də olan zaman o, üzərində narkotik vasitə saxladığını bildirdikdən sonra bu barədə araşdırma aparılmağa başlanmış və Nizami RPİnin inzibati binasında ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçi tutmaq hüququ izah olunmuş, sonra Müdafiəçi dəvət edilmişdir. Onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindəki qara rəngli ortasından qatlanaraq açılıb bağlanan pul qabının arxasındakı basılqan düymə ilə açılan cibindən bir ədəd gümüşü rəngli və bir ədəd göy rəngli büküm aşkar olunmuşdur. Hər iki büküm açıldıqda içərisində kristal halında olan, istifadəçilərin “şüşə” adlandırdığı narkotik vasitə - metanfetamin aşkar olunaraq götürülmüşdür. Həmin kütlələr müdafiəçinin və baxış iştirakçılarının iştirakı ilə elektron tərzidə çəkilmiş, ağ rəngli kağıza bükülmüş bükümün kağızla birlikdə çəkisi 0,09 qram, göy rəngli kağıza bükülmüş bükümün kağızla birlikdə çəkisi 0,29 qram, hər iki kütlənin ümumi çəkisi 0.39 qram gəlmiş, həmin kütlələr qablaşdırılaraq möhürlənmişdir. O, polisə bildirmişdir ki, öz istifadəsi üçün psixotrop maddəni üzərində saxlamış, metamfetaminin satışı ilə heç vaxt məşğul olmamış, həmin metanfetamini təxminən tutulmamışdan 2 gün əvvəl yaşadığı Samux rayonu, Çobanabdallı kəndində yolun kənarında yerdən tapmışdır. Sonda o, törətdiyi əməldən peşmanlıq çəkdiyini və bir daha belə əmələ yol verməyəcəyini bildirmiş, İİİ qrup əlil olduğunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər Nizami RPİ-nin PPXT-nin polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, 25.01.2021ci il tarixdə saat 22:20 radələrində Gəncə şəhəri 41 saylı orta məktəbin yaxınlığında post yoldaşı polis seryantı Şahid1 ilə birlikdə xidmətdə olan zaman yolun kənarında “VAZ 2107” markalı avtomobilin dayanmış vəziyyətdə olduğunu və yanında 3 nəfər şəxsin tibbi maskadan istifadə etmədən dayandığını görüb həmin şəxslərə yaxınlaşmışdır. Onlar adları sonradan məlum olan Təqsirləndirilən şəxs, Şahid4 və X6 özlərini təqdim edib koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə tibbi masqadan istifadənin məcburi olduğunu bildirərək maskadan istifadə etmədikləri üçün iradlarını bildirmişlər. Bu vaxt Təqsirləndirilən şəxs özünü təqdim etməyib polisin qanuni tələbinə tabe olmayaraq nizam-intizamsız hərəkətlərinə davam etdiyi üçün saxlanılaraq hər üç şəxs aidiyyatı üzrə Nizami RPİ-yə gətirilmişdir. Nizami RPİ-nin növbətçi hissəsində Kərimov X7 Hissənin MSY-nə yerləşdirilməsi üçün üzərində hər hansı bir qanunsuz əşya olub-olmaması soruşulan zaman sonuncu üzərində narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra müdafiəçi dəvət edilmiş və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan boz rəngli cins şalvarın sağ yan cibindəki qara rəngli ortasından qatlanaraq açılıb-bağlanan pul qabının arxasındakı, basılqan düymə ilə açılan cibindən bir ədəd gümüşü və bir ədəd göy rəngli büküm aşkar olunmuşdur. Hər iki büküm açıldıqda içərisində kristal halında olan, istifadəçilərin “şüşə” adlandırdığı psixotrop maddə - metamfetamin aşkar olunaraq götürülmüşdür. Həmin kütlələr müdafiəçinin və baxış iştirakçılarının iştirakı ilə elektron tərzidə çəkilmiş, qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni öz istifadəsi üçün üzərində saxladığını, satışı ilə heç vaxt məşğul olmadığını, həmin psixotrop maddəni yol kənarında yerdən tapdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər Nizami RPİ-nin PPXT-nin polis nəfəri Şahid1 və həmin idarənini məsul növbətçisi Şahid3 digər Şahid2 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə tərəflərin razılığı ilə ifadəsi elan olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, 25.01.2021-ci il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs Münasibin nənəsinin yas mərasimində olmuşdur. Orxan ona zəng edərək evlərinə aparması üçüm çağırmış, o, Münasibgilə gəlmiş və sonuncu ilə birlikdə ordan çıxıb onun maşını ilə Orxanı yola salmağa getmişlər. Onun maşını ilə gedib Gəncə şəhəri 41 saylı tam orta məktəbin yanından keçən zaman maşında nasazlıq yarandığı üçün maşını saxlamışdır. Həmin vaxt 2 nəfər polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim edib koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə tibbi maskadan istifadənin məcburi olduğunu bildirərək maskadan istifadə etmədikləri üçün onlara irad tutmuşlar. Polis əməkdaşları onları ərazi aidiyyatı üzrə Gəncə şəhər Nizami RPİ-yə gətirmişlər. Gəncə şəhər Nizami RPİ-yə gəldikdən sonra polis idarəsinin məsul növbətçisi onları müvəqqəti saxlama yerinə salmaq üçün üzərilərində hər hansı bir qanunsuz əşya olub olmadığını soruşmuş, bu vaxt onlarla birlikdə olan Təqsirləndirilən şəxs polis idarəsinin məsul növbətçisinə üzərində psixotrop maddə olmasını bildirmişdir. Özünün isə Təqsirləndirilən şəxs üzərində psixotrop maddə saxlamasından xəbəri olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş: - 25.01.2021-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan, 27.01.2021-ci il tarixli “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 25.01.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, 27.01.2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - 26.01.2021-ci il tarixli “şəxsi axtarış haqqında” protokoldan məlum olur ki, Gəncə şəhər Nizami rayon Polis İdarəsinin təhqiqatçısı X1, Gəncə şəhər Nizami rayon Polis bölməsinin əməkdaşları Şahid2, X4 və Şahid3, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın ön sağ yan cibindən qara rəngli, dəriyə bənzər materialdan hazırlanmış, ön tərəfinin aşağı hissəsində “GİORGİO ARMANİ” yazılmış, ortasından açılıb qatlanan pul qabının arxa tərəfindəki metaldan olan və metal rəngli düymə ilə açılıb-bağlanan qapaqlı cibin içərisindən bir ədəd ağ və bir ədəd göy rəngli kağıza bükülmüş bükümlər aşkar olunmuşdur. Bükümlər açıldıqda hər birinin içərisində kristal formalı, narkotik vasitə metamfetaminə oxşar kütlə aşkar olunaraq götürülmüş, həmin kütlələr elektron tərəzidə çəkilmiş, ağ rəngli kağıza bükülmüş bükümün kağızla birlikdə çəkisi 0,09 qram, göy rəngli kağıza bükülmüş bükümün kağızla birlikdə çəkisi 0,29 qram, hər iki kütlənin ümumi çəkisi 0,39 qram gəlmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsindən verilmiş 26.01.2021-ci il tarixli, 16/79 nömrəli rəydən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd büküm olan maddi sübut” yazılar və imzalar olan kağız paketdəki, 1(bir) ədəd “gümüşü” rəngli kağız bükümdə və 1(bir) ədəd göy rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,052 qram, 0,137 qram, ümumi təmiz çəkisi 0,189 qram maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Tədqiqata təqdim edilmiş bir ədəd kağız paketdəki metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə enidirlər. (Metamfetaminin ümumi təmiz çəkisi – 0.189 qr., tədqiqata sərf edildi – 0.04qr. (hər ob. 0,02qr.), qalıq – 0.149 qr.). Ekspertiza tədqiqatının dəyəri 32,40 manat təşkil edir. - məhkəmə-narkoloji ekspertizasının 15.02.2021-ci il tarixli, 181 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan metamfetamindən epizodik istifadə etmə halları olmuş, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. - Gəncə şəhər Psixonevroloji Dispanserin 08.02.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 08.02.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 25 saylı Tibbi Sosial Ekspert Komissiyasının elektron məlumatlarında görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlik səbəbindən üçüncü dərəcəli əlildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını, İİİ dərəcəli əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların isə olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də işin faktiki hallarını nəzərə alaraq, məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanlarının hələ tükənmədiyi qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın – azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Hal-hazırda Təqsirləndirilən şəxs faktiki olaraq Samux rayonunun ərazisində yaşasa da, onun rəsmi qeydiyyatı Gəncə şəhərində olduğu üçün gələcəkdə onun qeydiyyatda olduğu ərazi üzrə müəyyən sənədlər almaq üçün Gəncə şəhərinə gəlmək zərurəti yarana bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:00-dan saat 08:00-dək, yaşadığı Samux rayonunun və qeydiyyatda olduğu Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs 25.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27.01.2021-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 3 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda alınmalıdır. İş üzrə maddi sübutlar - Gəncə Şəhər Baş Polis İdarəsində saxlanılan psixotrop maddənin ekspertizadan sonrakı qalığı – 0.149 qram çəkidə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan cəmi 32,40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən müdafiəçi X2 məhkum Təqsirləndirilən şəxs məhkəmədə 8 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 48 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 03 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 06 gün çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 08:00-dək, yaşadığı Samux rayonunun və qeydiyyatda olduğu Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan psixotrop maddə ekspertizadan sonrakı qalığı – 0.149 qram çəkidə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 48 (qırx səkkiz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar