Məhkəmə qərarları › İş №1(044)-136/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-136/2021

25.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-136/2021 25.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məmmədov X4 Xidmətin 2 saylı İstintaq Təcridxanasında 02.05.2018-ci il tarixdən həbsdə saxlanılan tanışı Şahid6 sovqat bağlaması adı ilə «X1 İntizam Qaydaları» ilə həbsdə saxlanılanlar üçün qadağan olan mobil telefonun ötürülməsi məqsədilə 07.02.2020-ci il tarixdə həmin şəxsə daxilində 055 ******* №-li danışıq kartı olan "Samsung Galaxy J1 mini prime" markalı "SM-J106H" modelli "**********98984, **********98982" imei kodlu mobil telefonu sellofan torbanın içərisindəki almaların arasına gizlətmiş və həmin tarixdə saat 17:00-da təcridxanaya daxil olarkən qadağan olunmuş əşyaların keçirilməməsi barədə yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq həmin mobil telefonu məhkum Şahid6 ötürməyə cəhd etmiş, lakin İstintaq Təcridxanasının nəzarətburaxılış məntəqəsində əməkdaşların keçirdiyi baxış nəticəsində həmin qadağan edilmiş telefon aşkar edilərək götürüldüyündən onun iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Şahid6 Aftandil oğlu ilə təsadüfən tanış olmuş, bir neçə dəfə Şahid6 ilə telefon vasitəsilə söhbətləri olmuş, ona sovqat gətirilməsini xahiş etmiş və dəfələrlə ona imkanı daxilində sovqat aparmış, yəni Şahid6 atası ilə oraya getmiş və sovqat aparmışdır. Son dəfə 2020-ci ilin fevral ayında Şahid6 icazəli telefon ilə zəng edərək sovqat gətirilməsini xahiş etmiş, onun üçün müvafiq ərzaq alaraq və evdə yemək bişirtdirərək özü qərara gəlmişdir ki, İsgəndərə bir telefon hədiyyə etsin ki, ara-bir rahat danışa bilsinlər. 07 fevral 2020-ci il tarixdə hazırladığı sovqat ilə evdən çıxaraq bazardan alma almış, sonra isə adına telefon nömrəsi almış və həmin telefon nömrəsini həmin mobil telefona yerləşdirmişdir. Sonra isə həmin bu telefonu alma ilə olan sellofan paketə almaların arasında gizlətmişdir. Bundan sonra 2 saylı İstintaq Təcridxanasına getmiş, orada ərizə yazaraq müvafiq iltizama imza etmişdir. İstntaq Təcridxanasında sovqat yoxlanan zaman əməkdaşlar bütün sovqatı yoxlamış və alma olan sellofan paketdə telefon aşkar edilmişdir. Telefonun özünə məxsus olduğunu bildirmişdir. Həmin telefonun qiyməti təxminən 40-50 manat olmuşdur. Heç kim, yəni Şahid6 ondan mobil telefon gətirməyi sifariş etməmiş, öz təşəbbüsü ilə Şahid6 hədiyyə etmək istəmiş, çünki ona hörmətlə yanaşmışdır. Etdiyi əməldən dərin peşmançılıq hissi keçirmişdir. Sovqat yoxlanılmamışdan qabaq təcridxana əməkdaşları sovqatda hər hansı bir qadağan olunmuş əşya olubolmamasını soruşduqda qadağan olunmuş hər hansı bir əşyanın olmadığını bildirmişdir. Sonda o, Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü tam təqsirli bildiyini, əməlindən çox peşman olduğunu bildirib ərizə təqdim edərək “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarını tətbiq etməklə cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, 07 fevral 2020-ci il tarixdə təxminən saat 17:00 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16.10.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5, 228.1, 234.1-ci maddələri ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsində apellyasiya şikayəti ilə əlaqədar 2 saylı istintaq təcridxanasının 3-cü rejim korpusun 58 saylı kamerasında həbsdə saxlanılan məhkum Şahid6 tanışı ünvan 3 ünvanda qeydiyyatda olan, 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs gətirdiyi sovqata baxış keçirilmişdir. Baxış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs qanunun tələbləri izah edilmiş, ona bildirilmişdir ki, istintaq təcridxanasında həbsdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların keçirilməsinin qadağan olunması və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-1.1-ci maddəsi ilə xəbərdarlıq edilərək iltizam alınmışdır. Bundan əlavə şifahi olaraq sovqatda hər hansı bir qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs isə bildirmişdir ki, onun gətirdiyi sovqatda hər hansı bir qadağan olunmuş əşya yoxdur. Bundan sonra sovqat qəbulu otağında hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs gətirdiyi sovqata baxış keçirilmiş, baxış zamanı sellofan torbanın içərisindəki almaların arasına gizlədilmiş bir ədəd qara rəngli işlək vəziyyətdə daxilində 055 ******* nömrəli danışıq kartı olan «Samsung» markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Bu barədə müvafiq protokol tərtib edilərək aşkar edilmiş mobil telefon müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmış, protokol və zərf tədbirdə iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5, Şahid3 və Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid6 ifadəsindən görünür ki, o, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16.10.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5, 228.1, 234.1-ci maddələri ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 03.04.2020-ci il tarixdən Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında cəza çəkərkən 07.02.2020-ci il tarixdə məlum olmuşdur ki, tanışı Təqsirləndirilən şəxs sovqat gətirərkən sellofanda mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxsla Gəncə Ağır Cinayətlər Məhkəməsində tanış olduğunu, 1-2 dəfə icazəli telefonla danışaraq siqaret gətirməsini xahiş etmiş, heç bir zaman telefon gətirməsini bildirməmişdir. Saxlanıldığı kamerada 14-15 nəfərin qaldığını, Təqsirləndirilən şəxs hansı məqsədlə telefon gətirməsini bilmədiyini göstərmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 07.02.2020-ci il tarixli protokoldan görünür ki, 07.02.2020-ci il tarixdə saat 17:00 radələrində Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında cəza çəkən məhkum Şahid6 sovqat gətirmiş tanışı Təqsirləndirilən şəxs əvvəlcədən qadağan olunmuş əşya və ya maddələrin müəssisə daxilinə keçirəcəyi halda cinayət məsuliyyəti daşıyacağı barədə xəbərdarlıq olunmuş və bu haqda müvafiq iltizam alınmasından sonra gətirdiyi sovqata qəbul otağında baxış keçirilən zaman sellofan torbanın içərisindəki almaların arasına gizlədilmiş daxilində 055 ******* nömrəli danışıq kartı olan məhkumlar üçün istifadəsi qadağan olunmuş "Samsung Galaxy J1" markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş iltizamdan görünür ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə daxil olarkən məhkumlar üçün qadağan olunmuş əşyaların verilməsi və ötürülməsi ilə əlaqəlar xəbərdarlıq edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin kompyuter-texniki ekspertizasının 11.03.2020-ci il tarixli, 5170 nömrəli rəyindən görünür ki, aşkar edilmiş "Samsung Galaxy J1 mini prime" markalı "SM-J106H" modelli "**********98984, **********98982" imei kodlu mobil telefon olmaqla, hal hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-nin 25.11.2020-ci il tarixli məktubundan və müqavilədən görünür ki, 055 ******* nömrəli danışıq kartı Təqsirləndirilən şəxs adınadır və 07.02.2020-ci il tarixdə alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 02.02.2021-ci il tarixli qərardan görünür ki, daxilində 055 ******* nömrəli danışıq kartı olan "Samsung Galaxy J1 mini prime" markalı mobil telefon maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.02.2014-cü il tarixli, 63 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş «Həbs yerlərinin X6»nın 3 nömrəli əlavəsinin çıxarışından görünür ki, mobil telefon həbs yerlərində olan şəxslər üçün saxlanılması və istifadəsi qadağan olunmuş əşyaların siyahısına aiddir. İş materiallarına əlavə edilmiş 02.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 27.11.2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsi ilə özünü tam təqsirli bildiyini və “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarını tətbiq etməklə cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Müdafiəçi X3 da hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs mövqeyi ilə razı olduğunu, onun barəsində “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarını tətbiq etməklə cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı təqsirləndirilən şəxsin barəsində “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının tətbiq edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) Həmin Qərarın 14-cü hissəsinə əsasən bu Qərarın 8-ci və 9-cu hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 23.5-ci bəndinə əsasən məhkəmələr tərəfindən amnistiya – bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 28-ci bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinin tətbiq edilməli olduğunu, eyni zamanda müdafiə tərəfinin amnistiyanin tətbiqi ilə bağlı razılıq mövqeyini və həmin Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlərin müəyyən edilmədiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qərar qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinin tələbinə əsasən məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Həmin Məcələnin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Odur ki, iş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş istifadəyə yararlı bir ədəd daxilində 055 ******* nömrəli danışıq kartı olan "Samsung Galaxy J1 mini prime" markalı mobil telefon məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş üzrə məhkəmə xərci olan 59,94 (əlli doqquz manat 94 qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 9 (doqquz) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 54 (əlli dörd) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilməklə Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 29, 317-1.1-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayə işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qərar qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş daxilində 055 ******* nömrəli danışıq kartı olan "Samsung Galaxy J1 mini prime" markalı mobil telefon məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 59,94 (əlli doqquz manat 94 qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 54 (əlli dörd) manat məbləğində pul keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar