Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-138/2021 16.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1976-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz ümumi çəkisi 1,003 qram psixotrop maddə olan metamfetamini, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımış, 11 fevral 2021-ci il tarixdə, saat 18:30 radələrində Gəncə şəhər BPİ-nin Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, qanunsuz olaraq psixotrop maddəni istifadə etməkdə və üzərində gəzdirməklə daşımasında şübhəli bilinərək Gəncə şəhəri, H.Ə.Hüseynzadə küçəsində yerləşən 4 saylı tam orta məktəbin yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nin Nizami RPİ-nə gətirilmiş və üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş təmiz çəkisi 1,003 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu CM-nin 234.1-ci maddəsi ilə tam təqsirli bilərək ifadəsində bildirdi ki, Gəncə şəhəri ərazisində müəyyən vaxtlarda günəmuzd qaydada işləyərək ailəsinin gündəlik tələbatını ödəməyə çalışır. Əvvəllər həyat yoldaşı ilə arasında yaranmış mübahisə zəminində sonuncuya yaşadıqları evdə bıçaqla xəsarət yetirdiyi üçün Azərbaycan Respublikasının CM-nin 126-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. O, təxminən bir il əvvəldən başlayaraq psixotrop maddə istifadə etməyə başlamış və mütəmadi olmasa da, ara-sıra psixotrop maddə olan metamfetamin istifadə edir. O,dəqiq xatırlamadığı tarixdə yaşadığı evin yaxınlığından, Gəncə şəhər H.Ə.Hüseynzadə küçəsində yerləşən 4 saylı məktəbin qarşısından psixotrop maddə tapmış və psixotrop maddə aludəçisi olduğuna görə həmin psixotrop maddəni gələcəkdə istifadə etməyi məqsədilə üzərində saxlamışdır. Onun üzərində olan psixotrop maddə - metamfetamin barəsində heç kimin məlumatı olmamışdır. O, əvvəllər ehtiyacı olduğu vaxtlarda həmin psixotrop maddələri ətraf rayonlardan tanımadığı şəxslərdən almışdır. 11.02.2021-ci il tarixdə, saat 18:30-da Gəncə şəhəri Şədadilər küçəsində yerləşən 4 nömrəli orta məktəbin yaxınlığında dayanan zaman mülki geyimdə üç nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək onu şübhəli şəxs kimi Gəncə şəhəri Nizami RPİ-yə gətirmişlər. Polis idarəsinə gəldikdən sonra ona müdafiəçi olaraq Müdafiəçi təyin edilmiş, sonra o, saat 19:30-dan saat 20:10-dək olan müddət ərzində müdafiəçisi ilə konfidensial ünsiyyət saxlamışdır. Bundan sonra polis idarəsinin inzibati otağında video çəkiliş ilə müdafiəçisi Müdafiəçi və digər üç polis əməkdaşlarının iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra onun əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş vəziyyətdə büküm aşkar olunmuşdur. Onun üzərindən aşkar olunan bir ədəd bükümün içərisindəki kütlə pisxotrop maddə olan metamfetamin olmuş və o,polis əməkdaşlarına həmin psixotrop maddə olan metamfetaminin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün saxladığını və yaşadığı evin yanından tapdığını bildirmişdir. Onun üzərindən aşkar olunaraq götürülən bir ədəd gümüş rəngli sigaret falqasında kütlə müdafiəçisinin, polis əməkdaşlarının iştirakı ilə aptek tərəzisində çəkilmiş və ümumi çəkisi 1,25 qram gəlmişdir. Daha sonra həmin kütlə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Sonda o, törətdiyi əməldən peşmanlıq çəkdiyini və bir daha belə əmələ yol verməyəcəyini bildirmiş, himayəsində 1 azayşlı uşağı olduğunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Gəncə şəhər Nizami RPİnin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yaşayan xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində psixotrop maddə gəzdirməsi və psixotrop maddə qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun, CAŞ-nin kiçik inspektoru Şahid2 və Nizami RPİ-nin PPX-nin polis nəfəri Şahid3 iştirakı ilə əməliyyat-axtarış tədbiri keçirilmişdir. Tədbir nəticəsində 11.02.2021-ci il tarixdə saat 18:30 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, H.Ə.Hüseynzadə küçəsində yerləşən 4 saylı məktəbin qarşısında saxlanılaraq, üzərində psixotrop maddə gəzdirməsi və psixotrop maddələri qəbul etməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmiş və Gəncə şəhər Nizami RPİnə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş,sonuncu ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmiş və sonuncu dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Nizami rayon Polis idarəsinin inzibati binasında yerləşən xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş,baxış zamanı sonuncunun əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd gümüşü siqaret falqasına bükülü vəziyyətdə olan şəffaf rəngli, kristal şəkilli, ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Həmin psixotrop maddə olan metamfetamin bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və kütlənin içərisində olduğu kağızla birlikdə ümumi çəkisi 1,25 qram olmuşdur. Daha sonra isə psixotrop maddə olan metamfetamin kağız zərfdə qablaşdırılmış və zərfin ağzı möhürlənmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs onun üzərindən aşkar olunub götürülmüş psixotrop maddə olan metamfetamini bir neçə gün əvvəl axşam saatlarında yaşadığı Gəncə şəhəri, Nizami küçəsi, 10-cu dalanda yerləşən 2 saylı fərdi yaşayış evinin yaxınlığından taparaq öz istifadəsi üçün saxladığını bildirmişdir. Baxış və götürmə aparılması barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu iştirakçılar imzalarla təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Gəncə şəhər Nizami RPİnin CAŞ-ın kiçik inspektoru Şahid2 və həmin idarənin PPX-nin polis nəfəri Şahid3 digər Şahid1 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş: - 11.02.2021-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan, 13.02.2021-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 11.02.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, 13.02.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. - 11.02.2021-ci il tarixli “şəxsi axtarış haqqında” protokoldan məlum olur ki, Gəncə şəhər Nizami rayon Polis İdarəsinin təhqiqatçısı polis kapitanı X2, Gəncə şəhər Nizami rayon Polis idarəsinin əməkdaşları Şahid1, Şahid2, Şahid3, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən ümumi çəkisi 1.25 qram olan 1 ədəd gümüşü rəngli sigaret falgasına bükül olan şəfaf rəngli, kristal şəkilli, ilk baxışdan pisxotrop maddə olan metanfetaminə oxşar kütlə aşkar edilməklə qablaşdırıldı və üzəri möhürlənərək iştirkçılar tərəfindən imzalanmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsindən verilmiş 12.02.2021-ci il tarixli, 16/131 nömrəli rəydən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübut.”sözləri və imzalar olan kağız paketdəki, 1(bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 1,003 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. (Metamfetaminin təmiz çəkisi – 1.003 qr., tədqiqata sərf edildi – 0.2 qr., qalıq – 0.803 qr.). Ekspertiza tədqiqatının dəyəri 30,40 manat təşkil edir. - məhkəmə-narkoloji ekspertizasının 26.02.2021-ci il tarixli, 180 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan metamfetamindən epizodik istifadə etmə halları olmuş, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. - Gəncə şəhər Psixonevroloji Dispanserin 15.02.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Gəncə şəhər Narkoloji Dispanserin 20.02.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 18.02.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. - Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-210/2019 saylı, 07.10.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 20 may 2019-cu il tarixdən 07 oktyabr 2019-cu il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 17 (on yeddi) gün müddət Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il, 07 ay, 13 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə əsasən ona təyin olunmuş 02 il, 07 ay, 13 gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 il sınaq müddəti təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-210/2019 saylı 07.10.2019-cu il tarixli hökmü ilə yaranmış məhkumluğu ödənilmədiyindən onun əməlində cinayətlərin residivi mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf etməsi, əməlindən peşman olması və himayəsində 1 azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmayan müddətdə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsna Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-210/2019 saylı 07.10.2019-cu il tarixli hökmü ilə tətbiq edilmiş şərti məhkum etmə 28.10.2021-ci il tarixdə başa çatmalı idi. Göründüyü kimi Təqsirləndirilən şəxs şərti məhkum etmə ilə təyin olunmuş 2 il sınaq müddəti ərzində yenidən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsna tətbiq edilmiş şərti məhkum etmə ləğv edilməli və ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs 11.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13.02.2021-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 3 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, onun barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalında həbs edilməli, təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli hökmün elan edildiyi vaxtdan hesablanmalı və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda alınmalıdır. İş üzrə maddi sübutlar - Gəncə Şəhər Baş Polis İdarəsində saxlanılan psixotrop maddənin ekspertizadan sonrakı qalığı – 0.803 qram çəkidə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə baxış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan cəmi 30,40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Müdafiəçi məhkum Təqsirləndirilən şəxs məhkəmədə 10 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 60 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-210/2019 saylı, 07.10.2019-cu il tarixli hökmü ilə tətbiq edilmiş şərti məhkum etmə ləğv edilsin. Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-210/2019 saylı,07.10.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 il 07 ay 13 gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və ona hökmlərin məcmusu üzrə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 03 gün müddət,azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla,təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 16.07.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: Gəncə Şəhər Baş Polis İdarəsində saxlanılan psixotrop maddənin ekspertizadan sonrakı qalığı – 0.803 qram çəkidə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə baxış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 60 (altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-138/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-138/2021
16.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver