Məhkəmə qərarları › İş №1(044)-139/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-139/2021

24.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-139/2021 24.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X11 oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2anında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs “Covid-19” virusu ilə bağlı test analizi verməklə 16.12.2020-ci il tarixdən testin nəticəsinin pozitiv, yəni yeni növ virusu yaymaq təhlükəsi olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda 22.12.2020-ci il tarixdən saat 10 radələrində yaşadığı ünvan 3 ünvanında yerləşən yaşayış evini qanunsuz olaraq tərk edib Gəncə şəhəri, Nizami rayonu X17 Mərkəzinə gedən zaman epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavıirus infeksiyasının yayılması üçün real təhlükə yaratmış, həmin tarixdə və saatda sərtləşdirilmiş karantin rejimi ilə bağlı yaradılışmış stasionar postda Gəncə şəhər Nizami rayon Pİ-nin əməkdaşları tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Nizamı prospekti, Ramada Plaza otelinin qarşısında müəyyən edilərək saxlanılmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2020-ci ilin dekabr ayının əvvəllərində özünü bir az narahat hiss etmiş, amma “Covid-19” pademiyası ilə bağlı hər hansı bir test verməmiş, buna baxmayaraq hamı kimi o, da immunitetin gücləndirilməsi üçün müəyyən sistemlər, dava-dərman alıb profilaktik müalicə götürmüşdür. Sonra o, “Covid-19” pandemiyasına yoluxduğunu müəyyənləşdirmək üçün Abbas Səhhət adına xəstəxanaya gedib orada dekabr ayının ortalarına yaxın, dəqiq tarixini xatırlamadığı vaxtda test analizi vermiş, onun test analizinin cavabı 16 dekabr 2020-ci il tarixdə telefonuna mesaj formasında gəlmiş, o, həmin mesajı telefonundan silmişdir. Həmin gün adı yadında qalmayan qadın həkimi ona zəng vurub virusa yoluxduğunu, evdə müalicə götürməsini və evdə qalmasını demişdir. O, da anası şəkər xəstəsi olduğu üçün evdə anasından kənar otaqda qalmış, çalışmışdır ki, anası ilə təmasda olmasın. Evlərində başqa bir adam olmadığı, anasının şəkər dərmanları qurtadığı üçün, həmçinin o, özü ağciyərlərini komputer tomoqrafiya etdirmək üçün 22.12.2020-ci il tarixdə səhər saatlarında tanımadığı yol taksisi ilə Gəncə şəhəri X17 Mərkəzinə getmək istəyərkən Ramada Plaza otelinin yaxınlığındakı stasionar polis postunda onu polislər saxlamışlar. Polis əməkdaşları onu yoxlayıb “Covid-19” xəstəsi olduğunu portaldan görmüşlər, o, polislərə narahatçılığı olmadığını, sağaldığını güman etdiyni, özünü yoxlatmaq üçün X17 Mərkəzinə getdiyini bildirmişdir. Polislər onu saxlayıb video görüntü ilə sorğu-sual etmişlər, sonra onu qaytarıb evlərinə yerləşdirmişlər. Ondan sonra o, heç bir yerə çıxmamış, ümumiyyətlə də xəstə olduğu bir vaxtda Gəncə şəhərini tərk etməmişdir. Sonda təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətdiyini, əməlindən peşman olduğunu, himayəsində şəkərli diabet xəstəsi olan anası olduğunu nəzərə alaraq barəsində həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 2020-ci ildən Gəncə şəhər Nizamı rayon Pİ-nin İTB-nin inspektoru vəzifəsində işləyir. 22 dekabr 2020-ci il tarixdə ekipaj yoldaşı Gəncə şəhər Nizami rayon Pİ-nin İTB-nin sahə rəisi vəzifəsində işləyən, polis leytenantı X9 ilə birlikdə Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən Ramada Plaza otelinin qarşısında, “Covid-19” pandemiyası ilə bağlı ölkə ərazisində müəyyən edilmiş sərtləşdirilmiş karantin rehminin tətbiqi ilə əlaqədar stasionar postda olmuşlar. Həmin gün saat 10 radələrində postda olarkən sonradan şəxsiyyətini Təqsirləndirilən şəxs kimi müəyyən etdiyi Gəncə şəhər sakini postdan keçərkən onlar tərəfindən icazəli olub-olmaması portal sistemi vasitəsi ilə yoxlanılarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs “Covid-19” virusuna yoluxduğu halda yaşadığı evi tərk edib Gəncə şəhəri ərazisinə çıxmışdır. Onlar Təqsirləndirilən şəxslə sorğu-sual edən zaman sonuncu həqiqətən də virusa yoluxduğunu, lakin yüngül simptromlu əlamətlərlə keçirməsini, X17 Mərkəzinə yoxlanmaq üçün getmək istəməsini bildirmişdir. Onlar rəhbərliyə məruzə etmişlər, sonra həmin şəxsi video görüntülü olaraq sorğu-sual etmişlər, özü də “Covid-19” virusuna yoluxduğunu, həmin virusa yoluxması barədə mobil telefonuna mesaj gəlməsini, lakin həmin mesajın mobil telefonunda olmadığını, sildiyini bildirmişdir. Onlar da həmin şəxsə virus daşıyıcısı olduğu halda yaşadığı evi tərk etməməli olduğunu izah edərək anket məlumatları götürüldükdən sonra sorğu-sual edilməsini əks etdirən video görüntünü raportla birlikdə Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəhbərliyinə təqdim etmişlər. Həmin vaxt Cavid tək olmuş, yanında kimsə də olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 da ifadəsində eyni xüsusatları göstərərək Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Gəncə şəhər 1 nömrəli şəhər poliklinikasında sahə həkimi işləyir. O və digər sahə həkimləri yüngül simptomlu “Covid-19” xəstələrinin ev şəraitində müalicələrini və onlara nəzarəti həyata keçirirlər. Təqsirləndirilən şəxs o, işlədiyi poliklinikaya qeydiyata düşmüş və ev şəraitində müalicə almışdır. Belə ki, 16 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs vermiş olduğu “Covid-19” testinin analiz nəticələrinin pozitiv çıxdığı və poliklinikaya qeydiyata düşməsi barədə məlumat daxil olmuş, həmin vaxtdan onlar ambulator qaydada xəstəlik tarixçəsi açmışlar və Cavıd Allahverdiyevlə əlaqə saxlayıb yaşadığı evdən 14 gün müddətində kənara çıxmaması, yaşadığı evdə izolyasiya qaydalarına əməl edərək evdə olan digər şəxslərlə təması azaltmağını tapşırmışlar. 16.12.2020-ci il tarixdən başlayaraq 14 gün müddətində Təqsirləndirilən şəxslə mütamadi əlaqə saxlanılmış və təyinatı üzrə onlarda olan dərman pereperatlarını vermişlər, Cavidə müəyyən tövsiyə və məsləhətlər də vermişlər. Bundan sonra müalicəni nə cür aparması barədə daim nəzarət olunmiş, Təqsirləndirilən şəxslə telefonla əlaqə saxlanılan zaman sonuncu daim özünü yaxşı hiss etdiyini və səhhəti üçün hər hansı bir ciddi narahatçılıq olmadığını, yəni yüksək tempuratur, boğulma ilə nəticələnən öksürmə olmadığı bildirmişdir. Təqsirləndirilən şəxs “Covid-19” xəsətəsi kimi 30.12.2020-ci il tarixədək poliklinikada qeydiyyatda durmuş və həmin tarixdə nəzarət qaydasında ev şəraitində sağaldıqdan sonra qeydiyyatdan çıxmışdır. O, Təqsirləndirilən şəxs evdən çıxıb-çıxmamasını bilmir, ancaq sonuncuya evdən çıxmaması barədə xəbərdarlıq etmiş və bu barədə tibbi kartada qeydiyyat aparmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Gigiyena və Epidemioloji Mərkəzindən verilmiş 17.03.2021-ci il tarixli, 905 saylı məktubdan görünür ki, COVİD-19 Milli Məlumat Bazasında ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs 16.12.2020-ci il tarixdə “COVİD-19” infeksiyasına görə müayinəsinin nəticəsinin pozitiv olması qeyd edilmişdir. Xəstənin müalicə müddəti 16.12.2020-ci il tarixdən 30.12.2020-ci il tarixədək olmuşdur. İş materiallarına əlavə edilmiş 25.01.2021-ci il tarixli “Baxış keçirilməsi və götürülmə haqqında” protokoldan görünür ki, Gəncə ŞBPİ İTİ-nin müstəntiqi X7 tərəfindən həmin idarənin müstəntiqi X3, Gəncə şəhər 1 nömrəli şəhər poliklinikasının sahə həkimi Şahid2, hal şahidləri X4 və X8 iştirakı ilə ********* nömrəli cinayət işinin icrası ilə əlaqədar sənədlərə baxış keçirilmişdir. Baxış zamanı Şahid2 xəstə Təqsirləndirilən şəxs adına poliklinikanın jurnalında 16.12.2020-ci il tarixdə açılmış 1610/20 saylı “Ambulator xəstənin tibbi kartası”nı Həmin tibbi kartaya baxış keçirilən zaman kartanın üzərində 1 nömrəli şəhər Poliklinikası, tarix 16.12.2020, 1610/20 nömrəli Ambulaor xəstənin tibbi kartası, xəstənin Təqsirləndirilən şəxs, təvəllüdünün xx.xx.1990, ünvanın Lermantov küçəsi, 2-ci dalan, ev 10 ünvanının yazılması, işləməməsi, mobil əlaqə nömrəsinin ***-***-**-** yazılması, sahə həkiminin Şahid2 sözlərinin yazılması məlum olmuşdur. Tibbi kartanın sonrakı vərəqlərində Təqsirləndirilən şəxs 16.12.2020-ci il tarixdə “Covid-19” virusuna yoluxması barədə məlumatın daxil olması, sonrakı vərəqlərdə ona zəng olunub 14 gün müddətində ev şəraitində qalması, yaşadığı evi tərk etməməsi, sonrakı vərəqlərində xəstə ilə əlaqə saxlanılıb ona tövsiyyə və dava-dərmanlar barədə məlumatların verilməsi, xəstənin hərarəti, vəziyyəti barədə müəyyən qeydlərin aparıldığı məlum olmuşdur. Şahid2 xəstə Təqsirləndirilən şəxslə şəxsən telefon əlaqəsi saxlayıb 14 gün müddətində evdən çıxmaması barədə xəbərdarlıq etdiyini bildirmişdir. Baxış keçirilən zaman xəstə Təqsirləndirilən şəxs adına tərtib edilmiş Tibbi kartının 07 vərəqdən ibarət səhifəsinin surəti çıxarılaraq cinayət işinə əlavə edilməsi üçün götürülmüşdür. İş materiallarına əlavə edilmiş 04.02.2021-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan və CD diskə əlavə edilmiş məlumatlardan məlum olur ki, diskdə 3 ədəd qovluq var, 1-ci qovluqda 62622 Zəng statistika (qarşı abunə) sözləri, 2-ci qovluqda 62023 SMS statistika (qarşı abünə) sözləri, 3-cü qovluqda isə 62624 B-S Yerdəyişmə (hamısı) sözləri yazılmışdır. Həmin qovluqlara baxış keçirilən zaman istifadəsində 055- 55321-32 mobil nömrəsi olan Təqsirləndirilən şəxs, 22.12.2020-ci il tarixdə yaşadığı evi tərk edərək Gəncə şəhəri, Nizami küçəsi “Ramada Plaza” oteli istiqamətinə gəlmiş, Gəncə-Şəmkir şossesinə çıxmış və oradan yaşadığı ev istiqamətində geri qayıtması, onun həmin tarixdə həqiqətən də yaşadığı evi tərk edib Gəncə şəhər ərazisinə çıxması məlum olmuşdur. X1 yerdəyişməsi ilə bağlı 3-cü qovluqda olan məlumatlar bir qədər kiçildilməklə 05 vərəqədən ibarət A-4 kağız lormatı üzərinə printer vasitəsi ilə çıxarılmış və iş üçün əhmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 22.12.2021-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan və DVD diskə qeyd edilmiş videogörüntüdən məlum olur ki, 22.12.2020-ci il tarixdə 10:00 radələrində Gəncə şəhəri Lermantov küçəsi dalan 2 ev 10-da yaşayan Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayonu Nizami küçəsində “Ramada Plaza” otelinin yaxınlığında koronavirus əleyhinə olan xüsusi geyim formasında olan polis əməkdaşı aktiv koronavirus xəstəsi olduğu və yaşadığı yeri tərk etməməsi xəbərdarlığı olunduğu halda karantin reiimi qaydalarını pozaraq yaşadığı yeri tərk etməsini və Gəncə şəhəri Nizami rayonu Nizami küçəsində “Ramada Plaza” otelinin yaxınlığına gəlməsini bildirmişdir. İş materiallarında olan “koronavirusinfo.az” internet səhifəsindən “Covid-19” virusu haqqında məlumatların və həmin virusa qarşı profilaktiki tədbirlərin X5 və Azərbaycan Respublikasının İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi tərəfindən sistemləşdirilmiş Tibb işçiləri üçün müvəqqəti rəhbərlikdən aydın olur ki, mövcud sübutlar “Covid-19” virusunun insanlar arasında yaxın təmas və hava-damcı yolu ilə ötürüldüyünü göstərir. Xəstəylə təmasda olan və ya xəstəyə qulluq edənlər arasında yoluxma riski ən yüksəkdir. “COVİD- 19” virusu təsdiqlənmiş xəstələrə 14 gün ev izolyasiyası tədbiq edilir. Müvafiq xəstəliyin inkubasiya dövrü 14 günədək ola bilər. Xəstə monitorinq müddətini evdə keçirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin cinayət əməlini təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı iş materiallarındakı istintaq və digər prosessual hərəkətlərin protokolları, videogörüntülər və sənədlərlə tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30.01.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən müdafiəçi X2 məhkum Təqsirləndirilən şəxs məhkəmədə 6 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 36 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut – 1 ədəd DVD və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat cərimə cəzasına məhkum edilsin. Cəzanın icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab №AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 36 (otuz altı) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut – 1 ədəd DVD və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar