Məhkəmə qərarları › İş №1(044)-14/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-14/2022

20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-14/2022 20.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, təqsirləndirilən şəxsin müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Qəhrəmanov Zabil Köçəri oğlunun, təqsirləndirilən şəxs Məmmədov Orxan Zakir oğlunun iştirakı ilə, xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Göy-göl rayonu, Üçtəpə kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs, (bundan sonra –Təqsirləndirilən şəxs) 04.09.2019-cu il tarixdə, saat 18 radələrində sürücülük hüququ olmaqla özünə məxsus “KİA SORENTO” minik markalı, **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri, İç Qala küçəsi ilə həmin küçənin Qara Qarayev küçəsi ilə kəsişməsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinin tələblərinə əsasən, hərəkətin intensivliyini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almalı, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, qeyd edilən tələblərə əməl etməyərək həmin küçədə yolu sağdan sola keçən piyada-2014-cü il təvəllüdlü X10 ehtiyatsızlıqdan vurub Vaqif Həsənova sağ gicgah, ənsə sümüklərinin sınığı, baş beyinə qansızma, beyin əzilməsi, baş beyin maddəsinin kəskin ödemi, başın yumşaq toxumalarına, sağ gicgahənsə nahiyələrinə uyğun hissələrdə qansızma ilə müşayiət olunan və birgə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərərvurmaya aid edilən xəsarətlər yetirməklə qapalı küt kəllə beyin travması nəticəsində əmələ gələn kəllə tağı sümüklərinin sınığı və baş beyinə qansızma nəticəsində ehtiyyatsızlıqdan Vaqif Həsənovun ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətməklə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün cinayət işi üzrə verdiyi qismən etirafedici ifadələr ilə yanaşı, toplanmış digər sənədlərlə – zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri, üzləşdirmə və ifadənin yerində yoxlanılması istintaq hərəkətlərinin protokolları,məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri, təkrar-komisyon məhkəmə-tibbi kriminalistik ekspertizasının rəyi, hadisə yerinə baxış protokolu və digər sübutların məcmusu ilə aşağadakı qaydada tam olaraq təsdiq olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, onun “Kia Sorento” markalı, **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili var və o, həmin avtomobili “BC” kateqoriyalı, AB N 295828 nömrəli sürcülük vəsiqəsi ilə idarə edir. 04.09.2019-cu il tarixdə, saat 18:40-da idarə etdiyi “Kia Sorento” markalı, **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri, Cavadxan küçəsi ilə hərəkət edib İç qala küçəsinə çatdıqda sükanı sola çevirib İç qala küçəsinə daxil olmuş və sürətini tam azaldıb avtomaşını dayandırmışdır. Həmin vaxt dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobil İç Qala küçəsi ilə hərəkət etdiyi üçün həmin avtomobilə yol vermiş və qeyd edilən avtomobilin arxası ilə üzü Qara Qarayev küçəsi istiqamətində saatda 20-30 km sürətlə hərəkətini davam etdirmişdir. O, dönüb hərəkətə başlayarkən onun hərəkət istiqamətində, təxminən 25-30 metr irəlidə, yolun sağında-səkinin üzərində, təxminən 5-6 yaşlarında oğlan uşağının dayandığını görmüş və təxminən 25-30 metr hərəkət edərək önündə olan avtomobilə çatıb avtomobilini tam dayandırmışdır. Həmin vaxt onunla paralel istiqamətdə yolun sağ tərəfində-səkidə dayanmış 5-6 yaşlarında olan həmin oğlan uşağı qaçaraq onun avtomobilinə tərəf gəlmiş və avtomobilinin arxa sağ qapısı ilə arxa sağ qanadına çırpılmışdır. O, həmin uşağın onun avtomobilinə çırpıldığını gördükdə dərhal avtomobildən düşüb uşağa yaxınlaşmış və uşağın burnundan qan gəldiyini görmüşdür. Uşağın anası və nənəsi həmin vaxt yaxınlaşıb kömək etmək istəmişlər. O, uşağın burnundan qan gəldiyi üçün uşağı və anasını avtomaşına əyləşdirib Gəncə şəhəri Təcili Tibbi yardım Xəstəxanasına aparmışdır. Sonra isə adının Vaqif olduğunu sonradan bildiyi həmin uşağı göndərişlə əvvəlcə Gəncə Beynəlxalq xəstəxanasına, daha sonra isə Gəncə Müalicə və Diaqnostika mərkəzinə aparmışdır. Məhkəmədən hərəkətindən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alıb ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, Həsənov Vaqif Vüsal oğlu onun oğludur. Vaqif 27.07.2014-cü il tarixdə doğulmuşdur. Əri Vüsal hal-hazırda Rusiya Federasiyasında olduğundan o, anası və mərhum oğlu ilə birlikdə yaşamışdır. 04.09.2019-cu il tarixdə mərhum oğlu Vaqif və anası Həmidə ilə birlikdə Gəncə şəhərində yerləşən Xan bağı adlanan istirahət parkına getmiş, parkın baş tərəfində olan idman meydançasında idman etmişdir. Bundan sonra anası Həmidə onu çağırıb evə getmək istədiyini demişdir. O, anası və mərhum oğlunun yanına getmək istəyərkən anasının qışqırıq səsini eşitmiş, səsin gəldiyi istiqamətdə getdikdə mərhum oğlunun yerdə uzanmış vəziyyətdə olduğunu və burnundan qan gəldiyini görmüşdür. Anası Həmidədən nə baş verdiyini soruşduqda Vaqifin “Kia” markalı avtomaşına tərəf qaçdığını və həmin avtomaşının arxa tərəfinə çırıpılıb yerə yıxıldığını demişdir. “Kia” markalı avtomaşının sürücüsü mərhum oğlu Vaqifi avtomaşına əyləşdirərək xəstəxanaya aparmışdır. Vaqifin hansı məsafədən “Kia Sorento” markalı avtomaşına tərəf qaçdığını görməmişdir. Hadisəni yaxından daha dəqiq anası Həmidə görmüşdür. Hadisə zamanı yol örtüyü asfalt və quru olmuşdur. Hava aydın və günəşli olmuşdur. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X12 onun nəvəsidir. 04.09.2019-cu il tarixdə o, Vaqif və qızı Rəxşəndə ilə birlikdə Gəncə şəhərində yerləşən “Xan bağı” adlanan istirahət parkına getmiş, qızı Rəxşəndə parkın baş tərəfində olan idman meydançasında idman etməyə başlamışdır. Bundan sonra o, yorulduğu üçün Rəxşəndəni çağırıb evə getmək istədiyini demişdir. Bu vaxt nəvəsi Vaqif əlindən çıxıb yola tərəf qaçmışdır. Həmin vaxt “Kia” markalı avrtomaşın hərəkətdə olarkən mərhum nəvəsi Vaqif Həsənovu vurmuş və Vaqif arxası üstə yolun üzərinə yıxılmışdır. Yerə yıxıldıqda Vaqifin burnundan qan gəlməyə başlamışdır. O, qışqırıb Vaqifə tərəf qaçmış, qızı Rəxşəndə də həmin yerə gəlib çıxmışdır. “Kia” markalı avtomaşının sürücüsü Vaqifi avtomaşına əyləşdirərək xəstəxanaya aparmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hal-hazırda Gəncə şəhər Baş Polis İdarəsinin X20 X15 Xidmətinin inspektoru vəzifəsində işləyir. 04 sentyabr 2019-cu il tarixdə, saat 18 radələrində Gəncə şəhəri ərazisində xidmətdə olarkən Dövlət Yol X1 zəng edilərək, 2014-cü il təvəllüdlü X7 yol nəqliyyat hadisəsi zamanı xəsarət alması və xəstəxanaya aparılması barədə məlumat verilmişdir. Məlumatla bağlı soraqlaşdıqda həmin hadisənin Gəncə şəhəri, İç Qala küçəsi ilə Qara Qarayev küçəsi istiqamətində baş verdiyini öyrənmiş və hadisə yerinə getmişdir. Hadisə yerinə çatdıqda 04.09.2019-cu il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs özünə məxsus “Kia Sorento” markalı, ** BG *** dövlət nömrə nişanlı avtomaşınla Gəncə şəhəri, İç Qala küçəsi ilə Qara Qarayev küçəsi istiqamətində hərəkətdə olarkən 18 nömrəli evin bərabərliyində həmin yolu sağdan sola keçən 5 yaşlı piyada X10 ehtiyatsızlıqdan vurduğunu öyrənmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs piyada X16 Müalicə və Diaqnostika Mərkəzinə aparmışdır. X17 tibbi yardım göstərilmişdir. Sonra Təqsirləndirilən şəxs hadisə barədə polisə məlumat vermişdir. Məhkəmə iclasında dindirilmiş şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 04.09.2019-cu il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında protokoldan, həmin protokola əlavə olunmuş sxem və fotocədvəldən görünür ki, həmin yol-nəqliyyat hadisəsi Gəncə şəhər, İç Qala küçəsi 18 nömrəli evin bərabərliyində baş vermişdir. Hadisə yerinə baxışda sürücü Təqsirləndirilən şəxs iştirak etməklə, protokol baxış iştirakçıları, o cümlədən sürücü Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 04.09.2019-cu il tarixli 3309/1019 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 10.06.2020-ci il tarixli 2063 nömrəli Gəncə şəhər Psixonevroloji Dispanserinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 10.06.2020-ci il tarixli 2495 saylı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə İdarəsi Narkoloji Dispanserin arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə İdarəsinin Narkoloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 24.08.2010-cu il tarixli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs müvafiq nəqliyyat vasitəsini idarə etmək üçün “BC” dərəcəli sürücülük vəsiqəsi vardır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 30.06.2020-ci il tarixli 313-2501- 1220 nömrəli DİN BDYPİ-nin məktubundan görünür ki, AB N 295828 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi 24.08.2010-cu il tarixdə Təqsirləndirilən şəxs verilmiş və o, sürücülük hüququndan məhrum edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 09.10.2019-cu il tarixli ********* saylı qərardan görünür ki, Həsənov Vaqif Vüsal oğlunun varisi anası X6 olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə - Tibbi Ekspertiza və X9 Gəncə şəhər şöbəsinin məhkəmə tibbi ekspertizasının 05.10.2019-cu il tarixli 84 saylı rəyi ilə müəyyən olunur ki, mərhum azyaşlı Həsənov Vaqif Vüsal oğlunun bədənində müəyyən edilmiş xəsarətlər- sağ gicgah, ənsə sümüklərinin sınığı, baş beyinə qansızma, beyin əzilməsi, baş beyin maddəsinin kəskin ödemi, başın yumşaq toxumalarına, sağ gicgah-ənsə nahiyələrinə uyğun hissələrdə qansızma xəsarətləridir və qeyd olunan xəsarətlər həyati olmaqla bərk-küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişlər.

2. Mərhum V.V.Həsənovun meyitinin müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sağ gicgah, ənsə sümüklərin sınığı, baş beyinə qansızma, beyin əzilməsi, baş beyin maddəsinin kəskin ödemi, başın yumşaq toxumalarına, sağ gicgah-ənsə nahiyələrinə uyğun hissələrdə qansızma-bərk küt əşyanın (əşyaların) nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 04.09.2019-cu il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir.

3. Mərhum azyaşlı Həsənov Vaqif Vüsal oğlunun ölümünə səbəb - qapalı küt kəlləbeyin travması nəticəsində əmələ gələn kəllə tağı sümüklərinin sınığı və baş beyinə qansızma olmuşdur. Mərhum azyaşlı Həsənov Vaqif Vüsal oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 26 dekabr 2019-cu il tarixli, 31812 nömrəli rəyinə əsasən, “Kia Sorento” markalı, “**-BG-***” dövlət qeydiyyat nömrə nişanlı avtomaşının sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissənin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Qəhrəmanov Zabil Köçəri oğlunun vəsatəti əsasında məhkəmə yolnəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 07 fevral 2022-ci il tarixli, 8/27 nömrəli rəyinə əsasən, “KİA Sorento” markalı **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs göstərdikləri real hadisə mexanizminə uyğun deyildir və real olmayan hadisə mexanizmi üzrə sürücünün hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. İstintaq tərəfindən müəyyən edilən məlumatlara əsasən “Kia Sorento” markalı **-BG- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissənin tələblərinə uyğunsuzluq olmuşdur. Beləliklə məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 04.09.2020-ci il tarixdə, saat 18 radələrində sürücülük hüququ olmaqla özünə məxsus “KİA SORENTO” minik markalı, **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri, İç Qala küçəsi ilə həmin küçənin Qara Qarayev küçəsi ilə kəsişməsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, hərəkətin intensivliyini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almalı, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, qeyd edilən tələblərə əməl etməyərək həmin küçədə yolu sağdan sola keçən piyada- 2014-cü il təvəllüdlü X10 ehtiyatsızlıqdan vurub Vaqif Həsənova sağ gicgah, ənsə sümüklərinin sınığı, baş beyinə qansızma, beyin əzilməsi, baş beyin maddəsinin kəskin ödemi, başın yumşaq toxumalarına, sağ gicgahənsə nahiyələrinə uyğun hissələrdə qansızma ilə müşayiət olunan və birgə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərərvurmaya aid edilən xəsarətlər yetirməklə qapalı küt kəllə beyin travması nəticəsində əmələ gələn kəllə tağı sümüklərinin sınığı və baş beyinə qansızma nəticəsində ehtiyyatsızlıqdan Vaqif Həsənovun ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin əməli istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. CM-in 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. CM-in 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs, cinayətlərin təsnifatına görə az ağır cinayət hesab edilən CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 41.2. maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1. maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə elan edilmiş və işdə olan Azərbaycan Respublikasının DİN-nin BƏSİİnin 21 yanvar 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarekterizə edilir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan zərərçəkmiş şəxsin hüquqi varisi X3 notarial qaydada təsdiq edilmiş 16.09.2019-cu il tarixli ərizəsindən görünür ki, o,Təqsirləndirilən şəxs ilə barışmış, ondan hər hansı şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X3 notarial qaydada təsdiq edilmiş 06.10.2021-ci il tarixli ərizəsindən görünür ki, o,Təqsirləndirilən şəxs ilə barışmış, ondan hər hansı şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28 və 145-ci maddələrinin tələblərinə görə məhkəmə cinayət işinə və cinayət təqibi ilə bağlı digər materiallara qərəzsiz və ədalətlə baxmalı, cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları nəzərə almalı, təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmalıdır. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına əsasən sübutları qiymətləndirməlidir. Bundan başqa «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndində mexaniki nəqliyyat vasitəsinin sürücüsünün zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli və.s kimi vəzifələri müəyyən edilmişdir. İstər ibtidai istintaq istərsə də məhkəmə istintaqı zamanı toplanmış təkzibedilməz sübutların məcmusu o, cümlədən Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi X3, şahid ifadələri, həmçinin 06.12.2018-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında protokolla müəyyən edilmişdir ki, 06 dekabr 2018-ci il tarixdə saat 19:40 radələrində yol-nəqliyyat hadisəsi törətdikdən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün Təqsirləndirilən şəxs oğlu hadisə şahidi Şahid1 köməkliyi ilə zərəçəkmiş şəxs X10 avtomobilə qoyaraq onu yaxınlıqda olan Gəncə Beynəlxalq xəstəxanasına, daha sonra isə Gəncə Müalicə və Diaqnostika mərkəzinə aparmış, bundan sonra həkimlər tərəfindən göstərilən tibbi yardımlara və reanimasiyon tədbirlərə baxmayaraq Həsənov Vaqif Vüsal oğlu 05 oktyabr 2019-cu il tarixdə səhər saatlarında xəstəxanada bioliji ölüm faktı qeydə alınmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatda qalması üçün üzərinə düşən və mümkün edilə biləcək tədbirləri görərək, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına dair hərəkətləri etmiş, onu xəstəxanaya aparmış lakin xəstəxanada həkimlər tərəfindən göstərilən tibbi yardımlara baxmayaraq zərərçəkmiş şəxs X12 aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Ona görə də məhkəmə, CM-in 59.1.11, 59.1.12-ci maddələrinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına dair hərəkətlər etməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzasını yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası törətdiyi cinayət əməlinə görə CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, onun cəzasını yüngülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını cəza həddini müəyyən edərkən nəzərə alır və hesab edir ki, CM-in 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 24.01.2020-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 27.07.2020-ci il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri dəyişdirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. CM-in 56.1, 56.1.1-ci maddələrinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 263.2-ci maddəsi ehtiyyatsızlıqdan törədilmiş cinayətlərə aid olduğundan və həmin maddənin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, cəzasını həmin Məcəllənin 56.1, 56.1.1-ci maddələrinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerlərinə və bir cəzaçəkmə müəssisəsindən digərinə müşayiətlə göndərilirlər. Məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum məhkəmə icraçısının təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkum üzrlü səbəb olmadan cəzanın icrası yerinə gəlmədikdə cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti və müvafiq prokurorun təqdimatı əsasında məhkəmə onun tutulması barədə qərar qəbul edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. İş üzrə maddi sübut kimi tanınmış “Kia Sorento” markalı “**-BG-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs saxlanması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə 26 dekabr 2019-cu il tarixli yol-nəqliyyat hadisəsi ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti və 07 fevral 2022-ci il tarixli yol-nəqliyyat hadisəsi ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. İş üzrə mülki iddia yoxdur. CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi

X13 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X13 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. X13 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtadək dəyişdirilməsin. Hökmün icrası X8 yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Kia Sorento” markalı “**-BG-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs saxlanması nəzərə alınsın. İş üzrə ekspertiza xərci cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Az.MEM-in VÖEN **********, AZ34 CTRE********************. X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ22 saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar