Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-143/2021 15.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə 18 avqust 1957-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz şəxsi istehlak miqdarından artıq, yəni ümumi təmiz çəkisi 1,116 qram narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, 13 fevral 2021-ci il tarixdə saat 16 radələrində Gəncə şəhəri Nizami RPİ-in cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Əli bəy Hüseynzadə küçəsi ilə Əttarlar küçəsinin kəsişməsində saxlanılaraq Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 475 ünvanında yerləşən Nizami rayon polis idarəsinə gətirilib üzərinə baxış keçirilərkən əynində olan qara rəngli şalvarın sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı şəxsi istehlak miqdarından artıq 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 1,116 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 13.02.2021-ci il tarixdə saat 16 radələrində Gəncə şəhəri, Əttarlar küçəsi ilə yaşadığı evə gedən zaman yolun kənarında mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli olduğunu bildirib onlarla birlikdə Gəncə şəhəri Nizami RPİ-nə gətməyi təklif etmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmiş, maddi imkanı zəif olması ilə əlaqədar dövlət hesabına müdafiəçi ilə təmin olunmağını bildirdikdən sonra dövlət hesabına Müdafiəçi1 ilə təmin olunmuşdur. Gəncə şəhəri Nizami RPl-də xidməti otaqda polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə onun üzərinə baxış keçirilmiş, baxış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən özünə məxsus bir ədəd gümüşü rəngli kağız parçasına bükülmüş narkotik vasitə olan heroin aşkar olunmuşdur. Həmin içərisində narkotik vasitə heroin gümüşü rəngli kağızla birlikdə aptek tərəzisində çəkilmiş və ümumi çəkisi 1,29 qram olmuşdur. Həmin büküm zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürləndikdən sonra imzalarla təsdiq edilmişdir. Baxış zamanı o, narkotik vasitə heroinin özünə məxsus olmasını, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. O, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini saxlanıldıqdan bir neçə gün əvvəl yaşadığı evin yaxınlığında yolun kənarından tapmış, kiminsə əlinə keçəcəyindən qorxduğu üçün narkotik vasitə heroini saxlamağın ən etibarlı yolunun üzərində gəzdirmək olmasını fikirləşərək üzərində saxlamışdır. Əməlindən peşman olduğunu və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş X2 ifadəsində göstərmişdir ki, o, 2013-cü ildən X5, 2020-ci ildən Gəncə şəhər BPİ-nin Nizami RPİ-nin CAŞ-in baş əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. Gəncə şəhəri, Ə.Hüseynzadə küçəsi, 1-ci döngə, ev 5 ünvanında qeydiyyatda olan və yaşayan 1957-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitə qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun, polis əməkdaşları Şahid3 və Şahid2 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13.02.2021-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ə.Hüseynzadə küçəsi ilə Əttarlar küçəsinin kəsişməsində saxlanılaraq Gəncə şəhər Nizami RPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitələri qəbul etməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmiş, Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, Gəncə şəhər Nizami rayon polis idarəsinin inzibati binasında yerləşən xidməti otaqda üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən içərisində narkotik vasitə heroin olan 1 ədəd gümüşü rəngli kağız büküm aşkar edilmiş, həmin narkotik vasitə heroin bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və kütlənin ümumi çəkisi 1,29 qram olmuşdur. Daha sonra isə narkotik vasitə heroin içərisində olduğu bükümlə birlikdə kağız zərfdə qablaşdırılaraq zərfin üzəri möhürlənmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroini 2 gün əvvəl yaşadığı evin yaxınlığında yolun kənarından taparaq öz istifadəsi üçün saxladığını bildirmişdir. Baxış və götürmə aparılması barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək şahid X1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Şəxsi axtarış keçirilməsi haqqında” 13 fevral 2021-ci il tarixli protokoldan görünür ki, videoçəkilişlə, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış keçirilərkən əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd gümüşü rəngli falqa kağızına bükülmüş vəziyyətdə tünd qəhvəyi rəngli kəskin iyli və ilk baxışdan narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 14 fevral 2021-ci il tarixli, 16/139 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş gümüşü rəngli siqaret falqasına bükülmüş bir ədəd ümumi çəkisi 1,29 qram narkotik vasitəyə bənzər qəhvəyi rəngli kütlə...” sözlər və imzalar olan kağız paketdəki, bir ədəd gümüşü rəngli kağız parçası bükümündə təmiz çəkisi 1,116 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 10 mart 2021-ci il tarixli, 243 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Psixonevroloji Dispanseri tərəfindən verilmiş 01.03.2021-ci il tarixli, 1121 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs psixonevroloji dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 13.03.2021-ci il tarixli, 1073 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan «Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» 11 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,066 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin videogörüntülərinin qeydə alındığı 1 ədəd DVD disk sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlama cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıya əsasən heroin narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 23 fevral 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş və onun həmin məhkumluqları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən ödənilmiş, o cümlədən Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 23.02.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının 234.2-ci maddəsi ilə 03 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Qobustan rayon Məhkəməsinin 24.10.2009-cu il tarixli qərarı ilə cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Daha sonra o, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 05.08.2010-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.4.2, 228.4, 66.3 və 67.1-ci-ci maddələri 09 il 03 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 06.05.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 20.10.2017-ci il tarixli, 816 VQD nömrəli Qanunu barəsində tətbiq edilməklə barəsində 08 il 03 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 18.04.2010-cu il tarixdən 06.05.2019-cu il tarixə qədər çəkdiyi cəza 09 il 18 gün cəza müdddətinə hesablanaraq təyin olunmuş cəzası çəkilmiş hesab olunmuş və azad olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 06.05.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20.10.2017-ci il tarixli, 816 VQD nömrəli Qanun tətbiq edilməklə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 05.08.2010-cu il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilərək o, həmin maddə ilə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ona təyin olunmuş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası dəyişdirilməmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaqla Təqsirləndirilən şəxs 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 23.02.2007-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs təyin olunmuş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 06 ay 22 gün müddət yeni hökmlə qismən birləşdirilərək ona qəti olaraq 08 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, onun 18.04.2010-cu il tarixdən 06.05.2019-cu il tarixədək cəza çəkdiyi 09 il 18 gün cəza müddətinə hesablanaraq təyin olunmuş cəzasını çəkmiş hesab edilmiş və dərhal həbsdən azad edilmiş, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 05.08.2010-cu il tarixli hökmü qalan hissədə dəyişdirilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 06.05.2019-cu il tarixli qərarından göründüyü kimi, Təqsirləndirilən şəxs əməli az ağır cinayət olan Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilmiş, ona qəti olaraq təyin edilmiş 08 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasını 18.04.2010-cu il tarixdən 06.05.2019-cu il tarixədək cəza çəkdiyi 09 il 18 gün cəza müddətinə hesablanaraq təyin olunmuş cəzasını çəkmiş hesab edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 06.05.2019-cu il tarixli qərarından göründüyü kimi, Təqsirləndirilən şəxs təyin edilmiş 08 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasını o, faktiki olaraq 18.07.2018-ci il tarixdə çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 06.05.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20.10.2017-ci il tarixli, 816 VQD nömrəli Qanunu tətbiq edildiyindən və həmin Qanun onun vəziyyətini yüngülləşdirdiyindən Təqsirləndirilən şəxs həmin məhkumluğunun ödənilməsi müəyyən edilərkən, onun həmin məhkumluğunun ödənilməsi müddəti təyin edilmiş qəti cəzanın faktiki olaraq başa çatdığı 18.07.2018-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki il keçdiyindən onun həmin məhkumluğu ödənilmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən məhkumluğu olmamış və hal-hazırda hər hansı məhkumluğu yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan X11 Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs hər iki aşağı ətrafın aterosklerozu, İİ-A dərəcəli qan dövran pozğunluğu, farinqolarinqit, iki tərəfli XR.tonzillit diaqnozu qoyulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, onun ateroskleroz xəstəliyindən əziyyət çəkməsini, onun yaşını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 13.02.2021-ci il tarixli protokoldan görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs 13 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X7 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 15 fevral 2021-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə saxlanıldığı Gəncə şəhər Baş Polis İdarəsinin X4 azad edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs X8 03 gün müddətində şübhəli şəxs qismində Gəncə şəhər Baş Polis İdarəsinin X6 saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 (üç) gün müddətində şübhəli şəxs qismində tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, Ə.Hüseynzadə küçəsi, 1-ci döngə, ev 5 ünvanında yerləşən evini axşam saat 23dən səhər saat 07-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 10 mart 2021-ci il tarixli 243 nömrəli rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinin tələbinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,066 qram narkotik vasitə heroin məhv edilməli, bundan başqa Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 fevral 2021-ci il tarixdən 15 fevral 2021-ci il tarixədək, yəni 03 (üç) gün şübhəli şəxs qismində tutulduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 06 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, Ə.Hüseynzadə küçəsi, 1-ci döngə, ev 5 ünvanında yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,066 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin əks olunduğu və cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-143/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-143/2021
15.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver