Məhkəmə qərarları › İş №1(044)-154/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-154/2021

24.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-154/2021 24.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23.03.2021-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanında qaynı Zərərçəkmiş şəxs ilə ailə-məişət zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs kəlbətinlə təpə nahiyəsinin əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül dərəcəli, həmin vaxt hadisə yerində olmuş və onları sakitləşdirmək istəyən Şahid1 hər iki diz oynağı və sol baldır nahiyələrinin qançırları ilə nəticələnmiş dərəcləri təyin edilməyən, Şahid3 sol almacıq nahiyəsinin qançırı, şişkinliyi ilə nəticələnmiş dərəcəsi təyin edilməyən, Şahid2 sağ əlin yarası ilə nəticələnmiş dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid5 onun bacısı, Zərərçəkmiş şəxs isə bacısının yoldaşıdır, sonuncular 2014-cü ildə ailə həyatı qurmuşdur. Son zamanlar kürəkəni Xəlilin ailəsi onun bacısını yola vermir, heç bir səbəb olmadan Xəlil və bacıları onun bacısı Şəfanı təhqir edirlər. 23.03.2021-ci il tarixdə bacısı Şəfa ona zəng edərək onlara gəlməyini istəmiş, o, da Xəlilgilə getmişdir. O, içəri daxil olduqdan sonra bacısının baldızları Elnarə və Xəyalə, əri Xəlil ilə söhbət etmək istəmiş, həmin vaxt bacısı Şəfanın döyüldüyünü və halının özündə olmadığını görmüşdür. O, bacısından kimin sonuncunu döydüyün soruşmuş, bacısı Şəfa Xəlilin onun yumruqla vurduğunu, Elnarənin isə boğmaq istədiyini bildirmişdir. Bu zaman o, Xəlil və bacılarından bu məsələni soruşmuş, sonuncular isə durmadan onu, bacısını və anasını nalayiq söyüşlərlə söymüşlər. Həmin vaxt o, əsəbləşmiş və həyətdə olan kəlbətini yerdən götürüb sol əli ilə Xəlilin yaxasından tutub sağ əli ilə başından kəlbətinlə vurmuşdur. Bundan sonra Elnarə, Xəyalə və Xəlil onun üzərinə hücum dərək onu yerə yıxmışlar, həmin vaxtı o, da xəsarətlər almış, lakin Xəlildən başqa heç kəsə qəsdən xəsarət yetirməmişdir. Bundan sonra o, kəlbətini evin həyətinə atmış və bacısını götürüb evlərinə getmişdir. Sonda o, əməlindən peşman olduğunu bildirmiş və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən 2014-cü ildə Şahid5 ilə ailə həyatı qurmuş, birgə nikahdan onların 2 övladları dünyaya gəlmişdir. Onlar əvvəl xoşbəxt yaşasalar da, son zamanlar yola getmirlər. 23.03.2021-ci il tarixdə o, Şəfa, bacıları Elnarə və Xəyalə, bacısı oğlu Nazim və bacısı qızı Nəzrinlə birlikdə bayram süfrəsində olmuşlar. Bu zaman Şəfa onunla mübahisə etmiş, Elnarə hər ikisinə irad bildirib onları sakitləşdirmişdir. Təxminən bir neçə dəqiqə sonra, yəni saat 16 radələrində qaynı Elvin içəri daxil olmuş və onun üzərinə gəlmişdir ki, “niyə bacımı saxlamırsan?”. O, Elvinə irad bildirmişdir ki, elə bir şey yoxdur, heç kim Şəfaya heç nə demir. Bu zaman Elvin belində gətirdiyi kəlbətini çıxarıb qəfildən onun başından vurmuş, o, yerə yıxılmış və 2-3 saniyə gözü qaralmışdır. O, ayılanda görmüşdür ki, bacıları və bacısı oğlu Elvinin əlinən kəlbətini almağa çalışır, Elvin bacısı Elnarəyə, bacısı oğlu Nazimə və bacısı qızı Nəzrinə də xəsarət yetirmişdir. Həmin vaxt Nəzrinin 102 xidmətinə məlumat verdiyini görən Elvin və Şəfa oradan qaçmışlar. O, Elvinə heç bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxslə barışmadığını, onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində ifadə vermiş Şahid1 bildirmişdir ki, Xəlil onun qardaşı, Elvin isə qardaşının qaynıdır. 23.03.2021-ci il tarixdə bayrama görə o, oğlu Nazim, bacısı qızı Nəzrin, bacısı Xəyalə, Xəlil və Şəfa bir süfrə arxasında olmuşlar. Söhbət zamanı Xəlil və Şəfa ailə daxili mübahisə etmişlər, o, onların hər ikisinə irad bildirib sakitləşdirmişdir. Təxminən bir neçə dəqiqə sonra Şəfanın qardaşı Elvin içəri daxil olmuş və qardaşı Xəlilin üstünə gəlmişdir ki, “nə üçün bacımı saxlamırsan?”. X9 güldən ağır söz deyən olmadığını demişdir. Həmin vaxt Elvin qəfildən belindən kəlbətin çıxarıb Xəlilin başına və bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirmişdir. Bunu görüb dərhal bacısı qızı Nəzrin, oğlu Nazim və o, Elvinin əlindən kələtini alıb saktləşdirmək istəyərkən Elvin onun saçından yolub ayaqlarına vurmuş, Nazimin əlinə kəlbətinlə vurmuş, Nəzrinin isə üzünə yumruq vurmuşdur. Bundan sonra Nəzrinin 102 xidmətinə zəng etdiyini görüb Elvin və Şəfa onlardan çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 eyni xüsusatları təsdiq edərək Şahid1 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında şahid qismində ifadə vermiş Şahid5 bildirmişdir ki, Elvin onun qardaşı, Xəlil isə əridir. Zərərçəkmiş şəxs ilə 2014-cü ildə ailə həyatı qurmuş, birgə nikahdan 2 övladları vardır. Onlar əvvəllər xoşbəxt yaşasalar da, sonralar ailəsində narazılıqlar olmuş, narazılığa əsas səbəb baldızları olmuşdur. 22.03.2021-ci il tarixdə baldızı Elnarə onu təhqir edərək evdən çıxmağını istəmiş, o, da əri Xəlilə demişdir ki, “əgər sən o qızı burada saxlasan, boşamasan kişi deyilsən”. 23.03.2021-ci il tarixdə Elnarə ilə yenidən sözlə mübahisələri olmuş və mübahisə zamanı Elnarə onu boğazından tutub boğmaq istəmişdir. Onların səs-küylərinə Xəlil də gəlmiş və üzündən yumruqla vurmuşdur. Bundan sonra o, qardaşı Elvinə zəng vurub çağırmış, sonuncu gəlmiş və onların hamısını sakitləşirməyə çalışmışdır. Lakin Xəlil ilə bacıları onu, qardaşını və ailələrini təhqir edirmişlər. O, paltarlarını götürmək üçün otağa qalxmış, Elvin isə həyətdə olmuşdur. O, həyətə çıxanda görmüşdür ki, Elvin yerdədir, Elnarə, Xəyalə və Xəlil onun üstündə oturub, biri saçını yolur, digərləri isə vurur. O, onları aralamaq istəyərkən Xəlil onun ağzından yumruqla vurmuşdur ki, “sən kənara çəkil”. Sonra Elvin yerdən durmuş və onu götürüb oradan çıxaraq öz evlərinə getmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X6 Şəxsi tərəfindən verilmiş 25.03.2021-ci il tarixli 425 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər — təpə nahiyəsinin əzilmiş yarası bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 23.03.2021-ci il tarixdə əmələ gələ bilər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X6 Şəxsi tərəfindən verilmiş 25.03.2021-ci il tarixli 424 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Şahid1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər — hər iki diz oynağı və sol baldır nahiyələrinin qançırları bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni 23.03.2021-ci il tarixdə əmələ gələ bilərlər, sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X6 Şəxsi tərəfindən verilmiş 25.03.2021-ci il tarixli 423 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Şahid3 bədəni üzərində müəyyən edilmiş xəsarət — sol almacıq nahiyəsinin qançırı, şişkinliyi bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni 23.03.2021-ci il tarixdə əmələ gələ bilər, sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X6 Şəxsi tərəfindən verilmiş 25.03.2021-ci il tarixli 422 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Şahid2 bədəni üzərində müəyyən edilmiş xəsarət — sağ əlin yarası bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni 23.03.2021-ci il tarixdə əmələ gələ bilər, sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X6 Şəxsi tərəfindən verilmiş 25.03.2021-ci il tarixli 429 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər — boyun və döş qəfəsi nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni 23.03.2021-ci il tarixdə əmələ gələ bilərlər, sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X6 Şəxsi tərəfindən verilmiş 25.03.2021-ci il tarixli 428 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Şahid5 bədəni üzərində müəyyən edilmiş xəsarətlər — hər iki dodağın qansızması, sağ almacıq və sol diz nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni 23.03.2021-ci il tarixdə əmələ gələ bilərlər, sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in X4 verilmiş 07 aprel 2021-ci il tarixli 16/293 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən predmet kustar üsulla hazırlanmış məişət təyinatlı kəlbətindir və soyuq silah hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01.04.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf etməsini və əməlindən peşman olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxsnın cəzasını ağırlaşdıran hallar muəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən ictimai işlər cəzasının təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir, həmçinin bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.1-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 47.2-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə hesab edir ki, məhkəmə - ballistik ekspertizasının keçirilməsinə xərclənmiş 31.50 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut – 1 ədəd kəlbətinin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 3108-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona, 300 (üç yüz) saat ictimai işlər növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Hökmün icrası Gəncə şəhəri Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut – 1 ədəd kəlbətinin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 31,50 (otuz bir manat əlli qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar