Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-156/2021 23.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1995-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs odlu silahı əldə edib daşıyaraq saxlamış, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq bir ədəd TK-13726 nömrəli, 7,62 mm kolibrli olmaqla 1926-cı ildə keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesab edilən Naqan sistemli revolveri əldə etməklə özünə məxsus Vaz 21015 markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamaqla daşımış, həmçinin istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 1.056 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan əldə edib üzərində saxlamaqla daşımış, barəsində qanunsuz olaraq odlu silah və narkotik vasitələr əldə edib saxlaması barədə Gəncə şəhər BPİ-nə daxil olmuş məlumat əsasında 31 yanvar 2021-ci il tarixdə saat 13 radələrində Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, R.Qasımov küçəsi ilə D.Qorqud küçəsinin kəsişməsində yerləşən “Lyukoil” yanacaq doldurma məntəqəsində ona məxsus Vaz 21015 markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılıb Gəncə şəhər BPİ-nə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibinin üzərində olan kiçik cibindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1.056 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və ona məxsus Vaz 21015 markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin arxa sol oturacağının ayaqaltı hissəsində olan qırmızı rəngli sellofan torbadan bir ədəd TK-13726 nömrəli, 7,62 mm kolibrli olmaqla 1926-cı ildə keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesab edilən Naqan sistemli revolver aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Azərbaycan Respublikasının CM-nin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir neçə ildir ki, narkotik vasitə olan heroin qəbul edir. 31.01.2021-ci il tarixdə saat 13 radələrində özünə məxsus Vaz 21015 markalı, **-EB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, R.Qasımov küçəsi ilə D.Qorqud küçəsinin kəsişməsində yerləşən “Lyukoil” yanacaq doldurma məntəqəsində olarkən əynində olan qara rəngli şalvarının sağ yan cibinin üzərində olan kiçik cibdə narkomanlar arasında “kokos” kimi tanınan narkotik vasitə olan heroin, avtomobilin arxa sol oturacağının ayaqaltı hissəsində 1 ədəd qırmızı rəngli sellofan torbada özünə məxsus olan 1 ədəd “Naqan” tipli tapança və həmin tapançaya aid iki ədəd patron saxlamışdır. O, avtomobili ilə yanacaq doldurma məntəqəsində avtomobilinə yanacaq vurmaq istəyən zaman bir neçə nəfər mülki geyimdə olan şəxslərin ona yaxınlaşdığını görmüş, həmin vaxt onların üzdən polis əməkdaşları olmasını tanıyıb avtomobilini hərəkətə gətirib oradan qaçıb uzaqlaşmaq istəmiş, qaçdığını görən polis əməkdaşlarından biri onun qaçmağına mane olan zaman avtomobilinin sol yan şüşəsini sındırmış və onun qaçmağına imkan verməmişdir. O, həmin vaxt oradan qaça bilməyəcəyini görüb idarə etdiyi avtomobili saxlamış, avtomobili saxladıqdan sonra polis əməkdaşları özlərini ona təqdim edib onu polis idarəsinə dəvət etmiş və o, sonuncularla birlikdə Gəncə şəhər BPİ-nə gəlmişdir. İdarədə ona hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyə şərait yaradılmış və o, təqdim edilən vəkillərin siyahısından hüquqlarını müdafiə etmək üçün dövlət hesabına hər hansı vəkilin dəvət olunmasını xahiş etmişdir. Bundan sonra vəkil Müdafiəçi təyin olunaraq ona təqdim olunmuş və vəkilin iştirakı ilə ona hüquqları izah olunmuş, sonra isə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibinin üzərində olan kiçik cibdən 1 ədəd sellofan bükümdə spesifik kəskin iyli, narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüş, həmin bükülü elektron tərəzidə çəkilmiş, narkotik vasitə olan heroinə bənzər kütlə sellofanla birlikdə 1.16 qram olmuş, zərfdə qablaşdırılaraq DİN-in 91 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra ona məxsus Vaz 21015 markalı, **-EB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilinin arxa sol oturacağının ayaqaltı hissəsində 1 ədəd qırmızı rəngli sellofan torbada özünə məxsus olan 1 ədəd “Naqan” tipli tapança və həmin tapançaya aid iki ədəd patron aşkar edilərək götürülmüşdür. O, ikinci Qarabağ döyüşlərində iştirak etmiş, üzərindən aşkar edilən kütlə narkotik vasitə olan heroindir, həmin narkotik vasitəni 2020-ci ilin noyabr ayının əvvəllərində Qubadlı rayonu uğrunda gedən döyüşlərdə iştirak etdiyi vaxt Qubadlı rayonunda uçuq vəziyyətdə olan evlərdən birinin içərisindən bir ədəd sellofan bükümdə tapmış, həmin narkotik vasitədən bir dəfə istifadə edib, qalanını isə gələcəkdə istifadə etmək üçün üzərində saxlamışdır. Avtomobilindən aşkar edilmiş “Naqan” tipli tapança və ona aid patronları təxminən iki il bundan qabaq Gəncə çayının kənarında olan körpünün yaxınlığında yerləşən, əvvəllər “Delfin” hovuzu adı ilə fəaliyyət göstərən yerin yaxınlığından tapmışdır. Həmin tapançanı iki ədəd patronu ilə yaşadığı evin yaxınlığında sellofana büküb torpağın altında gizlədib saxlamış, tutulmamışdan təxminən 10 gün qabaq isə həmin silahı onun üçün maraq kəsb etdiyindən idarə etdiyi avtomobilə qoymuşdur. Əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2012-ci ildən X3 xidmət edir. İdarəyə Gəncə şəhəri ərazisində yaşayan Emil adlı şəxsin narkotik vasitələr qəbul etməsi, mütəmadi olaraq üzərində gəzdirməsi, həmçinin qanunsuz olaraq odlu silah əldə etməsi və idarə etdiyi Vaz 21015 markalı **-EB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin Gəncə şəhəri, Səfəvilər küçəsi, ev 93-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra 31.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərinə və idarə etdiyi avtomobilə baxış keçirilməsi barədə qərar çıxarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində və avtomobilində narkotik vasitə və odlu silah olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra 31.01.2021-ci il tarixdə saat 13 radələrində Gəncə şəhər BPİ-nin CAİ-nin kiçik inspektorları Şahid2 və Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi **-EB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə R.Qasımov küçəsində əməliyyat müşahidəsinə götürülmüşdür. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə hərəkət edərək Gəncə şəhəri, R.Qasımov küçəsi ilə D.Qorqud küçəsinin kəsişməsində yerləşən “Lyukoil” yanacaq oldurma məntəqəsinə daxil olmuş və avtomobilinə yanacaq vurmaq üçün dayanmışdır. Həmin vaxt onlar sonuncunun idarə etdiyi avtomobilə yaxınlaşarkən Təqsirləndirilən şəxs onların polis əməkdaşları olduğunu bilib tanıdığı üçün avtomobilini hərəkətə gətirib oradan uzaqlaşıb qaçmaq istədikdə onlar həmin vaxt sonuncuya mane olub qaçmasına icazə verməmiş və bu zaman Emilin avtomobilinin yan şüşəsi sındırmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib, sonuncunu idarə etdiyi Vaz 21015 markalı, **-EB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə birlikdə Gəncə şəhər BPİ-nə gətirmişlər. İdarədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil Müdafiəçi kimi iştirakı təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibinin üzərində olan kiçik cibdən 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlə sellofanla birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 1.16 qram olmuş və zərfdə qablaşdırılaraq DİN-in 91 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs məxsus Vaz 21015 markalı, **-EB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin sol arxa oturacağının ayaqaltı hissəsindən 1 ədəd qırmızı rəngli sellofan torbada 1 ədəd Naqan tipli tapança və 2 ədəd patron aşkar edilərək götürülmüş və zərfdə qablaşdırılaraq DİN-in 91 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni ikinci Qarabağ müharibəsində Qubadlı rayonu uğrunda gedən döyüşlərdə iştirak etdiyi vaxt Qubadlı rayonunda tapdığını, həmin narkotik vasitədən bir dəfə istifadə edib qalanını isə gələcəkdə istifadə etmək üçün üzərində saxladığını və narkotik vasitələrin satışı ilə məşğul olmadığını, həmçinin avtomobilindən aşkar edilmiş “Naqan” tipli tapança və patronları təxminən iki il bundan qabaq Gəncə çayının kənarında olan körpünün yaxınlığında yerləşən, əvvəllər “Delfin” hovuzu adı ilə fəaliyyət göstərən yerin yaxınlığından tapdığını, həmin tapançanı və iki ədəd patronu ilə yaşadığı evin yaxınlığında sellofana büküb torpağın altında gizlədib saxladığını, sonradan isə həmin silahı idarə etdiyi avtomobilə qoyub gəzdirdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3, eləcə də ibtidai istintaq zamanı ifadə vermiş və məhkəmə baxışında ifadəsi tədqiq olunmuş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 01 fevral 2021-ci il tarixli, 16/104 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə” sözləri və imzalar olan kağız paketdəki bir ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 1,056 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 25 mart 2021-ci il tarixli, 293 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkr. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 01 fevral 2021-ci il tarixli, 21/87R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, TK-13726 №-li silah 7,62 mm kalibrli olmaqla keçmiş SSRİ dövlətində 1926-cı ildə Tula silah zavodunda istehsal olunmuş “Naqan” sistemli revolverdir, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır, həmçinin tədqiqata təqdim edilmiş 02 ədəd patronlar zavod üsulu ilə 1983-cü ildə istehsal olunmuş, 7,62x26 mm kalibrli olmaqla həmin kalibrli revolver Naqan sistemli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, ibtidai-hərbi hazırlıq dərslərində məşq və təlim üçün nəzərdə tutulmuşdur, döyüş sursatı hesab edilmir və atəş üçün yararlıdırlar. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edildi. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir (Qeyd: Təqdim edilmiş 02 ədəd 7,62x26 mm kalibrli patronlardan 01 ədədi eksperimental atəş zamanı istifadə olundu). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 06 fevral 2021-ci il tarixli video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 31 yanvar 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Gəncə şəhər BPİ-də Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə şəxsi axtarış və avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibinin üzərində olan kiçik cibdən 1 ədəd narkotik vasitə heroinə bənzər kütlənin olduğu sellofan bükümünü təqdim edir. Həmin kütlə sellofanla birlikdə elektron tərəzidə çəkilir və sellofanla birlikdə çəkisi 1.16 qram olur və zərfdə qablaşdırılaraq DİN-in 91 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni ikinci Qarabağ müharibəsində Qubadlı rayonu uğrunda gedən döyüşlərdə iştirak etdiyi vaxt Qubadlı rayonunda tapdığını, həmin narkotik vasitədən bir dəfə istifadə edib, qalanını isə gələcəkdə istifadə etmək üçün üzərində saxladığını və narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus Vaz 21015 markalı, **-EB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin sol arxa oturacağının ayaqaltı hissəsindən 1 ədəd qırmızı rəngli sellofan torbada 1 ədəd Naqan tipli tapança və 2 ədəd patron aşkar edilərək götürülmüşdür və zərfdə qablaşdırılaraq DİN-in 91 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş “Naqan” tipli tapança və patronları təxminən iki il Gəncə çayının kənarında olan körpünün yaxınlığında yerləşən, əvvəllər “Delfin” hovuzu adı ilə fəaliyyət göstərən yerin yaxınlığından tapdığını, həmin tapançanı iki ədəd patronu ilə yaşadığı evin yaxınlığında sellofana büküb torpağın altında gizlədib saxladığını, təxminən 10 gün qabaq isə həmin silahı idarə etdiyi avtomobilə qoyub gəzdirdiyini bildirir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb və narkoloji dispanserindən alınmış arayışlardan görünür ki, Təqsirləndirilən şəxs dispanserlərdə qeydiyyatda olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan «Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» 01 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 0.856 qram olan heroin, həmçinin ona məxsus avtomobildən aşkar olunaraq götürülmüş 01 ədəd TK-13726 nömrəli, 7,62 mm kalibrli olmaqla yivli odlu silah hesab edilən Naqan sistemli revolver və 01 ədəd 7,62x26 mm kalibrli patron xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanması üçün Gəncə şəhər BPİ-nin saxlanma anbarına saxlanca verilmiş, 01.02.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Gəncə şəhər BPİ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Təqsirləndirilən şəxs məxsus SX ******* nömrəli hərbi biletin surətindən görünür ki, Rzayev X6 və Qubadlı rayonlarının müdafiəsində iştirak etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz Rayon Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs 29.09.2020-ci il tarixdən qismən səfərbərliklə əlaqədar hərbi xidmətə göndərilmiş və 03.01.2021-ci il tarixədək hərbi xidmət keçmiş, o, Füzuli və Qubadlı rayonlarının müdafiəsində iştirak etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “N” saylı hərbi hissənin tibb xidmətinin çıxarış epikrizindən görünür ki, Təqsirləndirilən şəxs sol ağciyərin aşağı payının ocaqlı pnevmaniyası xəstəliyindən əziyyət çəkir. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs odlu silahı əldə edib daşıyaraq saxlama, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlama cinayətlərini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə tövsif olunmalı və o, həmin maddələrlə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroin narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04.02.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 04.02.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4, 157.1-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 68, 66.2, 69.3-cü maddələrinə əsasən qəti olaraq 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 14.09.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini məhkəmələr sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları zamanı ikinci Qarabağ müharibəsində iştirak etməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs Mobi oğluna cəza təyin edilən zaman nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), təqsirkarın şəxsiyyətini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 31.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X5 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 31 yanvar 2021-ci il tarixdən hesablanmaqa 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Beləliklə də, şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Cinayət Məcəlləsininn 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılaraq qəti cəza təyin edilməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 31 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Həmçinin məhkəmə, işdə olan məhkəmə-narkoloji ekspertizasının 25 mart 2021-ci il tarixli 293 nömrəli rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 0.856 qram olan heroin məhv edilməli, Təqsirləndirilən şəxs avtomobildən aşkar olunaraq götürülmüş 01 ədəd TK-13726 nömrəli, 7,62 mm kalibrli olmaqla yivli odlu silah hesab edilən Naqan sistemli revolver və 01 ədəd 7,62x26 mm kalibrli patron istifadəyə yararlı olduğundan hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməli, həmçinin iş üzrə maddi sübut olan və özündə istintaq hərəkətlərinin görüntülərini əks etdirən 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə məhkəmə-bioloji ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən məhkəmə araşdırması zamanı 15 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş və əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində nəzərədə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 31 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 0.856 qram heroin məhv edilsin, Təqsirləndirilən şəxs avtomobildən aşkar olunaraq götürülmüş 01 ədəd TK- 13726 nömrəli, 7,62 mm kalibrli olmaqla yivli odlu silah hesab edilən Naqan sistemli revolver və 01 ədəd 7,62x26 mm kalibrli patron dövlət nəfinə müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin, həmçinin 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci olan 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-156/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-156/2021
23.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver