Məhkəmə qərarları › İş №1(044)-158/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-158/2021

14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-158/2021 14.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, Əttarlar küçəsi, ev 101də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, 4 noyabr 2020-ci il tarixdə saat 20:20 radələrində Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində 30 (otuz) manat borc pulun qaytarılması ilə bağlı aralarından yaranmış mübahisə zamanı Gəncə şəhəri, Cavadxan qəsəbəsində, yeni məhlələrdə yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə gəlmiş, şəxsi münasibətlər zəminində sonuncunu yumruqla vurub alın və üz nahiyəsinə dərəcəsi təyin edilməyən xəsarət, özü ilə birlikdə gətirdiyi kustar üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən, tiyəsinin uzunluğu 175 mm, orta hissədən eni 25 mm, dəstəyin qalınlığı 120 mm ölçülərdəki məişət təyinatlı mətbəx bıçağı ilə sağ bud nahiyəsindən vuraraq sağ bud nahiyəsinin deşilmişkəsilmiş yarası xəsarəti ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, eləcə də işdə olan və tədqiq olunan digər iş materialları ilə aşağıdakı qaydada tamamilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Gündəlik olaraq yaşıllaşdırma idarəsində şəhər ərazisində ağacların suvarılması ilə məşğul olur. O, heç vaxt ailəli olmamışdır. Gəncə şəhər sakini Zərərçəkmiş şəxs uzun müddət ərzində tanıyır, onun anası Nargilə əvvəllər köhnə mərkəzi bazarda cücə satırmış. Əvvəllər onunla münasibəti yaxşı olmuşdur. Hadisədən təxminən bir ay əvvəl o, Orxanla keçmiş mərkəzi Kolxoz bazarının yanında çay içmiş və həmin vaxt Orxan ondan bir neçə günlük 30 manat borca pul istəmişdir. O da pulun özündə olmadığını, yaxın qonşusundan borc götürdüyünü demiş, Orxanın şəxsiyyət vəsiqəsini və bir bank kartını girov saxlamışdır. Orxan ona 60 manat pul götürməyini, Orxana köməklik etdiyinə görə ona 30 manatını verdiyini və geridə qalan 30 manatını isə özü götürəcəyini bildirmişdir. Belə olan halda o, Orxana 30 manat pul vermişdir. Həmin gündən 3-4 gün keçdikdən sonra Orxana bir neçə dəfə zəng edərək ona verdiyi pulunu geri istəmiş, lakin Orxan müxtəlif bəhanələr edib pulunu verməmişdir. 04.11.2020-ci il tarixdə saat təxminən 19:30 radələrində Orxan ona zəng etmiş, öz evində olduğunu və onun pulunu qaytaracağını bildirmişdir. O da evdə içkili vəziyyətdə olmuş və sonradan əvvəllər tanımadığı taksi ilə Orxanın yaşadığı evə getmiş, taksi onu Orxanın evində düşürdükdən sonra çıxıb getmişdir. O isə darvazanı döymüş və qapını Orxanın anası Nargilə açmışdır. O, evin həyətinə keçmiş, Orxanın anasına Orxana verdiyi borc pulu qaytarmağını çatdırmağı bildirmişdir. Nargilə də güya onun pulunu, yəni 30 manat pulu aparıb tanışına verdiyini və tanışından Orxanın şəxsiyyət vəsiqəsini və bankın kartını götürdüyünü bildirmişdir. O da Nargiləyə onun bu barədə xəbərinin olmadığını və ona heç kim 30 manat pul vermədiyini bildirmişdir. Həmin vaxt aralarında sözlə narazılıq yaranmış və evin həyətinə Orxan gəlib onunla söyüşlə danışmışdır. O Orxandan pulunu istəmişdir. Orxanla onun arasında dava yaranmış və onlar yerə yıxılmışlar. Nargilə onları aralamışdır. Sonradan Orxanın sağ budundan qan gəldiyini görmüşdür. Orxan ona güya onu bıçaqla vurduğunu demişdir. Lakin o, Orxana onun əlində bıçaq olmadığını demişdir. Nargilə həmin vaxtı polisə zəng etmiş və hadisə barədə məlumat vermişdir. Sonradan onlar Nizami RPİ-nə gəlmiş və o sərxoşluq müayinəsindən keçirilmişdir. O, hadisə vaxtı sərxoş vəziyyətdə olmuş, Orxanın necə xəsarət alması barəsində heç bir fikri yoxdur, o, Orxanı bıçaqla vurmamış, sadəcə olaraq aralarında sözlü mübahisə yaranmışdır. Orxanla onun arasında baş vermiş mübahisə Orxanın yaşadığı evin həyətində baş vermişdir. Orxanla onun arasında baş vermiş mübahisəni Orxan və onun anasından başqa heç kim görməmişdir. Hadisədən sonra hərəkətlərindən peşman olmuş, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Odur ki, qeyd etdiklərini nəzərə alıb məhkəmədən cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, gündəlik qazancını məişət tullantılarını yığaraq əldə edir. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs uzun müddət ərzində tanıyır, Gəncə şəhərində yerləşən Grand Qafqaz adlı bazarda pendir satır. Əvvəllər onunla münasibəti yaxşı olmuşdur. Təxminən aralarında dava-dalaş olduğu gündən 10 gün əvvəl o, İlqarla köhnə mərkəzi kalxoz bazarının yanında çay içmiş və İlqardan bir neçə günlük 30 manat borca pul almışdır. O, İlqarda öz şəxsiyyət vəsiqəsini və adına olan bank kartını girov saxlamış, onları İlqar özü istəmişdir. O, anası Nargiləyə də İlqardan 30 manat pul aldığını bildirmişdir. 04.11.2020-ci il tarixdə saat təxminən 15 radələrində o, Göygöl rayonunun ərazisində olan vaxtı anası Nargilə ona zəng edib İlqarın pulunu birlikdə gedib verməyi və şəhərdə olub olmadığını soruşmuşdur. O da anasına İlqarın dayısının oğlu Ülvi adlı şəxsin yaşadığı evinə getməsini, orada İlqarla görüşüb 30 manat pulunu verməsini, İlqarda olan sənədlərini ondan almasını izah etmişdir. Anası əvvəldən Ülvinin və İlqarın evini tanıyırmış, buna görə də ona razılıq vermişdir. Sonradan anası ona zəng edərək İlqarın qohumu Vüsala və onun yanındakı şəxsə 30 manat pul verdiyini, həmin şəxslərin ona məxsus sənədləri qaytardığını, həmin şəxslərin əlavə olaraq 30 manat sələm kimi ödənilməli olduğunu, lakin anası həmin pulu onlara vermədiyini ona bildirmişdir. Bundan sonra anası Nargilə evlərinə qayıtmışdır. Həmin günü saat 18 radələrində o, evinə qayıtmış və bu barədə anası ilə söhbət etmişdir. Saat təxminən 20:20 radələrində o, evdə televizora baxarkən yaşadığı evin həyətindən səs-küy eşitmiş və evin həyətinə çıxmışdır. O, bayıra çıxan zaman İlqarın uca səslə danışdığını, anasının isə İlqardan onların yaşadığı evi tərk etməsini xahiş etdiyini görmüşdür. O, İlqara yaxınlaşmış və nəyə görə burada səs-küy yaratdığını İlqardan soruşmuşdur. İlqar ona guya onun borca aldığı pula görə əlavə olaraq sələm kimi 30 manat pul ödəməli olduğunu demişdir. O, anasının İlqara olan borcu qaytardığını və ona məxsus sənədləri götürdüyünü izah etmişdir. İlqar yenə sələm kimi əlavə olaraq onun 30 manat pul verməli olduğunu vurğulamışdır. İlqar ona söyüş etmiş, o, İlqarın yaxasından tutaraq yaşadığı evin həyətindən İlqarı bayıra çıxarmağa cəhd etmişdir. İlqar bu vaxt başı ilə onun sağ göz nahiyəsinə zərbə vurmuşdur. O, İlqarın boyun nahiyəsindən əli ilə tutan zaman İlqar bel nahiyəsindən çıxartdığı uzun mətbəx bıçağı ilə onun sağ bud nahiyəsindən bir zərbə vurmuş, o, bıçaq zərbəsindən bud nahiyəsində ağrılar hiss etmiş və İlqarın əlində saxladığı bıçaqdan tutmuşdur. Mübahisə zamanı o, İlqarın qaçmağının qarşısını almaq üçün onu yaşadıqları evin həyətində saxlamış və anası polisə hadisə barədə telefonla məlumat vermişdir. Polis əməkdaşları gələndə anası həmin bıçağı polislərə təqdim etmişdir. O, xəsarət aldığına görə TTYX-nə getmiş və sonradan Nizami RPİ-yə ərizə ilə müraciət etmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs onunla barışmış və ona dəymiş ziyanı ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir (Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışması, ondan heç bir şikayət və tələbinin olmaması, onun cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibb ekspertizxasının 05.11.2020-ci il tarixli, 1731 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ bud nahiyəsinin deşilmiş-kəsilmiş yarası – deşici-kəsici alətin, alın və sağ yanaq nahiyələrinin sıyrıqları isə bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 04.11.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 21.12.2020-ci il tarixli, 16/782 saylı rəyindən görünür ki, hadisə yerindən götürülmüş tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq kustar üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-trasoloji ekspertizasının 25.12.2020-ci il tarixli, 16/819 saylı rəyindən görünür ki, hadisə baş verən zaman Zərərçəkmiş şəxs əynində olan tədqiqata təqdim olunan şalvarın səthində olan 01 ədəd zədə, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən təqdim edilmiş MEM-in Gəncə regional bölməsinin 16/782 saylı rəyində tədqiq edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş şalvarın üzərindəki zədədə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş MEM-in Gəncə regional bölməsinin 16/782 saylı rəyində tədqiq edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Həmçinin rəydən görünür ki, tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 05.11.2020-ci il tarixli 1731 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş şalvarın səthində olan zədə müqayisə edilmiş və müəyyən olunmuşdur ki, bədəndə yerləşən “sağ bud nahiyəsinin deşilmiş-kəsilmiş yarası” xəsarəti ilə şalvarın səthində olan 01 ədəd zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 04 noyabr 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 15.03.2021-ci il tarixli, 133 nömrəli rəyinndən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırkı ekspertiza zamanı yüngül dərəcəli ağıl zəifliyi (yüngül debillik səviyyəsində), davranış pozğunluqları ilə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyi keçirmişdir və keçirir. Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik (yüngül debillik səviyyəsində), davranış pozğunluqları ilə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik az ifadəli olduğundan o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini dərk etmək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22 ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da, öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdən alınmış 04 noyabr 2020-ci il tarixli, 1424/2020 №-li “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, hadisə baş verən zaman Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoş olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs hadisə baş verdiyi zaman vəziyyəti sərxoş kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatdadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 19 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan 06 noyabr 2019-cu il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 1 ədəd mətbəx bıçaq maddi sübut kimi tanınmış və saxlanması üçün Gəncə şəhər Baş polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Beləliklə də, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, 4 noyabr 2020-ci il tarixdə saat 20:20 radələrində Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində 30 (otuz) manat borc pulun qaytarılması ilə bağlı aralarından yaranmış mübahisə zamanı Gəncə şəhəri, Cavadxan qəsəbəsində, yeni məhlələrdə yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə gəlmiş, şəxsi münasibətlər zəminində sonuncunu yumruqla vurub alın və üz nahiyəsinə dərəcəsi təyin edilməyən xəsarət, özü ilə birlikdə gətirdiyi kustar üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən, tiyəsinin uzunluğu 175 mm, orta hissədən eni 25 mm, dəstəyin qalınlığı 120 mm ölçülərdəki məişət təyinatlı mətbəx bıçağı ilə sağ bud nahiyəsindən vuraraq sağ bud nahiyəsinin deşilmiş-kəsilmiş yarası xəsarəti ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadələrini dinləyib, cinayət işinin materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Beləliklə, məhkəmədə işə baxılarkən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş polis Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 1 ədəd mətbəx bıçaq istifadəyə yararsız olduğundan qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 10 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və müsadirə tətbiq ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində müəyyən edilmiş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunsun. İş üzrə maddi sübut olan Gəncə şəhər Baş polis İdarəsində saxlanılan bir ədəd bıçaq istifadəyə yararsız olduğundan qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar