Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-16/2021 13.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X5, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1959-cu ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs hüquq verən saxta sənəddən bilə-bilə istifadə edib, aldatma yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirməyə, yəni, dələduzluq etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər X11 ASC-də hər hansı bir işdə işləmədiyi halda, guya həmin müəssisədə işlədiyinə görə ona bağ evi üçün 0,04 hektar torpaq sahəsi ayrılması barədə istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan şəxs tərəfindən hazırlanmış hüquq verən rəsmi sənəd hesab edilən X7-Yoldaşlıq Birliyinin 23.08.1988-ci il tarixli 11 nömrəli protokolu əsasında olan saxta Çıxarışı və 07.03.1994-cü il tarixli, 537 saylı saxta Arayışını bilə-bilə istifadə etməklə həmin saxta çıxarışı və arayışı 11.10.2018-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə təqdim edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus xeyli miqdar təşkil edən, yəni, 10000 (on min) manat dəyərində 0,04 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində olan yaşayış evini ələ keçirmək istəyərkən həqiqətin ortaya çıxarılması məqsədi ilə Kəpəz rayon Məhkəməsinin sorğusuna cavab olaraq Gəncə "xxxx" ASC-də işləməsinə dair arxiv məlumatlarında heç bir sənədə rast gəlinməməsi barədə Gəncə "xxxx" ASC-dən daxil olmuş 13.12.2018-ci il tarixli, 63 nömrəli məktubu əsasında olan araşdırma nəticəsində öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyib xeyli miqdarda özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi zərərçəkmiş şəxin, şahidlərin ifadələri, habelə cinayət işinin digər materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.4 və 320.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək həqiqətən 1988-ci ildən 1994-cü ilədək “X2”nda elektrik, malyar kimi işlədiyini, təqdim etdiyi sənədlərin saxta olmadığını dəlil kimi gətirərək ifadəsində göstərmişdir ki, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, əvvəllər 1986-cı ildən 1994-cü ilədək X11 zavodunda malyar, elektrik kimi işləmiş, 1994-cü ildən 2016-cı ilədək isə Daşkəsən rayon Uşaq-Gənclər İdman məktəbində müəllim işləmişdir. Onun əmək kitabçası sonuncu iş yerində itirilmiş, lakin əmək kitabçasının itirilməsi ilə bağlı rəsmi olaraq heç bir sənədi yoxdur. O, Gəncə şəhəri Çini Qablar zavodunda işlədiyi müddətdə 1988-ci ildə 23 avqust tarixində İclas protokoluna əsasən ona da Gəncə şəhəri, Məhsəti qəsəbəsindən Gəc zavodu yaxınlığında 4 sot torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilmişdir. Həmin siyahıda o, 55-ci sırada qeyd edilmiş, ona da digər işçilər kimi həmin sahədən 4 sot torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılması haqqında da 07.03.1994-cü ildə zavodun 537 saylı arayışı da ona verilmişdir. Həmin sənədlər verildiyi müddət ərzində onda olmuşdur. Zavodun müvafiq sənədlərinə əsasən atası X3 da həmin yerdən 4 sot torpaq sahəsi ayrılmışdır. İlkin sənədlər əsasında atası orada tikinti işləri görmüş, Pakizə Süleymanova adlı şəxs atası Məmmədin yerini zəbt etmişdir, müəyyən tikili aparmışdır, sonra atası ilə Pakizə danışıb müəyyən tikinti və sair işlərə görə halallıq almaq üçün atası Pakizəyə o vaxtkı pula ******* (iki milyon) manat pul vermiş, Pakizə də torpaqdan çıxmışdır. Amma onun yerində o özü bir otaqlı ev tikmiş, işi ilə əlaqədar orada qalmamış, Daşkəsən şəhərində yaşamışdır. Onun atasının tikdiyi evdə isə ruhi-xəstə qardaşı Elçin qalırmış. Elçin də Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi olaraq birgə yaşamışlar. Sonradan İradə qardaşı Elçini gətirib Daşkəsəndə atası qaldığı evə qoyub Rusiya Federasiyasına getdiyini deyərək, Adil adlı şəxslə ailə qurub atasının tikdirdiyi həmin evdə yaşamağa başlamışdır. O vaxt onlar bu məsələni biləndə İradəni çıxarmaq istəyən zaman məlum olmuşdur ki, İradə atasının həmin evində bacısı Həqiqəti əri Arzu ilə birlikdə yerləşdirmişdir. O vaxtdan indiyədək, təxminən 13 ildir ki, onlar bu barədə hüquq mühafizə orqanlarına müraciət etsələr də, Arzugili, eyni zamanda İradəni atasının evindən çıxara bilməmişlər. Həmçinin İradə və bacısıgil onun bir otaqlı evini də zəbt etmişlər. İradə öz adına saxta sənədlər çıxarıb ki, güya o da Farfor zavodunda işləyib, ona da torpaq sahəsi verilmişdir. X12 zavodunda 1993-cü ildən 2000-ci ilədək məzuniyyətlərlə birlikdə işləmişdir, Zərərçəkmiş şəxs təqdim etdiyi sənədə əsasən onun 1988-ci ildə sözügedən protokola 4 sot torpaq sahəsi ayrılması barədə sənəd təqdim etmişdir ki, həmin vaxt da İradə orada işləməmişdir. O, 2006-cı ildən Zərərçəkmiş şəxs onların torpaq sahələrini zəbt etməsi, oradan çıxarılması barədə polisə və məhkəmə orqanlarına müraciət etmiş, lakin polis və məhkəmə orqanları onun şikayətlərini düzgün araşdırmamış, verdiyi şikayətlər rədd edilmiş, məhkəməyə verdiyi iddialar isə təmin edilməmişdir. O, Gəncə şəhər İcra Hakimiyyətinə müraciət edərək torpaq sahəsinə görə kodastr və Lahiyə sənədləri almış, orada onun torpağının yerləşmə koordinatları göstərildiyi halda onun müraciətindən sonra Zərərçəkmiş şəxs onun torpağının və bir otaqlı evinin yerləşdiyi torpaq sahəsinə saxta sənədlər əsasında Kodastr və Lahiyə sənədləri verilmiş, o, Reyetr Xidmətinə müraciət edəndən sonra onun müraciətini təmin etməyib süni şəkildə süründürməçiliyə yol verərək Zərərçəkmiş şəxs müaciətini onun müraciətindən sonra qəbul edib İradənin adına həmin sözügedən torpaq sahəsinə dair Çıxarış vermişlər. O, həmin çıxarışın ləğvinə, etibarsız hesab edilməsinə, eyni zamanda Zərərçəkmiş şəxs ilkin sənədlərinin saxta olmasını bildirib bu barədə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə iddia versə də, məhkəmədə onun iddiası üzrə işə baxılmaq əvəzinə, Zərərçəkmiş şəxs sənədlərinin saxta olmasına əsasən İradənin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsinin tərkib əlamətlərinin olduğunu, bu məsələni prokurorluğa göndərməsini dediyi halda, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi onun dediklərinin əksinə olaraq onun barəsində xüsusi qərardad çıxarmış və cinayət işi başlanması üçün Gəncə şəhər Prokurorluğuna göndərmişdir. O isə bildirir ki, onun sənədləri saxta deyil, Zərərçəkmiş şəxs sənədləri saxtadır. X11 zavodunun müvafiq arayışına əsasən onun ümumiyyətlə X11 zavodunda işləməməsi barədə olan arayışı düzgün verilməmişdir. Ola bilsin ki, arxiv sənədləri tam olmamışdır, ola bilsin ki, arxiv bunu tam yoxlaya bilməmişdir, yaxud da onun barəsində olan sənədlər itmişdir. 1986-cı ildən 1994-cü ilədək X11 zavodunda işləməsi barədə onun Protokoldan Çıxarış və müvafiq Arayışdan başqa bir sübutu yoxdur. 30 il bundan əvvəl işləmişdir, yadında qalan iş yoldaşlarının harada yaşaması, necə olmasını bilmir, Əmək Kitabçası da yoxdur. “X2”na aid Protokoldan Çıxarışı 1988-ci ildə, arayışı isə göstərilən tarixdə, yəni 07.03.1994-cü ildə “X2”ndan əldə etmişdir və həmin tarixdən də həmin sənədlər ondadır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 25 ildən çoxdur ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayır. O, orta məktəbi qurtarandan sonra, təxminən 1983-cü ildən Gəncə şəhərinə gəlib Gəncə Çini-Qablar zavodunda 2000-ci ilədək əvvəl şagird, sonra da qəlibçi kimi işləmişdir. 1988ci ildə ona Gəncə şəhəri, Məhsəti qəsəbəsi Gəc zavodu ərazisindən 4 sot torpaq sahəsi verilmişdir ki, həmin torpaq sahəsinin ayrılması barədə müvafiq sənədlərə əsasən əvvəl Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq şöbəsindən Layihə və Kadastr sənədləri, sonra isə 2017-ci il tarixdə həmin torpaq sahəsinə dair X6 Çıxarış və yaşayış evinin Texniki Pasportunu alaraq öz adına sənədləşdirmişdir. O, həmin torpaq sahəsində 1994-cü ildə bir otaqlı ev tikmiş, hazırda da həmin evdə yaşayırmış. Daşkəsən şəhər sakini Təqsirləndirilən şəxs qardaşı Elçinlə 1999-cu ildə ailə həyatı qurmuş, lakin rəsmi nikahları olmamışdır. Elçinlə ailə qurandan sonra isə onun qeydiyyatda olan ruhi-əsəb xəstəsi olduğunu biləndən sonra onunla birgə yaşamaq mümkün olmamış, uşaqları olmadan ayrılmışlar. Elçin Daşkəsən şəhərində ata evində qalmış, o, yenidən Gəncə şəhəri, Məhsəti qəsəbəsindəki hazırda qaldığı evinə gəlmişdir. Elçinin qardaşı Elşad, atası Məmməd ona demişlər ki, Elçin gəlib onunla birgə Gəncə şəhərində yaşasın, o da, buna etiraz etmiş, bildirmişdir ki, o, Elçinlə birgə yaşaya bilməz, bu səbəbdən aralarında narazılıq yaranmışdır. 2006-cı ildə o, Daşkəsən rayon sakini Şahid2 ilə ailə qurandan sonra Elşad, atası Məmməd ondan şikayət etməyə başlamışlar. İlk olaraq şikayəti Elçinin qardaşı Elşad etməyə başlamış, Elşad onun Adillə ailə qurmasından narazı qalaraq onun barəsində polisə şikayət etmişdir ki, güya Məhsəti qəsəbəsindəki ev onlarındır. 2011-ci ildə Təqsirləndirilən şəxs onun həmin evdən çıxarılması ilə bağlı iddia vermış, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi onun iddiasını rədd etmiş, ondan sonra Təqsirləndirilən şəxs yuxarı instansiya məhkəmələrinə də şikayət etmiş, yenə də onun iddiası təmin edilməmişdir. Bundan sonra 2016-2017-ci illərdə Təqsirləndirilən şəxs hardansa da saxta ilkin sənədlər əldə edərək ondan yenə də şikayət edəndə o, görmüşdür ki, Elşad saxta sənədlər əldə edibdir, ona görə də ondan qabağa düşüb torpağa dair Lahiyə, Kodastr sənədləri alıb X4 Çıxarış və Texniki Pasport almışdır. Bundan sonra Elşad hal-hazıradək onun qanuni sənədlərinin ləğv olunması, etibarsız sayılması məqsədi ilə məhkəməyə müraciət etmişdir. Sonuncu dəfə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsində onun iddiasına baxılarkən toplanmış və sorğu edilmiş sənədlərə əsasən Təqsirləndirilən şəxs X11 zavodunda işləmədiyi, onun sənədlərinin saxta olması məlum olmuşdur. Bu səbəbdən də Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi Elşadın əməlində cinayət olduğundan barəsində tədbir görülməsi üçün Xüsusi Qərardad qəbul edərək şəhər prokuroruna göndərmişdir. Neçə illərdir ki, Təqsirləndirilən şəxs ondan əsassız şikayətlər və iddialar verərək ona əziyyət, əzab vermişdir, vaxtını almışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, həmçinin ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2018-ci ilin fevral ayından X11 ASC-nin Kadırlar Şöbəsinin müdiri vəzifəsində əvəzedici işləyirmiş. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onlarla heç bir ədavət və düşmənçiliyi olmamışdır. 13.12.2018-ci il tarixli, 63 nömrəli arayışla bağlı göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər X11 zavodunun tərkibində olan Farforist Bağçılıq və Yoldaşlıq birliyində işləyib-işləməməsi ilə bağlı Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi tərəfindən 07.12.2018-ci il tarixdə sorğu daxil olmuşdur. O, həm zavod ərazisində işləmiş bütün şəxslərə dair əmr kitablarına, əmək haqqı kitablarına və fəhlələrin ümumi adlarının olduğu kitablara baxdıqdan sonra Təqsirləndirilən şəxs adı həmin katabların heç birində olmadığından bu barədə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə cavab məktubu vermişdir. Zərərçəkmiş şəxs adı isə həmin kitablarda olduğundan onunla da bağlı Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə məlumat vermişdir. Təqsirləndirilən şəxs işləməsi barədə X11 ASC-nin arxivində heç bir məlumat olmamışdır. Təqsirləndirilən şəxs Çini qablar zavodunda atasına kömək etmək üçün fəhlə kimi işləyib-işləmədiyini o, bilməmiş, lakin Təqsirləndirilən şəxs heç vaxt rəsmi işçi kimi Çini qablar zavodunda qeydə alınmamış və işləməmişdir. Təqsirləndirilən şəxs heç vaxt Çini qablar zavodunda rəsmi işçi kimi işləmədiyindən ona torpaq sahəsinin ayrılması mümkün deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2006-cı ildə İdarə Verdiyeva ilə ailə həyatı qurmuşdur və ailə həyatı qurduqdan sonra ona məlum olmuşdur ki, İradə orta məktəbi qurtarandan sonra, təxminən 1983-cü ildən Gəncə şəhərinə gəlib Gəncə Çini-Qablar zavodunda 2000-ci ilədək əvvəl şagird, sonra da qəlibçi kimi işləmişdir. 1988-ci ildə ona Gəncə şəhəri, Məhsəti qəsəbəsi Gəc zavodu ərazisindən 4 sot torpaq sahəsi verilmişdir və 1994-cü ildə İradə orada bir otaqlı ev tikmişdır. Zərərçəkmiş şəxs Daşkəsən şəhər sakini Təqsirləndirilən şəxs qardaşı Elçinlə 1999-cu ildə ailə həyatı qurmuşdu, lakin rəsmi nikahları olmamışdır. Daha sonra onlar Elçin ruhi xəstə olduğundan ayrılmışlar və İradə öz evində yaşamağa başlamışdır. İradə onunla ailə qurandan sonra Elşad, atası Məmməd İradədən şikayət etməyə başlamışlar ki, güya Məhsəti qəsəbəsindəki ev onlarındır. 2011-ci ildə Təqsirləndirilən şəxs onların həmin evdən çıxarılmaları ilə bağlı iddia vermişdir, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi onun iddiasını rədd etmiş, ondan sonra Təqsirləndirilən şəxs yuxarı instansiya məhkəmələrinə də şikayət etmiş, yenə də onun iddiası təmin edilməmişdir. Bundan sonra 2016-2017-ci illərdə Təqsirləndirilən şəxs hardansa da saxta ilkin sənədlər əldə edərək İradədən yenə də şikayət edəndə görmüşlər ki, Elşad saxta sənədlər əldə edibdir, ona görə də İradə Elşaddan qabağa düşüb torpağa dair Lahiyə, Kodastr sənədələri alıb X4 Çıxarış və Texniki Pasport almışdır. Bundan sonra Elşad yenə məhkəməyə müraciət etmişdir. Sonuncu dəfə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsində onun iddiasına baxılarkən toplanmış və sorğu edilmiş sənədlərə əsasən Təqsirləndirilən şəxs X11 zavodunda işləmədiyi, sənədlərinin saxta olması məlum olmuşdur. Bu səbəbdən də Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi Elşadın əməlində cinayət olduğundan barəsində tədbir görülməsi üçün Xüsusi Qərardad qəbul edərək şəhər prokuroruna göndərmişdir. Mübahisə olunan həmin ev İradəyə məxsusdur. Çünki İradə həmin evi 1994-cü ildə tikmişdir, onlar isə 2006-cı ildə ailə həyatı qurmuşlar. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Təqsirləndirilən şəxs iddia ərizəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 11.10.2018-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir və həmin ərizəsinə X7-Yoldaşlıq Birliyinin 23.08.1988-ci il tarixli 11 nömrəli protokolu əsasında olan Çıxarışı, çıxarışa əlavə edilmiş Planı və 07.03.1994-cü il tarixli, 537 saylı Arayışı əlavə etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan çıxarışdan görünür ki, X7-Yoldaşlıq Birliyinin 23.08.1988-ci il tarixli 11 nömrəli protokolu əsasında olan çıxarışda göstərilmişdir ki, Gəc zavodu ərazisində birliyin üzvü Təqsirləndirilən şəxs 0,04 hektar torpaq sahəsi bağ evi üçün ayrılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan X7-Yoldaşlıq Birliyinin 07.03.1994-cü il tarixli, 537 saylı arayışında göstərilmişdir ki, arayış verilir vətəndaş Təqsirləndirilən şəxs ondan ötəri ki, həqiqətən Gəncə şəhəri İcra hakimiyyəti başçısının 23.08.1988-ci il tarixli 11 nömrəli sərəncamına əsasən Gəc zavodu ərazisində ona bağ yeri üçün sahəsi 400 kvadrat metr olan torpaq sahəsi ayrılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə "xxxx" ASC-nin 13.12.2018-ci il tarixli, 63 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə "xxxx" ASC-də işləməsinə dair arxiv məlumatlarında heç bir sənədə rast gəlinməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/1932 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs adına olan 0,04 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 27,5 kvadrat metr yaşayış sahəsinin 28 iyun 2017-ci il tarixdə təxminən bazar dəyəri 10000 (on min) manat təşkil edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə xətşünaslıq ekspertizasının 18 oktyabr 2019-cu il tarixli, 24511 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına olan 07.03.1994-cü il tarixli, 537 nömrəli arayışının əlyazma mətni və oradakı imza, Farforist Bağçılıq-Yoldaşlıq Birliyinin 23.08.1988-ci il tarixli 11 nömrəli çıxarışının əlyazma mətni və oradakı imza və həmin çıxarışa əlavə edilmiş planın əlyazma mətni Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə sənədlərin texniki ekspertizasının 22 oktyabr 2019-cu il tarixli, 24510/24725 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına olan 07.03.1994-cü il tarixli, 537 nömrəli arayış qara rəngli mətni elektrofotoqrafik çap qurğusu (printerdə) vasitəsi ilə çap edilmişdir. - Farforist Bağçılıq-Yoldaşlıq Birliyinin 23.08.1988-ci il tarixli 11 nömrəli protokolundan çıxarışın və ona əlavə edilmiş planın qara rəngli əlyazma mətni elektrofotoqrafik çap qurğusu (printerdə) vasitəsi ilə çap edilmişdir. - Həmin sənədlərin qrafalarında olan göy-bənövşəyi mətn və imzalar birbaşa qələmlərlə icra olunmuşdur. - 07.03.1994-cü il tarixli, 537 nömrəli arayışda olan möhür və ştamp əksləri relyef klişelər vasitəsi ilə birbaşa vurulmuşdur. - Farforist Bağçılıq-Yoldaşlıq Birliyinin 23.08.1988-ci il tarixli 11 nömrəli protokolundan çıxarışda və ona əlavə edilmiş planda olan möhür və ştamp əkslərinin təsviri birbaşa vurulmayıb, axınlı çap üsulu ilə rəqəmsal çap qurğusunda (çoxaldıcı qurğuda, printerdə) çap edilmişdir. - Həmin sənədlərdə olan möhür əksləri öz aralarında eynilik təşkil edirlər. - Çap qurğuları və surət çıxarma vasitəsi ilə hazırlanmış sənədlərin tərtib olunma tarixini, diyircəkli qələmlə icra olunmuş yazıların icra vaxtını və möhürlərin vurulması tarixini müəyyən etmək üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə ekspertizaya təqdim edilən sənədlərin nəşr olunma və ya hazırlanma vaxtını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 22 yanvar 2020-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 294 və 325-ci maddələri ilə ittiham elan edilməmiş, sənədlərin saxtalaşdırılması və qanunsuz hazırlanması xüsusatı üzrə cinayət işinin başlanması rədd edilmiş və həmin xüsusat üzrə cinayət işinin materiallarından material ayrılaraq müvafiq qaydada qeydiyyata alınıb Gəncə şəhər Prokuroruluğuna göndərilmiş, Zərərçəkmiş şəxs mübahisəli torpaq sahəsinə və yaşayış evinə dair saxta sənədlərdən istifadə edibetməməsi xüsusatı üzrə Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və həmin xüsusat üzrə cinayət işinin materiallarından material ayrılaraq müvafiq qaydada qeydiyyata alınıb Gəncə şəhər Prokurorluğuna göndərilmiş, Təqsirləndirilən şəxs istifadə etdiyi X7-Yoldaşlıq Birliyinin 23.08.1988-ci il tarixli 11 nömrəli protokolu əsasında olan saxta Çıxarışı, həmin çıxarışa əlavə edilmiş planı və 07.03.1994cü il tarixli, 537 saylı saxta Arayışı cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 25 dekabr 2018-ci il tarixli Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin qərardadından görünür ki, pozuntuya yol vermiş şəxslərin müəyyən olunması və hərəkətlərində Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin araşdırılması üçün Gəncə şəhər prokuroruna xəbər verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 25 dekabr 2018-ci il tarixli, 2(043)-5238/2018 saylı Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs cavabdeh Zərərçəkmiş şəxs adına verilmiş dövlət reyestrindən ********** qeydiyyat nömrəli, RX ******* reyestr nömrəli, 30.06.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə iddiası rədd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 27 sentyabr 2011-ci il tarixli, 2(043)-1307/2011 saylı Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdehlər Zərərçəkmiş şəxs və digərlərinə qarşı mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, istifadə və sərəncam hüququnun tanınması və mənzildən çıxarılması tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan arayışdan görünür ki, Zərərçəkmiş şəxs X11 zavodunda 25.10.1993-cü ildən 25.12.2000-ci ilə qədər qəliblənmə sexində qəlibləyici şagird işləmişdir. Lakin 03.06.1994-cü ildən zavodda xammal çatışmamazlığı üzündən, fəhlələrin istəyindən asılı olmayaraq məcburi ödənişsiz mənzuniyyətə buraxılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan ********** qeydiyyat nömrəli, RX ******* reyestr nömrəli, 30.06.2017-ci il tarixli çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsində yerləşən bağ evi Zərərçəkmiş şəxs məxsusdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01\1932 saylı arayışdan görünür ki, Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsində yerləşən 23 iyun 2017-ci il tarixli ********** müqaviləyə əsasən bağ evində qiymətləndirilmə aparılmışdır və evin qiyməti 28 iyun 2017-ci il tarixə 10.000 manat dəyərində qiymətləndirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı ərazi idarəsi tərəfindən verilmiş 21.06.2021-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi “Farforisist” BYB ünvanında ayrılmış torpaq sahəsi ilə bağlı həmin torpaq sahəsinin ona ayrılması barədə ilkin torpaqayırma sənədlərinin, torpaq sahəsinin hazırda onun fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə aid olması ilə bağlı, torpaq sahəsi “Farforisist” BYB tərəfindən ona ayrılıb təhkim edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27.04.2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 23 aprel 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayətçi olmadığını, həmçinin ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Beləliklə də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkibi vardır, həmin cinayət hadisələri Təqsirləndirilən şəxs tərəfindən törədildiyindən o, Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət işinin məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi müəyyən edildiyindən ona həmin maddə ilə cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1 və 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən isə müddətlər cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamlardan və cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsindən iki ildən artıq müddət keçmişdir. Yuxarıda göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs ona istinad edilən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1, 75.1.1 maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1 və 39.1.3-cü maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlb etmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 44.1 və 44.2.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, həmin Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə həmin maddə ilə ona cəza təyin edilməməli, Cinayət Məcəlləsinin 29, 178.2.4-cü maddəsi ilə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən isə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən halla yanaşı, həmçinin əməlində cəzasını ağırlaşdıran halların olmamasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.2.4 maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Daşkəsən şəhəri, 20 yanvar küçəsi, ev 2, mənzil 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Daşkəsən rayonunun ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs istifadə etdiyi X7-Yoldaşlıq Birliyinin 23.08.1988-ci il tarixli 11 nömrəli protokolu əsasında olan saxta çıxarışı, həmin çıxarışa əlavə edilmiş planı və 07.03.1994-cü il tarixli, 537 saylı saxta arayışı cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 265 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə tətbiq olunacaq əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 178.2.4-cü maddəsi ilə 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Daşkəsən şəhəri, 20 yanvar küçəsi, ev 2, mənzil 1 ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Daşkəsən rayonunun ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs istifadə etdiyi X7-Yoldaşlıq Birliyinin 23.08.1988-ci il tarixli 11 nömrəli protokolu əsasında olan saxta çıxarış, həmin çıxarışa əlavə edilmiş plan və 07.03.1994-cü il tarixli, 537 saylı saxta arayış cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 265 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-16/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-16/2021
13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver