Məhkəmə qərarları › İş №1(044)-163/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-163/2021

07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-163/2021 07.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 01 yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törətməsi ilə əlaqədar istintaq orqanı tərəfindən cinayət işi üzrə ittiham aktı tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilən ittiham aktı üzrə irəli sürülən ittihama əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 1 ədəd nömrəsi silinmiş, 1937-ci ildə Tula silah zavodunda istehsal olunmuş, 5.6 mm kalibrli, “TOZ-8” modelli, texniki cəhətdən saz və atəşə yararlı, odlu yivli silah hesab edilən təhlükəli ov-idman tüfəngini və 50 ədəd zavod üsulu isə istehsal olunmuş, 5.6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və “TOZ” modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, istifadə və atəş üçün yararlı, döyüş sursatı sayılan patronları əldə etməklə üzərində daşıyaraq saxlamışdır. Onun barəsində qanunsuz olaraq odlu silah saxlaması barədə Gəncə şəhər Nizami RPB-nə daxil olmuş məlumat əsasında 31 yanvar 2021-ci il tarixdə, saat 21:30 radələrində Gəncə şəhər Nizami RPB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən Heydər Əliyev parkının arxa girişində saxlanılaraq əlində olan çəhrayı parçaya bükülmüş əşya ilə birlikdə Gəncə şəhər Nizamı RPB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əlində olan çəhrayı parçanın içərisindən 1 ədəd nömrəsi silinmiş, 1937-ci ildə Tula istehsal zavodunda istehsal olunmuş, 5.6 mm kalibrli, “TOZ-8” modelli, texniki cəhətdən saz və atəşə yararlı, odlu yivli silah hesab edilən təhlükəli ov-idman tüfəngi və əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd ağ rəngli qutuda 50 ədəd zavod üsulu isə istehsal olunmuş, 5.6 mm kiçik kalibrli olmaqla, həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və “TOZ” modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, istifadə və atəş üçün yararlı, döyüş sursatı sayılan patronlar aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ilin yanvar ayının ortalarında o, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən 28 May küçəsinin yaxınlığında gəzərkən orada “dərə” kimi tanınan yerin yaxınlığında, heç bir hasarı olmayan yarımtikili vəziyyətdə olan evin qarşısındakı zibillikdə parçaya bükülü halda tüfəng qundağının görsəndiyini görmüşdür. O, həmin yerə yaxınlaşıb parçanı açıb baxdıqda içərisində 1 ədəd tüfəng və ağ qutuda ona aid patronların olduğunu aşkar etmişdir. O, həmin aşkar etdiyi tüfəngi və yanında olan patronları götürüb gələcəkdə ov etmək məqsədi ilə yaşadığı ünvan 2 ünvanına aparmış, evdə ağ qutuda olan patronları saymış, bu zaman ona 50 ədəd patron olduğu məlum olmuş, bundan sonra isə həmin tüfəng və patronlarını heç kimin, o cümlədən ailə üzvlərinin xəbəri olmadan yaşadığı evin həyətində gizlətmişdir. O, ilkin olaraq həmin tüfəngi götürən zaman tüfəngin sənədləri yerində olmadığı halda məsuliyyətə səbəb olduğunu bilməsə də, sonradan maraq üçün internetə daxil olmuş, silah barədə məlumat toplamış, bu zaman ona həmin silahın yivli silah olduğu, həmin silahı daşımaq üçün sənəd tələb olunduğunu öyrənmiş, bundan sonra həmin silahı və patronlarını atmaq qərarına gəlmişdir. 31.01.2021-ci il tarixdə, saat 21 radələrində o, həmin silahı çəhrayı rəngli parçaya bükmüş, silaha aid 50 ədəd patronu isə ağ qutusunda əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibinə qoyub yaşadığı evdən çıxmış, həmin silah və patronları Gəncə şəhər H.Əliyev adına parkın arxa hissəsində olan bir yerə atmaq üçün həmin yerin yaxınlığına gəlmişdir. O, Heydər Əliyev parkının arxa giriş hissəsində olan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb, xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirmiş və onu Nizami RPB-nə dəvət etmişlər. Bundan sonra o, həmin şəxslərlə birlikdə Nizami RPBnə gəlmişdir. Bölmədə ona hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyə şərait yaradılmış və o, ərizə ilə müraciət edərək hüquqlarını müdafiə etmək üçün dövlət hesabına vəkilin dəvət olunmasını xahiş etmiş, vəkil Müdafiəçi təyin olunaraq ona təqdim olunmuş və vəkilin iştirakı ilə ona hüquqlurı izah olunmuş, sonra isə üzərində şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ondan üzərində hər hansı qanunsuz əşyanın olub-olmadığı soruşulmuş və o, əlində olan çəhrayı rəngli parçaya bükülmüş halda 1 ədəd tüfəngi və əynində olan qara çəngli qış gödəkçəsinin sağ yan cibindən ağ qutuda olan 50 ədəd patronu təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin tüfəngə və patronlara baxış keçirilmiş, çəhrayı rəngli parçaya bükülərək qablaşdırılıb üzəri DİN-in 182 saylı möhürü ilə möhürlənib sənədləşmə aparılmışdır. Sonda o, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək, himayəsində 01 yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə almaqla, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri Nizami rayon Polis idarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, ona Gəncə şəhəri, Cavadxan küçəsi ev 44-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, 31.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərar çıxarılmışdır. 31.01.2021-ci tarixdə Təqsirləndirilən şəxs üzərində odlu silah olması və Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən Heydər Əliyev parkının arxa tərəfinə getməsi barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat əsasında Nizami RPB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən Heydər Əliyev parkının arxa tərəfinə getmişdir. Onlar həmin parkın arxa girişində olarkən Təqsirləndirilən şəxs həmin yerdə əlində parçaya bükülü halda daşıdığı əşya ilə birlikdə hərəkət etdiyini görmüşlər. Həmin vaxt onlar sonuncuya yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib, sonuncunu Nizami RPB-nə dəvət edərək əlindəki əşya ilə birlikdə polis bölməsinə gətirmişlər. Bölmədə Təqsirləndirilən şəxs müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil Müdafiəçi sonuncunun müdafiəçisi kimi iştirakı təmin edilmiş, bundan sonra Azər Məmədovun üzərində şəxsi axtarış keçirilmişdir. Həmin vaxt sonuncudan üzərində hər hansı qanunsuz əşyanın olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs həmin vaxt əlində çəhrayı rəngli parçaya bükülmüş halda olan əşyanı və əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən ağ qutunu çıxardaraq təqdim etmişdir. Həmin parçanın içərisinə və kiçik ölçülü ağ qutuya baxış keçirilmiş, parçanın içərisindən bir ədəd tüfəng, qutunun içərisindən isə 50 ədəd patron aşkar edilmişdir. Daha sonra həmin tüfəng və patronlar çəhrayı rəngli parçaya bükülərək qablaşdırılıb üzəri DİN-in 182 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş silah və ona aid patronları saxlanılmazdan 15-20 gün əvvəl Yeni Gəncə qəsəbəsindən tapdığını, həmin silah və patronlardan istifadə etmədiyini, həmin silah və patronları atmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə gətirildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə Şəhəri Baş Polis İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərdi ki, Gəncə şəhəri, Cavadxan küçəsi ev 44-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi və saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 31.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərar çıxarılmışdır. 31.01.2021-ci tarixdə Təqsirləndirilən şəxs üzərində odlu silah olması və Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən Heydər Əliyev parkının arxa tərəfinə getməsi barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat əsasında saat 21 radələrində o, Nizami RPİ-nin baş əməliyyat müvəkkili Şahid1lə birlikdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən Heydər Əliyev parkının arxa tərəfinə getmişdir. Onlar həmin parkın arxa girişində olarkən Təqsirləndirilən şəxs həmin yerdə əlində parçaya bükülü halda daşıdığı əşya ilə birlikdə hərəkət etdiyini görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmiş və xidməti vəsiqələrini göstərdikdən sonra Təqsirləndirilən şəxs barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib, sonuncunu Nizami RPB-nə gətirmişlər. Bölmədə Təqsirləndirilən şəxs hüquqları izah edilmiş və müdafiəçisi kimi iştirakı ilə sonuncunun üzərində şəxsi axtarış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmadığı soruşulmuş, sonuncu əlində çəhrayı rəngli parçaya bükülmüş halda olan əşyanı və əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən ağ qutunu çıxardaraq təqdim etmişdir. Həmin parçanın içərisinə və kiçik ölçülü ağ qutuya baxış keçirilərkən parçanın içərisindən bir ədəd tüfəng, qutunun içərisindən isə 50 ədəd patron aşkar edilmişdir. Daha sonra həmin tüfəng və patronlar çəhrayı rəngli parçaya bükülərək qablaşdırılıb üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş silah və ona aid patronları 15-20 gün əvvəl Yeni Gəncə qəsəbəsindən tapdığını, həmin silah və patronlardan istifadə etmədiyini, həmin silah və patronları atmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə gətirildiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Gəncə şəhəri Nizami RPİ-nin təhqiqatçısı X3 tərtib etdiyi 31.01.2021-ci il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, polis əməkdaşları Şahid1, Şahid2 və X2, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan çəhrayı rəngli parça bükülünün içərisindən 1 ədəd üzərində olan seriya nömrələri silinmiş, qundağı taxtadan, qundağının arxa hissəsi və əsas gövdə hissəsi metaldan ibarət olan, “Toz-8” markalı, kiçik kalibrli odlu silaha bənzər silah və əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən 1 ədəd ağ rəngli kağız qutunun içərisində olan 50 ədəd kiçik kalibrli güllə aşkar edilərək götürülmüşdür. Həmin silah və güllələr qablaşdırılaraq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş silah və güllələri 20 gün əvvəl Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində zibillikdən tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 01.02.2021-ci tarixli, 21/86R saylı ekspert rəyindən aşağıda qeyd edilənlər müəyyən edilir: - Tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah Tula silah zavodunda 1937-ci ildə istehal olunmuş, 5,6 mm kalibrli, TOZ-8 modelli, təhlükəli ov-idman tüfəngidir, yivli silahdır, texniki cəhətdən sazdır, atəşə yararlıdır. Həmin silah quş və xırda heyvanlar ovlamaq üçün nəzərdə tutulmuşdur. Silahın hissə-mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. - Tədqiqata təqdim edilmiş 50 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuşdur, döyüş sursatı sayılır, istifadə və atəş üçün yararlıdır. - Eksperimental atəş zamanı əldə olunmuş gilizlər DİN-nin KTİ-də yerləşən “gülləgiliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş gilizlərlə müqayisəli tədqiqat aparıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Qeyd. Təqdim edilmiş 50 ədəd patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Cinayət işinin materiallarında olan 31.01.2021-ci il tarixli “Şübhəli şəxsi tutma protokolu”ndan və 02.02.2021-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 31.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02.02.2021ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə saxlanıldığı Gəncə şəhəri BPİ-nin MSY-dən azad edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün tam etirafı, şahidlərin məhkəmədə verdiyi ifadələri, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinin materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanserin 04.04.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan Gəncə şəhər Narkoloji Dispanserin 20.04.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib əməlindən səmimi peşmançılıq çəkməsini və himayəsində 01 yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların isə olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də işin faktiki hallarını nəzərə alaraq, məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanlarının hələ tükənmədiyi qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın–azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 21:00-dan saat 08:00-dək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs 31.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02.02.2021-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 3 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. İş üzrə maddi sübutlar: Gəncə şəhəri BPİ-nin saxlama anbarına təhvil verilmiş bir ədəd 5,6 mm kalibirli, nömrəsi silinmiş “TOZ-8” modelli ov tüfəngi, 47 ədəd 5,6 mm kiçik kalibrli patronlar Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilməli, təqsirləndirilən şəxsin üzərinə baxış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən müdafiəçi X1 məhkum Təqsirləndirilən şəxs məhkəmədə 13 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 78 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 03 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 06 gün çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 21:00-dan 08:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: Gəncə şəhəri BPİ-nin saxlama anbarına təhvil verilmiş bir ədəd 5,6 mm kalibirli, nömrəsi silinmiş “TOZ-8” modelli ov tüfəngi, 47 ədəd 5,6 mm kiçik kalibrli patronlar Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilsin, təqsirləndirilən şəxsin üzərinə baxış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 78 (yetmiş səkkiz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar