Məhkəmə qərarları › İş №1(044)-164/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-164/2021

20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-164/2021 20.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1957-ci il tarixdə Xanlar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, ev 42də qeydiyyatda olmaqla, ünvan 1-da yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 07.01.2021-ci il tarixdə, saat 22 radələrində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində tanışı Zərərçəkmiş şəxs ilə yemək yeyib, spirtli içki qəbul edib sərxoş olduqdan sonra sonuncu ondan doğum haqqında şəhadətnaməsini istəmiş, bu vaxt hər ikisi sərxoş olduqlarından aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu söyüb təhqir etdiyi üçün evin həyətinə çıxıb taxta parçası götürüb evə qayıtmış, Zərərçəkmiş şəxs başından və bədəninin müxtəlif yerlərindən həmin taxta parçası ilə bir neçə dəfə qəsdən vuraraq sonuncuya təpə və sol dirsək nahiyələrinin əzilmiş-cırılmış yaraları ilə nəticələnən, qəsdən dağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs xeyli müddətdir ki, tanıyır, Arzununun daimi yaşayış yeri olmadığından çox vaxt onun evində gecələmiş, təmizlik işləri aparmışdır. 07.01.2021-ci il tarixdə saat təxminən 22 radələrində Arzu onun evinə gəlmiş, o, tək yaşadığı üçün evdə başqa şəxs olmamışdır. Arzu özü ilə çaxır gətirmiş, o, isə aptekdən içmək üçün spirt almışdır. Bir qədər keçəndən sonra o, aldığı spirti Arzu isə çaxırı içmiş, onlar bir az yemək yemişlər. O və Arzu sərxoş olmuş, Arzunun sənədləri onun evində olduğundan Arzu, ondan öz doğum haqqında şəhadətnaməsini istəmiş, o, da Arzuya sənədlərin yerini bilmədiyi demişdir. Arzu bu vaxt əsəbləşmiş və onu bir neçə dəfə təhqir etmiş, aralarında qonaq otağında mübahisə yaranmışdır. O, evin həyətinə çıxıb taxta parçası götürüb evə qayıtmış və Arzunun başından bir zərbə vurmuş, sonuncunun başından qan gəlmişdir. Arzu da əsəbləşdiyi üçün masanın üzərindən götürdüyü mətbəx bıçağı ilə onun kürəyindən bir dəfə zərbə vurmuş və həmin vaxt onun belindən qan gəlmişdir. Daha sonra Arzu küçəyə qaçmış, sonuncu isə evdə qalmışdır. Təxminən 10-15 dəqiqə sonra polis əməkdaşları onun yaşadığı evə gəlmiş, polis əməkdaşları ondan nə baş verdiyini soruşduqda o, polis əməkdaşlarına Arzu ilə mübahisə etdiyini, Arzunu taxta parçası ilə vurduğunu, Arzunun isə onu bıçaqla kürəyindən xəsarət yetirdiyini bildirmişdir. Həmin vaxt polis əməkdaşları onları Nizami rayon Polis İdarəsinə, daha sonra isə tibbi yardım göstərilməsi üçün Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına aparmışlar. Orada ona və Arzuya tibbi yardım göstərilmiş və daha sonra onlar buraxılmışdır. Hadisə onun yaşadığı evdə baş vermiş, hadisə zamanı evdə onlardan başqa heç kim olmamış, ətrafdan heç kim hadisəni eşidərək evə gəlməmişdir. Hazırda o, zərərçəkmişə dəymiş maddi və mənəvi zinayını ödəmiş və onunla barışmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, onun daimi yaşayış yeri olmadığı üçün Faiqin evində gecələmişdir. 07.01.2021-ci il tarixdə, saat təxminən 22 radələrində o, Faiqin evinə gələrkən 0,7 litr çaxır gətirmiş, Faiqlə birgə yemək yemişdir. Faiq özü aldığı spirti, o isə gətirdiyi çaxırı içmiş, onlar birgə yeyib-içdikdən sonra sərxoş olmuşlar. Onun sənədləri Faiqdə olduğu üçün sonuncudan özünə məxsus doğum haqqında şəhadətnaməsini istəmiş, təxminən gecə saat 02 radələrində onlar biraz söhbət etmiş, söhbət əsnasında qonaq otağında onların arasında mübahisə yaranmış və həmin vaxt Faiq onu söymüşdür. Daha sonra Faiq evin həyətinə çıxmış, oradan taxta parçası gətirərək, onun başından vurmuş, zərbənin nəticəsində onun başından qan gəlmişdir. Faiq onu vurduğu üçün o, əsəbləşib mətbəxdə masanın üzərində olan bıçağı götürüb Faiqin kürəyindən vurmuş, sonra bıçağı yenə masanın üzərinə qoymuşdur. O, Faiqdən qorxduğu üçün Faiqin onu vurduğu taxta parçasını götürüb küçəyə çıxaraq “Maxi” marketə tərəf qaçmış, sərxoş olduğuna görə həmin taxta parçasını xatırlamadığı yerə atmışdır. Daha sonra polis əməkdaşları onu görmüş və başından qan gəldiyi üçün onu sorğu-suala tutmuşlar. O, da polis əməkdaşlarına onu Faiqin taxta parçası ilə vurduğunu, onun da Faiqi bıçaqla kürəyindən vuraraq xəsarət yetirdiyini demişdir. Daha sonra o, Faiqin evini göstərmiş, polis əməkdaşları ilə birlikdə Faiqin yaşadığı evin yerləşdiyi küçəyə gəlmişlər. Orada Faiqin də evin qarşısında dayandığını və onun kürəyində qan ləkələri olduğunu görmüşlər. Daha sonra polis əməkdaşları onları Nizami RPİ-yə gətirmiş, xəsarətləri olduğu üçün onları TTTX-na aparmışlar və onun təpə mahiyəsində cərrahi tikişlər qoyulmuşdur. Hadisə zamanı evdə ondan və Faiqdən başqa heç kim olmamış, ətrafdan heç kim hadisəni eşidərək evə gəlməmişdir. Hazırda o, təqsirləndirilən şəxslə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Gəncə şəhər MTE və PA şöbəsinin 21.01.2020-ci il tarixli, 36 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət-sol kürək nahiyəsinin daxilə keçməyən deşilmişyarası deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 07.01.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 19 fevral 2021-ci il tarixli 16/160/161 saylı rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu batıçı xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklər edilməmişdir. Təqdim olunan uzunqol köynəyin səthində olan 02 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (0, cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya dğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş uzunqol köynəyin üzərindəki zədələrdə zədə yaradan predmentə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya EET Birliyinin 08.01.2021-ci tarixli 36 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş paltarın səthində olan zədələr müqayisə edilmiş və müəyyən olmuşdur ki, bədəndə yerləşən sol külək nahiyyəsinidaxilə keçməyən deşilmiş yarası xəsarəti ilə köynəyin səthində olan 02 ədəd zədə yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yeni zədə və xəsarət üst-üstə düşür. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona görə də onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə sorğusuna cavab olaraq Gəncə şəhər Baş Polis İdarəsi Nizami Rayon Polis İdarəsinin 20.100.2021-ci il tarixli № 121-34579-1221 saylı məktubundan görünür ki, vətəndaş xx.xx.1957-ci il tarixdə Xanlar rayonunda anadan olmuş, ünvan 2 ünvanda qeydiyyatda olan vətəndaş Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin 27.12.1982-ci il tarixli CM-nin (köhnə redaksiya) 143 ч. 2 maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum edilmiş, 24.12.1985-ci il tarixli Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin (köhnə redaksiya) спйь.се.50-2-ci maddəsinə əsasən 1 il 1 ay 11 gün vaxtından əvvəl azadlığa buraxılmış və hal-hazırda barəsində Gəncə şəhər Nizami Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 1(044)- 164/2021 nömrəli cinayət işinə baxılır. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, dəymiş ziyan ödənilmişdir. Buna görə də, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, onun işlədiyi vəkil bürosunun hesabına 60 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübutların: Gəncə şəhər BPİ-də saxlanılan 1 ədəd bıçağın və 1 ədəd köynəyin Zərərçəkmiş şəxs təqsirli bilindiyi 1(044)-173/2021 saylı cinayət işi üzrə də maddi sübut kimi tanınmaları nəzərə alınmalıdır. Həmçinin iş üzrə ekspertiza xərci olan 63 manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs təqsirli bilindiyi 1(044)-173/2021 saylı cinayət işi üzrə də məhkəmə xərcinə aid edilməsi nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddiа yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar