Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-165/2021 16.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1990-cı ildə Samux rayonu, Alabaşlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,264 qram narkotik vasitə olan heroin və təmiz çəkisi 0,656 qram psixotrop maddə olan metamfetamini satış məqəsdi olmadan əldə edib üzərində saxlamaqla daşımış və 20.02.2021-ci il tarixdə saat 16 radələrində Gəncə şəhər Nizami rayon Polis Bölməsinin əməkdaşlarının keçirmiş olduğu əməliyyat tədbirləri nəticəsində o, Gəncə şəhəri H.Əliyev prospektində yerləşən “Maxi”marketin qarşısında saxlanılaraq Gəncə şəhəri Nizami rayon polis böməsinə gətirilmiş və həmin polis bölməsində onun üzərinə baxış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən “Kent” markalı siqaret qutusunun içərisində qanunsuz olaraq, satış məqəsədi olmadan əldə edib saxlamış olduğu, təmiz çəkisi 0,264 qram narkotik vasitə olan heroin və təmiz çəkisi 0,656 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu CM-nin 234.1-ci maddəsi ilə tam təqsirli bilərək ifadəsində bildirdi ki, arabir öz aralarında “şüşə” kimi tanınan psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroini yandırıb tüstü yolu ilə qəbul edir. Tutulmamışdan təxminən 2-3 gün əvvəl yaşadığı evin yaxınlığında özünə məxsus avtomobili təmir edərkən yerdə iki ədəd bükülü olduğunu görmüş, həmin bükülü onun diqqətini cəlb etmiş və o, həmin bükülüləri götürmüş, bükülüləri açanda birinin içərisində toz halında narkotik vasitə olan heroin, digərinin içərisində isə kristal halında metamfetamin olduğunu görmüşdür. O, özü narkotik istifadə etdiyi üçün fikirləşmişdir ki, həmin bükümləri götürüb üzərində saxlayıb istifadə edər, bunun üçün də həmin bükümləri götürüb çəkdiyi siqaret qutusunun içinə atıb üzərində saxlamışdır. 20 fevral 2021-ci il tarixdə o, Gəncə şəhər H.Əliyev prospektində olarkən bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini Gəncə şəhər Nizamı RPB-nin əməkdaşları kimi təqdim etmiş və onun üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyib onu polis bölməsinə dəvət etmişlər. O, da polis əməkdaşlarının təklifi ilə Nizamı RPB-yə getmiş,orada iş otaqlarından birində onun üzərinə baxış keçirəcəklərini və vəkil tutmaq hüququ olduğu izah edilmişdir. Ona vəkillərin siyahısı təqdim edilmiş və o, hər hansı bir vəkilin dövlət hesabına hüquqularını müdafiə etməsi üçün dəvət etmələrini xahiş etmiş,bir neçə dəqiqədən sonra vəkil Müdafiəçi polis bölməsinə gəlmiş, ona təqdim edilmiş və o, həmin vəkilə etirazı olmadığını bildirmişdir. Bundan sonra onun üzərinə baxış keçiriciləcəyi bildirilmiş və vəkil Müdafiəçi, polis əməkdaşlarının iştirakı ilə onun üzərinə video görüntü ilə baxış keçirilmişdir. Onun üzərinə baxış zamanı, yerdən tapmış olduğu və şalvarının sağ yan cibində olan “Kent” markalı siqaret qutusunun içərisində saxladığı narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Heroin olan bükülü elekton tərəziyə kağız bükümlə birlikdə 0,41 qram, metamfetamin olan bükülü isə kağız bükümlə birlikdə 0,81 qram olmuşdur. Bundan sonra həmin bükümlər zərfə qoyularaq qablaşdırılmış və protokol tərtib edilmişdir. O və digər iştirakçılar zərfə və protokola öz imzalarını çəkmişlər. Sonda o, törətdiyi əməldən peşmançılıq çəkdiyini, bir daha belə əmələ yol verməyəcəyini bildirib, himayəsində 2 azyaşlı uşağı olduğunu və ailədə yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər Nizami RPB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hansı bir münasibəti olmamışdır. 20 fevral 2021-ci il tarixdə Gəncə şəhəri, Z.Hacıyev küçəsi ev 289, mənzil 13-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkoik vasitə qəbul etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, bundan sonra bölmənin digər əməkdaşı Şahid2 iştirakı ilə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 20 fevral 2021-ci il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Maxı” marketin yanında olmasını müəyyən edib həmin yerə getmiş və Təqsirləndirilən şəxs həmin ərazidə olduğunu görmüşlər. O və Şahid2 mülki geyimdə Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələri təqdim etmiş, qəbul olunmuş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla Təqsirləndirilən şəxs tanış etmiş və üzərində narkotik vasitə olub-olmadığını soruşanda Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin və psixotrop maddə olan metanfetamin olduğunu bildirmişdir. Bundan sonra üzərinə baxış keçirtmək məqsədi ilə Təqsirləndirilən şəxs Gəncə şəhər, Nizami RPİ-yə gətirmişlər. Təqsirləndirilən şəxs üzərinə baxış keçirtməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Müdafiəçi Polis idarəsinə dəvət edib Təqsirləndirilən şəxs təqdim etmiş və təqdim olunmuş müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən “Kent” markalı siqaret qutusunun içərisində siqaret falqasına bükülmüş iki ədəd bükülü aşkar edilmişdir. Bükümlərdən biri açıldıqda içərisində toz halında spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə kağız bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0,41 qram olmuşdur. Digər bükülü açıldıqda içərisində kristal halında psixotrop maddə olan metanfetaminə bənzər kütlə aşkar edilmiş, elektron tərəzidə çəkilərkən çəkisi 0,81 qram olmuşdur. Təqsirləndirilən şəxs həmin bükülüləri evinin yanında yerdən tapdığını bildirmişdir. Həmin bükülülər zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər Nizami RPB-nin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş: - 20.02.2021-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan, 22.02.2021-ci il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 20.02.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, 22.02.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - 20.02.2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan məlum olur ki, Gəncə şəhər Nizami rayon Polis İdarəsinin təhqiqatçısı X3, Gəncə şəhər Nizami rayon Polis bölməsinin əməkdaşları X6 və Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, üzərinə şəxsi axtarış keçirən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən “Kent” markalı siqaret qutusunun içərisində siqaret falqasına bükülmüş iki ədəd büküm aşkar olunmuş,bükümün biri açıldıqda içərisində toz halında, qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə olan “heroin”ə oxşar kütlə aşkar olunaraq götürülmüş,həmin kütlə müdafiəçinin və baxış iştirakçılarının iştirakı ilə elektron tərzidə çəkilmiş və büküldüyü kağızla ümumi çəkisi 0,41 qram gəlmişdir. Bükümün digəri açıldıqda içərisində kristal halında, spesifik iyə malik olan psixotrop maddə olan “metamfetamin”ə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Həmin kütlə müdafiəçinin və baxış iştirakçılarının iştirakı ilə elektron tərzidə çəkilmiş və büküldüyü kağızla ümumi çəkisi 0,81 qram gəlmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsindən verilmiş 21.02.2021-ci il tarixli, 16/168 nömrəli rəydən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli Təqsirləndirilən şəxs üzərindən götürülmüş heroinə oxşar kütlə.” sözləri və imzalar olan kağız paketdəki, 1(bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,264 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli Təqsirləndirilən şəxs üzərindən götürülmüş metamfetaminə oxşar kütlə.” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,656 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Metamfetamin 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. (Metamfetaminin təmiz çəkisi – 0.656 qr., tədqiqata sərf edildi – 0.05qr., qalıq – 0.606 qr.; heroinin təmiz çəkisi – 0,264 qr., tədqiqata sərf edildi – 05 qr., qalıq – 0,214 qr.). Ekspertiza tədqiqatının dəyəri 32,40 manat təşkil edir. - məhkəmə-narkoloji ekspertizasının 17.04.2021-ci il tarixli, 395 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan metamfetamindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. - Gəncə şəhər Psixonevroloji Dispanserin 08.02.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 13.04.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. - şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 30.04.2014-cü il təvəllüdlü Vüsal və 29.10.2015-ci il təvəllüdlü Gülnaz adlı 2 azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram, İİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 2 azyaşlı uşağı olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların isə olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də işin faktiki hallarını nəzərə alaraq, məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanlarının hələ tükənmədiyi qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın–azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:00-dan saat 08:00-dək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs 20.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22.02.2021-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 3 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda alınmalıdır. İş üzrə maddi sübutlar: Gəncə Şəhər Baş Polis İdarəsində saxlanılan psixotrop maddənin ekspertizadan sonrakı qalığı – 0.606 qram çəkidə olan metamfetamin və narkotik vasitənin ekspertizadan sonrakı qalığı – 0.214 qram çəkidə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə baxış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci–ekspertiza tədqiqatının dəyəri olan cəmi 32,40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən müdafiəçi X1 məhkum Təqsirləndirilən şəxs məhkəmədə 8 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 48 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 03 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 06 gün çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 08:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan psixotrop maddə ekspertizadan sonrakı qalığı – 0.606 qram çəkidə olan metamfetamin və narkotik vasitənin ekspertizadan sonrakı qalığı – 0.214 qram çəkidə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə baxış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 48 (qırx səkkiz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-165/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-165/2021
16.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver