Məhkəmə qərarları › İş №1(044)-167/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-167/2021

08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-167/2021 08.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Daşkəsən rayonu, Qabaqtəpə kəndində qeydiyyatda olmaqla ünvan 3-də yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbəədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0.165 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və 07.02.2021ci il tarixdə, saat 19 radələrində Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən Nizami RPİ-nin inzibati binasının yaxınlığında xırda xuliqanlıq edərək əvvəlcədən müəyyən edilmiş cədvəl əsasında həmin prospektdə piyada xidmət aparan Nizami RPİ-nin PPX-nin polis nəfərləri: polis serjantı Şahid2 və polis serjantı X3 onu nizam-intizama dəvət etməklə bağlı qanuni tələblərinə tabe olmadığına görə saxlanılaraq aidiyyəti üzrə Nizami RPİ-nin Növbətçi Hissəsinə təhvil verildikdə üzərində narkotik vasitə saxladığını bildirdiyi üçün şübhəli şəxs qismində tutularaq Nizami RPİ-nin inzibati binasında üzərində şəxsi axtarış keçirilərkən əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibindən 1 ədəd siqaret kağızına bükülü şəkildə, təmiz çəkisi 0.165 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, “Kakos” kimi tanıdığı narkotik vasitə olan heroindən az bir müddətdir ki, iyləməklə isifadə edir. 07.02.2021-ci il tarixdə, səhər saatlarında Gəncə şəhəri, Nizami prospekti ilə Şeyx Bahəddin küçəsinin kəsişməsində yerləşən keçmiş “Kolxoz bazarı” adlanan yerdə piyada gedərkən yerdən bükülü halda siqaretin falqa kağızı görüb maraqlı gəldiyi üçün yerdən götürmüş, həmin bükümü açdıqda içərisində toz halında “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu görmüş, əvvəllər də həmin narkotik vasitədən istifadə etdiyinə görə həmin kütlənin nə olduğunu anlamış, yerdən tapdığı həmin narkotik vasitəni istifadə etmək məqsədi ilə əynində olan gödəkçənin cibinə qoymuş və yoluna davam etmişdir. Həmin gün saat 19 radələrində H.Əliyev prospektində yerləşən Gəncə şəhər Nizami rayon Polis İdarəsinin qarşısında olarkən mobil telefonla danışanda əsəbləşdiyi üçün bir qədər uca səslə nalayiq sözlər işlətməyə başlamış, həmin vaxt tanımadığı polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu söyüş söyməməyə, nizam intizamlı olmağa dəvət etmişlər. O, isə əsəbi olduğuna görə polis əməkdaşları ilə sərt formada danışmışdır. Bundan sonra polis əməkdaşları onu Nizami RPİ-yə dəvət etmiş və növbətçi hissəyə təhvil vermişlər. Orada üzərində qanunsuz hər hansı bir əşya, eləcə də narkotik vasitə olubolmadığını soruşulanda o, qorxub düzünü demək qərarına gəlmiş və üzərində narkotik vasitə olan “kakos”, yəni heroin olduğunu bildirmişdir. Bundan sonra onu yuxarı mərtəbədə olan otağa aparmışlar, orada ona müdafiəçi dəvət olunmuş və bir qədər sonra müdafiəçi gəlmiş, müdafiəçi onunla təklikdə söhbət etmişdir. Bir qədər sonra isə üzərində videoçəkilişlə və müdafiəçisinin iştirakı ilə axtarış aparılmış, axtarış zamanı yerdən tapıb cibinə qoyduğu narkotik vasitə aşkar olunaraq götürülmüş və elektron tərəzidə çəkilmişdir. Sorğu-sual zamanı isə o, həmin kütlənin narkotik vasitə olan heroin olduğunu, özünə məxsus olduğunu və yerdə tapdığını, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin kütlə bükümlə birlikdə qablaşdırılaraq möhürlənmiş və imzalanaraq təsdiq olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, 07.02.2021-ci il tarixdə, saat 19 radələrində Nizami RPİ-nin PPX-nin polis nəfəri X4 ilə birlikdə əvvəlcədən müəyyən edilmiş cədvəl əsasında Gəncə şəhəri, H.Əliyev prospekti ilə piyada xidmət apararkən həmin prospektdə yerləşən Gəncə şəhər Nizami RPİ-nin inzibati binasının yaxınlığında bir nəfər şəxsin uca səslə nalayiq sözlər işlətdiyini görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsi nizam-intizama dəvət etmişlər. Həmin şəxs isə onların qanuni tələblərinə tabe olmayaraq onlarla sərt formada danışıb yenə ucadan söyüş söyməyə davam etdiyinə görə onlar həmin şəxsi yaxınlıqda olan Nizami RPİ-nin inzibati binasına dəvət edib orada növbətçi hissəyə təhvil vermiş və bu barədə raport yazmışlar. Həmin vaxt adının Təqsirləndirilən şəxs olduğunu sonradan məlum olan həmin şəxs verilən suallara cavab olaraq növbətçi hissədə üzərində narkotik vasitə olduğunu bildirmişdir. Ona görə də Nizami RPİ-nin məsul növbətçisi, polis mayoru Şahid1 tərəfindən raport yazılmış və Təqsirləndirilən şəxs Təhqiqat Bölməsinə təhvil verilmiş, bir qədər sonra isə müdafiəçinin, onların və Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkiliş aparılmaqla sonuncunun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs edilən təklifə əsasən əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibindən bir ədəd siqaret falqasına bükülü halda narkotik vasitə olan heroinə bənzər kütlə çıxarıb təqdim etmiş və onu yerdən tapdığını bildirmişdir. Bundan sonra narkotik vasitə olan heroinə bənzər həmin kütlə qablaşdırılaraq möhürlənmiş və zərfin üzəri imzalarla təsdiq olunmuşdur. Bundan sonra isə bu barədə müvafiq protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə verdi. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş şahid – Şahid1 ifadəsində bildirdi ki, 2000-ci ildən X6, 2020-ci ildən Gəncə şəhər Nizami RPİ-nin məsul növbətçisi vəzifəsində xidmət edir, polis mayoru xüsusi rütbəsini daşıyır. 07.02.2021-ci il tarixdə, saat 19 radələrində Nizami RPİ-nin məsul növbətçisi kimi növbədə olarkən Nizami PPX-nin polis nəfəri Şahid2 və Şahid3 bir nəfər 20-22 yaşlarında gənc oğlanı özləri ilə birlikdə Nizami RPİ-nin inzibati binasına gətirib ona təhvil vermişlər və həmin şəxsin xırda xuliqanlıq edərək polisin qanuni tələbinə tabe olmadığını bildirərək bu barədə raport yazmışlar. Həmin vaxt o, adının Təqsirləndirilən şəxs olmasını müəyyənləşdirib həmin şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı predmet, o cümlədən silah, narkotik vasitə olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs isə üzərində “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin olmasını bildirmişdir. Ona görə o dərhal həmin şəxs barədə raport yazıb Təqsirləndirilən şəxs Nizami RPİ-nin TB-yə təhvil vermişdir. Bir qədər sonra isə müdafiəçinin, onların və Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkiliş aparılmaqla sonuncunun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs edilən təklifə əsasən əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibindən bir ədəd siqaret falqasına bükülü halda narkotik vasitə olan heroinə bənzər kütlə çıxarıb təqdim etmiş və onu yerdən tapdığını bildirmişdir. Bundan sonra narkotik vasitə olan heroinə bənzər həmin kütlə qablaşdırılaraq möhürlənmiş və zərfin üzəri imzalarla təsdiq olunmuşdur. Bundan sonra isə bu barədə müvafiq protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 07.02.2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkcənin sol yan cibindən siqaret falqasına bükülmüş bir ədəd büküm aşkar edilmişdir. Büküm açıldıqda içərisində toz halında, qəhvəyi rəngli, spesfik iyə malik olan narkotik vasitə olan “heroin”ə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Kütlə elektron tərəzidə çəkilmiş və büküldüyü kağızla birlikdə ümumi çəkisi 0,34 qram gəlmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 08.02.2021-ci il tarixli, 16/121 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən götürülmüş 0.34 qram çəkidə olan narkotik vasitəyə oxşar kütlə..” sözlər və imzalar olan kağız paketdəki, bir ədəd gümüşü rəngli kağız parçası bükümündə təmiz çəkisi 0.165 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (heroinin ümumi təmiz çəkisi -0.165 qr., tədqiqata sərf edildi-0.01 qram, qalıq 0.155 qram). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 12.02.2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasının qeydə alınmış videogörüntüsü olan bir ədəd DVD diskə baxış keçirilən zaman, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş və əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibindən siqaret qutusunun falqa kağızında bir ədəd büküm qəhvəyi rəngli, toz şəklində, kəskin spesifik qoxuya malik olan narkotik vasitə heroinə bənzər kütlə olması və elektron tərəzidə çəkilən zaman 0.34 qram təşkil etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 15.02.2021-ci il tarixli 862 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 17.02.2021-ci il tarixli 720 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 20.04.2021-ci il tarixli, 412 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 18.02.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 20.04.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və məhkəmə-kimyəvi ekspertizasının 08.02.2021-ci il tarixli tədqiqatından qalıq qalmış 0,155 qram narkotik vasitə olan “heroin”in iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınması və saxlanılması üçün Gəncə şəhər BPİ-nə xüsusi ayrılmış saxlanca verilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 36 saylı Evlər Üçlüyü tərəfindən verilmiş 14.04.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayır. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Evlər Üçlüyü tərəfindən verilmiş xaisyyətnamədən görünür ki, 2006-2017-ci illərdə Gəncə şəhər İ.Qayıbov adına tam orta məktəbini bitirmiş, həmin müddət ərzində məktəb rəhbərliyi tərəfindən heç bir cəza və töhmət almamışdır. 2018-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış və 2019-cu ilin oktyabr ayında hərbi xidmətini başa vurmuşdur. ünvan 3 ünvanında yaşadığı müddət ərzində qonşular arasında dərin hörmət qazanmış, özünü nizam-intizamlı aparmış, özündən böyüklərin köməyinə çatmışdır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək, əməlindən səmimi peşman olmasını, onun ilk dəfə məsuliyyətə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, əməlindən səmimi peşman olmasını, onun ilk dəfə məsuliyyətə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 07.02.2021-ci il tarixli şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 09.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə iltiizam” qətimkan tədbiri seçilərək o, saxlandığı Gəncə şəhəri BPİ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 07.02.2021-ci il tarixdən 09.02.2021-ci il tarixədək, 3 (üç) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 07.02.2021-ci il tarixdən 09.02.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır, maddi sübut qismində tanınaraq Gəncə şəhər BPİ-nə xüsusi ayrılmış saxlancda saxlanılan məhkəmə-kimyəvi ekspertizasının 08.02.2021-ci il tarixli tədqiqatından qalıq qalmış 0,155 qram narkotik vasitə olan “heroin” məhv olunmalı, maddi sübut olan bir ədəd CD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07.02.2021-ci il tarixdən 09.02.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 6 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,155 qram narkotik vasitə olan “heroin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar