Məhkəmə qərarları › İş №1(044)-17/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-17/2021

28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-17/2021 28.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və qanuni nümayəndəsi X1 iştirakları ilə xx.xx.2003-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Gəncə şəhəri, H.Əliyev prospekti, 475-də qeydiyyatda olan, Gəncə şəhəri, M.Gəncəvi qəsəbəsində yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, X6 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 12 dekabr 2017-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Gəncə şəhəri, H.Əliyev prospekti 157a ünvanında yerləşən “Beko” adlanan kompyuter avadanlıqlarının satıldığı mağazadan sonuncunun əmlakını gizli olaraq talamaq barədə razılığa gələrək o, yaxınlıqda olan qəzet köşkünün arxasında dayanaraq gözətçilik etmiş, Əlisahib Bədəlov isə özü ilə gətirdiyi vintaçanla mağazanın qapısına fiziki təsir göstərib açmaqla mağazaya qanunsuz daxil olub, Zərərçəkmiş şəxs mağazada masanın siyirməsinin altında olan dolabdakı 2512 manat və 900 manat 54 qəpik dəyərində 450 avro pulunu, ümumilikdə 3412 manat 54 qəpik məbləğində pulunu gizli olaraq talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, ekspertiza rəyi, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, hazırda heç bir yerdə işləmir. “Baba” ləqəbli Əlisahibi şəhərdə dilənçi kimi tanımışdır. X5 vasitəsilə tanımışdır. 12 dekabr 2017-ci il tarixdə saat təxminən 23 radələrində Əlisahib ilə “Dəmir yol vağzalı” yaxınlığında görüşmüş və birlikdə şəhərdə gəzərək “Şah Abbas” Məscidinin yaxınlığına gəlmişlər. Orada Qorxmaz, Türkan və Tünzalə ilə görüşmüşlər. Birlikdə yaxınlıqda olan çayxanada oturub çay içmiş, sonra məscidin qarşısında olan parka gəlmişlər. Həmin vaxtı Əlisahib onu kənara çəkmiş və “gəl mənimlə gedək yaxınlıqda kompüter mağazasına, mağazaya girib oğurluq edəcəm, sən də küçədə dayanıb gözətçilik edərsən” demişdir. O, həmçinin oğurladığı puldan verəcəyini də demişdir. Əlisahibin təklifi ilə razılaşmış və birlikdə Gəncə Dövlət Universitetinin yanında olan binanın alt hissəsində yerləşən “Beko” kompüter mağazasının yaxınlığına gəlmişlər. Orada yerləşən qəzet satılan köşkün yanında dayanıb ətrafa nəzər yetirmişdir. Əlisahib isə mağazaya yaxınlaşıb özündə olan vintaçanı qapının arasına, kilid hissəsinə salıb qapıya təzyiq göstərib qapını açıb içəri daxil olmuşdur. Əlisahib mağazanın içərisində olan zaman, uzaqdan iki nəfər şəxslərin gəldiyini görmüşdür. Əlisahibə mağazanın qapısının arasından “hələ çıxma, gələn var, onlar getsin çıxarsan” demişdir. Özü də oradan qaçıb qəzet köşkünün arxasında gizlənmişdir. Həmin iki nəfər şəxslər gəlib oradan keçib getmişlər. Bir neçə dəqiqədən sonra Əlisahib mağazadan çıxmışdır. Ondan pul tapa bilib-bilməməsini soruşmuşdur. Əlisahib də pul götürməsini və buradan getməklərini bildirmişdir. Lakin Əlisahib hansı məbləğdə pulun olmasını bildirməmişdir. Sonra məscidin yanında gözləyən adlarını qeyd etdiyi şəxslərin yanına gəlmişlər. Özü və Əlisahib onlara orada oğurluq etməkləri barədə bildirməmişlər. Sonra Əlisahib yeməkxanaya getməyi təklif etmiş və taksi ilə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsinə getmişlər. Orada yerləşən kafedə yemək yemişlər. Artıq 12 dekabr 2017-ci il tarixdən 13 dekabr 2017-ci il tarixə keçən gecə olmuşdur. Saat 03 radələrinə kimi kafedə oturmuşlar. Əlisahib yedikləri yeməyə görə təxminən 25 manata yaxın pul xərcləmişdir. Sonra isə taksi ilə Gəncə şəhəri, Atatürk prospektinə “Xan Bağı” parkı yaxınlığına getmişlər. Parkın qarşısı ilə piyada şəhərin mərkəzi istiqamətinə tərəf gedəndə Əlisahib ilə Tünzalə onlara “siz gedin biz də gəlirik” demişdir. Əlisahib ilə Tünzalə arxada qalmışlar. Qorxmaz və Türkanla piyada “Əminə” marketin qarşısına qədər gəlmişlər. Orada olan zaman arxaya baxmış və Əlisahib ilə Tünzalənin görsənməmələrini görmüşdür. Arxaya qayıdıb onların yanına getmək istəmişlər. Qayıtmaq istəyəndə isə Əlisahib uzaq məsafədən əli ilə işarə edib “siz gəlməyin” demişdir. Yenidən “Əminə” marketin yanına gəlmişlər. Əlisahib ilə Tünzalənin yanına bir daha qayıtmaq istəyən zaman onların gəlməklərini görmüşdür. Əlisahib küçəyə dönəndə “tez gəlin gedək” demişdir. Birlikdə qaçıb onların yanına getmişlər. Əlisahib Tünzalə ilə “Xan Bağının” qarşısında olan aptekdən pul oğurlamaqlarını demişdir. Sonra Əlisahib taksi tutmuş və birlikdə onun yaşadığı Zaqatala rayonuna getməyi təklif etmişdir. Taksi ilə Gəncə avtovağzalına getmişlər. Avtovağzaldan da taksi ilə Yevlax şəhərinə, oradan isə başqa bir taksi ilə Zaqatala rayonuna getmişlər. Əlisahibin yaşadığı evdə iki gün qalmışlar. Əlisahib ona paltar almağı, pul verməyi və sonra da Gəncə şəhərinə yola salmağı söz vermişdir. Ona görə də onunla birlikdə getmişdir. Səhəri günü Əlisahib gedib oğurluq yolu ilə əldə etdiyi pulla özünə dövlət qeydiyyat nişanını xatırlamdığı “VAZ- 2106” markalı avtomobil almışdır. Lakin nə ona, nə də digər uşaqlara Əlisahib hər hansı bir məbləğdə pul verməmişdir. Sonra polislər gəlib onu və digər uşaqları tutub Gəncə şəhərinə aparmışlar. Əlisahibi isə polislər Bakı şəhərinə aparmışlar. Əlisahibin və Tünzalənin harada olmasından xəbəri yoxdur. “Baba” ləqəbli Əlisahib Bədəlov ilə birlikdə “Beko” mağazasından oğurluq edən zaman iştirak etmiş, küçədə dayanıb gözətçilik etmişdir. Aptekdən oğurluğu isə Əlisahib ilə Tünzalə etmiş və bu barədə onlar oğurluq edəndən sonra ona demişlər. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı qismən ödəmiş, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Ona görə də, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, İnşaatçılar küçəsi, ev 12-də ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda rəsmi olaraq heç bir işdə işləməsə də, kiçik sahibkarlıqla məşğul olur. Gəncə şəhəri, Heydər Əliyev prospekti 157A ünvanında yerləşən “Beko computers” kompüter aksesuarlarının satışı və təmiri mağazasını icarə əsasında 2009-cu ildən işlədir. Mağaza həftənin altı günü, bazar günü xaric olmaqla səhər saat 10 radələrindən axşam saat 18 radələrinə kimi fəaliyyət göstərir. Mağazada Şahid2 də təmir işləri ilə məşğul olur. 12 dekabr 2017-ci il tarixdə saat 10 radələrində adəti üzrə mağazanı açıb axşam saat 19 radələrinə kimi işləmişdir. Həmin saat ərzində mağazaya tanımadığı təxminən 5-6 müştəri gəlib-getmişdir. Həmin gün özünə məxsus 2512 manat və 450 avro pulu sayıb özündə qeyd aparıb mağazada olan masanın sağ siyirməsinin altında olan dolaba qoymuşdur. Adətən hər axşam işdən çıxanda mağazada qazandığı pulları mağazanın arxa otağında olan seyfdə saxlamışdır. Sadəcə həmin günü tələsik işi olduğu üçün pulları seyfə yox mağazada olan dolaba qoyub getmişdir. 13 dekabr 2017-ci il tarixdə saat 09 radələrində mağazaya gəlmiş, mağazanın qapısının açıq olmasını, içəridən də qapının arxasına printer qutusunun qoyulmasını görmüşdür. Dərhal mağazadan oğurluq olmasını bilmişdir. Tez mağazaya daxil olmuş, ətrafa nəzər yetirmiş, hər hansı bir əşyanın oğurlanmadığını görmüşdür. Həmin vaxt dolaba pul qoyması yadına düşmüşdür. Dolaba baxanda pulların oğurlanmasını görmüşdür. Dərhal mağazada olan kameranın yaddaşına baxmış və bir nəfər naməlum başında papaq olan saçı uzun olan şəxsin mağazanın qapısının kilidini küçədən dayanıb əlində olan alətlə açmağa çalışmasını, sonra qapıya təzyiq göstərib mağazaya daxil olmasını, birbaşa gedib pul qoyduğu masanın arxasına keçib ilk öncə masanın sol siyirmə və dolabını açıb axtarmasını, sonra masanın birinci sağ siyirməsini, sonra onun altında olan dolabı açıb pulları götürüb sayanda, çöldən bir nəfər başında kapuşon papaq olan şəxsin mağazanın qapısına yaxınlaşıb çöldən əli ilə içəridə olan şəxsə nə isə işarə edib deyərək oradan uzaqlaşmasını, sonra içəridə olan şəxsin mağazanın qapısını bir qədər aralayıb qapıdan çıxıb getməsini görmüşdür. Sonra Rüfətə zəng edib bu barədə məlumat vermişdir. Rüfət də gəlmiş və onunla birlikdə kameranın yaddaşına baxmışlar. Daha sonra isə polisə məlumat vermişlər. Çox keçməmiş mağazaya polis işçiləri gəlmiş və mağazaya baxış keçirmişlər. Hadisə ilə bağlı polisə ərizə ilə müraciət etmişdir. Mağazadan 2512 manat və 450 avro puldan başqa hər hansı bir əşya oğurlanmamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində mağazada olan hər hansı bir əşyaya zərər dəyməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan qismən ödənilmiş, ona görə Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Heydər Əliyev prospekti 157A ünvanında yerləşən və icarə əsasında fəaliyyət göstərən “Beko computers” kompüter aksesuarlarının satışı və təmiri mağazasında kompüter təmiri ustası işləyir. Orada Həsənlə birlikdə işləyir. Həsən satışla məşğul olur. Özü isə kompüter avadanlıqlarını təmir edir. 12 dekabr 2017-ci il tarixdə saat 10 radələrində adəti üzrə mağazanı açıb axşam saat 19 radələrinə kimi işləmişlər. 13 dekabr 2017-ci il tarixdə səhər saat 09 radələrində evdə olan zaman Həsən zəng edib işlədikləri mağazadan ona məxsus pulun oğurlanmasını demişdir. Həmin vaxtı evdən çıxıb mağazaya getmişdir. Həsən ona mağazada olan masanın dolabından ona məxsus 2512 manat və 450 avro pulun oğurlanmasını, oğurluq hadisəsinin mağazada olan kamera tərəfindən qeydə alınmasını bildirmişdir. Sonra Həsənlə birlikdə kameranın yaddaşında olan görüntüyə baxmışlar. Kamerada 12 dekabr 2017-ci il tarixdə saat 23 radələrində bir nəfər naməlum, başında papaq olan, saçı uzun olan şəxsin mağazanın qapısının kilidini küçədən dayanıb əlində olanda alətlə açmağa çalışmasını, sonra onun qapıya təzyiq göstərib mağazaya daxil olmasını, gedib pul qoyduğu masanın arxasına keçib ilk öncə masanın sol siyirmə və dolabını açıb axtarmasını, sonra masanın birinci sağ siyirməsini, sonra onun altında olan dolabı açıb pulları götürüb sayanda, çöldən bir nəfər başında kapşon papaq olan şəxsin mağazanın qapısına yaxınlaşıb çöldən əli ilə içəridə olan şəxsə nə isə işarə edib deyərək oradan uzaqlaşmasını, bundan sonra içəridə olan şəxsin mağazanın qapısını bir qədər aralayıb qapıdan çıxıb getməsini görmüşdür. Daha sonra zəng edib polisə məlumat vermişlər. Çox keçməmiş mağazaya polis işçiləri gəlmiş və mağazaya baxış keçirmişlər. Həsən hadisə ilə bağlı polisə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur, fəhləlik edir. 2015-ci ilin oktyabr ayında Ağdam rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasənı tam çəkib azad olunmuşdur. Təxminən 4-5 ildir ki, Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayıb fəhləliklə məşğul olur. Əlisahib adlı Baba ləqəbi ilə tanıdığı şəxsi təxminən bir il idi ki, tanımışdır. Onunla Bakı şəhərində tanış olmuşdur. Həmin vaxtlar Bakı şəhəri Sabunçu qəsəbəsində kirayədə yaşayarkən, o, da yaşadığı ərazidə yaşamış və atası ilə dəmir yığıb satmışlar. O, vaxtdan da onunla münasibəti yaranmışdır. Tünzaləni isə Babanın vasitəsilə tanımış, Babanın sevdiyi qız kimi tanımışdır. Bakı şəhərində iş tapa bilmədiyi üçün, eyni zamanda ev kirayəsi baha olduğu üçün Gəncə şəhərinə gedib orada iş tapıb işləmək qərarına gəlmişdir. Buna görə də 12 dekabr 2017-ci il tarixdə saat 23 radələrində Baba və Tünzalə ilə birlikdə Gəncə şəhərinə gəlmişlər. Sonra Baba adlarını sonradan bildiyi əvvəllər tanımadığı Tünzalə və Ruslan adlı şəxsləri də çağırmış və Gəncə şəhərində “Şah Abbas” məscidinin yaxınlığında görüşmüşlər. Parkda Baba onlara “burda gözləyin indi gəlirik” demişdir. Baba ilə Ruslan onlardan ayrılıb birlikdə getmişlər. Tünzalə və Türkanla birlikdə parkda onları gözləmişlər. Təxminən 20-25 dəqiqədən sonra Baba ilə Ruslan qayıdıb gəlmişlər. Baba pullarının olmasını və getməklərini bildirmişdir. Bu zaman Ruslanın haradansa pul oğurlamasını başa düşmüşdür. Sonra Tünzalə harasa gedib əlində vintaçanla gəlmişdir. Baba onları oradan taksiyə mindirib Yeni Gəncə qəsəbəsi deyilən yerdə yerləşən kafeyə aparmışdır. Həmin vaxt artıq 12 dekabr 2017-ci il tarixdən 13 dekabr 2017-ci il tarixə keçən gecə olmuşdur. Kafedə oturub yemək yemişlər. Həmin vaxt Babadan pulu haradan əldə etməsini soruşanda ona şəhərdə kompüter mağazasından oğurlamasını demişdir. Saat 03 radələrinə kimi kafedə oturmuşlar. Baba yedikləri yeməyə görə 20 manata yaxın pul xərcləmişdir. Sonra Baba onları taksi ilə Gəncə şəhəri, Atatürk prospektinə, “Xan Bağı” parkı yaxınlığına gətirmiş və orada düşmüşlər. Parkın qarşısı ilə piyada şəhərin mərkəzi istiqamətinə tərəf gedəndə, Baba ilə Tünzalə onlara “siz gedin, biz də gəlirik” demişlər. Baba ilə Tünzalə arxada qalmışlar. Özü, Ruslan və Türkanla piyada “Əminə” marketin qarşısına qədər gəlmişlər. Orada arxaya baxanda Baba ilə Tünzalənin görsənməməsini görmüşlər. Arxaya qayıdıb onların yanına getmək istəmişlər. Qayıtmaq istəyəndə onlar uzaq məsafədən əli ilə işarə edib “siz gəlməyin gedin” demişlər. “Əminə” marketin yanına gəlib bir qədər getmişlər. Yenidən Baba ilə Tünzalənin yanına qayıtmaq istəmişlər. Bu zaman Baba çağırıb “tez gəlin” demişdir. Həmin vaxt onların yenə oğurluq etməsini başa düşmüşdür. Tünzalənin əlində 2 dənə qadın bezinin olmasını görmüşdür. Baba taksi tutmuş və Gəncə avtovağzalına gəlmişlər. Taksidən düşəndə Baba aptekdən pul oğurlamaqlarını demişdir. Baba birlikdə onun yaşadığı Zaqatala rayonuna getməyi və onların evində qalmağı təklif etmişdir. Avtovağzaldan taksi ilə Yevlax şəhərinə, oradan da başqa bir taksi ilə Zaqatala rayonuna Babanın yaşadığı evə getmiş və orada qalmışlar. Səhəri gün Baba gedib oğurluq yolu ilə əldə etdiyi pulla özünə “VAZ-2106” markalı avtomobil almışdır. Lakin həmin puldan ona heç nə verməmişdir. Orada təxminən 3 gün qalmış, sonra polis işçiləri gəlib onları evdə tutmuş və Gəncə şəhər Nizami rayon Polis İdarəsinə gətirmişlər. Baba, yəni Əlisahib, Ruslan və Tünzalə etdikləri oğurluqlar barədə əvvəlcə bildirməmişlər, Əlisahib hər iki oğurluğu törədəndən sonra bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 22 dekabr 2017-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 21 dekabr 2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tanınmaqla barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 30 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 30 dekabr 2020-ci il tarixli video diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, 12.12.2017-ci il tarixdə, saat 23:20-də bir nəfər başında papağı olan və həmin papaqla sifət hissəsini gizlədən şəxs obyektin qarşısına gələrək obyektin qapısını açmaq istəyir, lakin qapını aça bilmir. Saat 23:21-də həmin şəxs obyektin qarşısından çıxıb gedir. Saat 23:22-də həmin şəxs yenidən obyektin qarşısına gəlir və qapını açaraq obyektin içərisinə daxil olur. Saat 23:23-də başqa bir nəfər başında papağı olan və həmin papaqla sifət hissəsini gizlədən şəxs obyektin qarşısına gələrək obyektin qapısının yanında dayanır və obyektin içərisində olan şəxsə nəsə bildirdikdən sonra obyektin qarşısından çıxıb gedir. 10 dəqiqə 03 saniyə müddətə olan video görüntüdən görünür ki, 12.12.2017-ci il tarixdə, saat 23:22-də bir nəfər başında papağı olan və həmin papaqla sifət hissəsini gizlədən şəxs obyektin içərisinə daxil olur, daxil olduqdan sonra obyektdə olan piştaxtanın arxasına keçir, orada olan stulda əyləşir və sirmələrdən kağıza oxşar əşyaları götürüb sayır, sonra saat 23:25-də obyektdən çıxıb gedir. Təqsirləndirilən şəxs bildirir ki, başında papaq olan, həmin papaqla sifətini gizlədən və obyektin qapısını açaraq içəri daxil olan şəxs X2r. Saat 23:23-də başında papaq olan, həmin papaqla sifətini gizlədən şəxs özüdür. Yoldan tanımadığı şəxslər keçdiyi üçün gəlib bu barədə Əlisahib Bədəlova ehtiyatlı olmağını və yoldan adamların keçməsini bildirmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 13 dekabr 2017-ci il tarixli baxış keirilməsi haqqında protokoldan görünür ki, hadisə Gəncə şəhəri, Heydər Əliyev prospekti, 157 A ünvanında yerləşən “Beko computers” servis mağazasında baş vermişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 29 fevral 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 2017ci ilin mart ayında X7 və X3 məxsus əmlakı oğurladığını etiraf etsə də, 19.03.2017-ci il tarixdə onun 14 yaşı tamam olması və ona həmin epizodlar üzrə ittiham verilməsi üçün mötəbər sübut əldə olunmaması nəzərə alınaraq həmin epizodlar üzrə ona ittiham elan olunmamış, X7 və X3 məxsus əmlakların oğurlanması və təqsirləndirilən şəxs “Baba” ləqəbli X6, X4, Azər, Orxan və Asif adlı şəxslərin törətdikləri oğurluq cinayətlərinə tam, obyektiv hüquqi qiymət verilməsi üçün istintaq aparılan ********* nömrəli cinayət işindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi ayrılmış, cinayət işi üzrə 1 avronun Azərbaycan manatına nisbəti Zərərçəkmiş şəxs vurulmuş ziyana münasibətdə 2,0012 manat kimi götürülmüş, iş üzrə hadisə yerinə baxış zamanı hadisəinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həmin əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Buna görə də, o, həmin maddələrlə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Bundan başqa, Təqsirləndirilən şəxs həmin cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növləri təyin edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 22.12.2017-ci il tarixli və 24.09.2021-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərərin 500 manatı ödənilmiş, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur, dəymiş ziyan qismən ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmış və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, həmçinin zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq qismən ödəməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayət əməlini səmimi etiraf edərək peşimançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84-cü maddəsinə əsasən 14 yaşı tamam olmuş, lakin 18 yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar qrupuna aid edilərkən, qanunvericilik həmin şəxslərin kifayət qədər əqli yetkinliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Buna görə də, cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanın törətdiyi cinayətə görə onların əməlinin tövsifində, məsuliyyətin həllində və cəza təyinində yetkinlik yaşına çatmayan şəxslərin əqli və iradəvi xüsusiyyətlərinin məhkəmələr tərəfindən nəzərə alınmasını məcburi sayır. Yetkinlik yaşına çatmayanların törətdiyi cinayətlərə görə tətbiq olunan cəza növü Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 29 noyabr 1985-ci ildə qəbul etdiyi «Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı X10»na («Pekin qaydaları») uyğun olduğu üçün, məhkəmə yetkinlik yaşına çatmayanın işi üzrə qəbul etdiyi qərarın və seçdiyi təsir tədbirinin təkcə işin hallarının hüquq pozuntusunun ağırlığına uyğunluğu prinsipinə deyil, həm də yetkinlik yaşına çatmayanın vəziyyətinə və marağına uyğun olmasını da rəhbər tutur. Əgər yetkinlik yaşına çatmayanın əməli hər hansı bir əsaslı səbəb olmadan başqası üzərində zor tətbiq etməklə bağlı deyildirsə və ya yetkinlik yaşına çatmayan dəfələrlə ciddi hüquq pozuntusuna yol verməmişdirsə, onun barəsində azadlıqdan məhrum etmə cəzası tətbiq edilməməlidir. Uşaq hüquqlarının və azadlıqlarının müdafiəsi, ədalət mühakiməsinin yetkinlik yaşına çatmayanların mənafelərinin qorunmasına yönəldilməsi barədə «Pekin qaydaları»nın əsas müddəaları «Uşaq hüquqları haqqında» Bəyənnamənin, Birləşmiş Millətlər Təşkilatının 20 noyabr 1989-cu il tarixli Konvensiyasının, eyni zamanda «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun və digər bu sahədə qəbul edilmiş çoxsaylı beynəlxalq aktlarında öz əksini tapmışdır. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli, 4 saylı Qərarın 1-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayan şəxslər barədə ədalət mühakiməsi ilk növbədə həmin şəxsin mənafelərinə xidmət etməli və belələri haqqında görülən təsir tədbirləri onun şəxsiyyətinə və qanuna zidd əməlinin xarakterinə uyğunluq təşkil etməli, yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsi onların barəsində ədalətli cəzaların təyin edilməsinə, yetkinlik yaşına çatmayan şəxs tərəfindən yeni cinayətlərin törənməsinin qarşısının alınmasına, həmçinin həmin cinayəti doğuran səbəblərin aradan qaldırılmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.4.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır. Eləcə də, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 435.4.2-ci maddəsində isə göstərilir ki, yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir. Həmin Məcəllənin 435.4.3-cü maddəsinin tələblərinə görə yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrar törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədə uyğun deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmçinin Məcəllənin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla birlikdə nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətmələrini), təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli məhkum olunacaq təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, M.Gəncəvi qəsəbəsində yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, həmçinin təqsirləndirilən şəxsə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, bundan başqa Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhərinin hüdudlarını tərk etməmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində istintaq orqanı tərəfindən “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs artıq yetkinlik yaşına çatması ilə əlaqədar onun barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinin tələbinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və ya şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Qanunun həmin tələbi baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, hadisənin görüntülərini özündə əks etdirən və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd DVD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 30 (otuz) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə ekspertiza xərci, xüsusi müsadirə olunmalı əmlak, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Gəncə şəhəri, M.Gəncəvi qəsəbəsi ünvanında yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd DVD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar