Məhkəmə qərarları › İş №1(044)-17/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-17/2022

11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-17/2022 11.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1966-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz ümumi çəkisi 0,801 qram narkotik vasitə olan heroini, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyarkən 11 fevral 2021-ci il tarixdə saat 18:00 radələrində Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri M.S.Ordubadi küçəsi, döngə 6, ev 10-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilinərək yaşadığı evin yaxınlığıda saxlanılaraq Nizami RPİ-nə gətirilmiş və üzərinə baxış keçirilən zaman əynində olan cins şalvarın sol cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,801 (sıfır tam mində səkkiz yüz bir) qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu CM-nin 234.1-ci maddəsi ilə tam təqsirli bilərək ifadəsində bildirdi ki, əvvəllər heç bir yerdə işləməmiş və İİ-ci qrup əlildir. Həbs edilməzdən əvvəl əlillik dərəcəsinə görə aldığı təqaüdlə özünün gündəlik tələbatını ödəmişdir. O, təxminən 2 ildir narkotik vasitə olan heroin istifadə edir. Həmin narkotik vasitəni qəbul etməkdə səbəb anasının dünyasını dəyişməsi olmuşdur. Bundan başqa o, anasının əmisi oğlunu 2006-cı il tarixdə yaşadıqları evin həyətində dava-dalaş yaratdığına və evin həyətində ucadan nalayiq ifadələr işlətdiyinə görə evdən götürdüyü mətbəx bıçağı ilə öldürmək istədiyinə görə 10 il 6 ay müddətinə həbs cəzası almışdır. 10.02.2021-ci il tarixdə axşam saatlarında yaşadığı evin yaxınlığında yerdən bir büküm tapmış və əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə görə həmin bükülüdə olan maddənin narkotik olduğunu anlayıb onu özündə saxlamışdır. 11.02.2021-ci il tarixdə saat 18:00 radələrində evinin yaxınlığında olarkən tanımadığı polis əməkdaşları onu saxlamış və Gəncə şəhər Nizami RPİ-yə dəvət etmişlər. O polis əməkdaşlarına tabe olub Nizami RPİ-yə getmişdir. İdarədə üzərinə müdafiəçisi X1 iştirakı ilə baxış keçirilən zaman şalvarının sol cibindən üzərində saxladığı narkotik vasitə heroin aşkar olunmuşdur. Həmin büküm müdafiəçisinin iştirakı ilə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi təxminən 1 (bir) qram gəlmişdir. Həmin kütlə qablaşdırılaraq möhürlənmişdir. O öz istifadəsi üçün narkotik vasitə olan heroini saxlamışdır. O narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamış və satışı ilə məşğul olmaq fikri olmamışdır. Onun üzərində olan narkotik vasitə heroin barəsində heç kimin məlumatı olmamışdır. Ehtiyacı olduğu vaxtlarda həmin narkotik vasitələri ətraf rayonlardan tanımadığı şəxslərdən almışdır. Aludəçisi olduğuna görə həmişə özü ehtiyacı olduğu qədər istifadə etmişdir. Sonda o, törətdiyi əməldən peşmanlıq çəkdiyini və bir daha belə əmələ yol verməyəcəyini bildirib ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Gəncə şəhər Nizami RPİnin CAŞ-ın kiçik inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin Nizami RPİ-in CAŞ-in əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Gəncə şəhəri, M.S.ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitə qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun və CAŞ-nın əməliyyat müvəkkili Şahid1 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11.02.2021-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, M.S.Ordubadi küçəsi, 6-cı döngədə yerləşən 10 nömrəli fərdi yaşayış evinin qarşısında saxlanılaraq Gəncə şəhər Nizami RPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitələri qəbul etməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Nizami rayon polis idarəsinin inzibati binasında yerləşən xidməti otaqda onun üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol cibindən siqaret falqasına bükülmüş içərisində narkotik vasitə heroin olan 1 ədəd büküm aşkar edilmişdir. Həmin narkotik vasitə heroin bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və kütlənin içərisində olduğu kağızla birlikdə ümumi çəkisi 1 qram olmuşdur. Daha sonra isə narkotik vasitə heroin kağız zərfdə qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 110 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs onun üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroini 10.02.2021-ci il tarixdə axşam saatlarında Gəncə şəhəri, M.S.Ordubadi küçəsində yaşadığı evin yaxınlığından taparaq öz istifadəsi üçün saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. İbtidai istintaqı zamanı şahid qismində ifadə vermiş Gəncə şəhər Nizami RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 digər Şahid2 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş: - 11.02.2021-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan, 13.02.2021-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 11.02.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş və 13.02.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - 11.02.2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan məlum olur ki, Gəncə şəhər Nizami rayon Polis İdarəsinin CAŞ-ın əməliyyat müvəkkili polis leytenantı Şahid1, Gəncə şəhər Nizami rayon Polis idarəsinin CAŞ-nin kiçik inspektoru Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol cibindən ümumi çəkisi 1 qram olan 1 ədəd rəngli sigaret falqasına bükülü olan tünd qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə “heroin”ə oxşar kütlə aşkar edilməklə qablaşdırıldı və üzəri möhürlənərək iştirkçılar tərəfindən imzalanmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsindən verilmiş 12.02.2021-ci il tarixli, 16/132 nömrəli rəydən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş” sözləri və imzalar olan kağız paketdəki, 1(bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0. 801 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İ bəndinə daxildir. (Heroinin təmiz çəkisi – 0.0801 qr., tədqiqata sərf edildi – 0.1 qr., qalıq – 0.701 qr.). Ekspertiza tədqiqatının dəyəri 30,40 manat təşkil edir. - məhkəmə-narkoloji ekspertizasının 26.02.2021-ci il tarixli, 179 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olmuş, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. - Gəncə şəhər Psixonevroloji Dispanserin 15.02.2021-ci il tarixli 867 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Gəncə şəhər Narkoloji Dispanserin 20.02.2021-ci il tarixli 794 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 18.02.2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Belə ki, o, Ağır Cinayətlər Məhkəməsinin A – 0192/07 saylı, 10.01.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 11 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.03.2017-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuş, 17.12.2017-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin A - 0192/07 saylı 10.07.2007-ci il tarixli hökmü ilə yaranmış məhkumluğu ödənilmədiyindən onun əməlində cinayətlərin residivi mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs İİ qrup Çernobıl əlili olması, əməlini etiraf etməsi və əməlindən peşman olması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmayan müddətdə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Ağır Cinayətlər Məhkəməsinin A - 0192/07 saylı 10.01.2007-ci il tarixli hökmü ilə tətbiq edilmiş azadlıqdan məhrum etmə cəzası 17.12.2017-ci il tarixdə başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməyə görə cəzanı çəkib qurtardığı gündən sonrakı məhkumluq dövründə-08 il ərzində yenidən az ağır cinayət törətmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs 11.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13.02.2021-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli hökmün elan edildiyi vaxtdan hesablanmalı və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli və Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(100)- 191/2022 saylı başqa bir cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar-Gəncə Şəhər Baş Polis İdarəsində saxlanılan narkotik maddənin ekspertizadan sonrakı qalığı – 0.701 qram çəkidə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə baxış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan cəmi 30,40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Müdafiəçi məhkum Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla,təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 11 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(100)- 191/2022 saylı başqa bir cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: Gəncə Şəhər Baş Polis İdarəsində saxlanılan narkotik maddənin ekspertizadan sonrakı qalığı – 0.701 qram çəkidə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə baxış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar