Məhkəmə qərarları › İş №1(044)-179/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-179/2021

08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-179/2021 08.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Adil oğlunun, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə, xx.xx.2003-cü il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, Şahid ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 26 mart 2020-ci il tarixdə gecə saat 03 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs icarəyə götürüb işlətdiyi “Dönərxana” kafesinin yanına gəlmiş, Şahid kafenin kənarında gözləyərək ətrafı müşahidə etmiş, o, kafenin nəfəsliyinin pəncərəsini fiziki təsir etməklə açıb qanunsuz daxil olaraq kafedəki stolun üzərində olan qutunun və şkafda olan şüşə bankanın içərisindən ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 500 manat məbləğində nəğd pulu gizli talamaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, onun atası X2 təxminən 5-6 il müddətdir ki, yeni ailə həyatı quraraq, Rusiya Federasiyasına getmiş, anası X3 ilə atası onun 3 yaşı olanda boşanmışlar və həmin müddətdən sonra onun anası ilə heç bir əlaqəsi olmamışdır. Şahid uşaq vaxtlarından tanımış, Sahil ilə dostluq münasibəti olmuş, onun qalmağa yeri olmadığından 25 mart 2020-ci il tarixdə qalmaq üçün Sahilin yaşadığı evə getmişdir. Sahil ilə haradan pul əldə edə biləcəkləri barədə söhbət etmişlər və oğurluq etmək qərarına gəlmişlər. 26.03.2020-ci il tarixdə saat 03 radələrində Sahillə birlikdə Gülüstan qəsəbəsi ərazisində gəzərkən dönərxananın nəfəsliyinin açıq vəziyyətdə olmasını görmüşlər, həmin dönərxanadan oğurluq etmək istədiyini bildirmiş və həmin dönərxanadan oğurluq etmək qərarına gəlmişlər. Sahil əvvəllər də oğurluq etdiyi üçün üzünün kameraya düşməməsi üçün onun içəri girməsi barədə razılığa gəlmişlər. Sahil yolun digər tərəfində gözləyərək kimsə gəlsə xəbər vermək üçün ətrafı müşahidə etmiş, o, nəfəslikdən içəri daxil olmuş, stolun üzərində olan qutunun içərisindən 10 manat 40 qəpik məbləğində pulu oğurlamış, daha sonra dönər çörəyi götürən zaman örtük dartılmış və çörəyin arxasında olan şüşə banka örtüyün üzərinə düşmüşdür. Həmin şüşə bankanın içərisində 400 manatdan çox pul olmuş, həmin pulu bankadan çıxarıb cibinə qoymuş, təxminən 5 dəqiqə sonra o, girdiyi nəfəslikdən çölə çıxaraq Sahilin yanına getmişdir. O, oğurladığı pulun 110 manatını Sahilə vermiş, həmin pulun bir hissəsini birlikdə yemək-içməyə xərcləmişlər. O, başqa cinaytə əməlləri törətməmiş, Sahillə birlikdə oğurluq etmiş, heç kimin onun oğurluq etməsi barədə məlumatı olmamış, hər hansı bir şəxs onu oğurluq etmək üçün təhrik etməmiş, öz istəyi ilə oğurluq etmişdir. O, əməlindən peşmandır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, hadisə baş verməmişdən əvvəl təxminən 3 ay olar ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən “Dönərxananı” icarə əsasında işlətmiş, 25.03.2020-ci il tarixdə təxminən saat 20:30 radələrində dönərxananı bağlayıb getmiş, 26.03.2020-ci il tarixdə səhər saat 11 radələrində işə gəlib dönərxananın qapısını açmış və içəri daxil olduqda pəncərənin açıq vəziyyətdə olmasını, pul olan şüşə bankanın və stolun üzərinə qoyduğu qutunun içərisində olan ümumilikdə 500 manat nəğd pulunun oğurlanmasını görmüş, lakin bu barədə polisə məlumat verməyərək dönərxanadan ona məxsus 500 manat pulunu oğurlayan şəxsi tapmaq istəmiş, lakin oğrunu tapa bilmədiyinə görə 28.03.2020-ci il tarixdə Nizami RPİ-nə ərizə ilə müraciət edərək, icarə əsasında işlətdiyi dönərxanadan 500 manat pulunun oğurlanması barədə məlumat vermiş, dönərxanadan nəğd puldan başqa heç bir şey oğurlanmamışdır. Hadisə zamanı ona ümumilikdə 500 manat maddi ziyan dəymiş, həmin oğurluq hadisəsi ilə bağlı şübhələndiyi heç bir şəxs olmamışdır. Ona dəymiş ziyanın tam olaraq ödənilmiş təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, 2020-ci il mart ayında Təqsirləndirilən şəxs ilə birlikdə Gülüstan qəsəbəsində yerləşən dönərxanadan oğurluq etmişdir. Təqsirləndirilən şəxs uşaq vaxtlarından tanımış, Həsənlə dostluq münasibəti olmuş, Həsənin qalmağa yeri olmadığından 25 mart 2020-ci il tarixdə qalmaq üçün yaşadığı evə gəlmiş, Həsənlə haradan pul əldə edə biləcəkləri barədə söhbət etmişlər və oğurluq etmək qərarına gəlmişlər. 26.03.2020-ci il tarixdə gecə saat 03 radələrində Həsənlə birlikdə Gülüstan qəsəbəsi ərazisində gəzərkən dönərxananın nəfəsliyinin açıq vəziyyətdə olmasını görmüşlər, Həsən həmin dönərxanadan oğurluq etmək istəməsini bildirmiş və onlar həmin dönərxanadan oğurluq etmək qərarına gəlmişlər. O, əvvəllər də oğurluq etdiyi üçün üzünün kameraya düşməməsi üçün Həsənin içəri girməsi barədə razılığa gəlmişlər. O, yolun digər tərəfində gözləyərək kimsə gəlsə xəbər vermək üçün ətrafı müşahidə etmiş, Həsən nəfəslikdən içəri daxil olmuşdur. Təxminən 5 dəqiqə sonra Həsən nəfəslikdən çölə çıxaraq onun yanına gəlmiş, Həsən 400 manatdan çox pul oğurlamış, Həsən həmin pulun 110 manatını ona vermiş və həmin pulun bir hissəsini birlikdə yemək-içməyə xərcləmişlər. O, dönərxanadan Həsənlə birlikdə oğurluq etmiş, Hərbi şəhərcik ərazisində olan mağazadan tək oğurluq etmiş, heç kimin onun oğurluq etməsi barədə məlumatı olmamış və heç kim ona oğurluq etməsi üçün köməklik göstərməmişdir. o, öz istəyi ilə oğurluq etmiş və heç kim onu təhrik etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 28.03.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Gəncə şəhəri N.Nərimanov pr., 12-ci döngə ev 7-də yaşayan Zərərçəkmiş şəxs Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən Çörək sexinin qarşısında olan “Dönərxanadan” təxminən 400-500 manat nəğd pulunun oğlurlanması yerinə baxış keçirilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 31.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 18.01.2021-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs dönərxanadan pul oğurladığı yeri göstərmiş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 12.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 31.10.2021-ci tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 05.01.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 11.08.2021-ci il tarixli ərizədən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs Əövsət oğlu məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, sonuncu ilə barışdığını, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58, 85, 86-cı və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası 85.1.3-1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara azadlığın məhdudlaşdırılması təyin edilir. Azərbaycan Respublikası 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. CM-nin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Məhkəmədə tədqiq edilmiş və işdə olan 17.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətə müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar