Məhkəmə qərarları › İş №1(044)-18/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-18/2021

07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-18/2021 07.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs Aruz oğlunun və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakları ilə xx xxxxxx 2004-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, 10-cu sinif şagirdi, subay, məhkum olunmamış, Gəncə şəhəri, Məhrəsə Bağı, bina 17, mənzil 37-də qeydiyyatda olan və yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3 və 127.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3 və 127.2.3-cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, silah qismində əşyadan istifadə etməklə qərəzli xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan edilmişdir ondan ötrü ki, o, onunla birlikdə Gəncə şəhərində yerləşən “Bilik Körpüsü” adlanan təhsil mərkəzində təhsil alan hazırlıq yoldaşı Zərərçəkmiş şəxs 09.10.2019-cu il tarixdə saat 13 radələrində onunla zarafat etməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan hamı tərəfindən qəbul olunmuş davranış və əxlaq normalarını pozmaqla ətrafda olan şəxslərin narahatlığına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək 10.10.2019-cu il tarixdə saat 13 radələrində ictimai yer olan Gəncə şəhəri, Məhrəsə bağı, 16 saylı binanın qarşısında, özü ilə gətirdiyi istintaq zamanı əldə edilməsi mümkün olmayan açılıb-qatlanan cib bıçağını silah qismində istifadə etməklə, həmin bıçağın dəstəyi ilə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sifət və bədininin müxtəlif nahiyəsinə bir neçə dəfə vuraraq ona burun sümüyünün distal, orta və arxa 1/3 nahiyələrinin yerdəyişmiş qapalı sınıqları (burunun deformasiyası ilə izlənilən) ilə müşayiət olunan sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına az ağır zərər, boyun nahiyəsinin və sağ əlin arxa səthinin sıyrıqları ilə müşayiət olunan sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3 və 127.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3 və 127.2.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam, obyektiv araşdırılmış və məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin hər iki maddəsi üzrə münasibətdə onun əməlinə hüquqi qiymət verilməlidir. Belə ki, hər bir cinayət əməlinin araşdırılmasında onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi əmələ hüquqi qiymət verilməsində mühüm əhəmiyyət kəsb edir. Məhkəmə təqdim edilmiş sübutların və onların məcmusunun məhkəmə araşdırmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, baş vermiş hadisənin gedişatında təqsirləndirilən şəxsin hərəkətləri xuliqanlıq kimi təzahür etməmiş, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, hadisəyə düzgün hüquqi qiymət verilməmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə vaxtı Gəncə şəhəri, 4 nömrəli məktəb litseyinin 9-cu sinfində oxumuşdur. Zərərçəkmiş şəxs ilə aralarında hər hansı ədavət və düşmənçilik olmamış, Yusif, Rəvan, Ayxan, Raul onun sinif yoldaşlarıdır. O, Gəncə şəhərində “Bilik Körpüsü” təhsil mərkəzində Mətinlə birlikdə hazırlaşırmış. Hazırlıqda olan vaxtlarda Mətin, Alı və Əli adlı şəxslər ona atmacalı sözlər ataraq narahat etmişlər. Həmçinin Mətin uşaqların arasında onunla məzələnərək, tez-tez ona sözlər ataraq dərslərdə onu pərt etmişdir. Bundan sonra Mətin, Alı və Əli adlı şəxslər onu döymək istəmiş, bunların hamısını hazırlıq müəlliməsi Nina görüb hər birini müdiriyyətin iş otağına aparmış, Kənan müəllimin yanında onlara öz iradlarını bildirib bir daha dalaşmamaq üçün onlara xəbərdarlıq etmişlər. Buna baxmayaraq Mətin, Alı və Əli öz hərəkətlərini davam etmişlər. 10.10.2019-cu il tarixdə saat 12 radələrində oxuduğu məktəbdə dostları Rəvan və Yusifə Mətin, Əli və Alının onunla məzələndiklərini və narahat etdiklərini demiş, o, Rəvana və Yusifə Mətinlə söhbət edib məsələyə aydınlıq gətirilmələrini xahiş etmiş, bundan sonra o, Rəvan və Yusif ilə birlikdə Mahrasa Bağına gəlmiş, onlardan sonra həmin yerə Ayxan, Raul və Tamerlan da gəlmiş, Rəvan Mətinin mobil telefonuna zəng vuraraq harada olduğunu soruşmuş, Mətin yaşadığı evdə olduğunu bildirmiş və həyətə düşəcəyini demiş, təxminən 15-20 dəqiqədən sonra Mətin yaşadığı evdən çıxıb onların yanına gəlmişdir. Onlar özlərindən başqa heç kəs olmayan kənar yerə çəkilmişlər. Həmin vaxt Yusif Mətinə “siz üç nəfərsiniz, nə üçün Nurlanı təkləyib narahat edirsiniz” demiş və əlini Mətinin çiyninə qoymuş, bundan sonra Mətin yumuruqla Yusifin üz nahiyəsindən vurmuş, sonra Mətin onun üstünə gəlmiş, kənardan Raul Mətinin onun üstünə gəldiyini görüb əli ilə Mətini öz yanına çəkmiş, bundan sonra Yusif və Raul Mətini yumruqla vurmuşlar. Bundan sonra onlar aralaşıb getmişlər. Həmin xəsarətləri hadisə zamanı Mətinə sinif yoldaşları Yusif və Raul yetirmişlər. O, hadisə zamanı Mətini vurmamış, əlində bıçaq olmamışdır. Hadisə bir kənarda, təxminən 5-6 dəqiqə davam etmişdir. Hadisə zamanı orada o, Yusif, Raul, Tamerlan, Rəvan, Ayxan və Mətin olmuşdur. Onların mübahisə etdiyi vaxt ətrafda kənar şəxs olmamış, heç kim onlara yaxınlaşmamış və onları aralaşdırmamışdır. Həmin vaxt nalayiq ifadələr ümumiyyətlə işlədilməmiş, heç kim heç kimi söyməmişdir. Hadisə zamanı Mətindən başqa heç kim xəsarət almamış, o, dalaşmadığı üçün heç bir xəsarət almamışdır. Göstərilənlərə əsasən təqsirinin olmamasını nəzərə alaraq, iş üzrə obyektiv araşdırma aparılaraq onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştikarı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hal-hazırda Daşkəsən rayon 2 saylı tam orta məktəbin 11-ci sinfində oxuyur. Universitetə hazırlaşdığı üçün Gəncə şəhərində “Bilik körpüsü təhsil mərkəzi”nə hazırlığa gedirdi. Həmin təhsil mərkəzinə ondan başqa xeyli şagird gəlir. Təqsirləndirilən şəxs də həmin şagirdlərdən biridir. O, Nurlanı təxminən 2 ilə yaxındır ki, tanıyır. Nurlanla eyni təhsil mərkəzində universitetə hazırlaşdıqları üçün münasibəti yaranmışdır. 09.10.2019-cu il tarixdə saat 13 radələrində o, Nurlanla zarafat edərək, həmin vaxt Nurlandan ateist olub-olmadığını soruşmuş, Nurlan ona ateist olduğunu demiş, o da Nurlanla məzələnərək cəhənnəmdə yanacağını demişdir. Buna görə aralarında sözlə mübahisə yaranmış və təhsil mərkəzinin müəllimi Kənan müəllim onu, Nurlanı və digər orada olan uşaqları çağırıb irad tutaraq, btlə zarafat etməmələrini bildirmişdir. 10.10.2019-cu il tarixdə saat 13 radələrində əvvəlcədən tanıdığı Rəvan adlı şəxs 050-687- 50-50 saylı mobil nömrədən ona zəng edərək 4 nömrəli məktəbin yanına gəlməsini demişdir. O, Rəvandan nə üçün çağırdığını soruşmuş, Rəvan ona Nurlanla birlikdə onu gözlədiklərini demişlər. O da Rəvangilə hazırlığa gedəcəyini, vaxtının olmadığını demişdir. Sonra Nurlan da ona zəng etmiş və o, Nurlana da eyni sözü demişdir. O, yaşadığı evdən çıxıb hazırlığa getmək istəyəndə binanın yaxınlığında Rəvan, Yusif və Nurlanın onu gözlədiklərini görmüşdür. Rəvan, Yusif və Nurlan onu kənara dəvət etib orada söhbət etməklərini təklif etmişlər, o da razılaşmayanda həmin şəxslərdən Yusif adlı şəxs onun qolundan tutub kənara getməyini bildirmiş və onlar özlərindən başqa heç kəs olmayan kənar yerə çəkilmişlər. Söhbət zamanı Nurlan əlində qara rəngli bıçağı oynatmış, mübahisə zamanı Nurlan həmin bıçağın dəstəyi ilə onu vurmuş, həmin vaxt Yusif əli ilə onun yaxasından tutub telefona nə üçün cavab vermədiyini demiş və onu hədələmiş, o da özünü qorumaq üçün Yusifin yaxasından tutmuş, bundan sonra onlardan arxada olan Nurlan əlində olan bıçağın arxa hissəsi ilə onun burun nahiyəsindən vurmuş, həmin vaxt onun burnu qanamış, o, burun nahiyəsindən xəsarət almışdır. Bundan sonra o, aralaşıb yaşadığı evə getmişdir. Onun burnunda olan xəsarətləri hadisə zamanı Nurlan yetirmişdir. Həmin vaxt onunla Yusif və Raul dalaşmamışlar. Nurlan əlində olan bıçaqla onu vuraraq xəsarət yetirmişdir. Hadisə təxminən 5-6 dəqiqə davam etmiş, hadisə zamanı orada Yusif, Raul, Tamerlan, Nurlan, Ayxan olmuş, həmin vaxt onlara heç bir kənar şəxs yaxınlaşmamışdır. Hal-hazırda təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmiş, ona qarşı şikayəti və tələbi olmadığını, eləcə də onunla barışmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər 4 saylı tam orta məktəbin 9-cu sinfində oxuyur. Yusif, Ayxan, Raul, Nurlan və Mətin onun tanışlarıdır. 09.10.2019-cu il tarixdə saat 19 radələrində Nurlan ona zəng vurub onunla görüşmək istədiyini demiş, ondan harada olduğunu soruşmuş, o, Nurlana evdə olduğumu demiş, 10.10.2019-cu il tarixdə 12 radələrində oxuduğu məktəbdə Nurlanla görüşmüş, o, Nurlandan nə baş verdiyini soruşmuş, Nurlan ona Mətinin onunla məzələndiyini ona söz atdığını demiş, O, Nurlandan nə etmək istədiyini soruşmuş, Nurlan ona Mətini vurmaq istədiyini demiş, o isə Nurlana dalaşmamasını danışıb Mətini başa sala biləcəyini demiş, onlar söhbətlərini bitirib Mətinlə görüşmək üçün məktəbin həyətinə çıxmış, məktəbin həyətində Yusifi görüb yanına çağırmış və Yusifə Mətinlə söhbət etməyə getdiklərini demiş, bundan sonra o, Nurlan və Yusif ilə birlikdə X2 görüşmək üçün getmiş, onlar Məhərəsə bağına çatdıqda oraya tanıdığı Ayxan, Tamerlan və Raul da gəlib çıxmışlar. Ayxan, Tamerlan və Raulu həmin yerə onlardan xəbərsiz Nurlan çağırmış, onlar Mətinin yaşadığı binanın yaxınlığında dayanmış, o, Mətinin istifadəsində olan mobil nömrəni Nurlana vermiş, Nurlan da Mətinə zəng vurub yanlarına çağırmış, təxminən 15-20 dəqiqədən sonra Mətin çiynində çanta asılmış vəziyətdə onların yanına gəlmiş, Mətin onlara yaxınlaşıb salamlaşmış, Yusif Mətini kənara çəkib söbət edəcəyini demiş, onlar özlərindən başqa heç kəs olmayan kənar yerə çəkilmişlər. Mətin ilə Yusif kənarda söhbət edən zaman Mətin nalayiq sözlər işlətmiş, həmin vaxt Yusif şillə ilə Mətinin üz nahiyəsinə vurmuş, Mətin isə yumuruqla Yusifin üz nahiyəsinə vurmuşdur. Həmin vaxt Mətin Yusifə yumuruq zərbəsi vurmaq istəyəndə, həmin yumuruq Raula dəymiş, Nurlan Mətinin arxasından gələrək yumuruqla Mətinin üz nahiyəsinə vuraraq burunun qanatmışdır. Bundan sonra onlar hadisə yerindən getmişlər. Mətinin burnunda olan xəsarətləri hadisə zamanı Nurlan yetirmişdir. O, bir qədər aralıdan gördüyü üçün Nurlanın əlində dəqiq bıçaq olub-olmadığına fikir verməmişdir. O, həmin vaxt Nurlanın əlində bıçaq olduğunu dəqiq xatırlamamış, lakin Nurlan ona “Vatsap” sosial şəbəkəsində Yusifə mesaj yazaraq Mətini bıçaqla vuracağını demişdir. Hadisə təxminən 5- 6 dəqiqə davam etmişdir. Orada o, Yusif, Raul, Tamerlan, Nurlan, Ayxan və Mətin olmuş, həmin vaxt ətrafda kənar şəxs olmadığından onlara heç kəs yaxınlaşmamış və onları aralaşdırmamışdır. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhər 4 saylı tam orta məktəbin 9-cu sinfində oxuyur. Nurlanı, Yusifi, Rəvanı, Ayxanı və Mətini əvvəldən tanıyır. 10.10.2019-cu il tarixdə saat 13 radələrində oxuduğu məktəbdə dərsdən çıxıb Rəvan, Yusif, Ayxanla birlikdə yaşadıqları evə gedən zaman məktəbin qarşısında Nurlan onlara yaxınlaşıb Mətinlə mübahisəsinin olduğunu və X2 söhbət etməyə getməsini xahiş etmiş, Nurlanın təklifindən sonra onlar birlikdə Məhrəsə bağına gəlmiş, Rəvan Mətinə zəng vurub binanın həyətinə düşməsini xahiş etmiş, təxminən 15 dəqiqədən sonra Mətin çiynində məktəbli çantası ilə onların yanına gəlmiş, onlar özlərindən başqa heç kəs olmayan kənar yerə çəkilmişlər. Həmin vaxt Yusif Mətindən tanıyıb tanımadığını soruşmuş, Mətin Yusifə tanıdığını bildirmiş, həmin vaxt Mətin Yusifdən “nə üçün bu formada mənim üstümə gəlmisiniz” deyə soruşmuş, Yusif Mətinə cavab olaraq “sən Nurlanı təkləyibsən və onunla məzələnibsən” demiş, sonra Mətin onlardan uzaqlaşıb yaşadığı binanın girişinə getmiş, həmin vaxt o, Rəvan və Yusif Mətinin arxasınca getmiş, Mətin onların arxaları ilə gəldiklərini gördükdə ünvanlarına nalayiq sözlər işlətmiş, həmin vaxt Nurlan ovcunun içində sıxıb saxladığı bıçaqla arxadan Mətinə yaxılaşıb üzbəüz dayanmış və yumuruqla Mətinin üz nahiyəsinə vuraraq xəsarət yetirmiş, bundan sonra onları aralaşdırmış, Mətin burun nahiyəsindən qan axa-axa onlardan kənarlaşıb çıxıb getmələrini tələb etmiş, Mətin yaşadığı evə getmiş, o, Rəvan, Ayxan, Yusif, Nurlan birlikdə oradan uzaqlaşanda Mətin Rəvana zəng vuraraq nalayiq ifadələrlə onları təhqir etmişdir. Mətinin burnunda olan xəsarətləri hadisə zamanı Nurlan yetirmişdir. Həmin vaxt o və Yusif Mətinə xəsarət yetirməmiş, hadisə zamanı onunla, həmçinin Yusiflə Mətin arasında dava-dalaş olmamış, Hadisə zamanı Nurlan Mətini yumruqla vuraraq xəsarət yetirmiş, həmin vaxt Nurlan bıçağı əlində sıxıb saxlamış, Nurlan Mətini vurarkən bıçaq əlində olmuş, hadisədən sonra Nurlan bıçağı özü ilə aparmış, həmin bıçağın dəqiq ölçülərini bilməmiş, Nurlan Mətini vurarkən bıçaq Nurlanın əlində qatlanmış vəziyyətdə olmuşdur. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid3 Arzu oğlu ifadəsində göstərmişdir ki, Gəncə şəhər 4 saylı tam orta məktəbin 9-cu sinfində oxuyur. O, Mətini Nurlanı, Yusifi, Rəvanı, Raulu, Tamerlanı xeyli müddətdir ki, tanıyır. 10.10.2019-cu il tarixdə saat 13 radələrində oxuduğu məktəbdə dərsdən çıxıb Rəvan, Yusif, Raul və Tamerlan birlikdə yaşadıqları evə gedən zaman Nurlan əvvəlcə Yusifə zəng edib danışmış və daha sonra isə məktəbin qarşısında onlara yaxınlaşmış, Nurlan Mətinlə aralarında mübahisə olduğunu demiş, bundan sonra onlar birlikdə Mətinlə söhbət etmək üçün Məhrəsə Bağına getmiş, Məhrəsə bağında 16 saylı binanın yaxınlığında Nurlan kənara çəkilib Mətinə zəng vurub binanın yaxınlığına gəlməsini xahiş etmiş, təxminən 10 dəqiqədən sonra Mətin çiynində məktəbli çantası ilə onların yanına gəlmişdir. Onlar özlərindən başqa heç kəs olmayan kənar yerə çəkilmişlər. Həmin vaxt o, Ayxan və Rəvan bir az aralı dayanmışlar, Yusif, Nurlan orada Mətinlə söhbət etmiş, onlar isə kənardan baxmış, orada nədən söhbət getdiyini eşitməmişdir. Mətinlə Yusif bir-biri ilə mübahisə edən zaman Nurlan arxadan yaxınlaşıb Mətinin önündə dayanmış və yumuruqla Mətinin üz nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt Mətinin burnu qanamış, bundan sonra onları aralaşdırıb sakitləşdirmiş, həmin vaxt Mətinin burun nahiyəsindən qan axdığını üçün yaşadığı evə getmişdir. Mətinin burnunda olan xəsarətləri hadisə zamanı Nurlan yetirmişdir. Həmin vaxt Raul və Yusif Mətinə xəsarət yetirməmişlər. Hadisə zamanı Nurlan Mətini yumruqla vuraraq xəsarət yetirmişdir. O, bir qədər aralıdan gördüyü üçün Nurlanın əlində dəqiq bıçaq olub-olmadığına fikir verməmiş, lakin Nurlanın əlində hadisədən əvvəl bıçaq olmuşdur. Hadisə təxminən 5-6 dəqiqə davam etmiş, orada o, Yusif, Raul, Nurlan, Rəvan və Mətin olmuşdur. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Gəncə şəhər 4 saylı tam orta məktəbin 9-cu sinfində oxuyur. Rəvanı, Ayxanı, Raulu, Nurlanı, Tamerlanı və Mətini əvvəllərdən tanıyır. 10.10.2019-cu il tarixdə 13 radələrində oxuduğu məktəbin qarşısında dayanmış, həmin vaxt Rəvan ona yaxınlaşıb “söhbət etməyə gedirəm gəl gedək” demiş, o da Rəvana razılaşıb dediyi söbətə aydınlıq gətirmək üçün getmiş, bundan sonra o, Rəvan və Nurlan birlikdə Məhrəsə bağına gedən zaman orada tanıqları Tamerlan, Ayxan, Raul onların hara və nə üçün getdiklərini bilib arxaları ilə gəlmiş, onlar Mətinin yaşadığı binanın yaxınlığına çatanda Rəvanın istifadəsində olan mobil telefonla Nurlan Mətinə zəng vuraraq Mətini binanın qarşısına çağırmış, həmin vaxt Mətin telefonu söndürmüş, sonra Nurlan yenə Mətinə zəng vurmuş, sonra Nurlan ilə Rəvan Mətinin yaşadığı evə çıxaraq binanın həyətinə düşməsini bildirmiş, bundan sonra Mətin yaşadığı evdən çıxıb onların yanına gəlmişdir. Əvvəlcə onlar özlərindən başqa heç kəsin olmadığı kənar yerə çəkilmişlər. Sonra o, Mətinlə qarşı-qarşıya dayanıb söhbət etmiş, söhbət zamanı o, Mətinə “nə üçün özünüzdən balacanı incidirsiniz” demiş, Mətin ona cavab olaraq yaxşı etdiyini deyəndə, Nurlan arxadan tullanaraq Mətinin sifət nahiyəsinə yumuruqla vurmuş, sonra Mətin Nurlanın üstünə cumanda o, Mətini aralaşdırıb sakitləşdirərək, dava-dalaş etməməsini bildirmiş, həmin vaxt Nurlan arxadan Mətinə yaxınlaşıb üzbəüz dayanmış və əlində olan qara rəngli bıçağın tutacağı ilə Mətinin burun nahiyəsinə vuraraq xəsarət yetirmiş, Mətinin burun nahiyəsindən qan axmış və Mətin yerə yıxılmış, Mətin yerdən qalxıb çantasını götürüb oradan uzaqlaşmışdır. Mətinin burnunda olan xəsarətləri hadisə zamanı Nurlan yetirmişdir. Həmin vaxt o və Raul Mətinə xəsarət yetirməmiş, hadisə zamanı onunla, həmçinin Yusiflə Mətin arasında dava-dalaş olmamışdır. Hadisə zamanı Nurlan Mətini yumruqla vuraraq xəsarət yetirmişdir. Həmin vaxt Nurlan bıçağı əlində sıxıb saxlamış, Nurlan Mətini vurarkən bıçaq onun əlində olmuş, Nurlan bıçağın dəstəyi ilə Mətinə xəsarət yetirmişdir. Hadisədən sonra Nurlan bıçağı özü ilə aparmış, həmin bıçağın dəqiq ölçülərini deyə bilməmiş, lakin bıçaq kiçik ölçülü olduğunu, qatlanmış vəziyyətdə Nurlanın ovucun olduğunu görmüşdür. Dəstəyi isə qara rəngli olmuş, Nurlan Mətini vurarkən bıçaq onun əlində qatlanmış vəziyyətdə olmuşdur. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Gəncə şəhər 4 saylı tam orta məktəbin 9-cu sinfində oxuyur. O, Nurlanı, Yusifi, Rəvanı, Raulu, Tamerlanı xeyli müddətdir ki, tanıyır. Mətini isə tanımamış. 10.10.2019-cu il tarixdə saat 13 radələrində oxuduğu məktəbdə dərsdən çıxıb Rəvan, Yusif, Raul, və Tamerlan birlikdə yaşadıqları evə gedən zaman Nurlan məktəbin qarşısında onlara yaxınlaşmış, Nurlan Mətin adlı şəxslə aralarında mübahisə olduğunu demiş, bundan sonra onlar birlikdə Məhrəsə Bağına getmiş, Məhrəsə bağında 16 saylı binanın yaxınlığında Nurlan kənara çəkilib Mətin adlı şəxsə zəng vurub binanın yaxınlığına gəlməsini xahiş etmiş, təxminən 10 dəqiqədən sonra Mətin çiynində məktəbli çantası ilə onların yanına gəlmişdir. Əvvəlcə onlar özlərindən başqa heç kəs olmayan kənar yerə çəkilmişlər. Həmin vaxt o, Tamerlan, Rəvan bir az aralı dayanmışla, Yusif, Nurlan orada Mətinlə söhbət etmiş, onlar isə kənardan baxmış, orda nədən söhbət getdiyini eşitməmiş, Mətinlə Yusif bir-biri ilə mübahisə edən zaman Nurlan arxadan yaxınlaşıb yumuruqla Mətinin üz nahiyəsinə vuraraq xəsarət yetirmiş, həmin vaxt Mətinin burnu qanamış, bundan sonra aralaşdırıb sakitləşdirmiş, həmin vaxt Mətinin burun nahiyəsindən qan axdığını üçün yaşadığı evə getmişdir. Mətinin burnunda olan xəsarətləri hadisə zamanı Nurlan yetirmişdir. Həmin vaxt Raul və Yusif Mətinə xəsarət yetirməmişdirlər. Hadisə zamanı Nurlan Mətini yumruqla vuraraq ona xəsarət yetirmişdir. O, bir qədər aralıdan gördüyü üçün Nurlanın əlində dəqiq bıçaq olub-olmadığına fikir verməmiş, lakin Nurlanın əlində hadisədən əvvəl bıçaq olmuşdur. Hadisə təxminən 5-6 dəqiqə davam etmiş, orada o, Yusif, Raul, Tamerlan, Nurlan, Rəvan və Mətin olmuş, ətrafdan kənar şəxs onlara yaxınlaşmamış və onalrı aralaşdırmamışdır. Hadisə zamanı Mətindən başqa heç kim xəsarət almamış, o, dalaşmadığı üçün heç bir xəsarət almamışdır. Məhkəmə iclasına müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onlar Gəncə şəhərində yerləşən “Bilik Körpüsü təhsil mərkəzi”ndə təhsil alarkən tanımışdır. Həmin şəxslərlə hər hansı qohumluq münasibəti yoxdur. O, “Bilik Körpüsü təhsil mərkəzi”ndə hazırlıq kurslarına gələn uşaqlara nəzarət etməklə məşğul olmuşdur. 09.10.2019-cu il tarixdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hazırlıq kursunda olarkən onların arasında mübahisə yaranmışdır. Mübahisənin yaranmasına səbəb isə Mətinin dərs vaxtı kursda iştirak edən digər uşaqların yanında Nurlana tez-tez söz atıb onunla məzələnməsi olmuşdur. Ümumiyyətlə, Zərərçəkmiş şəxs dərslərdə özünü həmişə nadinc aparırdı. Mətinin Nurlanla mütəmadi olaraq məzələnərək sonuncunu həmişə pisikdirməsinin və Mətinin bu hərəkətlərinin nəticəsində Nurlanın daxilən narahatçılıq keçirməsinin şahidi olmuşdur. Artıq vəziyyət o yerə çatmışdır ki, Nurlan kimi tərbiyəli və dərslərində həmişə çalışqan bir şagirdin həmin hazırlıq kursunu tərk etməsindən narahat olmuşdur. Təbii ki, o, Nurlan kimi dərslərində həmişə çalışqan bir şagirdin həmin təhsil mərkəzini tərk etməsini istəməmişdir. Bununla bağlı o, Mətini iş otağına dəvət edərək Nurlana qarşı həmin davranışına son qoymasını deyərək ona iradını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 24 fevral 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşmə zamanı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs üzünə qarşı onu döyərək xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə tibbi ekspertizasının 11.10.2019-cu il tarixli, 1633 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər –burun sümüyünün distal ortada və arxa 1/3 nahiyələrinin yerdəyişmiş qapalı sınıqları (burunun deformasiyası ilə izlənilən), boyun nahiyəsinin və sağ əlin arxa səthinin sıyrıqları – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 10.10.2019-cu il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən burun sümüyünün distal orta və arxa 1/3 nahiyələrinin yerdəyişmiş qapalı sınıqları (burunun deformasiyası ilə izlənilən) – dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, boyun nahiyəsinin və sağ əlin arxa səthinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 10.10.2019-cu il tarixdə saat 13 radələrində Gəncə şəhəri, Məhrəsə bağı, bina 16-nın qarşısında Təqsirləndirilən şəxs özü ilə gətirdiyi açılıb-qatlanan cib bıçağı ilə Zərərçəkmiş şəxs burun nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi cib bıçağının harada olması barədə bir sıra əməliyyat axtarış tədbirləri keçirilsə də bıçağın harada olmasını müəyyən etmək mümkün olmamışdır. Hadisənin baş verdiyi ərazidə “Təhlükəsiz şəhər”, o cümlədən digər müşahidə kameraları olmadığından hadisə qeydə alınmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 12 fevral 2020-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 fevral 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmiş, ona qarşı şikayəti və tələbi olmadığını, eləcə də onunla barışmasının nəzərə alınmasını xahiş etmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, baş vermiş hadisənin gedişatında təqsirləndirilən şəxsin hərəkətləri xuliqanlıq kimi təzahür etməmiş, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, hadisəyə düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi, Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunmasının ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmununun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Məhkəmə iş üzrə məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində silah qismində əşyadan istifadə etməklə xuliqanlıq cinayətinin tərkibi olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilməlidir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə tərəflərin qarşılıqlı münasibətlərinin, baş vermiş hadisənin səbəblərinin, hadisənin baş vermə şəraitinin, habelə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin hadisədən qabaq davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Məhkəmə ibtidai araşdırma orqanının hadisənin baş verməsinə səbəb kimi təqsirləndirilən şəxsin davranışları ilə bağlı gəldiyi qənaəti ittiham aktında təsvir edərkən Təqsirləndirilən şəxs “Zərərçəkmiş şəxs onunla zarafat etməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan hamı tərəfindən qəbul olunmuş davranış və əxlaq normalarını pozmaqla ətrafda olan şəxslərin narahatlığına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər” kimi qiymətləndirilməsini yanlış hesab edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında daha sonra göstərilmişdir ki, xuliqanlıq obyektiv cəhətdən Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edərək qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət vəictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs birlikdə mütəmadi olaraq gəldikləri təhsil mərkəzində hazırlıq kursunda olarkən zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxslə dərs vaxtı kursda iştirak edən digər uşaqların yanında söz ataraq onunla tez-tez zarafatlar edib onu pisikdirmiş, bununla bağlı onların arasında dərs vaxtı mübahisə yaranmışdır. Hətta Zərərçəkmiş şəxs bu cür hərəkətlərinin nəticəsində Təqsirləndirilən şəxs özünü daxilən narahat hiss etdiyini və sonuncunun Zərərçəkmiş şəxs bu cür hərəkətləri nəticəsində həmin təhsil mərkəzini birdəfəlik tərk etməsindən narahat olan, eyni zamanda onların arasında zərərçəkmişin hərəkətləri nəticəsində artıq yaranmış mübahisənin şahidi olan təhsil mərkəzinin nəzarətçisi də Zərərçəkmiş şəxs yanına çağıraraq ona bu cür hərəkətlərə son qoymasını deyərək iradını bildirmişdir. Hadisə baş verən gün Zərərçəkmiş şəxsla mübahisə səbəbsiz yerə deyil, məhz Zərərçəkmiş şəxs bu cür hərəkətləri nəticəsində yaranmışdır. Hadisə baş verən gün Təqsirləndirilən şəxs qeyd edilən məsələni aydınlaşdırmaq üçün sinif yoldaşları ilə birlikdə Zərərçəkmiş şəxs özlərindən başqa heç kəsin olmadığı kənar yerə çağırmışlar və baş vermiş münaqişə zamanı Təqsirləndirilən şəxs zərərçəkmişə xəsarət yetirməsi və hadisə yerindən uzaqlaşması ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı hərəkətləri, o cümlədən onun Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmasını qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, eqoizmini, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığını nümayiş etdirib cəmiyyətə açıqca hörmətsizlik göstərmək, ictimai qaydanı kobud şəkildə pozmaq kimi xuliqanlıq motivinin əsasını təşkil edən niyyət və məqsədlər deyil, hadisədən əvvəl Zərərçəkmiş şəxs onunla hazırlıq kursunda olarkən uşaqların yanında ona söz ataraq teztez zarafatlar edib onu pisikdirməsi səbəbindən əvvəldən onların arasında yaranmış mübahisə, həmçinin zərərçəkmişin hərəkətləri nəticəsində dərslərdə daxilən özünü narahat hiss etdiyindən zərərçəkmişin bu cür hərəkətləri ilə əlaqədar şəxsi münasibətlərinin pozulmasından yaranan, hadisə günü də özünü göstərən münaqişəli vəziyyətlə şərtləndirmiş, yəni cinayətkar hərəkətlərini törədərkən Təqsirləndirilən şəxs qəsdi birbaşa ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə olunmasına yönəlməmiş və xuliqanlıq niyyəti onun əməllərində hərəkətverici amil rolunu oynamamışdır. Yəni, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin tərkibinin yaranmasını şərtləndirən subyektiv cəhətin zəruri elementləri müəyyən edilməmişdir. Hadisənin baş verdiyi yerdə ictimai qaydanın məhz kobud şəkildə pozulmasına dəlalət edən (o cümlədən, bu pozuntunun nədə ifadə olduğunu göstərən) konkret faktlar isə nəinki məhkəmədə müəyyən edilməmiş, belə faktlara heç Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda da istinad olunmamışdır. Belə ki, ittihamda Təqsirləndirilən şəxs istinad edilən cinayətləri yaradan hallar kimi müstəsna olaraq Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı törətdiyi hərəkətlər təsvir edilmiş və formal olaraq xuliqanlıq cinayətinə aid əlamətlər sadalanmışdır. Lakin xuliqanlıq cinayətinin tərkibini təşkil edən bu əlamətlərin konkret olaraq nədə, təqsirləndirilən şəxsin hansı hərəkətlərində ifadə olunması irəli sürülmüş ittihamda ümumiyyələ göstərilməmişdir. İttiham tərəfinin istinad etdiyi, həmçinin məhkəmə araşdırması zamanı dindirilmiş şəxslərin ifadələri də cinayət hadisəsinin baş verdiyi yerdə ictimai qaydanın kobud şəkildə pozulması haqqında nəticə çıxarmaq üçün kifayət edə biləcək məlumatları əks etdirmir. İttiham tərəfinin bilavasitə hadisəyə aid sübutlar bazası isə qeyd olunan şəxslərin ifadələri, habelə Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlərin xarakteri və ağırlıq dərəcəsi haqqında məlumatları əks etdirən məhkəmə-tibbi ekspertizasının 11.10.2019-cu il tarixli rəyi ilə məhdudlaşır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən hüquqi mövqeyindən çıxış edərək bir daha qeyd edir ki, xuliqanlıq cinayətində əsas qəsd cinayətin əsas obyekti olan ictimai qaydanın pozulmasına yönəlməlidir. Başqa şəxslərin həyatı, sağlamlığı və əmlakı isə burada əlavə obyekt rolunu oynayır. Belə olan halda hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin qəsdinin ilk növbədə ictimai qaydanın pozulmasına yönəldiyini iddia etmək mümkün deyildir. Təqsirləndirilən şəxsə xuliqanlıq cinayətinə münasibətdə elan edilmiş ittihamla bağlı təqsirləndirilənin cəmiyyətə açıqca hörmətsizliyinin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən hansı halların olması təsdiq edilməmiş və yaxud bu cür qərəzli hərəkətlərin baş verməsinə dair hər hansı sübutlar müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin 221.3-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi yoxdur. Cinayət işinin qeyd olunan obyektiv halları təqsirləndirilən şəxs və zərər çəkmiş şəxsin ifadələri ilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir. (CPM-126.6.). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını qaldıran hallar mövcud olduqda bəraət hokum çıxarılır. 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X3rşı” işi üzrə 25 sentyabr 1992-ci il tarixli qərarında göstərmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur(§ 36). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onların həmin cinayətdə təqsirliliyini təsdiq edən mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Ədalətli məhkəmə araşdırması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların bərpa olunmasını təmin etməlidir”. Bu baxımdan təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. Beləliklə, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən “əməldə cinayət tərkibi olmadıqda” əsası ilə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona bəraət verilməlidir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə əlaqədar qeyd edir ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 1(044)-18/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilərək Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilmiş və barəsində cinayət təqibinə xitam verilmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut, xüsusi müsadirə olunmalı əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 350, 352-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi üzrə əməldə cinayət tərkibi olmaması əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı gündən sonrakı gün qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar