Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-18/2022 13.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, Gəncə şəhəri, Atatürk prospekti 197, bina 1, mənzil 28-də qeydiyyatda olmaqla 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs saxlanc yerinə təkrar qanunsuz daxil olaraq özgə əmlakını xeyli miqdarda gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 30.07.2020-ci il tarixdə gecə saat 04 radələrində özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 məxsus Gəncə şəhəri, Xəqani küçəsində yerləşən N saylı hərbi hissənin qarşısında olan “VAZ 2106” markalı, **- CF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa qapısını açmaq üsulu ilə daxil olaraq 1 ədəd 400 manat dəyərində olan “Xiaomi MA-3” markalı telefonu və 1 ədəd 100 manat dəyərində olan “Pioner” markalı maqnitofonu, mobil telefonun içərisindəki iki ədəd, hər birinin dəyəri 5 manat olan ***-***-**-** və ***-***-**-** mobil telefon nömrəsi olan özgə əmlakını gizli olaraq talamaqla oğurlamış, zərəçəkmiş şəxsə ümumilikdə 510 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrar 30.07.2020-ci il tarixdə gecə saat 04 radələrində özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 məxsus Gəncə şəhəri, Xəqani küçəsində yerləşən N saylı hərbi hissənin qarşısında olan “VAZ 2107” markalı, **-VN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qabaq şüşəsini çıxarmaq üsulu ilə daxil olaraq 1 ədəd 100 manat dəyərində olan “Pioner” markalı maqnitofonu, 1 ədəd 10 manat dəyərində olan yaddaş kartını və hər birinin dəyəri 25 manat olan iki ədəd, cəmi 50 manat dəyərində səsgücləndirici olan özgə əmlakını gizli olaraq talamaqla oğurlamış, zərəçəkmiş şəxsə ümumilikdə 160 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrar 15.10.2020-ci il tarixdə saat 03 radələrində tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə Zərərçəkmiş şəxs1 məxsus Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evinin barısından aşaraq qanunsuz olaraq evin həyətinə daxil olaraq oradan evin qonaq otağına daxil olmuş, evin qonaq və yataq otaqlarında olan 1 ədəd 1100 manat dəyərində olan “LG” markalı televizoru, 1 ədəd 900 manat dəyərində olan “LG” markalı televizoru, 1 ədəd 1000 manat dəyərində olan “Playstation” oyun aparatını, ümumi dəyərləri 1900 manat olan İtalyan istehsalı qızıl dəstini, 1 ədəd 500 manat dəyərində olan qızıl boyunbağını, 500 manat nəqd pul olan özgə əmlakını gizli olaraq talamaqla oğurlamış, zərərçəkmiş şəxsə ümumilikdə 5900 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, iş üzrə dindirilmiş şahidin ifadəsi, maddi sübut, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi sıxıntıları olduğu üçün o, 30.07.2020-ci il tarixdə gecə saat 04 radələrində avtomobillərdən oğurluq etmək niyyəti ilə Gəncə şəhəri, Xəqani küçəsinə getmişdir. Xəqani küçəsində yerləşən hərbi hissənin qarşısındakı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı “VAZ 2107” markalı avtomobilin qabaq şüşəsini yerindən çıxarmış, avtomobilə daxil olaraq avtomobilin içərisində olan 1 ədəd “Pioner” markalı maqnitofonu, 2 ədəd həmin maqnitofonun səsgücləndiricisini, 1 ədəd yaddaş kartını oğurlamışdır. Daha sonra orada olan başqa bir dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı “VAZ 2106” markalı avtomobilə yaxınlaşmış, həmin avtomobilin arxa şüşəsinin açıq olduğunu görüb əli ilə pəncərədən həmin avtomobilin qapısını açmış, orada olan 1 ədəd “Xiaomi” markalı telefonu və 1 ədəd “Pioner” markalı maqnitofonu oğurlamışdır. Həmin əşyaları oğurladıqdan sonra əşyaları oradan götürüb uzaqlaşmışdır. Bundan başqa, 15.10.2020-ci il tarixdə axşam saat 20 radələrində Gəncə şəhəri, Cavadxan qəsəbəsindən tanımadığı taksi ilə keçən zaman yolun kənarında olan evlərdən birində kənardan işıqların yanmadığını görmüş, bu zaman onun bəzi maddi ehtiyacları olduğundan həmin evdən oğurluq etmək niyyətinə düşmüş, lakin həmin vaxt hələ saat tez olduğundan o, taksi ilə bir qədər oradan aralaşdıqdan sonra taksiyə saxlamasını, oradan çıxıb getməsini demiş, taksi sürücüsü avtomobili kənara çəkmiş, o, taksinin pulunu ödədikdən sonra taksi yoluna davam edib çıxıb getmişdir. O isə piyada geriyə qayıtmış, evə yenə də kənardan diqqətlə baxdıqda evdə heç kimin olmadığını dəqiqləşdirmişdir. O, bu zaman evdən bir qədər kənarlaşıb yarımtikili ev axtarmış, evdən təxminən 300 metr aralıda bir yarım tikili ev tapıb orada gecəni gözləmək qərarına gəlmişdir. Bundan təxminən 3-4 saat sonra yarımtikilidən çıxıb yenə də evə tərəf getmiş, evi kənardan təxminən 5 dəqiqə müşahidə edib gecə saat təxminən 03 radələrində evə daxil olmaq qərarına gəlmişdir. Bu zaman o, evin arxa tərəfinə keçmiş, qapısı olmayan məhlə kimi bir yerə daxil olmuş, orada olan nərdivanı evin eyvanına qoymuş, evin eyvanına qalxmış, oradan plastik pəncərəni əli ilə bir qədər itələdikdən sonra pəncərə açılmış, evə daxil olub evdə axtarışlar aparmağa başlamışdır. O, evi gəzişdikdən sonra orada qonaq otağından bir ədəd televizoru götürüb yataq otağında olan televizorun yanına aparmış, orada olan döşək üzü ilə televizorları bir-birinə bağlamış, televizoru qonaq otağına aparmış, qonaq otağında olan “Playstation” oyun aparatı ilə birlikdə həmin əşyaları əvvəlcə balkona çıxarmışdır. Həmin əşyaları daşıya bilməyəcəyini düşündüyü üçün və yorulduğuna görə televizorları orada bir kənara qoymaq qərarına gəlmişdir. O, həmin televizorları bir kənara gizlədib, sonra götürmək qərarına gəldikdən sonra öz yoluna davam edib oradan çıxıb getmişdir. O, həmin günün səhərisi günü hələ bir neçə ay əvvəldən Şahlar adlı dostuna 1700 manat borcu olduğundan və Şahlar həmin pulu ondan dəfələrlə istədiyindən o, həmin əşyalardan playstationu Şahlara vermişdir. Şahlar isə ümumi həmin əşyanı 250 manat pula hesablayıb ona 50 manat pul vermiş, onun borcundan isə 200 manat çıxaraq 1500 manat borcunun qaldığını ona demişdir. O, həmin oğurluğu edən zaman tək olmuş, oğurluq etdiyindən heç kimin xəbəri olmamışdır. Həmin vaxt Şahlar ondan həmin əşyanı haradan almağını soruşmuş, lakin o, Şahlara əşyaların oğurluq olmadığını, Playstation oyun aparatının qardaşı uşaqlarının olduğunu, anası xəstə olduğu üçün pul lazım olduğunu demişdir. Playstation oyun aparatını Şahlara vermiş, qarşılığında isə Şahlar ona 50 manat pul verib 200 manat da borcundan silmişdir. Hal-hazırda zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəməsini, onlarla barışmasını və əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhərində işləyir, **-VN-*** dövlət qeydiyyat nömrə nişanlı, “VAZ 2107” markalı avtomobil ona məxsusdur. O, özünə məxsus olan həmin “VAZ 2107” markalı avtomobili 29.07.2020ci il tarixdə işlədiyi Gəncə şəhəri, Xəqani küçəsində yerləşən hərbi hissənin qarşısında saxlayıb hərbi hissəyə daxil olmuşdur. 30.07.2020-ci il tarixdə saat N radələrində o, hərbi hissədən çıxıb özünə məxsus olan həmin avtomobilə yaxınlaşan zaman avtomobilinin ön şüşəsinin yerində olmadığını, kənarda olduğunu görmüşdür. Sonra avtomobilinə yaxınlaşdıqda naməlum şəxsin 29.07.2020-ci il tarixdən 30.07.2020-ci il tarixə keçən gecə onun avtomobilinin ön şüşəsini çıxararaq avtomobilə daxil olduğunu, avtomobildə olan 1 ədəd 100 manat dəyərində olan “Pioner” markalı maqnitofonu, 1 ədəd 10 manat dəyərində olan yaddaş kartını və hər birinin dəyəri 25 manat olan 2 ədəd səsgücləndiricini oğurladığını görmüşdür. Bu səbəbdən də o, baş vermiş oğurluq hadisəsi ilə bağlı Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 160 manat maddi ziyan, avtomobilimin ön şüşəşisinin çıxarılması nəticəsində isə ona 40 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş zərər ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxslə barışmış və onun məsuliyyətdən azad edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 oğlu ifadəsində göstərmişdir ki, “VAZ 2106” markalı, **-CF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur. O, 29.07.2020-ci il tarixdə özünə məxsus olan həmin avtomobili Gəncə şəhəri, Xəqani küçəsində yerləşən hərbi hissənin qarşısında saxlayıb hərbi hissəyə daxil olmuşdur. 30.07.2020-ci il tarixdə səhər saatlarında işdən çıxdıqdan sonra özünə məxsus olan həmin avtomobilə yaxınlaşmış, avtomobilə yaxınlaşan zaman avtomobilinin sol arxa şüşəsinin açıq olduğunu görmüş, 29.07.2020-ci il tarixdən 30.07.2020-ci il tarixə keçən gecə naməlum şəxsin onun avtomobilinə daxil olaraq 1 ədəd 100 manat dəyərində olan “Pioner” markalı maqnitofonu, 1 ədəd “Xiaomi MA-3” markalı, 400 manat dəyərində olan telefonunu, telefonunun içərisindəki hər birinin dəyəri 5 manat olan ***-***-**-** və ***-***- **-** saylı mobil nömrələri oğurladığını görmüşdür. Dərhal bu barədə Polis İdarəsinə ərizə ilə müraciət edib şikayət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 510 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş zərər ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxslə barışmış və onun məsuliyyətdən azad edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evi ona məxsusdur. 04.10.2020-ci il tarixdə Ermənistan Respublikası Silahlı Qüvvələrinin Hərbi Birləşmələrinin raket qurğusundan atdığı mərmilərdən qorxmaqları səbəbindən ailəsi ilə birlikdə Bakı şəhərinə getmişdir. 04.10.2020-ci il tarixdən 22.10.2020-ci il tarixədək olan müddətdə evdə heç kim olmamışdır. 22.10.2020-ci il tarixdə axşam saat 20:00 radələrində yaşadığı fərdi yaşayış evinə gələn zaman evin giriş qapısının açıq vəziyyətdə olduğunu görmüş, evə daxil olduqda evin qapısının açıq olduğunu, qonaq otağında olan televizorun yerində olmadığını, evin dağınıq vəziyyətdə olmasını, şkaflardakı paltarların yerə töküldüyünü görmüşdür. Evə baxış keçirən zaman evin qonaq otağından 1100 manat dəyərində olan 1 ədəd “LG” markalı, 107 sm ekran ölçülü televizorun, 1000 manat dəyərində olan bir ədəd “Playstation 3” markalı kompyuterin, yataq otağında olan 1 ədəd 900 manat dəyərində olan “LG” markalı televizorun, digər yataq otağındakı şkafın sürməsindən 500 manat nağd pulun, 1900 manat dəyərində olan İtalyan istehsalı qızıl dəstinin, 500 manat dəyərində olan qızıl boyunbağının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını görmüşdür. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 5900 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş zərər ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxslə barışmış və ona ən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Şahid bildirmişdir ki, o, Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır, onun Ceyhunla arasında dostluq münasibətləri olmuşdur. Ceyhunun maddi durumu yaxşı olmadığından ona borcu olmuş, o, Ceyhuna hissə-hissə tam olaraq xatırlamadığı məbləğdə pul vermiş, Ceyhun isə həmin pullardan bir hissəsini ona versə də Ceyhunun ona ümumilikdə 1700 manat borcu qalmışdır. Onun özünün maddi durumu yaxşı olmadığından dəfələrlə Ceyhuna borcunu pulu olduqca qaytarmasını istəmiş, lakin Ceyhun ölkə ərazisində pandemiya ilə əlqədar olaraq iş olmadığını, pulunu verə bilmədiyini ona demişdir. Noyabr ayında xatırlamadığı bir gündə Ceyhun onunla əlaqə saxlayıb təcili pul lazım olduğunu, qardaşı uşaqlarına məxsus “Playstation” aparatını satmaq istədiyini demiş, o isə Ceyhuna ona olan borcundan da verəcəyi halda həmin “playstation”ı ala biləcəyini demişdir. O, Ceyhunla yaşadığı binanın yaxınlığında görüşmüş, Ceyhunla görüşdükdən sonra həmin “Playstation”ı Ceyhundan götürmüş, Ceyhuna 50 manat pul vermiş, həmin “playstation 3” aparatının qarşılığında isə Ceyhunun borcundan 200 manat pul silmişdir. O, əvvəlcə həmin oyun aparatını yaşadığı evə aparıb öz uşaqlarına vermək barədə düşünmüş, sonradan isə həmin oyun aparatını satmaq qərarına gəlmiş, Gəncə şəhəri, Nizami prospektində yerləşən “Mərkəzi Univermağ”ın qarşısında tanımadığı şəxsə xatırladığı qədəri ilə 180 manat pulun qarşılığında satmışdır. O, Ceyhuna həmin oyun aparatını haradan aldığını soruşan zaman Ceyhun ona həmin oyun aparatının qardaşı uşaqlarının olduğunu, anasına dərman almaqdan ötrü həmin oyun aparatını satmalı olduğunu demişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs öz ifadəsində göstərdiyi faktları hadisə yerlərində də təsdiq etmişdir. İfadəsinin yerində yoxlanması zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus olan evdən oğurladığı 2 ədəd “LG” markalı televizorlar, Zərərçəkmiş şəxs3 məxsus avtomobildən oğurladığı 1 ədəd “Pioner” markalı maqnitofon, Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd “Pioner” markalı maqnitofon və 1 ədəd “Xiaomi” markalı telefon cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən götürülmüş və maddi sübut kimi tanınaraq, saxlanılmaları üçün sahiblərinə verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.09.2020-ci il tarixli, 9/3270 nömrəli ekspert rəyindən görünür ki, qərarın təsviri hissəsində göstərilən mallar xarakterizə edilmişdir. Belə ki, “Pioenr DEH-2950MP” markalı maqnitofon -40 manat, “Pioner 50V4” markalı maqnitofon - 80 manat, “Xiaomi” markalı M 190649SH model -195 manat, ***-***-**-** saylı GSM mobil nömrə-4 manat, “***-***-**-** sayı GSM mobil nömrə -4 manat, “Pioner” markalı maqnitofon -25 manat olması müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəməəmtəəşünaslıq ekspertizasının 05 yanvar 2021-ci il tarixli, 584 saylı rəyinə əsasən qərarın təsviri hissəsində göstərilən mallar xarakterizə edilmişdir. Belə ki, “LG” markalı, ekranın diametri 107 sm(43 dyum olan rəngli led tipli televizor-704 manat, “Playstation-3” oyun aparatı-280 manat, ümumi çəkisi 26 qram olan, 3 predmetdən ibarət (boyunbağı,1 cüt sırğa və 1 ədəd üzük) ibrarət 750 əyarlı İtaliya qızılından hazırlanmış zərgərlik dəsti 2340 manat olması müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin 19.11.2020-ci il tarixli, 3850 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 20.12.2012-ci ildən opioidlərdən aslılıq diaqnozu ilə dispanser qeydiyyatındadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanserin 07.12.2020-ci il tarixli, 3562 nömrəli arayışından görünür ki, Kazımov X5 şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 12.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13.12.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 29,177.2.3-cü maddələri ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 14.03.2010-cu ildə cəza müddəti başa çatmışdır. Bundan başqa, o, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27.11.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29 177.2.4, 177.3.2, 288.2.1, 232.2.1, 66.3-cü maddələri ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ rayon Məhkəməsinin 07.03.2018-ci tarixli qərarı ilə onun Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 maddələrinə tövsif edilmiş və cəzası 07 il 06 aya endirilimiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 25.10.2019-cu il tarixli qərarı ilə 6 ay 14 gün vaxtından əvvəl cəzasından şərti azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 05 noyabr 2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05.11.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 4(044)-140/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 05.02.2021-ci il tarixədək müəyyən edilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 05.11.2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur, onlar dəymiş ziyan tam ödənilib, onunla barışmışlar. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs saxlanc yerinə təkrar qanunsuz daxil olaraq özgə əmlakını xeyli miqdarda gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 30.07.2020-ci il tarixdə gecə saat 04 radələrində özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 məxsus Gəncə şəhəri, Xəqani küçəsində yerləşən N saylı hərbi hissənin qarşısında olan “VAZ 2106” markalı, **- CF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa qapısını açmaq üsulu ilə daxil olaraq 1 ədəd 400 manat dəyərində olan “Xiaomi MA-3” markalı telefonu və 1 ədəd 100 manat dəyərində olan “Pioner” markalı maqnitofonu, mobil telefonun içərisindəki iki ədəd, hər birinin dəyəri 5 manat olan ***-***-**-** və ***-***-**-** mobil telefon nömrəsi olan özgə əmlakını gizli olaraq talamaqla oğurlamış, zərəçəkmiş şəxsə ümumilikdə 510 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrar 30.07.2020-ci il tarixdə gecə saat 04 radələrində özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 məxsus Gəncə şəhəri, Xəqani küçəsində yerləşən N saylı hərbi hissənin qarşısında olan “VAZ 2107” markalı, **-VN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qabaq şüşəsini çıxarmaq üsulu ilə daxil olaraq 1 ədəd 100 manat dəyərində olan “Pioner” markalı maqnitofonu, 1 ədəd 10 manat dəyərində olan yaddaş kartını və hər birinin dəyəri 25 manat olan iki ədəd, cəmi 50 manat dəyərində səsgücləndirici olan özgə əmlakını gizli olaraq talamaqla oğurlamış, zərəçəkmiş şəxsə ümumilikdə 160 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrar 15.10.2020-ci il tarixdə saat 03 radələrində tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə Zərərçəkmiş şəxs1 məxsus Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evinin barısından aşaraq qanunsuz olaraq evin həyətinə daxil olaraq oradan evin qonaq otağına daxil olmuş, evin qonaq və yataq otaqlarında olan 1 ədəd 1100 manat dəyərində olan “LG” markalı televizoru, 1 ədəd 900 manat dəyərində olan “LG” markalı televizoru, 1 ədəd 1000 manat dəyərində olan “Playstation” oyun aparatını, ümumi dəyərləri 1900 manat olan İtalyan istehsalı qızıl dəstini, 1 ədəd 500 manat dəyərində olan qızıl boyunbağını, 500 manat nəqd pul olan özgə əmlakını gizli olaraq talamaqla oğurlamış, zərərçəkmiş şəxsə ümumilikdə 5900 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13.12.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 29,177.2.3-cü maddələri ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə bağlı məhkumluğu Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən ödənilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27.11.2013-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə bağlı məhkumluğu isə Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27.11.2013-cü il tarixli hökmü ilə təyin edilmiş cəzadan azad edildiyi 25.10.2019-cu il tarixdən iki il keçmədiyindən onun həmin məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən Cinayət Məcəlləsinin 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Təqsirləndirilən şəxs dəymiş zərəri ödəməsi və zərər çəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını, zərər çəkmiş şəxslərlə barışmasınə cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs əməlinə cinayətin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eyni zamanda həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivi mövcuddur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 05.11.2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs1 məxsus 2 ədəd “LG” markalı televizor, Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd “Pioner” markalı maqnitofon və Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd “Pioner” markalı maqnitofon və 1 ədəd “Xiaomi MA-3” markalı telefon saxlanması üçün sahiblərinin sərancamına verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 manat müəyyən edilmişdir ki, həmin məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən məhkəmə araşdırması zamanı 15 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə olduğu müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 05.11.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs1 məxsus 2 ədəd “LG” markalı televizor, Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd “Pioner” markalı maqnitofon və Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd “Pioner” markalı maqnitofon və 1 ədəd “Xiaomi MA-3” markalı telefon saxlanması üçün sahiblərinin sərancamına verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-18/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-18/2022
13.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver