Məhkəmə qərarları › İş №1(044)-180/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-180/2021

22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-180/2021 22.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əliyev Nicat Şirzad oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Bəylərov Murtuz Əli oğlunun, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Məmmədov Rihat Tahir oğlunun və təqsirləndirilən şəxs Həsənov Azər Tofiq oğlunun iştirakları ilə, 23 aprel 1970-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi ev 168A ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Həsənov Azər Tofiq oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Həsənov Azər Tofiq oğlu (bundan sonra – A.T.Həsənov) istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq yəni, ümumi təmiz çəkisi 450 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 10 mart 2021-ci il tarixdə saat 19 radələrində Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, Nizami rayonu, P.Səmədov küçəsində 4 saylı orta məktəbin yaxınlığında saxlanılaraq Gəncə şəhər Nizami rayon Polis İdarəsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli qış gödəkcəsinin iç hissəsindən sağ qoltuqaltı hissəsində satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı şəxsi istehlak miqdarından artıq yəni, təmiz çəkisi 450 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. A.T.Həsənovun törətmiş olduğu cinayət əməli onun özünün etiraf ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, ekspertiza rəyi, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs A.T.Həsənov ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 168A ünvanında yaşayır. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. O, narkotik vasitə olan marixuanadan müəyyən vaxtlarda istifadə etmiş, buna görə də narkotik vasitə olan marixuananı tanımışdır. 2020-ci ilin təxminən yay aylarında Göygöl rayonu “Azos” adlanan ərazisində gəzərkən narkotik vasitə olan marixuananı orada tanımış və şəxsi istifadəsi üçün həmin narkotik vasitə olan marixuananı oradan yığaraq qurutmaq məqsədilə yaşadığı evə gətirmiş, daha sonra həmin narkotik vasitə olan marixuanaı qurutmuşdur. Sonralar həmin narkotik vasitə olan marixuananı arabir istifadə etmiş və 2021-ci ilin mart ayının 10-da saat 19-radələrində yaşadığı Gəncə şəhəri Şəddadilər küçəsi ev 168A ünvanından Göygöl rayonu “Azos” adlanan ərazidən yığaraq qurutduğu narkotik vasitə olan qurudulmuş marixuananın keyfiyyətsiz olduğuna görə yaşadığı ünvanın yaxınlığında yerləşən Gəncə şəhəri P.Səmədov küçəsində 4 saylı orta məktəbin yaxınlığında olan zibil qutusuna atmağa gedərkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib, narkotik vasitələrin daşınması və istifadəsində şübhəli olduğunu bildirərək onu Gəncə şəhəri Nizami rayon Polis İdarəsinə dəvət etmişlər. O polis əməkdaşlarının təklifi ilə razılaşaraq polis əməkdaşları ilə birlikdə Gəncə şəhər Nizami rayon Polis İdarəsinə getmiş, polis idarəsində olarkən yenə də onun narkotik vasitələrin üzərində daşımağı barədə şübhəli olduğunu demişlər. Sonra hüquqlarının müdafiəsi üçün o, dövlət vəsaiti hesabına vəkillə təmin edilmişdir. Müdafiəçi Heydərov Nadim Nadir oğlu ona təqdim edilmiş, ona heç bir etirazının olmadığını bildirmiş, müdafiəçi Heydərov Nadim Nadir oğlunun iştirakı və videogörüntü ilə onun üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun əynində olan göy rəngli qış gödəkcəsinin iç hissəsində, sağ qoltuqaltı hissəsində saxlamış olduğu qara rəngli polietilen sellofon torba aşkar edilərək götürülmüşdür. Baxış zamanı müdafiəçinin iştirakı ilə 1 ədəd qara rəngli sellofon torbanın içərisində yaşıl rəngdə, kəskin iyili, ilk görünüşdən narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmin torbadakı narkotik vasitə olan marixuananı 2020-ci ilin yay aylarında Göygöl rayonu “Azos” adlanan ərazidən şəxsi istifadəsi üçün yığmış və polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl Gəncə şəhəri P.Səmədov küçəsində yerləşən 4 saylı məktəbin yaxınlığında yerləşən zibil qutusuna atmaq üçün üzərində saxlamışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd qara rəngli polietilen sellofan torbada olan narkotik vasitə olan marixuana müdafiəçinin və digər iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmiş və ümumi çəkisi 480 qram olmuşdur. Hazırda əməlindən peşman olmaqla məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məmmədov Cavid Səyyədin oğlu ifadəsində göstərmişdir ki, 2010-cu ildən DİO-da, 2021-ci ildən isə Gəncə şəhər BPİ-in Nizami RPİ-in baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 10.03.2021-ci il tarixdə idarəyə Gəncə şəhər sakini A.T.Həsənovun narkotik vasitələrin qanunsuz olaraq saxlaması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Onun həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə dair qərar qəbul olundu və əməliyyat qrupu yaradıldı. Bundan sonra idarənin əməliyyat müvəkkili, polis leytenantı Məmmədov İsmət Əhməd oğlu ilə birlikdə Gəncə şəhəri ərazisində əməliyyataxtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat təxminən 19 radələrində A.T.Həsənov Gəncə şəhəri, P.Səmədov küçəsi 4 saylı orta məktəbin yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-in Nizami RPİ-yə dəvət edilmişdir. A.T.Həsənov razılaşaraq idarəyə gəlmiş və Gəncə şəhər BPİ-in Nizami RPİ-də ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilərək müdafiəçi Heydərov Nadim Nadir oğlu onun müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Daha sonra A.T.Həsənovun üzərinə video çəkilişlə baxış keçirilmiş, baxış zamanı A.T.Həsənova üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunduqdan sonra A.T.Həsənov əynində olan göy rəngli qış gödəkcəsinin iç tərəfdə, sağqoltuqaltı hissəsində saxlamış olduğu qara rəngli polietilen sellofan torbanı təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılsa da, qeyri-qanuni başqa hər hansı bir əşya aşkar edilməmişdir. A.T.Həsənovun üzərində şəxsi axtarış yekunlaşdırıldıqdan sonra onun təqdim etdiyi qara rəngli polietilən sellofan torbanın içərisinə onların iştirakı ilə baxış keçirilmiş və qara rəngli polietilən sellafan torbanın içərisindən yaşıl rəngdə kəskin iyili ilk görünüşdən narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə 1 ədəd qara rəngli sellofan torba ilə birlikdə tərəzidə çəkilmiş və kütlənin torba ilə birlikdə ümumi çəkisinin 480 qram olması müəyyən edilmişdir. Sorğu zamanı A.T.Həsənov həmin narkotik vasitəni Göygöl rayonu “Azos” adlanan ərazidən yığdığını və qurudaraq öz istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzalar ilə təsdiq edilmiş və həmin kütlə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzaları ilə təsdiq etmişlər . Məhkəmə iclasinda şahid qismində dindirilmiş Məmmədov İsmət Əhməd oğlu şahid Məmmədov Cavid Səyyədin oğlunun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 10.03.2021-ci il tarixli “şəxsi axtarış haqında” protokoldan görünür ki, həmin tarixdə şübhəli şəxs A.T.Həsənovun üzərinə baxış keçirilən zaman onun əynində olan göy rəngli isti qış gödəkcəsinin iç tərəfdə sağqoltuqaltı hissəsindən qara rəngli polietilen torbada kütlə aşkar olunmuş, həmin polietilen torba açıldıqda içərisindən qurudulmuş, xırdalanmış, tünd yaşıl rəngli, kəskin spesifik qoxuya malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Həmin kütlə içərisində olduğu sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilmiş və kütlənin ümumi çəkisi 480 qram gəlmişdir. Həmin kütlə 1 ədəd zərfdə qablaşdırılaraq üzəri DİN-in 110 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Gəncə Regional Bölməsinin məhkəmə fizikikimyəvi ekspertizasının 11 may 2021-ci il tarixli 16/231 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “10.03.2021-ci il tarixdə vət. Həsənov Azər Tofiq oğlunun üzərində şəxsi axtarış zamanı aşkar olunmuş 480 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə...” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 450 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın ümumi təmiz çəkisi - 450 qram tədqiqata sərf edildi - 0,2 qram, qalıq - 449,8 qram. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin Ambulator Məhkəmə Narkoloji Ekspertizasının 08 aprel 2021-cu il tarixli 354 nömrəli rəyindən görünür ki, A.T.Həsənovun narkotik vasitə olan heroindən istifadə edir, narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyənləşdirilmişdir. Beləliklə məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, A.T.Həsənov istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda yəni 5 qram çəkidə narkotik vasitə olan “marixuana” qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 10 mart 2021-ci il tarixdə Gəncə şəhər BPİ-in Nizami RPİ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Nizami rayonu, P.Səmədov küçəsində 4 saylı orta məktəbin yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-in Nizami RPİ-nə gətirilərək üzərinə baxış keçirilən zaman onun əynində olan göy rəngli isti qış gödəkcəsinin iç tərəfdə sağqoltuqaltı hissəsindən qara rəngli polietilen torbada kütlə aşkar olunmuş, həmin polietilen torba açıldıqda içərisindən qurudulmuş, xırdalanmış, tünd yaşıl rəngli, kəskin spesifik qoxuya malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Həmin kütlə içərisində olduğu sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilmiş və kütlənin ümumi çəkisi 480 qram gəlmişdir. Həmin kütlə 1 ədəd zərfdə qablaşdırılaraq üzəri DİN-in 110 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs A.T.Həsənovun əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də təqsirləndirilən şəxs A.T.Həsənov həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-in 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin III hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər Psixonevroloji Dispanserin verdiyi 13.03.2021-ci il tarixli 1299 saylı arayışdan görünür ki, təqsirləndirilən şəxs A.T.Həsənov dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər Narkoloji Dispanserin verdiyi 13.03.2021-ci il tarixli 1062 saylı arayışdan görünür ki, təqsirləndirilən şəxs A.T.Həsənov dispanserdə qeydiyyatdadır. CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Ona görə də məhkəmə, 59.2-ci maddəsinə əsasən A.T.Həsənovun törətdiyi cinayət əməlini səmimi etiraf etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq A.T.Həsənova cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs A.T.Həsənovun əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar yoxdur və cəzasını yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq A.T.Həsənovaq cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxs A.T.Həsənova cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini(ailədə yeganə qazanc gətirən şəxs olmasını) təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 10.03.2021-ci il tarixli “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, A.T.Həsənov həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 12.03.2021-ci il tarixli “qətimkan tədbiri seçmə haqqında” qərardan görünür ki, həmin tarixdə A.T.Həsənovun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs A.T.Həsənov 10 mart 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək həbsdə olmuşdur. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs A.T.Həsənov təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxs A.T.Həsənovun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı yüngülləşdirən halları və ağırlaşdırılan halların olmamasını nəzərə alıb hesab edir ki, A.T.Həsənova törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Eyni zamanda məhkəmə hesab edir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxs A.T.Həsənova cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs A.T.Həsənovun üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi ev 168A ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nə saxlanılan tədqiqatlardan sonra qalıq qalmış 449,8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin təqsirləndirilən şəxsin üzərinə keçirilmiş baxışı özündə əks etdirən 1(bir) ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilib saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs A.T.Həsənovdan tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN 1401555071, Müxbir hesab AZ41NABZ 01360100000000003944 S.F.I.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN 1700326621 hesab AZ34CTRE00000000000002088501 saylı hesaba keçirilməlidir. Təqsirləndirilən şəxs A.T.Həsənovun müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından onun hüquqlarının müdafiəsi məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Məmmədov Rihat Tahir oğlu tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinin tələblərinə görə belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsi hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarla etdiyi dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat məbləğində haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 10 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Məmmədov Rihat Tahir oğlunun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, h ö k m e t d i: Həsənov Azər Tofiq oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Həsənov Azər Tofiq oğlunun 10 mart 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Həsənov Azər Tofiq oğlunun cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Həsənov Azər Tofiq oğlunun üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi ev 168A ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Həsənov Azər Tofiq oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri” hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası təqsirləndirilən şəxs Həsənov Azər Tofiq oğlunun yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Həsənov Azər Tofiq oğlu cəzaçəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə qeydiyyata alınsın. Həsənov Azər Tofiq oğlunun üzərinə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nə saxlanılan narkotik vasitə olan qurudulmuş marixuana ekspertizadan qaytarılmış qalığı, yəni – 449,8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin iş üzrə maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxsin üzərinə baxış zamanı çəkilmiş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilərək saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs Həsənov Azər Tofiq oğlundan tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN 1401555071, Müxbir hesab AZ41NABZ 01360100000000003944 S.F.I.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN 1700326621 hesab AZ34CTRE00000000000002088501 saylı hesaba keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsi hesabından vəkil Məmmədov Rihat Tahir oğlunun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar