Məhkəmə qərarları › İş №1(044)-184/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-184/2021

01.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-184/2021 01.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1999-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 01 may 2019-cu il tarixdə, saat 05 radələrində Gəncə şəhəri, İ.Məmmədov küçəsi, ev 191-də yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında saxladığı “ZİL431412” yük markalı su çəni tipli **-DO-*** qeydiyyat nömrə nişanlı avtomobilin sağ tərəf qapısını açıb avtomobilin salonuna daxil olub, salondan Zərərçəkmiş şəxs məxsus 2200 manat nağd pul və 150 manat dəyərində bir ədəd qızıl üzüyü gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2350 (iki min üç yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidin ifadəsi, maddi sübutlar, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, 4-cü mikrarayon bina 16, mənzil 20-də qeydiyyatda olsa da orada yaşamır, Gəncə şəhərində küçələrdə körpü altlarında yaşayır. Onun Faiq adlı tanışı var, Faiq də onun kimi küçələrdə yaşayır, çox vaxtı o, birlikdə Gəncə şəhər 3 nömrəli xəstəxana yaxınlığında Gəncə çayı üzərində olan körpünün altında Faiqin yaratdığı kiçik sığınacaqda yaşayır. Təxminən 3 ay bundan öncə Faiq ona əvvəllər Samir adlı şəxsin idarə etdiyi su avtomaşınında Samirin köməkçisi kimi işlədiyini, avtomaşında həmişə Samir pul saxladığını demiş, bundan sonra Faiq onu İsrafil Məmmədov küçəsinə aparıb Samirin yaşadığı evi və avtomaşını saxladığı yeri göstərmişdir. Lakin o, həmin vaxtı avtomaşından oğurluq etməmişdir. O, sonra tək gəlib avtomaşının qapısını açıb salonda pul olsa oğurlamaq qərarına gəlmişdir. Buna görə də 01 may 2019-cu il tarixdə gecə saat 05 radələrində o, tək oğurluq etmək məqsədilə Samirin yaşadığı evin qarşısına su avtomaşının yanına gəlmiş, o, ətrafa nəzər yetirib heç kimin olmadığına əmin olduqdan sonra avtomaşına yaxınlaşmış, sürücü tərəfdən qapını yoxlamış, qapı bağlı olmuş, sonra avtomaşının digər qapısını yoxlayanda açıq vəziyyətdə olduğu üçün qapını açıb avtomaşının salonuna daxil olmuşdur. Avtomaşının salonunu axtarmış, oturacağın arxasında olan yerdən kapron qabın içərisində xırda qəpik pulların olduğunu görüb götürmüş, bundan başqa o, oradan 5, 10 və 20 manatlıq əskinazlarla pul olduğunu görüb götürmüşdür. Sonra həmin pulu o, avtomaşının içərisindən götürdüyü dəri gödəkcənin cibinə yığıb oradan uzaqlaşmış və kənarda oğurladığı pulları sayanda təxminən 1100 manat kağız pulların və 100 manatdan çox xırda pulun olduğunu görmüşdür. Həmin puları isə Bakı şəhərinə gedib xərcləmişdir. Oğurluq hadisəsini tək etmiş, hadisədən sonra Faiqlə görüşən zaman oğurluq etməyi barədə demişdir. Lakin oğurluqda ondan başqa heç kim iştirak etməmiş, su maşının içərisindən təxminən 1100 manat kağız pulların və 100 manatdan çox xırda pul oğurlamışdır. Lakin oradan üzük oğurlamağı yadında deyil. Oğurladığı pulun dəqiq məbləğini də unutmuşdur. Oğurladığı puldan ümumiyyətlə Faiqə hər hansı bir məbləğ verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, “ZİL431412” yük markalı, su çəni tipli ** DO *** qeydiyyat nömrə nişanlı su maşını ilə içməli su satışı ilə məşğul olur. İdarə etdiyi su maşınını hər gün yaşadığı evinin qarşısında saxlayır. Bəzən uzaq rayonlara getdiyi və ehtiyac ola biləcəyi üçün avtomobilində pul saxlayır. 30.04.2019-cu il tarixdə də həmişəki kimi idarə etdiyi su maşınını axşam saatlarında işdən qayıtdıqdan sonra yaşadığı evin qarşısında saxlamışdır. 01.05.2019-cu il tarixdə isə səhər saat təxminən 08:30 radələrində evdən çıxıb işləmək üçün getmək istəyən zaman avtomobilində saxlamış olduğu 2100 manat kağız pulun və 100 manat məbləğində isə qəpik pulların və təxminən 150 manat dəyərində olan qızıl üzüyün naməlum şəxs tərəfındən oğurlandığını aşkar etmişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Həmçinin yaşadığı evin qarşısında müşahidə kameraları quraşdırdığı üçün həmin müşahidə kameralarına baxan zaman avtomobilindən oğurluq edən naməlum şəxsin görüntüləri əks olunduğunu görmüş və o, həmin görüntüləri Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşlarına təqdim etmişdir. Evinin qarşısındakı müşahidə kameralarına baxan zaman avtomobilindən oğurluq edən şəxsin hazırki Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir. Təqsirləndirilən şəxs oğlu tərəfindən ona dəymiş zərər ödənilməmiş və ona dəymiş zərərin ödənilməsini tələb edir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid Famil oğlu ifadəsində göstərmişdir ki, o, hazırda daimi yaşayış yeri olmadığı üçün, əsasən Gəncə şəhər 3 nömrəli xəstəxana yaxınlığında Gəncə çayı üstündə olan körpünün altında özü üçün yaratdığı sığınacaqda yaşayır. Onun kimsəsi yoxdur, o, uşaq olan zaman anası vəfat etmiş, hazırda atasının harada olmasından da xəbəri yoxdur. O, küçələrdən metal tullantılar yığmaqla satıb özünə yemək alır. Bundan əvvəl o, Samir adlı su maşını sürən şəxsin avtomaşınında işləmişdir. Belə ki, o, sürücüyə kömək edib alınan su pullarını yığmışdır. Samir də bunun əvəzində ona yemək almış və gecəni avtomaşında qalmışdır. O, 1 nömrəli internat məktəbində təhsil almışdır. Təqsirləndirilən şəxs o, məktəb vaxtlarından tanıyır. Nicat da onun təhsil aldığı məktəbdə oxumuşdur. Nicat da demək olar ki, kimsəsizdir. Belə ki, Nicat nənəsinin yanında qalır, aradabir evdən çıxıb onun qaldığı yerdə qalmışdır. 2019-cu ilin may ayının 2-də Nicat onun yanına gəlmiş və ona Gəncə şəhəri, İ.Məmmədov küçəsində yerləşən üzərində müşahidə kamerası olan evin qarşısında dayanmış su avtomaşınının salonundan pul oğurladığını demişdir. X6 adlı şəxsin avtomaşınından oğurluq etdiyi məlum olmuşdur. Çünki o, Samirin avtomaşınında işləyən zaman avtomaşın gecəni Samirin evinin qarşısında dayanmış, evin də üstündə kameralar olmuşdur. Nicat evə tərəf gedəndə Samirin avtomaşınından oğurluq etdiyini bilmişdir. O, Nicatdan nə qədər pul götürdüyünü soruşanda 2000 manatdan artıq nağd pul və xırda qəpiklər götürdüyünü və oğurluq etdikdən sonra pulu Bakı şəhərində xərclədiyini demişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 01 may 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus **-DO-*** dövlət qeydiyyat nişanlı “Zil” markalı avtomaşına baxış zamanı Zərərçəkmiş şəxs “Zil” markalı avtomobilini saxlamış olduğu yeri və avtomobilin içərisindən qəpik və kağız pulların oğurlandığı yerləri şəxsən göstərmiş və nəqliyyat vasitəsinə kriminalist-ekspertin iştirakı ilə baxış zamanı təhqiqata yararlı 9 ədəd əl-barmaq izi aşkar edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “baxış keçirilməsi haqqında” 05 may 2019-cu il tarixli protokoldan görünür ki, video görüntülərə baxış keçirilən zaman 01.05.2019-cu il tarixdə saat 05:14 radələrində şəxsiyyəti məlum olmayan naməlum şəxsin Zərərçəkmiş şəxs yaşadığı ev olan Gəncə şəhəri, İ.Məmmədov küçəsi, ev 191-in qarşısında saxladığı **-DO-*** dövlət qeydiyyat nişanlı, “Zil” markalı su maşınına 1 nəfər şəxsin yaxınlaşması, əvvəlcə avtomobilin sürücü tərəfdə olan qapısını açmağa çalışdığı, sonra isə sərnişin istiqamətində olan qapını açaraq nəqliyyat vasitəsinə daxil olduğu, avtomobilin içərisində təxminən 6-7 dəqiqə axtarış etdikdən sonra avtomobildən düşərək əlində bükülü şəkildə olan əşya ilə uzaqlaşması müşahidə olunmuşdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsi Ruhi Əsəb Dispanseri tərəfindən verilmiş 08.08.2019-cu il tarixli, 837 saylı arayışından görünür ki, 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs 24.05.2007-ci il tarixdən Gəncə şəhər X5 kəskin debillik dərəcəsində ağıl zəifliyi və qıcolma tutmaları diaqnozu ilə qeydiyyatda durur. Məhkəmədə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 04 sentyabr 2019-cu il tarixli, 472 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və hal-hazırki psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək çətinlik törətdiyindən, daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə psixatriya ekspertiza şöbəsinə göndərilməsinin zəruri olduğu göstərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin stasionar məhkəmə psixiatrik ekspertizasının 15 mart 2021-ci il tarixli, 31 saylı rəyindən görünür ki, yoxlanılanlara əsasən Təqsirləndirilən şəxs “Yüngül dərəcəli əqli gerilik (debilik dərəcəsində oliqofreniya)” formasında psixi patologiyadan əziyyət çəkir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən “yüngül dərəcəli əqli gerilik (debilik dərəcəsində oliqofreniya)” formasında psixi potologiyadan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi yüngül dərəcəli əqli gerilik cinayət hadisənin törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Odur ki, Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs hesab edilməlidir. Bununla belə, Təqsirləndirilən şəxs hadisənin düzgünlüyünü qavrayıb həmin hadisə barəsində düzgün ifadə verə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs Fəxrəddin oğlunun əziyyət çəkdiyi yüngül dərəcəli əqli gerilik cinayət hadisəsini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi qiymətlədirilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur. Buna görə də onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Lakin Təqsirləndirilən şəxs aşkarlanan yüngül dərəcəli əqlin gerilik cinayət hadisəsini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından mərhum etmişdir. Buna görə də anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Halhazırki psixi vəziyyətinə görə onun məcburi müalicəyə ehtiyacı yoxdur. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra keçən müddət ərzində məruz qaldığı neqativ təbiətli psixogen amillərin təsiri nəticəsində onun əziyyət çəkdiyi xroniki psixi patologiyanın gedişində kəskinləşmə yaranmaması, psixika və davranışında arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün preventiv (qabaqlayıcı ) tədbir kimi həmin şəxsin daim nəzarət altında saxlanması və zərurət yarandığı təqdirdə həkim-psixiatrın müşahidəsi altına verilməsi tövsiyə edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə İdarəsi Narkoloji Dispanseri tərəfindən verilmiş 08.08.2019-cu il tarixli, 2931 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 07 may 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 02.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 27.12.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddələrinə əsasən 10 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli, 1(006)-263/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.3, 177.2.4, 185.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə ona 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 27.12.2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 ay 16 gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1 maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla 05 ay 08 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 170.1-ci maddəsi ilə 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə ona 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplanılmaqla ona 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə həmin cəza Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin edilmiş 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkməsinin əvvəli 22 mart 2020-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarına əlavə edilmiş 20.05.2019-cu il tarixli qərara əsasən Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün cinayət işinin icraatı dayandırılmış, 20.06.2019-cu il tarixli qərara əsasən cinayət işinin icraatı təzələnmiş və həmin tarixli qərarla da yenidən təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi ilə əlaqədar icraat dayandırılmış, 04.09.2019-cu il tarixli qərara əsasən cinayət işi üzrə icraat təzələnmiş, 16.09.2019-cu il tarixli qərara əsasən Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün cinayət işinin icraatı dayandırılmış, 29.12.2020-ci il tarixli qərara əsasən cinayət işinin icraatı təzələnmiş və istintaqı davam etdirilmişdir. İş materiallarından görünür ki, cinayət işinin icraatı 1 il 06 ay 27 gün müddətində təqsirləndirilən şəxsin istintaqdan yayınması ilə əlaqədar dayandırılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1, 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Göründüyü kimi, hazırki cinayət işinin icraatı təqsirləndirilən şəxsin istintaqdan yayınması ilə əlaqədar 1 il 06 ay 27 gün müddətində dayandırıldığından cinayət əməlinin törədildiyi 01 may 2019-cu il tarixdən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də, o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda baxılan cinayət əməlini, barəsində olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli 1(006)-263/2020 saylı hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza cinayətlərin məcmusu üzrə təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli, 1(006)-263/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş cəza hazırki hökmlə ona təyin olunacaq cəza ilə qismən toplanmalı, cəzasının əvvəli Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli, 1(006)-263/2020 saylı hökmündə müəyyən edilmiş 22 mart 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəzanın təyin edilməsi məsələsinə baxaraq hesab edir ki, Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməməsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Beləliklə də, məhkəmə şərh olunanlara əsasən və qeyd edilən qanunvericilik aktı normalarını rəhbər tutaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hazırki hökmlə təyin ediləcək cəza Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli, 1(006)-263/2020 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli, 1(006)- 263/2020 saylı hökmü ilə müəyyən edilmiş 22 mart 2020-ci il tarixdən hesablanmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin Təqsirləndirilən şəxs oğlunun hazırki cinayət işi üzrə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun həbsdə olması nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxsə ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli, 1(006)-263/2020 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə ona təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 mart 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və hökm qanuni qüvvəyə minənədək onun həbsdə olması nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxsə ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar