Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-187/2021 16.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 2001-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 3-də qeydiyyatda olan, ünvan 4-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən 01 ədəd göy rəngli kağız parçası bükümündə təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 0,297 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış və Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilməş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 19 fevral 2021-ci il tarixdə saat 17-00 dəqiqədə Gəncə şəhəri, Nizami rayonu, Mərkəzi Kitabxananın yaxınlığında müəyyən edilib ünvan 1 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən bir ədəd göy rəngli kağız parçası bükümündə içərisində təmiz çəkisi 0,297 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, anası Şahid4, ana babası Tufan və nənəsi Təranə ilə birlikdə yaşayır. Atası ilə anası ayrılıblar. Atası Türkiyə Respublikasındadır, orada yaşayır. O, 2020-ci ilin iyul ayında hərbi xidmətini başa vurub Gəncə şəhərinə evlərinə gəlmiş, hazırda rəsmi və qeyri-rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 6 ay olar ki, narkotik vasitə olan heroindən arabir istifadə edir. Əvvəl istifadə etdiyi narkotik vasitəni də tapmış, cəmi 2-3 dəfə ondan istifadə etmiş, narkotikə elə bir aludəçiliyi yoxdur. O, çayçıda olanda yadında qalmayan uşaqlardan eşitmişdir ki, Yevlax şəhərində avtovağzalın yanında qaraçı tayfasından olan şəxslər narkotik vasitə satırlar. Onlara yaxınlaşıb narkotik vasitə almaq olar. O da özünün istifadəsi üçün narkotik vasitə olan heroin almaq məqsədilə 18 fevral 2021-ci il tarixdə yol maşını ilə təkcə Yevlax şəhərinə getmişdir. Orada avtovağzalda soraqlayıb bir nəfər, orta boylu, dolubədənli, yaşı təxminən 50 yaş arası olan qaraçı tayfasından bir şəxslə tanış olmuşdur. O şəxslə danışıb təxminən 1 qram çəkidə narkotik vasitə olan heroini 50 manata almışdır. Yevlaxda bir iynəlik heroindən istifadə edib Gəncə şəhərinə gələrək, Gəncə şəhərində də təxminən bir iynəlik istifadə etmiş, qalanını da üzərində saxlamışdır. 19 fevral 2021-ci il tarixdə saat 17 radələrində o, Gəncə şəhəri, Nizami prospektində yerləşən Mərkəzi kitabxananın yaxınlığında olarkən 3 nəfər mülki geyimdə şəxslər ona yaxınlaşıb özlərini Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları kimi təqdim edib onu Gəncə şəhər Baş Polis İdarəsinə gətirmişlər. Orada hüquq və vəzifələrini izah edib onu Müdafiəçi1 adlı müdafiəçi ilə təmin etmişlər. Üzərində şəxsi axtarış keçirməmişdən əvvəl ona təklif etmişlər ki, üzərində narkotik vasitə və ya qadağan olunmuş hər hansı bir əşya varsa da təqdim etsin. O da bir gün əvvəl Yevlax şəhərindən 50 manata aldığı narkotik vasitə olan heroinin qalığını əynindəki şalvarın sağ yan cibindən göy rəngli siqaret falqasına bükülü vəziyyətdə təqdim etmişdir. Onun və müdafiəçisin iştirakı ilə həmin bükülüyə baxış keçirilmişdir. Bükülüdə heroin olması məlum olmuşdur. Həmin bükülü heroinlə birlikdə aptek tərəzisində çəkilmiş və çəkisi 0,51 qram olmuşdur. Bundan sonra üzərində şəxsi axtarış keçirilmişdir. Üzərində başqa bir narkotik vasitə və ya dövriyyəsi qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Üzərində saxladığı, ona məxsus olan həmin heroin onun, müdafiəçinin və onu polisə gətirən polis əməkdaşlarının iştirakı ilə qablaşdırılmış, möhürlənmiş və bütün iştirakçılar zərfin üzərinə imza etmişlər. Törətdiyi əməlindən peşmançılıq keçirməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, 19 fevral 2021-ci il tarixdə ünvan 3 ünvanında pasport qeydiyyatında olan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə daşıyaraq saxlaması barədə daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə edildikdən sonra ondan, bölmənin baş əməliyyat müvəkkili Şahid1 və həmin bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürülərək Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən Mərkəzi Kitabxananın qarşı tərəfində müəyyən edilmişdir. Özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün Gəncə şəhər Baş Polis İdarəsinə gətirmişlər. Bu barədə rəhbərliyə raportla məruzə etmişlər, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinə təqdim edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah edilərək dövlət hesabına Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 adlı vəkillə təmin edilmişdir. Onların və vəkilin iştirakı ilə video kameradan istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlamışlar. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan olunmuş əşya vardırsa təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki cins materialdan olan şalvarın sağ yan cibindən göy rəngli siqaret qutusunun kağızına bükülü vəziyyətdə olan kütləni çıxarıb həmin kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni bir gün əvvəl Yevlax rayonundan tanımadığı qaraçı tayfasından olan bir kişidən 50 manata almasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Başqa bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş digər bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə aptek tərəzisində çəkilmiş, çəkisi kağız bükümlə birlikdə 0,51 qram olmuşdur. Həmin küktlə onların iştirakları ilə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri hər bir iştirakçı tərəfindən imzalanmış, DİN-nin 91 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Adəm 2018-ci ildə hərbi xidmətə getmiş, 2020-ci ilin avqust ayında hərbi xidmətdən qayıtmışdır. Adəm heç bir yerdə işləmir. Adəmin əvvəllər narkotik vasitədən istifadə etməsini bilməmiş, onun bundan məlumatı olmamışdır. O, işə gedib-gələrkən Adəm evdə qalır. Bəzi vaxtlar da şəhərə çıxır, deyir ki, dostları ilə birlikdədir. 18 fevral 2021-ci il tarixdə səhər saatlarında Adəm ona demişdir ki, dostunun ad günüdür, ad gününə gedəcəkdir və ondan 40 manat pul almışdır ki, gedib oturub yeyib-içəcəklər. O da Adəmə inanmış, razılıq vermişdir. Həmin gün axşam saatlarında Adəm evə gəlmiş və demişdir ki, ad gününü keçirtmişlər, bir yerdə oturub yeyib-içmişlər. Onun ertəsi günü axşam saatlarında ona məlum olmuşdur ki, oğlu Adəmi Gəncə şəhər Baş Polis İdarəsində narkotikə görə saxlayıblar. Adəmin saxlanılması barədə ona məlumat verilmiş, onun məlumatı olmuşdur. Adəm iki gündən sonra evə gələndə nə baş verdiyini soruşduqda Adəm ona danışmışdır ki, 19 fevral 2021-ci il tarixdə Gəncə şəhəri, Mərkəzi kitabxananın yanında polislər Adəmi saxlayıblar və üstündə narkotik olduğu üçün polislər onu Gəncə şəhər Baş Polis idarəsinə aparıblar. Orada üzərinə baxış keçirilib, üzərindən narkotik aşkar edilərək götürülmüşdür. O, Adəmi həmin hərəkətlərinə görə danlamışdır. Adəm demişdir ki, narkotik özünə məxsus olmuşdur, amma haradan əldə etməsini deməmişdir. O, oğlunun əvvəllər kimdənsə narkotik vasitə və psixotrop maddə almasını eşitməmiş, oğlu Adəmin də kiməsə narkotik vasitə satmasını eşitməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi tədqiq olunmuş Şahid1 ifadəsindən görünür ki, 2004-cü ildən daxili İşlər Orqanlarında xidmət edir. 19 fevral 2021-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə daşıyaraq saxlaması barədə daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə edildikdən sonra ondan, bölmənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və həmin bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürülərək Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən Mərkəzi Kitabxananın qarşı tərəfində müəyyən edilmişdir. Özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün Gəncə şəhər Baş Polis İdarəsinə gətirmişlər, Bu barədə rəhbərliyə raportla məruzə etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinə təqdim edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah edilərək dövlət hesabına Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 adlı vəkillə təmin edilmişdir. Onların iştirakı və vəkilin iştirakı ilə video kameradan istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlamışlar. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan olunmuş əşya vardırsa təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki cins materialdan olan şalvarın sağ yan cibindən göy rəngli siqaret qutusunun kağızına bükülü vəziyyətdə olan kütləni çıxarıb həmin kütlənin narkotik vasitə olan heroin olduğunu, bir gün əvvəl Yevlax rayonundan tanımadığı qaraçı tayfasından olan bir kişidən 50 manata almasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, başqa hər hansı narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş digər bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə aptek tərəzisində çəkilmiş, çəkisi kağız bükümlə birlikdə 0,51 qram çəkidə olmuşdur. Həmin kütlə onların iştirakları ilə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri hər bir iştirakçı tərəfindən imzalanmış, DİN-nin 91 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 19 fevral 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxsnın üzərində şəxsi axtarış aparılarkən ona üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya varsa, təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs tünd boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd göy rəgli siqaret falqasına bükülünü təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə olan heroin olmasını bildirmiş, bundan sonra onun üzərində şəxsi axtarış aparılmış, üzərində başqa hər hansı dövriyyəsi qanunla qadağan olunan əşya aşkar edilməmiş və Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin heroin olmasını, bir gün əvvəl, yəni 18.01.2021-ci il tarixdə Yevlax şəhərindən tanımadığı bir nəfərdən 50 manata almasını demiş, həmin kütləyə baxış keçirilərkən kütlənin boz rəngli, ilk baxışdan narkotik vasitə olan heroinə oxşar olması məlum olmuş, həmin kütlə kağız bükümlə birlikdə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 0,51qram oluşdur. Həmin kütlə zərfə qoyularaq qablaşdırılmış, bütün iştirakçılar zərfin üzərinə imza etmişlər. Zərfin üzəri DİN-nin 91 saylı möhürü ilə möhürlənib götürülmüşdür Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 20 fevral 2021-ci il tarixli, 16/162 nömrəli rəyindən görünür ki, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə.» sözlər və imzalar olan kağız paketdəki 1 (bir) ədəd göy rəngli kağız bükümündə təmiz çəkisi – 0,297 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 30 mart 2021-ci il tarixli, 308 nömrəli rəyindən görünür ki, Adəm Sadıxovun narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 02.04.2021-ci il tarixli Gəncə şəhər Baş Polis İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin Yevlax rayonundan alması və ya Yevlax rayonundan qaraçı tayfasından olan 50 yaşlı naməlum şəxsdən alması, onun kimlərəsə də narkotik vasitə satması və alması müəyyən edilə bilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 01.05.2021-ci il tarixli, 1356 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 10.05.2021-ci il tarixli, 2022 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər rayonlarası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş «Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» 11 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı 0,297 qram çəkidə narkotik vasitə olan heroinin əldə olunma mənbəyini müəyyən etmək məqsədilə cinayət işinin materiallarından Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ayrıca cinayət işi ayrılmış və icraata qəbul edilərək istintaq aparılır, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədilə qanunsuz əldə edib üzərində daşıyaraq saxlaması müəyyən edilmədiyindən barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibi başlanmsı rədd edilmiş, ayrılmış rədd material Gəncə şəhər Prokurorluğuna göndərilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,247 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində ayrılmış xüsusi yerdə məsul saxlanca verilmiş, cinayət işinə əlavə olunmuş bir ədəd “DVD” disk sübut növü kimi tanınmışdır. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq saxlama cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 4-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, əməlin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19.03.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən halla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), təqsirkarın şəxsiyyətini (onun əvvəllər məhkum olunmamasını,) təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 19.02.2021-ci il tarixli protokoldan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs 19 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X3 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 21 fevral 2021-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə saxlanıldığı Gəncə şəhər Baş Polis İdarəsinin X1 azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 03 gün müddətində şübhəli şəxs qismində Gəncə şəhər Baş Polis İdarəsinin X2 saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 (üç) gün müddətində şübhəli şəxs qismində tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 4 ünvanında yerləşən evini axşam saat 23-dən səhər saat 07-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 30 mart 2021-ci il tarixli, 308 nömrəli rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinin tələbinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,247 qram narkotik vasitə olan heroin məhv edilməli, bundan başqa iş üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 32,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 fevral 2021-ci il tarixdən 21 fevral 2021-ci il tarixədək, yəni 03 (üç) gün şübhəli şəxs qismində tutulduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 06 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gəncə şəhər, Kəpəz Rayonu, 20 yanvar küçəsi, ev 13-də yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,247 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 32,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-187/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-187/2021
16.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver