Məhkəmə qərarları › İş №1(044)-19/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-19/2021

03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-19/2021 03.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin şəhər (rayon) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X5, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq 5 ədəd kibrit qutusunda, 3 ədəd kağız bükümdə, 2 ədəd sellofan paketdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,788 qram, 3,265 qram, 3,264 qram, 3,190 qram, 0,431 qram, 1,632 qram, 3, 306 qram, 1,802 qram, 6,425 qram, 9,812 qram ümumi təmiz çəkisi 33,915 qram, həmçinin 2 ədəd sellefon paketdə, ayrı ayrılıqda təmiz çəkiləri 25 qram, 50 qram, ümumi təmiz çəkisi 75 qram olan, həmçinin 2 ədəd sellofan paketdə, ayrı-ayrılıqda təmiz çəkiləri 65 qram, 67 qram, ümumi təmiz çəkisi 132 qram, ümumilikdə 240,915 qram narkotik vasitə olan qurudulmuş marixunanı əldə edib yaşadığı Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsi 160 saylı yaşayış evinin 2-ci mərtəbəsində öz istifadəsində olan mətbəx otağında saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Gəncə şəhər Nizami RPİ-in əməkdaşları tərəfindən həmin evə baxış keçirilərək Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib saxlamış olduğu ümumi çəkisi 240,915 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, X6 onun anası, Şahid1 isə atasıdır. O, ailəli olsa da valideyinləri ilə birlikdə yaşayır. Yaşadığı evin birinci mərtəbəsində valideyinləri, ikinci mərtəbəsində isə o arvadı ilə birlikdə yaşayır. O, təxminən 1 ildən artıqdır ki, narotik vasitə olan marixuanadan istifadə edir. 2019-cu ilin yay aylarında o, Göygöl rayonunda “azos” kimi tanınan yerdə çayda çimərkən çayın sahilində çətənə bitkisinin yetişdiyini görmüşdür. O, narkotik vasitə qəbul etdiyi üçün qərarlaşdırmışdır ki, həmin çətənə bitkisini yığıb yaşadığı evə aparıb qurutsun. O, həmin bitkini yığıb yaşadığı evə gətirmiş və evin zirzəmisində sərib qurutmuşdur. Sonra o hissəhissə qurumuş marixuananı sellofan torbaya və qutuya yığıb ordan çıxartmışdır. O, həmin qurumuş marixuananı hissə-hissə zirzəmidən çıxarıb evin mətbəxinə yığmışdır. Evin ikinci mərtəbəsində mətbəx olmasına baxmayaraq anası və ya arvadı orada yemek bişirmirlər. Yeməyi adətən evin birinci mərtəbəsində bişirib orda yeyirlər. Bunun üçün ikinci mərtəbədə olan mətbəxdən evdəkilər az istifadə edirlər. O da bu səbəbə görə həmin qurudulmuş marixuanaları qutularda və selofonda ikinci mərtəbədə saxlamışdır ki, evdə heç kimin əlinə keçməsin. Son vaxtlar o narkotik vasitədən çox istifadə etmişdir. O, narkotik vasitənin təsiri altında olanda arvadı və valideyinləri ilə mübahisə edib münaqişə yaratmışdır. Bu səbəbdən də arvadı hirslənərək evlərindən öz atasının evinə getmişdir. xx.xx.2020-ci il tarixdə o, səhər saatlarında anası və atası ilə mübahisə etmişdir. O, həmin vaxt narkotik vasitə olan marixuanadan qəbul etmişdir. Həmin vaxt anası polisə zəng edib ondan şikayət etmişdir. Polislər bir neçə dəqiqədən sonra onların yaşadığı evə gəlmişlər. Polislər onu polis idarəsinə aparmasınlar deyə o evdən bıçaq götürüb özünə xəsarət yetirmiş, qolundan qan axdığını görüb qorxmuşdur. O, bıçağı yerə atıb polislərdən onu xəstəxanaya aparmalarını xahiş etmişdir. Polis əməkdaşları da onu 3 nömrəli xəstəxanaya aparmışlar. Orada onun qoluna tikiş vurduqdan sonra özünü yaxşı hiss etdiyinə əmin olduqdan sonra polislər onu Gəncə şəhəri Nizami RPİ-yə gətirmişlər. Orada üzərinə baxış keçirilmişdir. Üzərindən heç bir qeyri-qanuni əşya və ya predimet aşkar edilməmişdir. Həmin vaxt onun hüquqlarını müdafiə etməsi üçün vəkil Elmira Həsənova dövlət hesabına vəkil təyin edilmişdir. Polis əməkdaşları ona yaşadığı evdən götürmüş olduqları qurudulmuş marixuananı göstərib ona məxsus olmasını soruşmuşlar. Həmin vaxt o valideyinlərinə əsəbi olduğundan və anası Lalə onu polisə şikayət etdiyindən o narkotikin ona məxsus olmadığını, anası Laləyə məxsus olduğunu bildirmişdir. Əslində isə yuxarda qeyd etdiyi kimi həmin qurudulmuş marixuana ona məxsus olmuş və o həmin narkotiki özü qurudub yaşadığı evdə öz istifadəsi üçün saxlamışdır. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Şəhriyar 3 ilə yaxındır ki, Aytac Məmmədova ilə ailə həyatı qurmuş və onlar evlərinin ikinci mərtəbəsində yaşamışlar. Son vaxtlar Şəhriyar heç kimlə yola getmir və onları təhqir eliyib hədələyir. Bu səbəbdən də gəlini Aytac evlərindən öz atasının evinə getmişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 8 radələrində Şəhriyar evdə münaqişələr yaratmışdır. Onu və arvadı Laləni bıçaqla hədələməyə başlamışdır. Onlardan tələb etmişdir ki, arvadı Aytacı evə qaytarsınlar. O, həyətə çıxaraq 102 xidmətinə zəng etmişdir. Polis əməkdaşları evlərinə gəldikdə Şəhriyar evdə səs küy salmış və əlindəki bıçaqla sol qoluna xəsarət yetirmişdir. Polis əməkdaşları Şəhriyarı sakitləşdirib tibbi yardım almaq üçün xəstəxanaya aparmışlar. Sonradan o və arvadı Şəhriyarın qaldığı ikinci mərtəbəyə qalxdıqda mətbəxdə aşkar etmişlər ki, qutularda və sellofan torbalarda kibritlərdə narkotik maddələrə oxşar ot şəklində kütlələr vardır. Bu səbəbdən o bu barədə Gəncə şəhəri Nizami RPİ-ə müraciət etmişdir ki, həmin kütlələr götürülsün. Polis əməkdaşları da gəlib evin ikinci mərtəbəsinin mətbəxindən ayrı-ayrı çəkilərdə maddələr götürmüş və elektron tərəzidə çəkilmiş, 3 ədəd bağlamada qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Mətbəxdən polis əməkdaşları bir ədəd qara rəngli işlək vəziyyətdə olan elektron tərəzini də müəyyən edib götürmüşlər. Əlavə olaraq bildirmişdir ki, ikinci mərtəbədə olan mətbəxdən o və arvadı istifadə etməmişlər. Yalnız Şəhriyarın özü istifadə etmişdir. Həmin kütlələr Şəhriyara məxsusdur və Şəhriyarın həmin kütlələri haradan əldə etdiyi onlara məlum deyil. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o 1996-cı ildən DİO-da, tutduğu vəzifədə isə 2008-ci ildən xidmət edir. Təqsirləndirilən şəxs, onun valideyinləri Şahid1 və X4 tanımır, hər hansı bir münasibəti olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə xidməti iş otağında olarkən X8 RPİ-yə oğlu Şəhriyarın yaşadıqları Gəncə şəhəri, Ozan küçəsi 160 saylı yaşayış evində narkotik vasitə saxlaması və istifadə etməsi barədə daxil olmuş müraciəti əsasında həmin ünvana gedib baxış keçirilməsi barədə rəhbərlik tərəfindən göstəriş verilmişdir. Lalə Məmmədovanın müraciəti əsasında həmin ünvana o, Nizami RPİ-nin təhqiqat bölməsinin təhqiqatçısı Şahid3 və Aqil Əliyev getmişlər. Ev sahibləri Şahid1 və Lalə Məmmədovanı dinləmişlər. Həmin şəxslər bildirmişlər ki, oğulları olan Şəhriyar bir neçə vaxtdır ki, narkotik vasitə aludəçisidir və evdə narkotik vasitə saxlayır. Yuxarıda adlarını qeyd etdiyi şəxslərlə birlikdə həmin evə baxış keçirilmişdir. Yaşayış evinin ikinci mərtəbəsi Təqsirləndirilən şəxs istifadəsində olduğu üçün baxış həmin yerdən başlamışdır. Evin ikinci mərtəbəsinin mətbəx otağına baxış zamanı Lalə Məmmədova təqdim etdiyi ayaqqabı qutusuna baxış keçirilmişdir. Həmin qutuda sellofan torbada qurudulmuş halda kütlə aşkar edilmişdir. Sonra mətbəx otağında digər qutu və sellofan torba aşkar edilmişdir. Həmin qutuda və sellofan torbada da qurudulmuş halda marixuanaya oxşar kütlə aşkar edilmişdir. Bundan başqa mətbəx otağında kiçik ölçülü elektron tərəzi də aşkar edilmişdir. Ev sahiblərinin və onların iştirakı ilə təhqiqatçı Aqil Əliyev həmin qurudulmuş halda olan kütləni tərəzi ilə çəkmişdir. Çəkilmiş kütlə və elektron tərəzi qablaşdırılmış və iştirakçılar imza etmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3, məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsinə oxşar məzmunda ifadələr vermişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda üzərində narkotik vasitə əldə edib saxlaması və daşıması faktına görə CMin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqın aparılması üçün icraata qəbul edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə xx.xx.2020-ci il tarixdə başlanmış ********* nömrəli cinayət işi həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli 117 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “.....vət. Təqsirləndirilən şəxs məxsus mətbəxdən aşkar olunaraq götürülmüş...” yazı və imzalar olan qırmızı rəngli polietilen torbadakı 5 ədəd kibrit qutusunda, 3 ədəd kağız bükümdə, 2 ədəd sellofan paketdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,788 qram, 3,265 qram, 3,264 qram, 3,190 qram, 0,431 qram, 1,632 qram, 3, 306 qram, 1,802 qram, 6,425 qram, 9,812 qram ümumi təmiz çəkisi 33,915 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “.....vət. Təqsirləndirilən şəxs məxsus mətbəxdən aşkar olunaraq götürülmüş...” yazı və imzalar olan göy rəngli polietilen torbadakı 2 ədəd sellofan paketdə, ayrı-ayrılıqda təmiz çəkiləri 25 qram, 50 qram, ümumi təmiz çəkisi 75 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “.....vət. Təqsirləndirilən şəxs məxsus mətbəxdən aşkar olunaraq götürülmüş...” yazı və imzalar olan ağ rəngli polietilen torbadakı 2 ədəd sellofan paketdə, ayrı-ayrılıqda təmiz çəkiləri 65 qram, 67 qram, ümumi təmiz çəkisi 132 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 5 ədəd kibrit qutusunda, 3 ədəd kağız bükümdə, 6 ədəd sellofan paketdə olan marixuanalar tərkiblərinə görə eynidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsi 160 saylı yaşayış evinə baxış keçirilən zaman həmin evin 2-ci mərtəbəsində özünün istifadəsində olan mətbəx otağından qanunsuz olaraq əldə edib saxlamış olduğu 5 ədəd kibrit qutusunda, 3 ədəd kağız bükümdə, 2 ədəd sellofan paketdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,788 qram, 3,265 qram, 3,264 qram, 3,190 qram, 0,431 qram, 1,632 qram, 3, 306 qram, 1,802 qram, 6,425 qram, 9,812 qram ümumi təmiz çəkisi 33,915 qram, həmçinin 2 ədəd sellefon paketdə, ayrı-ayrılıqda təmiz çəkiləri 25 qram, 50 qram, ümumi təmiz çəkisi 75 qram olan, həmçinin 2 ədəd sellofan paketdə, ayrı-ayrılıqda təmiz çəkiləri 65 qram, 67 qram, ümumi təmiz çəkisi 132 qram, ümumilikdə 240,915 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək həmin bağlamalar 1,2,3 № ilə qablaşdırılmış və AR DİN-in 110 №-li möhürü ilə möhürlənərək tərəzi ilə birlikdə götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş ilkin çəkisi 240.915 qram olmuş narkotik vasitə olan qurudulmuş marixuana sübut əhəmiyyəti kəsb etdiyindən, cinayət işinə əlavə edilməklə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 238,115 qram çəkidə narkotik vasitə saxlanması üçün Gəncə şəhər BPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 218 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxlanılan heç bir əşya və ya predmetlər aşkar olunmamış, baxış keçirilməsinin görüntüsü olan bir ədəd DVD formatlı disk sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarında saxlanılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla hər birinin ayrı-ayrılıqda yuxarı həddi 5 qramdan 500 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. M-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(044)-14/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Gəncə şəhər BPİ-nin İTİ-nin müstəntiqi polis baş leytenantı Elxan Əsədov tərəfindən verilmiş vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində 3(üç) ay müddətinə, yəni xx xxx 2020-ci il tarixədək “həbs” qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin başlanğıcının onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, xx xxxxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(044)-23/2020 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair Təqsirləndirilən şəxs müdafiəçisi X1 vəsatəti təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından həsdən azad olunmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(044)-82/2020 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan AR DİN Gəncə şəhər BPİ-nin Nizami Rayon Polis İdarəsinin №121-24951-1220 saylı xx.xx.2020-ci il tarixli məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuş məktubundan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2020-ci il tarixdən Gəncə şəhər Nizami RPİ tərəfindən axtarışda olan, xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Gəncə şəhərində tutularaq Gəncə şəhər Nizami RPİ-nə aparılmış və həmin tarixdə Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan AR ƏN Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasının xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən həbs edilərək xx.xx.2020-ci il tarixdə müəssisəyə daxil olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(044)-14/2020 saylı qərarına əsasən xx xxxxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək həbsdə və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(044)-23/2020 saylı qərarına əsasən ev dustaqlığında saxlandığı, həmçinin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli axtarış qərarına əsasən tutulduğu xx.xx.2020-ci il tarixdən hazırki günə olan müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 238,115 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə sübut kimi tanınmış iki ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlandığı 11 (on bir) ay 16 (on altı) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 2 (iki) il müddətə azadlığın mədudlaşdırılması cəzasından 1 (bir) il 11 (on) ay 2 (iki) gün çıxılmaqla üzərində 28 (iyirmi səkkiz) gün müddətə azadlığın mədudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 238,115 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X2 tövsiyələrinə və Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar