Məhkəmə qərarları › İş №1(044)-192/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-192/2021

20.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-192/2021 20.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işsiz, Kəlbəcər rayonu, Tövlədərə kəndində qeydiyyatda olan və Gəncə şəhəri, AKTA 6 ətrafında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 14 dekabr 2020-ci il tarixdə evinə qonaq kimi getdiyi Gəncə şəhəri AKTA 6 ərazisində yerləşən fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs mobil telefonunu danışmaq adı ilə alıb telefonda olan “Kapital bank”-a məxsus içərisində pul olan birkart kartının üzərində olan rəqəmləri öz mobil telefonunda yaratdığı “birbank” mobil tətbiqində qeydiyyatdan keçirdikdən sonra 16.12.2020-ci il tarixdən 30.12.2020-ci il tarixədək Zərərçəkmiş şəxs kartında olan 2500 manat nəğd pulun bir hissəsini özünə məxsus “Kapital bank”-a məxsus debet kartına, bir qismini isə “Unibank”-a məxsus debet kartına köçürdükdən sonra bankomatdan çıxarma yolu ilə talayaraq ümumilikdə zərərçəkmiş şəxsə 2500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir. 14.12.2020-ci il tarixdə saat 15 radələrində tanışı Elqayıtla söhbət edən zaman ona Eyvaz adlı tanışı olduğunu, ona Eyvazgildə yemək yeməyi təklif etmiş, o da razılaşmış və Eyvazın evinə qonaq getmişdir. Orada oturub yemək yemiş və spirtli içki qəbul etmiş, biraz söhbət edən zaman o, Eyvazın mobil telefonundan zəng etmək məqsədilə onun telefonunu almış, bu zaman o, Eyvazın telefonunun sms hissəsinə baxan zaman “Kapital bank”-dan bildiriş sms gəldiyini, həmin sms-də Eyvazın birkart ödəniş kartından çəkidiyi pulun hesabatı, eləcə də balansında olan pul barədə yazıldığını görmüş, o, bu sms-i görəndən sonra Eyvazın birkartında pul olmasını bilmiş, ona görə də kartda olan bütün pulu oğurlamaq qərarına gəlmişdir. Bunun üçün “Birbank” tətbiqində Eyvazın adına olan birkartın nömrəsini özündəki olan “Birbank” tətbiqinə əlavə edib Eyvazın adına olan kartı öz mobil telefonunda birbankla qeydiyyatdan keçirmiş, həmin vaxt Eyvazın mobil telefonuna təsdiqləmə kodu gəlmiş və o, həmin kodu Eyvazın sms yerindən öz mobil telefonuna yazmış, bundan sonra onun mobil telefonunda olan “birbank” tətbiqinə Eyvazın adına olan birkart kartının nömrəsi də əlavə edilmişdir. Artıq o, həmin birkartla da ödənişlər edə biləcəyini dəqiqələşdirmiş, bundan sonra telefonu ona qaytarmış və biraz oturduqdan sonra onlar durub getmişlər. Lakin Elqayıtın bundan xəbəri olmamış, o, Eyvazın oğurluqdan məlumatı olmaması üçün pulu hissə-hissə oğurlamaq qərarına gəlmiş, o, 16.12.2020-ci il tarixdə saat 19 radələrində o, öz mobil telefonunda olan birbank tətbiqi vasitəsilə Eyvazın birkartındakı puldan 630 manat pulu özünə məxsus “Kapital bank”-da açdırdığı debet kartına köçürmüşdür. 16.12.2020-ci il tarixdə saat 20 radələrində isə həmin pulu o, yaşadığı Gülüstan qəsbəsində olan “Əminə market” adlı mağazada olan “Kapital bank”-a məxsus bankomatdan pulu çıxarmış, həmin vaxt faiz tutulduğu üçün o, bankomatdan 559 manat pul çıxarmış, həmin pulu öz ehtiyacları üçün xərcləməyə başlamışdır. 18.12.2020-ci il tarixdə saat 01 radələrində evdə olan zaman Eyvaza məxsus birkartda olan pulu yenə də köçürmə yolu ilə özünə məxsus debet karta 550 manat pulu da köçürmüş, bundan sonra işləri olduğu üçün Bakı şəhərinə getməli olmuşdur. Ona görə də Gəncə şəhəri Yeni avtovağzala getmiş, tanımadığı “Mercedes” markalı avtomobillə Bakı şəhərinə yola düşmüş, həmin avtomobil Goranboy rayonu ilə getməli olmuş, ona görə də o, köçürdüyü 550 manat pulu Goranboy rayonunda olan adını bilmdiyi ticarət mərkəzinin qarşsında olan “Kapital bank”-a məxsus bankomatdan çıxarmışdır. Həmin vaxt faiz tutulandan sonra 546 manat pul əldə etmiş, həmin pulu 546 manat pulu da Bakı şəhərində öz ehtiyacları üçün xərcləmiş, artıq “birkart”-dan köçürmə limitini keçdiyi üçün birdaha “kapital bank”-ın kartına köçürə bilməyəcəyini bilmiş, ona görə də 19.12.2020-ci il tarixdə saat 22 radələrində özündə olan “Unibank” tətbiqinə daxil olmuş və Eyvaza məxsus “birkart”dan onlayn qaydada ardıcıl olaraq, bir neçə dəqiqə ara ilə əvvəlcə 100, sonra isə 200 manat və 100 manat pulu da elektron qaydada “Unibank”-a məxsus digital hesaba köçürmüşdür. Həmin hesabdan da 100 manat pulu elektron qaydada özünə məxsus “kapital bank”-ın debet həmin kartına köçürmüş, həmin pulu Bakı şəhəri H.Əliyev prospektində olan “Bravo” supermarketin qarşsında olan bankomatdan çıxarmış, qalan 300 manat pulu isə elektron qaydada öz ödənişlərini ödəyərək xərcləmişdir. 22.12.2020-ci il tarixdə həmin “Birkart”a əlavə olaraq 266 manat pulu da köçüdüyünü bilmiş, lakin Eyvazın birkartında olan köçürmə limiti bitdiyi üçün eyni qaydada, yəni özündə olan “Unibank” tətbiqinə daxıl olmuş və Eyvaza məxsus birkartdan onlayn qaydada 266 manat və bir neçə dəqiq sonra təkrar olaraq 5 manat pulu “Unibank”-a məxsus digital hesaba, həmin hesabdan da eyni qaydada özünə məxsus “kapital bank”-ın debet kartına köçürmüş, bundan sonra həmin pulu Bakı şəhəri Sabunçu rayonu ərazisində olan “bolmart” supermarketdə olan “Kapital bank”a məxsus bankomatdan faiz tutulduqdan sorna qalan 267 manat pulu 2 çıxarmışdır. Sonra Bakı şəhərində bir neçə gün qaldıqdan sorna Gəncə şəhərinə qayıtmışdır. 29.12.2020-ci il tarixdə saat 01 radələrində Gəncə şəhərində olan zaman Eyvaza məxsus “birkart”a əlavə olaraq 80 manat əlavə pul gəldiyini bilmiş, yenə də o, eyni qayda ilə özündə olan “Unibank” tətbiqinə daxil olmuş və Eyvaza məxsus birkartdan onlayn qaydada 80 manat pulu “Unibank”-a məxsus digital hesaba köçürmüş, həmin hesabdan da eyni qaydada özünə məxsus “kapital bank”-ın debet kartına köçürmüş, bundan sonra həmin pulun bir qismini elektron ödənişlərə xərcləmiş, bundan sonra Zərərçəkmiş şəxs kartında pul bitdiyi üçün artıq köçürmə edə bilməmişdir.Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışmasını, zərərçəkmiş şəxsin ondan hər hansı şikayət və tələbinin olmamasını, ali təhsilli gənc olmasını nəzərə alaraq ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki 14.12.2020-ci il tarixdə saat 19 radələrində tanışı Elqayıt onun evinə qonaq gəlmiş, Elqayıt onların evə gəklən zaman özü ilə Təqsirləndirilən şəxs da onun evinə gətirmiş, onlar evdə oturub və yemək yemiş, biraz sonra Lətif baxmaq üçün onun mobil telefonunu istəmiş, o da telefonu Lətifə vermiş və Lətif telefonunda nələrisə yoxlamağa başlamış, bu zaman isə o, Elqayıtla söhbət etmiş, təxminən 10 dəqiqə sonra Lətif onun telefonunu özünə qaytarmış, biraz oturduqdan sonra isə evdən çıxıb getmişdir. 25.12.2020-ci il tarixdə o, “milli ön” aparatından kartına baxan zaman birkartında olan 1958 manat pulun elektron qaydada tamamilə çıxarıldığını bilmiş, bundan sonra “Kapital bank”-a getmiş və çıxarışı əldə etmiş, bundan sonra o, Lətifi və Elqayıtı tapıb yanına getmiş, onun birkartını elektron qaydada birinin ələ keçirdiyini və polisə şikayət edəcəyini demiş, bu zaman Lətif şikayət etməməyini xahiş etmiş və pulu elektron qaydada oğurladığını etiraf etmiş, Lətif ona yaxın vaxtda pulu ödəyəcəyini demişdir. O da Lətifin atası Rafiqin nömrəsini tapmış və 25.12.2020-ci il tarixdə Rafiqlə Gəncə şəhəri “Köhnə yevlax avtovağzalı” deyilən yerdə görüşmüş, o, Rafiqə oğlunun etdiklərini deyəndə Rafiq isə öz şəxsiyyət vəsiqəsinin surətinin alt hissəsinə öz xətti ilə oğlu Təqsirləndirilən şəxs yerinə 1958 manatı kredit faizi ilə ona ödəməsi haqqında yazıb vermişdir. Bundan bir neçə gün sonra o, maaş kartını çıxarmaq üçün bankomata kartı salmış və bu dəfə də maaşın və təqaüdünün də yüklənmədiyini bilmişdir. Sonradan isə həmin pulların da Lətif tərəfindən köçürmə yolu ilə oğurlandığı və ona ümumilikdə 2500 manat maddi ziyan dəydiyini bilmişdir. O, dəfələrlə Rafiqdən pulunu istəsə də Rafiq oğlu Lətifin oğurladığı pulu verməmişdir. Bundan başqa ona başqa bir pul kartı təklif etsə də o, razılaşmayaraq pulunu nəğd şəkildə istəmişdir.Hazırda isə ona dəymiş ziyan tamamilə ödənilmişdir. Lətif barədə hər hansı şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Belə ki, Eyvaz aşıq olduğu üçün aşıq kimi tanıyır və dəfələrlə bir yerdə oturub yemək yemişlər. Təqsirləndirilən şəxs ilə eyni ərazidə yaşadığı və həmyaşıd olduqları üçün tanımış və Lətiflə də dəfələrlə oturub yemək yemişlər. 14.12.2020-ci il tarixdə saat 15 radələrində o, Lətiflə görüşüb söhbət etmiş, Söhbət zamanı oturub yemək yemək istədiklərini demişdir. Lakin pandemiya ilə əlaqıdar kafelər bağlı olduğu üçün o, tanışı Eyvazın evinə gedib oturub yemək yeməyi təklif etmiş, Lətif də onunla razılaşmış və o, Eyvazın mobil nömrəsinə zəng edib yemək üçün ərzağı özünün alacağını, evində yemək yeməyi təklif etmiş, Eyvaz da onunla razılaşmış və o, mağazadan ərzaq məhsulları almış və Lətiflə birlikdə Eyvazın evinə getmişdir. Orada yeməyi o, bişirmiş və yemək hazır olandan sonra süfrəyə əyləşmiş, sonra orada yemək yemiş və Lətif onun mobil telefonunu götürüb çölə çıxmış və danışıb geri gətirmişdir. Həmin gün onlar yemək yedikdə sonra hərə öz evinə getmişdir. 24.12.2020-il tarixdə Eyvaz ona zəng etmiş və “sənlə işim var, həmdə oturub çörək yeyək” demiş, o da razılaşmış və Eyvazla “Al market” mağazasının qarşısında görüşən zaman ona Eyvaza məxsus Kapitaldan aldığı “birkart” kartından pulunun çəkildiyini demişdir. O isə bunu nəyə görə ona dediyini soruşanda ona Lətifdən şübhələndiyini, evində olan zaman Lətifin onun mobil telefonunu danışmaq üçün götürüb çölə çıxdığını bildirmişdir. O, Eyvaza “gözlə Lətifə zəng edim, ama ona heçnə deməyim ki birdən bizim öyrəndiyimizi bilib qaçar” demiş və yanında Lətifə zəng edib Lətifi yenə də Eyvazın evində yeyib içməyə dəvət etmişdir. Lətif də razılıq vermiş və onlar Lətifi götürüb evə getmişdir. Orada yemək bişirmiş və oturb yeyən zaman o, Lətifə Eyvazın kartından pulu çəkdiyini demiş, Lətif də artıq bunu bildiklərini anlamış və pulu elektron qaydada özünün köçürmə yolu ilə oğurladığını bildirmişdir. Səhəri gün isə Eyvazı götürüb özü “Kapital bank”-a aparmış və oradan çıxarışları çıxartmış, Eyvazın özünə vermişdir. Sonradan isə Eyvazın Lətif barədə polisə şikayət etdiyini bilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 da şahid X1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi X2 11 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 may 2021-ci ildə tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi X2 07 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 may 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum ediməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlarla onun elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi tamamilə sübuta yetirildi. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayətin törətməsini, əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, ali təhsilli gənc olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 07 may 2021-ci ildə tutulduğu 01 gün müddət 02 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 8 saata görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il, 05(beş) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 8 saata görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (hesablaşma hesabı “XalqBank” Gəncə filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T.BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJCHCRAZN**********1001; VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar