Məhkəmə qərarları › İş №1(044)-193/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-193/2021

31.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-193/2021 31.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon-şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1970-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Tər-tər rayonu, Söylən kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 23, mənzil 16-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq yəni, təmiz çəkisi 435 qram olan çətənə(kannabis)bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o narkotik vasitə aludəçisidir və hərdənbir narkotik vasitə olan marixuana qəbul edir. 17 mart 2021-ci il tarixdə, saat 21 radələrində Gəncə şəhəri, Şahsevənlər küçəsi ilə Eminbəyli küçəsinin yaxınlığında olarkən əynində olan qara rəngli qış gödəkçəsinin sağ qoltuqaltı hissəsində qara sellofan torbada narkotik vasitə olan marixuana saxlamışdır. O, orada olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib ona polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra ona narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirib onu polis idarəsinə dəvət etmiş və o, Nizami RPB-yə aparılmışdır. Polis Bölməsində ona hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyə şərait yaratmışlar və o, təqdim edilən vəkillərin siyahısından hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi seçərək xahiş etmişdir ki, sonuncu onun hüquqlarını müdafiə etsin. Bundan sonra seçdiyi vəkil Müdafiəçi dəvət olunaraq ona təqdim olunmuşdur. Vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, həmin vaxt ona hüquqları izah olunmuş və şəxsi axtarış zamanı üzərində hər hansı narkotik vasitə və qanunla qadağan olunmuş əşyanın olub olmadığı soruşulanda o, əynindəki qara rəngli qış gödəkçəsinin sağ qoltuqaltı hissəində saxladığı bir ədəd qara rəngli sellofan torbada spesifik iyə malik olan narkotik vasitə marixuananı çıxardıb təqdim etmişdir. Polis əməkdaşları onun vəkilinin iştirakı ilə həmin sellofan torbanı açıb içərisinə baxış keçirtmişlər. Bundan sonra torbada olan kütlə tərəzidə çəkilərək 440 qram gəlmiş və zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı o, üzərindən aşkar olunan kütlənin narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni 14 mart 2021-cı il tarixdə yaşadığı küçənin yaxınlığında olan zibillikdə səkinin üzərindən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. O, yaşadığı küçədə zibilliyin kənarında səkinin üzərindən tapdığı torbanı açıb baxmış və özü narkotik vasitə marixuana istifadəçisi olduğu üçün həmin torbanın içərisindəki kütlənin narkotik vasitə marixuana olduğunu bilib istifadə etmək üçün üzərinə götürmüş, 3 gün ərzində həmin narkotik vasitənin üstündən bir neçə dəfə istifadə etdikdən sonra üzərində daşıdığı vaxt polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, həmin narkotik vasitədən heç kimə verməmiş və satmamış, özü istifadə etmək üçün yerdən tapıb üzərində saxlamışdır. 17 mart 2021-ci il tarixdə isə həmin narkotik vasitəni gizlətmək üçün üzərində daşıdığı vaxt polis əməkdaşları tərəfindən saxlanılmışdır. Himayəsində iki uşağının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, 2017-ci ildən DİO-da xidmət edir, 2021-ci ildən isə hazırda tutduğu vəzifədə, yəni Gəncə şəhər Nizami Rayon Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə hər hansı bir münasibəti olmamışdır. 17 mart 2021-ci il tarixdə Araz adlı şəxsin narkotik vasitə qəbul etməsi, mütəmadi olaraq narkotik vasitələr əldə edib üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında aparılan araşdırmalar nəticəsində həmin şəxsin Tərtər rayonu Söylən kəndində qeydiyyatda olan və Gəncə şəhəri Dədə Qorqud küçəsi ev 23, mənzil 16-da yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs əksər vaxtlar Gəncə şəhəri Eminbəyli küçəsinin yaxınlığında olması müəyyən olunmuşdur. O, bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Bundan sonra Bölmənin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 21 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Eminbəyli küçəsi ilə Şahsevənlər küçəsinin yaxınlığında müəyyən etmişlər, Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər, qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlamaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçirtmək məqsədi ilə sonuncunu Nizami Rayon Polis Bölməsinin inzibati binasına aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi məqsədilə müvafiq sənədləşmə aparılması Nizami Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru Ruslan Novruzova tapşırılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Müdafiəçi adlı müdafiəçi Polis Bölməsinə dəvət olunub Təqsirləndirilən şəxs təqdim edilmişdir.. Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunduqdan sonra sonuncu hüquq vəzifələrinin aydın izah edildiyini və hüquqlarının müdafiə olunması məqsədilə təqdim olunmuş Elmira adlı vəkilə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan hər hansı bir əşya və ya predmet varsa çıxardıb təqim etməsi təklif olunanda sonuncu əynindəki qara rəngli gödəkçənin sağ qoltuqaltı hissəsindən bir ədəd qara rəngli sellofan torbanı çıxardıb təqdim etmişdir. Həmin sellofan torba açılaraq müdafiəçinin iştirakı ilə içərisinə baxış keçirilən zamanı orada tünd yaşıl rəngli, qurudulmuş vəziyyətdə, spesifik iyə malik olan, narkotik vasitə “marixuanaya” bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin sellofan torbanın içərisindəki kütlənin narkotk vasitə olan marixuana oluğunu, polis əməkdaşları tərəfindən saxlanıldığı gündən 3 gün əvvəl yaşadığı küçənin yaxınlığında zibillikdən tapdığını, özü istifadə etmək məqsədilə üzərində saxladığını söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş içərisində narkotik vasitə marixuana olan qara rəngli sellofan torba tərəzidə çəkilmiş və 440 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan marixuanaya oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, üzəri yazılmış və DİN-nin 182 saylı möhürü ilə möhürlənərək tərkibinin müəyyən olunması məqsədilə ekspertizaya göndərilmişdir. Baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib olunmuş protokolu Təqsirləndirilən şəxsla yanaşı o və baxış zamanı iştirak edən digər şəxslər imzalamışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı rəqəmsal videoaparat vasitəsilə qeydə alınmış video görüntü diskə köçürülərək materiala əlavə olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən 440 qram çəkidə narkotik vasitə olan “marixuana”dan başqa saxlanılması qanunla qadağan olunmuş digər hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. İİbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan edilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Pois İdarəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru Ruslan Novruzov tərəfindən tərtib edilmiş 17 mart 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, video çəkiliş vasitəsilə vətəndaş Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ qoltuqaltı hissəsindən bir ədəd qara rəngli sellofan torbanı çıxardıb təqdim etmişdir. Araz Məmmədovun üzərindən aşkar olunub götürülmüş narkotik vasitə qanunla nəzərdə tutulmuş qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 18 mart 2021-ci il tarixli, 16/265 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “17.03.2021-ci il tarixdə vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə marixuanaya oxşar 440 qram çəkidə olan kütlə..”yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 435 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış marixuanadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 08.05.2021-ci il tarixli, 523 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 17.03.2021-ci il tarixli protokoldan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs 17 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X4 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 19 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 mart 2021-ci ildə Gəncə şəhər Baş Polis İdarəsinin X2 azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqla daşıması cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eyni zamanda həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs 17 mart 2021-ci ildən 19 mart 2021-ci ilədək tutulduğu iki gün nəzərə alınaraq ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanır. Həmçinin məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserində qeydiyyata alınmaqla narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 435 qram narkotik vasitə olan marixuana məhv edilməli, eləcə də Təqsirləndirilən şəxs oğlunun üzərinə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə məhkəmə-bioloji ekspertizasının keçirilməsinə xərclənmiş 32,40(otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından göstərilmiş 7 saat hüquqi yardıma görə 42(qırx iki) manat pul X3 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) günün bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il, 11(on bir)ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınaraq, narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 434,8 qram olan narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. X1 üzərinə baxış keçirilməsi zamanı çəkilmiş video görüntüləri özündə əks etdirən 1 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 42 (qırx iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya bir başa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar