Məhkəmə qərarları › İş №1(044)-198/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-198/2021

02.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-198/2021 02.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Rüstəmov Turan Arif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi cinayət işinin məhkəmə baxışına təyin edilməsini xahiş etdilər. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəməyə təklif etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini, ona xəsarət yetirən Təqsirləndirilən şəxsla barışdığından sonuncuya qarşı hər hansı şikayətinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ilkin məhkəmə zamanı aparılmış ibtidai araşdırma dövründə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulması aşkar edildiyindən və məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verilməsi müəyyən edildiyindən, cinayət işinin baxılmasına xitam verilməli və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, cinayət işinin materiallarında olan 07.06.2021-ci il tarixli “Təqsirləndirilən şəxsə etiraz edilə bilən şəxslər barədə məlumatların bildirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Müdafiəçi cinayət iş üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyin Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən həyata keçirilməsi barədə məlumat verilmiş və sonuncu birgə istintaq qrupunun yaradılması haqqında qərarla tanış edilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və istintaqı aparan müstəntiqə etiraz etmək hüquqları nəzərinə çatdırılmış, lakin Təqsirləndirilən şəxs istintaq qrupunun digər üzvləri, Azərbaycan Respublikası Baş prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, İİ dərəcəli hüquqşünas X2 və DİN-in Baş İstintaq və Təhqiqat idarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis mayoru X1 etiraz etmək hüququ izah edilməmiş və protokolda etiraz edilə bilən şəxslərin adlı siyahısı göstərilməmişdir. Halbuki Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 120.1 – 120.3-cü maddələrinə əsasən cinayət prosesində iştirak edən hər bir şəxsin öz hüquq və vəzifələrini, seçdiyi mövqeyinin hüquqi nəticələrini bilməyə, habelə onun iştirakı ilə keçirilən prosessual hərəkətlərin mahiyyəti ilə tanış olmaq üçün ona təqdim edilmiş sənədlərin məzmunu barədə izahlar almağa hüququ vardır.Cinayət prosesini həyata keçirən orqan cinayət prosesində iştirak edən hər bir şəxsə hüquq və vəzifələrini izah etmək, onların həyata keçirilməsinə imkan yaratmalı (bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxsə onun hüquq və vəzifələri sadalanan yaddaş vərəqinin verilməsi cinayət prosesini həyata keçirən orqanı həmin şəxsin xahişi ilə müvafiq izahlar verməkdən azad etmir), etiraz edilə bilən şəxslərin soyadları və bu şəxslər barədə digər zəruri məlumatları cinayət prosesinin iştirakçılarına bildirməlidir. Cinayət prosesinin iştirakçısı statusunu əldə etmiş şəxsin hüquq və vəzifələri onun iştirakı ilə keçirilən istintaq və ya digər prosessual hərəkətlərin icraatına başlanmamışdan və onun cinayət prosesinin iştirakçısı qismində hər hansı bir mövqeyini bildirməmişdən əvvəl izah edilir. Bundan başqa işdə olan 07.06.2021-ci il tarixli “Təqsirləndirilən şəxsin ekspertiza rəyləri ilə tanış olması barədə” protokoldan görünür ki, protokolda Təqsirləndirilən şəxs ekspert rəyləri ilə tanış edildiyi göstərilsədə, protokolun təsviri-əsaslandırıcı hissəsində tanış olmadan əvvəl Təqsirləndirilən şəxs deyil X4 adlı şəxsə hüquqları izah edildiyi qeyd olunmuşdur. Həmçinin işdə olan 09.06.2021-ci il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaqın qurtarılması barədə məlumat verilərək Təqsirləndirilən şəxs iş materialları ilə tanış olub qurtardıqdan sonra Baş Prokurorluğun İstintaq İdarəsinin inzibati binasında 61103 nömrəli cinayət işinin materialları, protokollar, rəylər və iş üzrə maddi sübutlarla tanış ola biləcəyi ona izah edilmiş, lakin müstəntiq tərəfindən cinayət işi ilə tanış olmaq üçün dəqiq vaxt müəyyən edilməmiş, həmçinin iş üzrə maddi sübutlar olmadığı halda həmin sübutlarla tanış ola biləcəyi zərərçəkmiş şəxsə izah edilmişdir. Halbuki CPM-nin 284.1-ci maddəsinə əsasən ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir və cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir. Bundan başqa cinayət işinin materiallarından görünür ki, bir çox məktublarda, protokollarda və qərarlarda tarixlər, təqsirləndirilən şəxsin və müdafiəçinin adları ağardıcı ilə silinərək yenidən əl ilə yazılmış, müdafiəçinin işlədiyi 19 saylı Vəkil Bürosunun əvəzinə məktublar 20 saylı Vəkil Bürosuna göndərilmişdir. Hətta “ibtidai istintaqın qurtarmasını təqsirləndirilən şəxsə və müdafiəçisinə elan etmək haqqında” və “təqsirləndirilən şəxs və müdafiəçinin cinayət işinin materialları ilə tanış olması haqqında” protokolların tarixlərində günlərə ağırdıcı ilə düzəlişlər edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs və Müdafiəçi vəsatətə baxılması haqqında qərarın surətinin göndərilməsi barədə məktubda da məktubun tarixində günə ağırdıcı ilə düzəliş edilib, qərar 09.06.2021-ci il tarixdə qəbul edildiyi halda məktubda 08.06.2021-ci il tarixli qərarın göndərildiyi qeyd edilmişdir. Buna görə də tərtib edilmiş protokolların, qərarların və məktubların həqiqətən hansı tarixdə tərtib edildiyi, həmin düzəlişlərin təqsirləndirilən şəxs və müdafiəçinin imzalayaraq tanış olmalarından əvvəl və ya sonra edilməsi sual doğurur. CPM-nin 19.4.3-cü maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqan təqsirləndirilən şəxsin öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt verilməsi və imkan yaradılması qismində müdafiə hüququnu təmin etməlidir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt verilməsi və imkan yaradılması ilə bağlı müdafiə hüququnun pozulmasına yol verilmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, 09.06.2021-ci il tarixdə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaqın qurtarması elan edilərək, elə həmin tarixdə təqsirləndirlən şəxs və onun müdafiəçisi cinayət işinin materialları ilə tanış edilmişdir. Bütün bunlar isə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt verilməsini və imkan yaradılmasını, qeyd edilən düzəlişlərdən məlumatı olmasını şübhə altına alır və onun müdafiə hüququnun pozulduğunu göstərir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. CPM-nin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, insan və vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmasın. CPM-in 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı ümumi hüquqi mövqeyə əsasən, şəxs cinayət təqibi orqanı tərəfindən onun barəsində məhz faktiki araşdırma aparıldığı andan müdafiə hüququna malikdir və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan təminatlar təkcə məhkəmə baxışı mərhələsinə deyil, həm də ondan əvvəlki və sonrakı mərhələlərə tətbiq edilir. Cinayət işlərində bu təminatlar prokurorluq tərəfindən həyata keçirilən ibtidai istintaqlara da şamil olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında presedent qismində istinad etdiyi “Deveer Belçikaya qarşı” 27 fevral 1980-ci il tarixli qərarına əsasən, səlahiyyətli dövlət hakimiyyəti orqanı tərəfindən cəzalandırılan hüquqpozma törətməsi ehtimalı barədə şəxsin xəbərdar olunması və ya şəxsin vəziyyəti ilə bağlı bunu ifadə edən istənilən təsir ittiham hesab edilir və cinayət təqibinin bunu ifadə edən və bunun məlum olduğu istənilən anından həmin şəxsin müdafiə hüquqları təmin edilməlidir. Həmin Məhkəmənin “Ekle Almaniyaya qarşı” iş üzrə 15 iyul 1982-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət işinin konkret şəxsin hərəkətləri barədə başlanıldığı andan və ya cinayət işinin konkret şəxsin hərəkətləri barədə aparıldığı məlum olan andan həmin şəxsin Konvensiyanın 6-cı maddəsi üzrə müdafiə hüquqları mövcuddur və təmin edilməlidir. Həmin Məhkəmənin “X3rşı” 05 mart 2013-cü il tarixli qərarına əsasən, Konvensiyanın 6-cı maddəsinin 3 “a” və “b” yarımbəndləri bir-biri ilə əlaqəlidir və ittihamların xarakteri və səbəbi barədə məlumatlı olmaq hüququ təqsirləndirilən şəxsin öz müdafiəsini hazırlamaq hüququ baxımından qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, müstəntiq tərəfindən yol verilmiş göstərilən kobud qanun pozuntusu məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir və bu səbəbdən də cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. CPM-in 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması(bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılması üçün əsasdır. Həmin Məcəllənin 300.1 və 300.1.5-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində həmçinin, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 300.2-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarları çıxarmaqla yanaşı məhkəmə aşağıdakı hərəkətləri yerinə yetirməlidir: 300.2.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı barədə məsələyə baxmaq; 300.2.2. qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmaq; 300.2.3. qətimkan tədbiri məsələsinə dair qərar çıxarmaq. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığına, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığına dair qərar çıxarır. Qətimkan tədbirinə münasibətdə məhkəmə qeyd edir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Hazırda təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri əsaslıdır və dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən məhkəməyədək icraat zamanı CPM-in 303-cü maddəsində nəzərdə tutulan kobud pozuntulara yol verildiyi üçün cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Qeyd olunanlara əsasən və CPM-in 300 və 303.3.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş göstərilən pozuntuların aradanqaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Sərdlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar