Məhkəmə qərarları › İş №1(044)-206/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-206/2021

13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-206/2021 13.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 18.08.1990-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, X10 İdarəsində çilingər işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən 02 ədəd kibrit qutusunda, şəxsi istehlak miqdarından artıq çəkidə, ayrı-ayrılıqda təmiz çəkiləri 6.62 qram və 7,32 qram çəkidə, narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış və Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilməş əməliyyataxtarış tədbirləri nəticəsində o, 06.04.2021-ci il tarixdə, saat 19 radələrində yaşadığın evin yaxınlığında, Gəncə şəhəri, Nizami rayonu, Şahsevənlər küçəsində müəyyən edilib Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilərkən əynindəki hər iki corabın yuxarı hissəsindən ayrı-ayrılıqda təmiz çəkiləri 6,62 qram və 7,32 qram olmaqla ümumilikdə təmiz çəkisi 13,94 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu CM-nin 234.1-ci maddəsi ilə tam təqsirli bilərək ifadəsində bildirdi ki, O, əvvəllər Gəncə Mənzil Kommunal X1 mühəndis işləmiş, hazırda isə Gəncə şəhər Qaz İstismar idarəsində çilingər işləyir. O, təxminən 3-4 il olar ki, narkotik vasitənin mariuxana növündən istifadə edir, narkotik vasitəyə elə də çox aludəçi deyil, bəzi vaxtlar istifadə edir. 06 aprel 2021-ci il tarixdə günorta saatlarında o, Göygöl rayonunun Quşqara kəndi yaxınlığındakı inşaat mağazasına tək gedərkən Nadel kəndinə gedən dəmir yol xəttinin yanında, su kanalının ətrafında iki ədəd kibrit qutuları onun diqqətini cəlb etmişdir. O, həmin kibrit qutularını açıb baxanda içərisində narkotik vasitə olan marixuana olduğunu görmüş, həmin narkotik vasitədən özünün istifadə etməsi üçün həmin iki ədəd kibrit qutusunu götürüb hərəsini bir corabının başında gizlətmişdir. Həmin gün saat 19 radələrində yaşadığı ev yerləşən Gəncə şəhəri, Şahsevənlər küçəsində evlərinə getmək istəyərkən iki nəfər mülki geyimli şəxsin ona yaxınlaşdıqlarını görmüşdür. Həmin şəxslər özlərini Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış idarəsinin əməkdaşları kimi təqdim etmiş, narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu Gəncə şəhər Baş Polis idarəsinə gətirmişlər. Orada onun hüquq və vəzifələri izah edilməklə dövlət hesabına müdafiəçi ilə onu təmin etmişlər, üzərinə şəxsi-axtarış keçirən zaman hər iki corabının baş tərəfinə qoyub gizlətdiyi iki ədəd kibrit qutusunda olan marixuana aşkar edilib götürülmüşdür. Onun və müdafiəçinin iştiraki ilə hər biri kibrit qutusu aptek tərəzsində çəkilmiş, birinin kibrit qutusu ilə birlikdə ümumi çəkisi 10,77 qram olmuş, digərinin isə ümumi çəkisi 10,37 qram olmuşdur. Sonra kibrit qutuları onların iştirakı ilə zərfə qoyulmuş, zərfin üzərini imzalamış və möhürlənib götürülmüşdür. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilən zaman başqa hər hansı bir narkotik vasitə və ya psixotrop maddə, yaxud da dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş, o, da protokolu oxuyub doğruluğunu imzası ilə təsdiq etmişdir. O, polis əməkdaşlarına həmin narkotik vasitə olan marixuananı hardan tapdığını, özünün istifadəsi üçün üzərində gəzdirməsini bildirmişdir. Sonda o, törətdiyi əməldən peşmançılıq çəkdiyini, bir daha belə əmələ yol verməyəcəyini bildirib, himayəsində 2 azyaşlı uşağı olduğunu və ailədə yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 06 aprel 2021-ci il tarixdə ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə daşıyaraq saxlaması barədə daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə edildikdən sonra ondan və idarənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs onlar tərəfindən əməliyyat müşahidəsinə götürülərək Gəncə şəhəri, Nizami rayonu, Şahsenvənlər küçəsində yaşadığı evin yaxınlığında müəyyən edilmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi üçün Gəncə şəhər Baş Polis İdarəsinə gətirmişlər və bu barədə rəhbərliyə raportla məruzə etmişlər. Təqsirləndirilən şəxs Nazım oğlunun üzərinə şəxsi axtarış keçirilməsi üçün Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinə təqdim edilmiş, sonuncu şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirməmişdən əvvəl Vüqara üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan olunmuş əşya vardırsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki hər iki corabın baş tərəfindən hər birində bir kibrit qutusu olmaqla içərisində yaşıl rəngli, kəskin iyli, ilk baxışdan narkotik vasitə olan marixuanaya oxşar kütləni təqdim edib marixuana olmasını, həmin narkotik vasitəni tutulmamışdan əvvəl səhər saatlarında Göygöl rayonunun Nadel kəndində çayın kənarından tapmasını və öz istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra onlar tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, başqa bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş digər bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə aptek tərəzisində çəkilmiş, çəkiləri müvafiq olaraq kibrit qutusu ilə birlikdə 10,77 qram və 10, 37 qram çəkidə olmuş, həmin kütlələr onların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri hər bir iştirakçı tərəfindən imzalanmış və möhürlənib götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş: - 06.04.2021-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan, 08.04.2021-ci il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 06.04.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, 08.04.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - 06.04.2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan məlum olur ki, Gəncə şəhər Baş Polis İdarəsinin İTİ-nin TŞ-nin təhqiqatçısı X2, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları Şahid2 və Şahid1, X4, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan hər iki ayaq corablarının içərisindən hərəsindən 1 ədəd kibrik qutusunu çıxardaraq 2 ədəd kibrit qutularını təqdim etmişdir. Həmin kibrik qutusunun içərisində nə olması soruşulmuş, sübhəli şəxs Təqsirləndirilən şəxs həmin kibrit qutusunun içərisində marixuana olmasını bildirmişdir. Şübəli şəxs Təqsirləndirilən şəxs həmin kütlələri 06.04.2021-ci il tarixdə Göygöl rayonu Nadel kəndində olarkən su kanalının yanında yerdən tapdığını və üzərində gəzdirməsini qeyd etmişdir. Şübhəli şəxs həmin kütlədən heç kimə satmadığını, həmin kütlədən heç kimə vermədiyini və həmin narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Bundan sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirən zaman qanunla qadağan edilmiş digər hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürlməmişdir. Şəxsi axtarış zamanı müdafiəçinin iştirakı ilə polis əməmkdaşları tərəfindən üzərindən aşkar edilmiş həmin kibrit qutuları açıldı, kibrit qutularının içərisində yaşıl rəngli, kəskin iyli, ilk görünüşdən narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilmişdir. Şübəli şəxsin üzərindən aşkar edilmiş yaşıl rəngli, kəskin iyli ilk görünüşdən narkotik vasitə marixuanaya oxşar kütlələr aptek tərəzisində çəkildi, birinin ümumi çəkisi 10,77 qram, digərinin ümumi çəkisi 10,37 qarm olmuşdur. Həmin kütlə iştirakçıların yanında əvvəlki vəziyyətə qaytarılıb zərfə qoyularaq möhürlənmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsindən verilmiş 07.03.2021-ci il tarixli, 16/326 nömrəli rəydən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə.” yazı və imzalar olan kağız paketdəki, ayrı-ayrılıqda təmi çəkiləri 6.62 qram, 7.32 qram, ümumilikdə təmiz çəkisi 13.94 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır, xarici əlamətlərinə və tərkiblərinə görə eynidirlər. (Marixuananın ümumi təmiz çəkisi – 13.94 qr., tədqiqata sərf edildi – 0.04qr.(hər birindən – 0,2 qr.) qalıq-13.54 qram). Ekspertiza tədqiqatının dəyəri 30,40 manat təşkil edir. - məhkəmə-narkoloji ekspertizasının 24.06.2021-ci il tarixli, 763 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəicəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. - Gəncə şəhər Psixonevroloji Dispanserin 16.06.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Gəncə şəhər Narkoloji Dispanserin 19.06.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 21.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - doğum şəhadətnamələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 08.06.2005-ci il təvəllüdlü Aytac və 20.03.2010-cu il təvəllüdlü Bahar adlı 2 uşağı vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağı olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların isə olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də işin faktiki hallarını nəzərə alaraq, məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanlarının hələ tükənmədiyi qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:00-dan saat 08:00-dək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs 06.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08.04.2021-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 3 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ona narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyatda alınmalıdır. İş üzrə maddi sübutlar: Gəncə Şəhər Baş Polis İdarəsində saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı qalığı – ümumi 13.54 qram çəkidə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə baxış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci–ekspertiza tədqiqatının dəyəri olan cəmi 30,40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Müdafiəçi2 məhkum Təqsirləndirilən şəxs məhkəmədə 8 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 48 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 03 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 06 gün çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 08:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı qalığı – ümumi 13.54 qram çəkidə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə baxış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 48 (qırx səkkiz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar