Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-210/2021 24.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Ermənistan Respublikası, Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, V.Xuluflu küçəsi, ev 95-də qeydiyyatda olmaqla Gəncə şəhəri Cavadxan qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07.04.2021-ci il tarixdə test analizi verməklə 09.04.2021-ci il tarixdən testin nəticəsinin pozitiv, yəni yeni növ koronavirus infeksiyasını yaymaq təhlükəsinin olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda 15.04.2021-ci il tarixdə saat 18-19 radələrində yaşadığı Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən evi tərk edib şəxsiyyəti istintaqa məlum olmayan şəxsin taksi avtomobili ilə Gəncə şəhər TTYS-də həkim-kardioloq vəzifəsində çalışan Şahid2 yaşadığı Gəncə şəhəri, Nizami prospektində yerləşən 342 nömrəli evə gedərək orada sonuncu ilə təmasda olmaqla epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozmuş və yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Gəncə şəhəri, Cavadxan qəsəbəsində əri X6 və övladları ilb birlikdə yaşayır, Gəncə şəhəri, Cavadxan küçəsində Özəl klinikada xadimə işləyir. Himayəsində azyaşlı uşaqları var. 05.04.2021-ci il tarixdə hərarəti yüksəlmiş, tərləmiş və özünü narahat hiss elməyə başlamışdır. İki gün ərzində hərarəti enmədiyinə görə “Covid-19” vırusuna yoluxmaqdan şübhələnib 07.04.2021-ci il tarixdə Gəncə şəhəri, M.Xələfov küçəsində yerləşən 6 saylı poliklinikaya gedib orada həm qandan, həm də yaxma üsulu ilə “Covid-19” virusundan test analizi vermiş, oradan isə Gəncə şəhər 3 saylı TTYX-nin həkim terapevti Sərvər adlı həkimin tapşırığı ilə həmin xəstəxanada qan analizi verib nəticəsi barədə sənədi də götürərək həmin gün Sərvər həkimin yaşadığı Gəncə şəhəri, N.Nərimanov küçəsində yerləşən “Şan” marketin yaxınlığındakı evinə getmişdir. Həkim onu evində qəbul edib müayinə etmiş və qan analizinin nəticəsinə baxıb ümumi müayinə yazmışdır, Sərvər həkim onun “Covid-19” virusuna yoluxmasını bilmirmiş, bu barədə özü də xəbərsiz imiş. 09.04.2021-ci il tarixdə, axşam saatlarında tanımadığı mobil nömrələrdən ona zənglər olunmuş, danışan şəxslər həkim olduqlarını, onun “Covid-19” virusuna yoluxmasını bildirib evdən çıxmamasını tapşırmışlar, qeyd olunan həkimlər həmçinin evdə qalıb müalicə olunmalı olduğunu, bunun üçün də dərman pereparatları gətirəcəklərini, həm də həkim göndərəcəklərini ona bildirmişlər. Eyni vaxtda istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “TTS.GOV.AZ”dan 07.04.2021-ci il tarixdə verdiyi analiz nəticəsinin pozitiv çıxması, yəni “COVİD-19” virusuna yoluxması ilə bağlı mesaj gəlmişdir. Həmin mesajın mətnində yaşayış yerini tərk etməməsi, əgər karantin rejimini pozsa inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə biləcəyi qeyd olunubmuş. O həmin mesajda göstərilənlərə və zəng edən həkimlərin dediklərinə əməl edərək evdə qalıb müalicəsini almağa başlamış, həmçinin bu barədə çalışdığı iş yerinə bildirib işə də getməmişdir. 14.04.2021-ci il tarixdə, axşam saatlarında xəstəliyi ağırlaşdığı üçün Sərvər həkimin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib səhhətinin yaxşı olmadığını bildirmiş, Sərvər həkim isə onu müayinə olunmağa dəvət etmişdir. O da ertəsi gün, yəni 15.04.2021-ci il tarixdə, saat 18-19 radələrində tanımadığı şəxsin taksi avtomobili ilə Sərvər həkimin evinə getmişdir. Sərvər həkim evində onu tək qəbul edib müayinə edərək ciddi probleminin olmadığını bildirmiş, dərmanlarını vaxtı-vaxtında qəbul etməyi tövsiyyə etmişdir. Həmin vaxt o, Sərvər həkimə Covid-19 virusuna yoluxduğunu bildirmiş, Sərvər isə ona evi tərk etməyini irad bildirmişdir. Bundan sonra o, evinə qayıtmış və bir daha evi tərk etməmişdir. 19.04.2021-ci il tarixdə xatırlamadığı mobil nömrədən bir həkim zəng edib evdə karantin müddətinin 24.04.2021-cı il tarixdə başa çatdığını bildirmiş və bülletenini 24.04.2021-ci il tarixdə götürə biləcəyini qeyd etmişdir. O isə 26.04.2021-ci il tarixdə Gəncə şəhər 1 saylı poliklinikaya gedib bülletenini götürmüş, 30.04.2021-ci il tarixdən işə çıxmışdır. 21.04.2021-ci il tarixdə, səhər saatlarında isə polis əməkdaşları evinə gəlib onunla videoçəkilişlə söhbət edib evi tərk edib etməməyini soruşmuş, o da olanları danışmışdır. Məhkəmədən ona daha yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Gəncə yəhəri, N.Nərimanov prospekti, ev 42-də ailə üzvləri ilə birgə yaşayır və 1995-ci ildən Gəncə şəhər TTYS-də həkim-kardioloq vəzifəsində çalışır. Təxminən 6-7 ay əvvəl çağırışa gedərkən bir xəstəni müayinə və müalicə etmiş, həmin xəstənin səhhəti yaxşılaşmışdır. Həmin xəstənin Anar adlı qohumu ilə həmin vaxtdan tanışlığı yaranmışdır. 2021-ci ilin aprel ayının əvvəllərində, dəqiq xatırlamadığı tarixdə Anar adlı həmin şəxs ona müraciət edərək həyat yoldaşı Lalədə halsızlıq olduğunu, tez-tez öksürdüyünü bildirmiş və ondan Laləni müayinə etməsini xahiş etmişdir. Təxminən bir-iki gün sonra Lalə onun dəvəti ilə yaşadığı evə gəlmişdir. O, Laləni yaşadığı evdə müayinə etmiş və soyuqladığını görüb soyuqdəymə əleyhinə vitaminlər qəbul etməsini məsləhət görmüşdür. Bundan sonra 14.04.2021-cı il tarixdə Lalə ona müraciət edərək özünü narahat hiss etdiyini, öskürəyinin olduğunu bildirmiş, o isə Laləyə yaşadığı evə gəlməsini, müayinə edilməli olduğunu bildirmişdir. Ertəsi gün Lalə onun yaşadığı evə gəlmiş və o, Laləni müayinə edərək səhhətinin nomal olduğunu müəyyən etmiş, Laləyə dərmanlarını qəbul etməsini tövsiyyə etmişdir Həmin vaxt Lalə “Covid -19” virusu ilə bağlı test nəticəsinin pozitiv çıxmasını ona bildirdiyindən o, Laləyə irad tutub dərhal evi tərk etməsini, bir daha evdən çıxmamasını tövsiyyə etmişdir. Ondan sonra isə Lalə ilə bir daha əlaqəsi olmamışdır. O, ifadəsində daha sonra bildirmişdir ki, Lalənin “Covid-19” virusuna yoluxduğunu Lalə 15.04.2021-ci il tarixdə onun yaşadığı evə gəldikdən sonra Lalənin özünün deməsinə əsasən bilmişdir. Lalə onun evinə tək gəlmiş, həmin vaxt tibbi maskadan istifadə etmişdir. O özü və ailə üzvləri “Covid-19” virusuna yoluxmamışlar, özlərində virusun əlamətlərini hiss etmədikləri üçün test verməmişlər. İş üzrə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 1 ildir Gəncə şəhər Cavadxan adına Ailə və Sağlamlıq Mərkəzinin həkim-terapevti vəzifəsində çalışır. Koronovirus xəstəliyinin inkubasiya dövrü 14 gündür. Əldə edilən tibbi məlumatlar əsasında və praktiki olaraq müəyyən edilmişdir ki, həmin 14 gün müddətində müalicə əsasında xəstə sağalmalıdır. Ev şəraitində müalicə olunmalı xəstələrin siyahısı ərazi aidiyyəti üzrə Gəncə şəhər Səhiyyə İdarəsi tərəfindən onlara göndərilir və onlar klinikanın ərazisində yaşayan həmin sakinlərlə 14 gün ərzində telefon vasitəsi ilə əlaqə saxlayaraq vəziyyətlərinə nəzarət edirlər. Bu qaydaya uyğun olaraq Gəncə şəhər Səhiyyə İdarəsindən 09.04.2021-ci il tarixdə daxil olmuş məlumata əsasən poliklinikanın sakini, Gəncə şəhəri, V.Xuluflu küçəsi, ev 95-də qeydiyyatda olan və Gəncə şəhəri, Avtozavod qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs koronavirus test nəticəsinin pozitiv çıxdığını və ev şəraitində müalicə almalı olmasını müəyyən etmişlər. Bundan sonra həmin şəxsin adına ambulator xəstənin tibbi kartası açılmışdır. Bundan sonra o özü şəxsən 11.04.2021-ci 1l tarixdə, saat 11-12 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Lalənin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək “COVİD-19” infeksiyası ilə bağlı testinin nəticəsinin pozitiv çıxdığını, yəni koronavirus infeksiyasına yoluxduğunu Laləyə bildirmişdir. Lalə isə bu barədə məlumatı olduğunu bildirmişdir.O, Laləyə 14 gün ərzində yaşadığı evi tərk etməməsini bərk-bərk tapşırmış, eyni qaydada 14 gün ərzində Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlanılaraq səhhətinə nəzarət edilmişdir. Xəstəliyin 14-cü günü, yəni 23.04.2021-ci il tarixdə Lalənin səhhətində hər hansı bir nasaqlıq müəyyən etmədikləri üçün 14 günlük karantin qeydiyyatından çıxartmışlar. O, ifadəsində daha sonra bildirmişdir ki, Təqsirləndirilən şəxs 09.04.2021-c İ tarixdə “Covid- 19” virisu aşkar edilmişdir. 14 günlük müalicə müddətini də nəzərə almaqla 23.04.2021-ci il tarixdən Təqsirləndirilən şəxs sağalmış hesab edilir. İlk 14 gün xəstəliyin inkubasiya dövrüdür. Ona görə də həmin müddət ərzində xəstə yaşayış yerini tərk etməməli, özünü təcrid etməli, digər şəxslərlə təmasda olmamalıdır. Ona görə ki, həmin müddət ərzində xəstəliyin yayılması labüddür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid3 Rasim oğlu ifadəsində göstərmişdir ki, dio-da 2014-cü ildən, tutduğu vəzifədə isə 2021-ci ildən xidmət edir, polis leytenantı xüsusi rütbəsini daşıyır. 21.04.2021-ci il tarixdə daxil olmuş məlumat əsasında Gəncə şəhəri, V.Xuluflu küçəsi, ev 95-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Avtozavod qəsəbəsində yaşayan “Covid-19” virus daşıyıcısı Təqsirləndirilən şəxs 15.04.2021-ci il tarixdə, yaşadığı evi tərk edib Gəncə şəhəri, N.Nərimanov prospektində “Şan” marketin yaxınlığında yaşayan həkimin evinə getməsini müəyyən etmiş, məlumatı dəqiqləşdirmək üçün Təqsirləndirilən şəxs yaşadığı evə gedib sosial məsafəni gözləməklə Lalə ilə videoçəkilişlə profilaktiki söhbət aparmışdır. Həmin vaxt Lalə məlumatı təsdiq edərək yaşadığı evi tərk edib həkimin evinə getdiyini etiraf etmişdir. Orada Təqsirləndirilən şəxs sağalanadək bir daha yaşayış yerini tərk etməməsi tapşırılmış, bundan sonra isə məlumatın araşdırılması üçün bu barədə Gəncə şəhər Kəpəz RPİ-nin rəisinə raportla müraciət edərək hadisə barədə məruzə etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “koronavirusinfo.az” saytından “Covid-19” virusu haqqında məlumatların və həmin virusa qarşı profilaktiki tədbirlərin X3 və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən sistemləşdirilmiş elektron təlimatından çıxarış edilərək cinayət işinə əlavə edilmiş, həmin təlimatdan müəyyən edilir ki, Koronaviruslar (CoV), adi soyuqdəymə əlamətlərindən X10 Sindromu (X8 Syndrome Coronavirus - MERS-CoV) ve X5 Sindrom (SARSCoV) kimi daha ciddi patologiyalara qədər çeşidli xəstəliklərə səbəb olan böyük bir virus fəsiləsidir. MERS-CoV və SARS-CoV epidemioloji məlumatlarına görə inkubasiya dövrü 14 günə qədər ola bilər. Virusa yoluxmuş şəxslər başqa bir səbəblə xəstəxanada yatırılması tələb olunmursa, onların 14 gün evdən çıxmamaları və ictimai yerlərdən uzaq olmaları tələb olunur, həmin şəxslərlə 14 gün ərzində ərazi üzrə tibb müəssisəsi və GEM tərəfindən telefon vasitəsilə nəzarətdə saxlanılır. “Covid-19” virusunun insanlar arasında yaxın təmas və hava-damcı yolu ilə ötürülür. Xəstə monitorinq müddətini evdə keçirməlidir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Gigiyena və Epidemioloji Mərkəzindən alınmış müvafiq sənədə əsasən, Təqsirləndirilən şəxs 09.04.2021-ci ildə “Covid-19” virusuna yoluxmasına görə Gigiyena və Epidemioloji Mərkəzində qeydiyyata götürülmüş və onun karantin rejimi 09.04.2021-ci il tarixdən 23.04.2021-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 12.04.2010-cu təvəllüdlü İsmayılov Xəqani və 04.10.2012-ci il təvəllüdlü İsmayılova Nuray adlı, soyadlı uşaqları vardır. 14 iyun 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs mobil nömrəsinə 11.04.2021-ci ildə X1 istifadəsində olan mobil nömrədən zəng edilərək telefon danışığı aparılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin cinayət əməlini təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı iş materiallarındakı istintaq və digər prosessual hərəkətlərin protokolları və sənədlərlə tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində iki az yaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların isə olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Müdafiəçi Təqsirləndirilən şəxs qızına məhkəmədə 8 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 48 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut –2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Cəzanın icrası Gəncə şəhəri Probasiya İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab №AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 48 (qırx səkkiz) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut –2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(044)-210/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-210/2021
24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver