Məhkəmə qərarları › İş №1(044)-22/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-22/2021

22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-22/2021 22.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məsləhətçi Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, ev 475-də qeydiyyatda olan, Gəncə şəhəri, M.Hacıyev küçəsi, ev 49, mənzil 3-də yaşayan barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təxminən 2019-cu ilin əvvəllərində qonşusu X1 100 manat pul müqabilində istintaqa məlum olmayan çəkidə narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq alıb üzərində saxlamaqla daşımış, həmin narkotik vasitənin bir hissəsini istifadə etdikdən sonra qalan hissəsini, yəni şəffaf rəngli sellofana, daha sonra isə gümüşü rəngli siqaret falqasına bükülmüş vəziyyətdə bir ədəd bükümdə, şəxsi istehlak miqdarından artıq-təmiz çəkisi 0,163 qram narkotik vasitə olan heroini 14 yanvar 2020-ci il tarixdə saat 10:11-də Gəncə şəhəri, Atatürk prospektində yerləşən Təhsil İdarəsinin qarşısında 20 manat pul müqabilində tanışı Gəncə şəhər sakini Şahid3 satmış, sonuncu həmin narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Şahid3 14 yanvar 2020-ci il tarixdə saat 10:25-də Gəncə şəhər Nizami rayon Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Atatürk prospektində yerləşən Təhsil İdarəsinin yaxınlığında saxlanılaraq Nizami RPB-nə gətirilmiş və üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən şəffaf rəngli sellofana, daha sonra isə gümüşü rəngli siqaret falqasına bükülmüş vəziyyətdə bir ədəd bükümdə, şəxsi istehlak miqdarından artıq-yəni, təmiz çəkisi 0,163 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, maddi sübut, ekspertiza rəyləri, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun himayəsində bir uşağı vardır. O, rəsmi olaraq heç bir yerdə işləmir, ev təmiri ilə, bəzən isə taksi fəaliyyəti ilə məşğul olur. Ona məxsus qara rəngli, “Vaz-21074” markalı, **-XL-*** dövlət nömrə nişanlı avtomobili var. İstifadəsində ***-******* saylı mobil telefon nömrəsi var. O, özü artıq uzun müddətdir ki, vərəm xəstəliyindən əziyyət çəkir və ağrılarını azaltmaq üçün bəzən narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitəni isə o, Gəncə şəhər sakini olan, qonşuluğunda yaşayan Gündüz Haqverdiyevdən alırmış. Barəsində cinayət işi başlanmamışdan təxminən 6-7 ay qabaq Gündüzdən 5 dəfə istifadə etmək üçün ayrı-ayrı bükümlərdə, hər bükümü 20 manata olmaqla, ümumilikdə 100 manata narkotik vasitə almışdır. O, həmin bükümləri özündə saxlamaqla ağrıları olduqda istifadə edirmiş. Həmin bükümlərdən 4 ədədini istifadə etmişdir, 1 ədədi isə onda qalmışdır. 14.01.2020-ci il tarixdə səhər saatlarında öz avtomobili ilə evdən çıxaraq ət almaq üçün Gəncə şəhərində yerləşən “Grand Qafqaz” təzə bazarına gedirmiş. Evdən çıxmamışdan qabaq isə Ruslan yadında qalmayan nömrəsindən onun istifadəsində olan ***-******* saylı nömrəyə zəng edərək ağrılarının olduğunu bildirib ona narkotik vasitə tapmasını istəmişdir. O, bilirmiş ki, Ruslan da narkotik vasitədən istifadə edir. Ruslan ona yalvardığı üçün Ruslanın sözünü yerə salmamış və özündə yalnız 1 ədəd büküm qaldığını və həmin bükümü də 20 manata özü üçün aldığını, 20 manat verərsə həmin bükümü Ruslana verə biləcəyini bildirmişdir. Ruslan da onunla razılaşmış və Təhsil İdarəsinin yanında görüşməsini xahiş etmişdir. Bazara gedərkən anası da maşında olmuş və anası da onunla bazara gedirmiş. Təhsil İdarəsinin qarşısına gələrək orada Ruslanla görüşmüş və 20 manat pulu Ruslandan alıb üzərində olan və Gündüzdən 20 manata aldığı bir büküm narkotik vasitəni Ruslana vermişdir. Daha sonra isə öz işləri ilə məşğul olmağa başlamışdır. Ondan sonra o, Ruslanı görməmişdir. Gündüz Haqverdiyevin istifadəsində tam şəkildə xatırlamadığı əvvəlini 055 olan, sonu isə 2209 olan mobil telefon nömrəsi olmuşdur. O isə Gündüzlə özünün istifadəsində olan ***-******* saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayırmış. Gündüz təxminən 5 ay qabaq Gəncə şəhəri ərazisində narkotik vasitə ilə məşğul olduğundan həbs olunmuşdur və həbsxanada da ölmüşdür. O, həmin narkotik vasitəni Gündüzdən 20 manata alaraq 20 manata Ruslana satmaqda heç bir təmənnası və qazancı olmamış, həmin vaxt yalnız Ruslanın xahişini yerinə yetirmişdir. Ruslanın ifadəsində əvvəllər də ondan 5-6 dəfə narkotik vasitə alması ilə bağlı göstərdikləri tamamilə yalandır. Bundan əlavə Şahid3 ifadəsində 14 yanvar 2019-cu il tarixdə Təhsil İdarəsinin qarşısında eyni anda “Malış” ləqəbli Zaur adlı şəxsə də narkotik vasitə satması ilə bağlı göstərdikləri tamamilə yalandır. Həmin günü Təhsil İdarəsinin qarşısında Zaurla ona görə görüşmüşdür ki, Zaurun onda olan musiqi yazılmış yaddaş kartını Zaura qaytarsın. O, Şahid3 başqa heç kimə narkotik vasitə verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, avtomobil yuma sexlərində işləməklə çörəkpulu qazanıb ailəsini dolandır. O, maraq üçün bir neçə dəfə narkotik vasitə olan heroindən iynə vurmaq yolu ilə istifadə etmişdir, daha sonra isə tərgidə bilmədiyi üçün mütəmadi olaraq istifadə etməyə başlamışdır. Narkotik vasitəni isə o, Gəncə şəhər sakini olan Vüqar adlı tanışından pul müqabilində alırdı. Onlar əvvəllər Gəncə şəhəri, Sevinc qəsəbəsində yaşadıqları vaxt Vüqarla qonşu olmuşlar. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Hal-hazırda isə Vüqar “Komsomol” deyilən ərazidə, “Billur” zavodun yataqxanasında ailəsi ilə birlikdə yaşayır, özünə məxsus “VAZ-2107” markalı, **-XL-*** dövlət nömrə nişanlı avtomobil və istifadəsində isə ***- *******, ***-*******, ***-******* saylı və digər yadında qalmayan nömrələr vardır. Onun istifadəsində isə ***-******* saylı mobil telefon nömrəsi olmuşdur ki, o, Vüqarla həmin telefon nömrəsi ilə zəng edərək əlaqə saxlayırmış. Həmin vaxt onun telefonu sındığı üçün həmin nömrəni istifadə etmək üçün anasına vermişdir, Vüqarla isə bacanağı Arzuya məxsus hal-hazırda xatırlamadığı mobil telefon nömrəsi ilə əlaqə saxlamağa başlamışdır. Vüqar istifadəsində olan mobil telefon nömrələrini tez-tez dəyişdiyi üçün həmin nömrələrini yadda saxlaya bilməmiş və Vüqarın nömrələrini əvvəlcə öz telefonunun, daha sonra isə bacanağı Arzunun telefonunun yaddaşına yazmışdır. Arzuya isə Vüqarın iş yoldaşı olduğunu yalandan bildirmişdir. Təxminən iki ay qabaq eşitmişdir ki, Vüqar narkotik vasitə istifadə etməklə və satmaqla məşğul olur. Buna görə narkotik vasitə almaq istədiyini Vüqara demiş və Vüqar da ona narkotik vasitə sata biləcəyini bildirmişdir. Vüqardan o, “kakos” adlanan narkotik vasitənin bir dəfə istifadə etmək üçün nəzərdə tutulan hissəsini 20 manata alırmış. Vüqardan o, narkotik vasitəni bir çox hallarda onun dediyi yerdə, yəni Nizami rayonunun ərazisində yerləşən “Təhsil İdarəsi” kimi tanıdığı yerin qarşısında, bəzən isə yaşadığı evin yaxınlığında alırmış. Sonuncu dəfə 14 yanvar 2020-ci il tarixdə saat təxminən 10 radələrində bacanağı Arzunun istifadəsində olan xatırlamadığı mobil nömrədən Vüqarın istifadəsində olan ***-******* saylı nömrəsinə zəng edərək ona narkotik vasitə lazım olduğunu bildirmişdir. Vüqar yenə ona Təhsil İdarəsinin yanına gəlməsini demiş və buna görə o, Arzunun telefonunu da özü ilə götürərək təxminən 15-20 dəqiqəyə Atatürk prospektində yerləşən Təhsil İdarəsinin qarşısına getmişdir. Ora çatarkən isə əvvəllər Vüqarın yanında gördüyü “Malış” ləqəbli Zaur adlı şəxslə təsadüfən rastlaşmışdır. Zaurla salamlaşdıqdan sonra söhbət zamanı Zaur da Vüqardan narkotik vasitə almaq üçün Vüqarın ondan da ora gəlməsini istədiyini ona bildirmiş və birlikdə Vüqarı gözləməyə başlamışlar. Həmin vaxt o, yenə Vüqara zəng etmiş və Vüqar Təhsil İdarəsinin qarşısına keçmələrini istədiyindən onlar birlikdə yolun digər tərəfinə, Təhsil İdarəsinin qarşısına keçmişlər. Təxminən 10 dəqiqə Zaurla birlikdə orada gözlədikdən sonra Vüqar özünə məxsus “VAZ-2107” markalı, **-XL-*** dövlət nömrə nişanlı avtomobillə təhsil idarəsinin qarşısına gəlmiş və maşından düşmüşdür. O və Zaur Vüqarın yanına getmiş və əvvəlcə Zaur Vüqara yaxınlaşaraq pul vermiş, Vüqar isə Zaura narkotik vasitə vermişdir. Daha sonra isə o, 20 manat pulu Vüqara vermiş və Vüqar da həmin pulun müqabilində gümüşü rəngli siqaret falqasına, ağ rəngli sellofan bükümünə bükülmüş narkotik bükümünü ona vermişdir. Həmin vaxt Vüqarın maşınında qabaqda anası oturmuşdur. O, həmin narkotiki Vüqardan alaraq əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan çöl cibinə qoymuş və istifadə etmək üçün evlərinə getməyə başlamışdır. Zaur da Vüqardan narkotik vasitəni aldıqdan sonra aralanıb harasa getməyə başlamışdır. O, oradan bir qədər aralandıqdan sonra isə bir neçə nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib narkotik vasitə əldə etməkdə və gəzdirməkdə şübhəli şəxs kimi onu Gəncə şəhər Nizami rayon Polis Bölməsinə gətirmişlər. Orada müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilərkən üzərindən Vüqardan aldığı narkotik vasitə aşkar edilərək götürülmüşdür. Həmin vaxt o, törətdiyi əməli könüllü olaraq etiraf etmiş və narkotik vasitəni Vüqardan aldığını bildirmişdir. O, Vüqardan indiyə qədər təxminən 5-6 dəfə narkotik vasitə almışdır. Zaur adlı şəxsin ləqəbi “Malışdır” və Zaur “Tekistilni” adlanan ərazidə yaşayır. Həmin vaxt o, Zaurun Vüqara pul verdiyini, Vüqarın isə Zaura narkotik vasitə verdiyini görmüşdür. Lakin dəqiq olaraq Zaurun Vüqara nə qədər pul verdiyini və nə qədər narkotik vasitə aldığını bilməmişdir. O, əldə etdiyi narkotik vasitə olan heroindən heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmiş, belə bir məqsədi də olmamışdır. Heroini o, özü istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, əsasən fəhləliklə məşğul olaraq çörəkpulu qazanıb ailəsini dolandırır. İstifadəsində ***-******* saylı və ***-******* saylı mobil telefon nömrələri var. Şahid3 onun bacanağıdır və aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Ruslan avtomobil yuma sexində işləməklə çörəkpulu qazanır. Ruslanın istifadəsində ***-******* saylı mobil telefon nömrəsi olmuşdur. Lakin Ruslan polis tərəfindən saxlanılmamışdan təxminən bir ay qabaq telefonu sındığı üçün onun istifadəsində olan telefondan istifadə etməyə başlamışdır. Ruslan onun telefonundan istifadə etməyə başladıqdan sonra öz tanışlarının nömrəsini onun telefonunun yaddaşına yazmışdır və həmin şəxslər ona zəng edərkən onları Ruslanla əlaqələndirirmiş. Bəzən isə Ruslan onun telefonunu qısa müddətli götürərək işlərini görürmüş və yenidən ona qaytarırmış. Lakin Ruslanın dostları ilə dəqiq olaraq hansı münasibətinin olduğunu o, bilmirdi və bununla maraqlanmırdı. Ruslanın onun telefonunun yaddaşına yazdığı nömrələr arasında isə tanışı Vüqara məxsus iki nömrə var idi. Həmin nömrələr ***-******* saylı və ***-******* saylı nömrələr idi. Ruslanın tanışı olan Vüqarı Gəncə şəhər sakini kimi tanıyırdı, lakin Vüqarla bir o qədər yaxın münasibəti, hər hansı bir ədavət və düşmənçiliyi olmamışdır. 14 yanvar 2020-ci il tarixdə səhər saatlarında Ruslan yenə yanına gələrək ona bir saatlıq telefonunun lazım olduğunu bildirib telefonu ondan götürüb harasa getmişdir. Lakin onun hara və nə üçün getdiyini, kiminlə görüşəcəyini bilməmişdir. Həmin günü isə polis əməkdaşları Ruslanın yaşadığı evə məlumat verərək onun narkotik vasitə gəzdirdiyi və istifadə etdiyi üçün həbs edildiyini bildirmişlər. Şahid3 nartkotik vasitə istifadə etməsindən və həmin narkotik vasitəni kimdən almasından heç bir məlumatı olmamışdır. O, bu barədə yalnız polis tərəfindən məlumat verildikdən sonra bilmişdir. Şahid3 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni Təqsirləndirilən şəxs alması ilə bağlı onun ümumiyyətlə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs o, Ruslana görə tanımış və aralarında heç bir yaxın münasibət olmamışdır. İstifadəsində olan nömrələrin hər ikisi onun adınadır, Ruslan əsasən ***-******* saylı nömrədən istifadə edərək tanışları ilə əlaqə saxlayırdı. Çünki, ***-******* saylı nömrəsinin balansında pul olmurdu. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2011-ci ildən X7, hazırda isə Gəncə şəhər Nizami rayon Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmətini davam etdirir. 14.01.2020-ci il tarixdə bölməyə Gəncə şəhər sakini Şahid3 barəsində narkotik vasitələri qanunsuz olaraq saxlaması və istifadə etməsi ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra Ruslanın cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə qərara alınmış və əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat təxminən 10:25 radələrində bölmənin əməkdaşı, yəni əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Şahid3 Gəncə şəhəri, Atatürk prospektində yerləşən Təhsil İdarəsinin yaxınlığında saxlamışlar və özlərini təqdim etdikdən sonra Ruslana narkotik vasitələri qanunsuz olaraq saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirərək onlarla birlikdə Gəncə şəhər Nizami rayon Polis Bölməsinə gəlməsini xahiş etmişlər. Ruslan əvvəlcə özünü bir qədər şübhəli aparsa da, sonradan onlarla birlikdə polis bölməsinə gəlməyə razılıq vermiş və Gəncə şəhər Nizami rayon X11 Lepexova şübhəli şəxs qismində saxlanılması ilə bağlı hüquq və vəzifələrini izah etdikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmişdir. Nadim Heydərov adlı vəkilin onun müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə, həmçinin videoçəkiliş aparılmaqla üzərində narkotik vasitə və ya cinayət xarakterli hər hansı bir əşya vardırsa təqdim etməsini Şahid3 bildirmişlər, əks təqdirdə onun üzərinə baxış keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Şahid3 əynindəki qara rəngli, qış gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana, daha sonra isə gümüşü rəngli siqaret falqasına bükülmüş bükümü onlara təqdim etmiş və bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmçinin sorğu zamanı Şahid3 həmin narkotik vasitəni polis tərəfindən saxlanılmamışdan az öncə Təhsil İdarəsinin qarşısında Vüqar adlı tanışından 20 manata özü istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. Həmin bükülü yuxarıda göstərilən şəxslərin iştirakı ilə açılmış və içərisindən sarımtıl rəngli, spesifik iyə malik, ilk görünüşdən narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Bundan sonra Şahid3 üzərinə də baxış keçirilmiş, lakin onun üzərindən başqa heç bir cinayət xarakterli əşya aşkar edilməmişdir. Şahid3 üzərindən aşkar edilmiş kütlə yuxarıda göstərilən şəxslərin iştirakı ilə tərəzidə çəkilmiş və kütlənin çəkisinin 0,4 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid5 ifadəsindən görünür ki, o, heç bir işlə məşğul deyil. Əri birinci Qarabağ müharibəsində döyüşlərdə həlak olmuşdur. Təqsirləndirilən şəxs onun oğludur. Vüqar bəzən ev təmiri, bəzən isə taksi fəaliyyəti ilə məşğul olaraq ailəni dolandırır. Oğlu Vüqarın himayəsində bir qızı vardır. Vüqar açıq vərəm xəstəsidir. Vüqara məxsus qara rəngli avtomobil vardır ki, 14.01.2020-ci il tarixdə onunla birlikdə ət almaq, həmçinin digər bazarlıqlar etmək üçün Gəncə şəhərində yerləşən “Grand Qafqaz” təzə bazarına gedirmiş. Gəncə şəhəri, Atatürk prospektində yerləşən Təhsil İdarəsinin yanında Vüqar avtomobili saxlamışdır. O, Vüqardan nə üçün avtomobili saxladığını soruşanda Vüqar hansısa tanışına fləşkart verəcəyini deyib maşınındakı maqnitafonun üzərindən fləşkartı götürüb maşından yerə düşmüşdür. Həmin vaxt ona iki nəfər tanımadığı şəxs yaxınlaşmışdır. Lakin o, onların nə etdiklərinə fikir verməmişdir. Bir neçə saniyədən sonra Vüqar yenidən maşına əyləşərək bazara getmişlər və işlərini görüb geri qayıtmışlar. Səhəri günü isə polis əməkdaşları ona xəbər verərək Vüqarın narkotik vasitə ilə məşğul olduğuna görə tutulduğunu bildirmişlər. Vüqarın narkotik vasitələrin qəbulu və dövriyyəsi ilə məşğul olması, həmçinin 14.01.2020-ci il tarixdə təhsil idarəsinin yaxınlığında Şahid3 20 manat pul müqabilində narkotik vasitə olan heroin satması barədə onun heç bir məlumatı olmamışdır. Bu barədə Vüqar tutulduqdan sonra bilmişdir və Vüqar ona xəstəliyinə görə ağrılarını sakitləşdirmək üçün narkotik vasitə qəbul etdiyini, lakin heç vaxt heç kimə narkotik vasitə satmadığını, 14.01.2020-ci il tarixdə də tanışı ilə görüşərkən Ruslan adlı şəxsə pay olaraq narkotik vasitə verdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid6 ifadəsindən görünür ki, fəhləliklə məşğul olaraq çörəkpulu qazanıb ailəsini dolandırır. İstifadəsində ***-******* saylı mobil telefon nömrəsi var, lakin həmin nömrə qohumlarından kiminsə adınadır. Təqsirləndirilən şəxs Gəncə şəhər sakini kimi tanıyır, onunla münasibətləri həmişə yaxşı olmuşdur. Şahid3 da Gəncə şəhər sakini kimi tanıyır, onunla da heç bir ədavət və düşmənçilik olmamışdır. Ona məxsus “Priora” markalı avtomobili vardır ki, həmin avtomobildə oxutmaq üçün içərisində musiqi olan yaddaş kartı var idi. Həmin yaddaş kartını təxminən 2019-cu ilin oktyabr ayında müvəqqəti istifadə etmək üçün Vüqara vermişdir. Vüqarın da özünə məxsus “VAZ-2107” markalı avtomobili var idi. O bir neçə dəfə yaddaş kartını Vüqardan geri istəmiş, lakin vaxt edərək onunla görüşüb kartı ondan götürə bilməmişdir. 2020-ci ilin yanvar ayının 14-də o, səhər saatlarında öz istifadəsində olan mobil telefon nömrəsindən Vüqarın istifadəsində olan ***- ******* saylı mobil telefon nömrəsinə zəng edərək yaddaş kartını ondan istəmiş, həmin vaxt Vüqar ona Təhsil İdarəsinin yanına gəlməsini demişdir. Saat təxminən 10 radələrində o, piyada olaraq Təhsil İdarəsinin yanına getmiş, çünki 2019-cu ilin dekabr ayında o, avtomobilini satmışdır. Təhsil İdarəsinin qarşısında təsadüfən Ruslanı görmüş və Ruslanla salamlaşmışdır. Ruslan ondan kimi gözlədiyini soruşduqda o, Ruslana Vüqarla işinin olduğunu bildirib Vüqarı gözlədiyini demişdir. Ruslan da Vüqarla görüşəcəyini bildirmişdir. Bir qədər Təhsil İdarəsinin qarşısında gözlədikdən sonra Vüqar idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yanlarına gəlmişdir. O, Vüqara yaxınlaşaraq görüşmüş və yaddaş kartını Vüqardan alaraq işlərinin arxasınca getmişdir. X13 nə işinin olduğunu bilməmiş, həmçinin bu barədə də maraqlanmamışdır. Bir neçə gündan sonra isə eşitmişdir ki, Ruslan və Vüqarı polis əməkdaşları saxlamışlar. Şahid3 və Təqsirləndirilən şəxs nartkotik vasitə ilə məşğul olmaları ilə bağlı onun heç bir məlumatı olmamışdır. Şahid3 ifadəsində Təhsil İdarəsinin qarşısında Vüqarı gözlədiyi zaman onun Ruslana Vüqardan narkotik vasitə almaq istədiyini bildirməsi, həmin vaxtı Vüqara pul verdiyini, Vüqarın isə ona narkotik vasitə verdiyini gördüyünü göstərməsi tamamilə yalandır. Həmin vaxt o, Ruslana ümumiyyətlə Vüqarı nə üçün gözlədiyini deməmişdir. O, Ruslana Vüqarla yalnız işinin olduğunu demişdir. Əgər o, Vüqardan narkotik vasitə alsaydı həmin vaxtı polis əməkdaşları onu da Ruslan kimi saxlayardılar. 14.01.2020-ci il tarixdə saat 10 radələrində Təhsil İdarəsinin qarşısında təhlükəsiz şəhər kamerasının qeydə alındığı görüntülərdə Ruslanla birlikdə Vüqarı gözləyən şəxs həqiqətən odur və Vüqar gəldikdən sonra o, Vüqarla görüşür və Vüqardan yaddaş kartını alaraq işlərinin arxasınca gedir. Ruslanla Vüqar arasında isə nə baş verdiyini bilmir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan video görüntüyə baxış keçirilməsi haqqında 16 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, 14.01.2020-ci il tarixdə, saat 10:09-da Şahid3 və Zaur adlı şəxs Gəncə şəhəri, Atatürk prospektində yerləşən Təhsil İdarəsinin qarşısında dayanıb kimisə gözləməyə başlayırlar. Şahid3 əynində qara rəngli qış gödəkçəsi, qara rəngli şalvar, Zaur adlı şəxsin əynində isə göy rəngli cins şalvar, göy rəngli balonka vardır. Saat 10:10-da Təqsirləndirilən şəxs özünə məxsus olan qara rəngli, “Vaz-21074” markalı, **-XL-*** dövlət nömrə nişanlı avtomobillə gələrək Təhsil İdarəsinin qarşısında dayanıb avtomobildən yerə düşür. Həmin vaxt onun əynində qara rəngli qış gödəkçəsi və qara rəngli şalvar vardır. Avtomobilin qabaq oturacağında isə hansısa sərnişinin olduğu görünür. Təqsirləndirilən şəxs avtomobildən düşərkən Zaur adlı şəxs qabaqda, Şahid3 isə arxada ona yaxınlaşırlar. Saat 10:11-də əvvəlcə Zaur adlı şəxs Vüqara sağ əlini uzadaraq onunla görüşüb öpüşürlər, daha sonra isə Vüqar yenə sağ əli ilə Zaura kiçik bir əşyanı verir və Zaur həmin əşyanı qəbul edərək əlini cibinə salıb Ruslanı və ya Vüqarı gözləmədən oradan uzaqlaşmağa başlayır. X15 aldığı əşyanın nə olduğu bilinmir. Zaur adlı şəxs oradan uzaqlaşarkən isə Ruslan Vüqara yaxınlaşaraq sağ əli ilə Vüqarla görüşür və yenidən sağ əlini Vüqara uzadır, Vüqar sağ əli ilə Ruslanın sağ əlində olan hənsısa əşyanın götürür və eyni zamanda Ruslanın əlinə hansısa əşyanı qoyur. Bundan sonra onlar bir-birilərindən aralanaraq ayrı-ayrı istiqamətlərə gedirlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan mobil telefona baxış keçirilməsi haqqında 16 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, həmin mobil telefon “DİGMA” markalı olmaqla qara rəngdədir və üzərində ***-******* saylı və ***-******* saylı mobil telefon nömrələri vardır. Şahid3 istifadəsində olan ***-******* saylı mobil telefon nömrəsindən Vüqar adlı şəxsin istifadəsində olan ***-******* saylı nömrəyə 14.01.2020-ci il tarixdə, saat 09:23-də zəng olunaraq 31 saniyə, saat 09:27-də zəng olunaraq 1 dəqiqə, saat 10:07-də zəng olunaraq 11 saniyə danışıq aparılmışdır. Bundan əlavə baxış zamanı müəyyən edilmişdir ki, Şahid3 istifadəsində olan mobil telefonun yaddaşına “Vüqar.nar” adlı şəxsə məxsus olan ***-******* saylı nömrə, “Vüqar.təzə” adlı şəxsə məxsus olan ***- ******* saylı nömrə daxil edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan baxış keçirilməsi haqqında 22 aprel 2020-ci il tarixli protokoldan görünür ki, həmin diskdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-******* saylı mobil nömrəyə daxil olan və çıxan sms və zənglər, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-******* saylı mobil nömrəyə daxil olan və çıxan zənglər, Şahid3 istifadəsində olmuş ***-******* saylı mobil nömrəyə daxil olan smslər, daxil olan və çıxan zənglər, Arzu Puşqaryovun istifadəsində olmuş ***-******* saylı nömrəyə daxil olan smslər öz əksini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə istifadəsində olmuş ***-******* saylı mobil nömrə Şahid5 adınadır və həmin nömrəyə daxil olan və çıxan smslərdə cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat yoxdur. Həmin nömrəyə 01.06.2019-cu il tarixdən 16.01.2020-ci il tarixədək müxtəlif nömrələrdən və müxtəlif vaxtlarda zəng edilmişdir ki, həmin nömrələr arasında Şahid3 istifadəsində olmuş ***-******* saylı mobil telefon nömrəsi yoxdur. Lakin həmin nömrə ilə Arzu Puşqaryovun istifadəsində olmuş ***-******* saylı mobil telefon nömrəsi arasında 2019-cu ilin 7-ci, 8-ci və 12-ci ayları ərzində cəmi 9 dəfə zəng olmuşdur. Təqsirləndirilən şəxs sonuncu dəfə istifadəsində olmuş ***-******* saylı mobil nömrə Təqsirləndirilən şəxs adınadır, həmin nömrə ilə Şahid3 istifadəsində olmuş ***-******* saylı mobil telefon nömrəsi arasında 2019-cu ilin 10-cu və 11-ci ayları ərzində cəmi 9 dəfə zəng olmuşdur. Həmin nömrə ilə Arzu Puşqaryovun istifadəsində olmuş ***-******* saylı mobil telefon nömrəsi arasında 2019-cu ilin 10-cu, 12-ci və 2020-ci ilin 1-ci ayları ərzində 61 dəfə zəng olmuşdur. Şahid3 istifadəsində olmuş ***-******* saylı mobil nömrə Şahid3 adınadır və həmin nömrəyə daxil olan smslərdə cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat yoxdur. Arzu Puşqaryovun istifadəsində olmuş ***-******* saylı mobil nömrə Arzu Puşqaryovun adınadır. Həmin nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ******* saylı mobil telefon nömrəsi arasında 2019-cu ilin 12-ci və 2020-ci ilin 1-ci ayları ərzində 66 dəfə zəng olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 14 yanvar 2020-ci il tarixli, 30 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Şahid3” sözləri olan kağız paketdəki 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi-0,163 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 30.04.2020-ci il tarixli, 352 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan şəxsi axtarış aparılması və götürmə haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərində, idarə etdiyi avtomobilində və yaşadığı evdə axtarış aparılmış, lakin heç bir narkotik vasitə və ya cinayət xarakterli əşya aşkar edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakteriza olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs vərəm xəstəliyindən əziyyət çəkir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 19 may 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 14.01.2020-ci il tarixdə Gəncə şəhəri, Atatürk prospektində yerləşən Təhsil İdarəsinin qarşısında Şahid3 və Şahid6 Təqsirləndirilən şəxslə görüşərkən onların hərəkətlərini əks etdirən 14.01.2020-ci il tarixdə keçirilmiş əməliyat-axtarış tədbirlərindən sonra Nizami rayon Polis Bölməsində Şahid3 üzərinə baxışı əks etdirən, həmçinin 16.01.2020-ci il tarixdə Şahid3lə Təqsirləndirilən şəxs üzləşdirmə istintaq hərəkətini əks etdirən video görüntülərin əks olunduğu 1 ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş, “xxxx” MMC-dən daxil olmuş cavab məktubuna əlavə edilmiş 1 ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş, Şahid6 barəsində cinayət işinin başlanması rədd edilmiş və həmin xüsusat üzrə cinayət işinin materiallarından material ayrılaraq müvafiq qaydada qeydiyyata alınıb nəzarət qaydasında Gəncə şəhər prokurorluğuna göndərilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs təxminən 2019-cu ilin əvvəllərində qonşusu X1 100 manat pul müqabilində istintaqa məlum olmayan çəkidə narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq alıb üzərində saxlamaqla daşımış, həmin narkotik vasitənin bir hissəsini istifadə etdikdən sonra qalan hissəsini, yəni şəffaf rəngli sellofana, daha sonra isə gümüşü rəngli siqaret falqasına bükülmüş vəziyyətdə bir ədəd bükümdə, şəxsi istehlak miqdarından artıq-təmiz çəkisi 0,163 qram narkotik vasitə olan heroini 14 yanvar 2020-ci il tarixdə saat 10:11-də Gəncə şəhəri, Atatürk prospektində yerləşən Təhsil İdarəsinin qarşısında 20 manat pul müqabilində tanışı Gəncə şəhər sakini Şahid3 satmış, sonuncu həmin narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Şahid3 14 yanvar 2020-ci il tarixdə saat 10:25-də Gəncə şəhər Nizami rayon Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Atatürk prospektində yerləşən Təhsil İdarəsinin yaxınlığında saxlanılaraq Nizami rayon Polis Bölməsinə gətirilmiş və üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən şəffaf rəngli sellofana, daha sonra isə gümüşü rəngli siqaret falqasına bükülmüş vəziyyətdə bir ədəd bükümdə, şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 0,163 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsinin 04.02.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 07.05.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2, 69.3-cü maddələri ilə 01 il 02 ay 09 gün müddətinə islah işləri cəzasına, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 21.10.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 02 il islah işləri cəzasına, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 13.09.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128, 62, 67-ci maddələri ilə 02 il islah işləri cəzasına, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 09.04.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128, 67, 49.3-cü maddələri ilə 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs həmin məhkumluqları ödənilmiş və hal-hazırda o, məhkumluğu olmayan şəxs hesab edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağı var. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Qarabağ Müharibəsi əlilləri, veteranları və X14 Birliyi tərəfinən verilmiş 000937 nömrəli, 10.04.2006-cı il tarixli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs anası Şahid5 əri X3 şəhid olması ilə əlaqədar şəhid ailəsi statusu verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan nikah haqqında şəhadətnamədən görünür ki, Şahid5 X9 ilə 25 iyun 1992-ci il tarixdə nikahları qeydə alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası Şahid5, atası isə şəhid X4r. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsin törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, həmçinin himayəsində bir azyaşlı uşağının olmasını, eləcə də atasının şəhid olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar yoxdur və cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun ailədə yeganə qazanc gətirən şəxs olmasını, atasının şəhid olmasını və himayəsində bir azyaşlı uşağının olmasını, həmçinin Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 15.01.2020-ci il tarixli “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 17.01.2020-ci il tarixli Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 15.01.2020-ci il tarixdən hesablanmaqla 14 aprel 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 07.02.2020-ci il tarixli Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığının müddəti 14 aprel 2020-ci il tarixədək müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 08.04.2020-ci il tarixli Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 14 aprel 2020-ci il tarixdən 02 ay, yəni 14 iyun 2020-ci il tarixə qədər uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Odur ki, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmənin başlanğıcı 15 yanvar 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməli, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 30.04.2020-ci il tarixli, 352 nömrəli rəyini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, Şahid3 aşkar olunub götürülərək qablaşdırılmış təmiz qalıq çəkisi 0,158 qram olan heroinin Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli, 1(044)-24/2021 saylı hökmünə əsasən məhv edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinin tələbinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş 14.01.2020-ci il tarixdə Gəncə şəhəri, Atatürk prospektində yerləşən Təhsil İdarəsinin qarşısında Şahid3 və Şahid6 Təqsirləndirilən şəxslə görüşərkən onların hərəkətlərini əks etdirən 1 ədəd disk, həmçinin 14.01.2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Gəncə şəhər Nizami Rayon Polis Bölməsində Şahid3 üzərinə baxış zamanı istifadə edilmiş video çəkilişin əks olunduğu 1 ədəd disk, bundan əlavə 16.01.2020-ci il tarixdə Şahid3lə Təqsirləndirilən şəxs üzləşdirilərkən istifadə edilmiş video çəkilişin 1 ədəd diski, eyni zamanda “xxxx” MMC-dən daxil olmuş cavab məktubuna əlavə edilmiş 1 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 15.01.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi Narkoloji Dinpanserdə profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş 14.01.2020-ci il tarixdə Gəncə şəhəri, Atatürk prospektində yerləşən Təhsil İdarəsinin qarşısında Şahid3 və Şahid6 Təqsirləndirilən şəxslə görüşərkən onların hərəkətlərini əks etdirən 1 ədəd disk, həmçinin 14.01.2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Gəncə şəhər Nizami Rayon Polis Bölməsində Şahid3 üzərinə baxış zamanı istifadə edilmiş video çəkilişin əks olunduğu 1 ədəd disk, bundan əlavə 16.01.2020-ci il tarixdə Şahid3lə Təqsirləndirilən şəxs üzləşdirilərkən istifadə edilmiş video çəkilişin 1 ədəd diski, eyni zamanda “xxxx” MMC-dən daxil olmuş cavab məktubuna əlavə edilmiş 1 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar