Məhkəmə qərarları › İş №1(044)-221/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-221/2021

08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-221/2021 08.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 və Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Məhəmməd ünvan 1-də qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda - yəni, təmiz çəkisi 0,237 qram narkotik vasitə olan heroini, eləcə də, təmiz çəkisi 0,123 qram psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, barəsində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, üzərində saxlaması barədə Gəncə şəhər Nizami RPİ-nə daxil olmuş məlumat əsasında 07 mart 2021-ci il tarixdə, saat 17:30-da Gəncə şəhər Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospektində yerləşən “2705-in dairəsi” adlanan yerin yaxınlığında saxlanılaraq Nizami RPİ-nə gətirilmiş və üzərinə baxış keçirilən zaman əynində olan tünd boz rəngli şalvarın sağ ön cibindən 1 ədəd gümüşü rəngli kağız bükümündə, şəxsi istehlak miqdarından artıq-yəni, təmiz çəkisi 0,237 qram narkotik vasitə olan heroin və 1 ədəd gümüşü rəngli kağız bükümündə təmiz çəkisi 0,123 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 2021-ci ilin mart ayının əvvəllərində Gəncə şəhəri ərazisində, “Dubay bazarı” adlanan yerin yaxınlığında tək olarkən yerdən siqaret falqalarına bükülü vəziyyətdə olan iki ədəd bükülü tapmışdır ki, həmin bükülülərin içərisində narkotik vasitə olacağını zənn edib bükülüləri yerdən götürmüşdür. Bükülülərin içərisinə baxıdıqda onlardan birinin içərisində “kakos”, digərinin içərisində isə “şüşə” deyilən narkotik vasitə olduğunu görmüşdür. O, həmin narkotik vasitələri cibinə qoyaraq özündə saxlamışdır ki, ağrıları olanda istifadə etsin. 07 mart 2021-ci il tarixdə saat 17 radələrində o, Gəncə şəhərində “2705” adlanan ərazidə olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və narkotik vasitələrdən istifadə etməkdə, saxlamaqda şübhəli olduğunu bildirərək onu Nizami RPİ-nə dəvət etmişlər. Həmin vaxt yerdən tapdığı narkotik vasitələr üzərində olmuş və o, artıq əməlinin ifşa olunduğunu görüb polis əməkdaşları ilə razılaşmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə Nizami rayon Polis İdarəsinə getmişlər, polis idarəsində üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və o, şübhəli şəxs qismində saxlanılmışdır. Ona hüquq və vəzifələri izah edilmiş və müdafiəçi idarəyə dəvət edilmiş, müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli şalvarın sağ ön cibindən 2 ədəd gümüşü rəngli siqaret falqasına bənzər kağıza bükülmüş kütlə aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Bundan başqa üzərindən hər hansı narkotik vasitə və qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Lakin polis əməkdaşları onu saxlayarkən və üzərinə baxış keçirilərkən onların ona inanmayacaqlarından qorxaraq polis əməkdaşlarına üzərində olan narkotik vasitələri saxlanılmamışdan 2 gün əvvəl qonşusu olan X5 ona pay verdiyini bildirmişdir. Əslində isə həmin narkotik vasitəni o, yerdən tapmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və saxlanıldıqdan sonra ona qarşı heç bir təzyiq olmamış və qonşusu X7 narkotik vasitə istifadəçisi olduğundan həmin şəxsin adını çəkərək narkotik vasitəni həmin şəxsin ona pay verdiyini bildirmişdir. O, üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə olan psixotrop maddə metamfetamini və 1 büküm narkotik vasitə heroini öz istifadəsi üçün saxlamışdır. Onun narkotik vasitəni əldə etməsindən, saxlamasından və istifadə etməsindən heç kəsin, o cümlədən ailə üzvlərinin də xəbərləri olmamışdır. Əməlindən peşmandır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 Sayəddin oğlu ifadəsində bildirdi ki, 2010-cu ildən Daxili işlər Orqanlarında, hazırda Gəncə şəhər Nizami RPİ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmətini davam etdirir. 07.03.2021-ci il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə idarənin əməkdaşı, yəni, baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və saat 17:30-da Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “2705-in dairəsi” adlanan yerin yaxınlığında müəyyən edilmişdir. Onlar Təqsirləndirilən şəxs dərhal saxlamış və özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirərək, onlarla birlikdə Nizami RPİ-nə gəlməsini xahiş etmişlər. Onlar Təqsirləndirilən şəxs ilə birlikdə Nizami RPİ-nə gəlmiş və idarədə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması ilə bağlı hüquq və vəzifələrini izah etdikdən sonra müdafiəçi dəvət etmək hüququnu da izah etmişlər. Nadim Heydərov adlı vəkilin Təqsirləndirilən şəxs müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və əynində olan tünd boz rəngli şalvarın sağ ön cibindən iki ədəd gümüşü rəngli kağıza bükülmüş bükümlər aşkar edilmişdir. Həmin bükümlərə ayrı-ayrılıqda baxış keçirilərkən birinin içərisində şəffaf rəngli kristal şəklində narkotik vasitə olan metamfetaminə və ya limon duzuna oxşar kütlə, digərinin içərisindən isə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələrdən birinin narkotik vasitə heroin, digərinin isə limon duzu olduğunu və həmin kütlələri iki gün əvvəl qonşuluğunda yaşayan X4 pay aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzrəinə baxış zamanı başqa heç bir cinayət xarakterli əşya aşkar edilməmiş və üzərindən aşkar edilmiş kütlələr tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 Şahid2 Sayəddin oğlu ilə eyni məzmunlu izahat veridi. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 08.07.2021-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik tapdığı yeri əyani olaraq göstərərək ifadəsini təsdiq etmiş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji dispanserinin 08.07.2021-ci il tarixli 361 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs, 12.09.2013-cü ildən hal-hazırki tarixədək “Aksentuasiyalı şəxsiyyət, vaxtaşırı müşahidə olunan nevrotik reaksiyalar” diaqnozu ilə qeydiyyatda olması göstərilmişdir. Təqsirləndirilən şəxs emosional davamsız aksentuasiyalı şəxsiyyətdə vaxtaşırı müşayiət edilən nevrotik reaksiyalar xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 08 mart 2021-ci il tarixli, 16/219 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və ekspertizaya təqdim edilmiş üzərində “07.03.2021-ci il tarixdə vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0.33 qram çəkidə heroinə bənzər və 0.17 qram şəkidə limon duzuna bənzər bükümlər.” Yazılar və imzalar olan kağız paketdəki;-1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0.123 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. – 1(bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,237 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-hero (metamfetaminin təmiz çəkisi-0.123 qram, tədqiqata sərf edildi - 0.02 qr., qalıq - 0.103 qram), heroinin təmiz çəkisi - 0.237 qram, tədqiqata sərf edildi - 0.02 qram, qalıq 0.217 qram). Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 30.06.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserinin 03.05.2021-ci il tarixli, 757 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. narkotik vasitə olan Heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 08.01.2021-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 birgə nikahlarından 01 dekabr 2020-ci il tarixdə X6 anadan olmuşdur. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla hər birinin ayrı-ayrılıqda yuxarı həddi 0,15 qramdan 02 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək, əməlindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikası CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, ailədə yeganə qazang gətirən şəxs olmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, Məhəmməd ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 07.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 09.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə iltiizam” qətimkan tədbiri seçilərək o, saxlandığı Gəncə şəhəri BPİ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 07.03.2021-ci il tarixdən 09.03.2021-ci il tarixədək, 3 (üç) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 07.03.2021-ci il tarixdən 09.03.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,217 qram təşkil edən narkotik vasitə olan heroin və 0.103 qram təşkil edən narkotik vasitə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07.03.2021-ci il tarixdən 09.03.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 6 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, Məhəmməd ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,217 qram təşkil edən narkotik vasitə olan heroin və 0.103 qram təşkil edən narkotik vasitə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar