Məhkəmə qərarları › İş №1(044)-223/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-223/2021

14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-223/2021 14.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Göygöl rayonu, Üçtəpə qəsəbəsində “Vüsal” şadlıq sarayının yanında təzə məhəllədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 0,841 qram olan psixotrop maddə - metamfetamini satış məqəsdi olmadan əldə edib üzərində saxlamaqla daşımış, 21.03.2021-ci il tarixdə, saat 18 radələrində Gəncə şəhər BPİ-nin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirmiş olduğu əməliyyat axtarış tədbirləri nəticəsində o, Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Maxi” marketin qarşısında saxlanılaraq Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilmiş və həmin polis idarəsində onun üzərinə baxış keçirilən zaman əynindəki gödəkçənin sağ yan cibindən siqaret falqasına bükülmüş təmiz çəkisi 0,841 qram olan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu CM-nin 234.1-ci maddəsi ilə tam təqsirli bilərək ifadəsində bildirdi ki, o, arada bir “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin yandırıb tüstü yolu ilə qəbul edir. O, tutulmamışdan təxminən 15 gün əvvəl Bakı şəhərində olan zaman dəqiq xatırlamadığı ərazidə yerdə siqaret falqasında bükülü aşkar edib həmin bükülünü götürmüşdür. O, həmin bükümü açıb baxan zaman ona məlum olmuşdur ki, həmin kütlə metamfetamindir və həmin bükümü özü istifadə etməsindən ötrü cibinə qoymuşdur. 21 mart 2021-ci il tarixdə, saat 18 radələrində o, Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Maxi” marketin yanında olan zaman bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Gəncə şəhər BPİ-nin Cinayət Axtarış İdarəsinin əməkdaşları olduqlarını və onun üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu polis idarəsinə dəvət etmişlər. O, da polis əməkdaşlarının təklifi ilə Gəncə şəhər BPİ-yə getmişdir. Orada iş otaqlarından birində onun üzərinə baxış keçirəcəklərini və vəkil tutmaq hüququnun olması ona izah edilmiş, ona vəkillərin siyahısı təqdim edilmiş və o, polis əməkdaşlarına hər hansı bir vəkilin dövlət hesabına hüuqularını müdafiə etməsi üçün dəvət etmələrini xahiş etmişdir. Bir neçə dəqiqədən sonra vəkil Cəfər Hacıyev polis idarəsinə gəlmiş və ona təqdim edilmiş, o, həmin vəkilə etirazının olmadığını bildirmişdir. Bundan sonra onun üzərinə baxış keçirəcəklərini demişlər, vəkil Cəfər Hacıyevin və polis əməkdaşlarının iştirakı ilə onun üzərinə video görüntü ilə baxış keçirilmişdir. Baxış zamanı onun üzərindən yerdən tapmış olduğu və gödəkçənin yan cibində olan siqaret falqasında bükülü olan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Metamfetamin olan bükülü kağız bükümlə birlikdə aptek tərəzisində çəkilmiş və 1,24 qram olmuşdur. Bundan sonra həmin bükülü zərfə qoyularaq qabşaldırılmış və protokol tərtib edilmiş, o və digər iştirakçılar öz imzalarını zərfə və protokola çəkmişlər. O, ekspertizanın rəyi ona elan edilən zaman üzərindən aşkar edilmiş psixotrop maddə - metamfetaminin təmiz çəkisinin 0,841 qram olmasını bilmişdir. O, başqa heç bir yerdə narkotik vasitə saxlamamış, psixotrop maddəni öz istifadə etmək üçün üzərində gəzdirmişdir. Sonda o, törətdiyi əməldən peşmançılıq çəkdiyini, bir daha belə əmələ yol verməyəcəyini bildirib, arvadının xəstə olduğunu, himayəsində 1 azyaşlı uşağı olduğunu və ailədə yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, 2015-ci ildən DİO-da, 2021-ci ilin mart ayından isə tutduğu vəzifədə xidmət edir. 21 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində psixotrop maddə - metamfetamin daşıyaraq saxlaması barədə daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə edildikdən sonra o, idarənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs 21 mart 2021ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Maxi” markaetin yaxınlığında saxlamışdır. Onlar özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi üçün Gəncə şəhər Baş Polis İdarəsinə gətrimişlər və bu barədə rəhbərliyə raportla məruzə etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə təqdim edilmiş, hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına vəkillə təmin edilmişdir. Onların və vəkilin iştirakı ilə video kameradan istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlanılmış, şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan olunmuş əşya vardırsa da təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş kütləni stolun üzərinə qoyaraq həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni Bakı şəhəri ərazisində yerdən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, başqa bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş digər bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə aptek tərəzisində çəkilmiş, çəkisi kağız büküm ilə birlikdə 1,24 qram çəkidə olmuşdur. Həmin kütlə onların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri hər bir iştirakçı tərəfindən imzalanmış və möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs sorğu-sual zamanı üzərində aşkar edilmiş psixotrop maddə olan metamfetamini Bakı şəhəri ərazisindən tapmasını, öz istifadəsi üçün üzərində daşıyaraq saxladığını bildirmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin əldə olunma mənbəyi müəyyən edilə bilməmiş, sonuncunun əvvəllər kimdən narkotik vasitə alması, eləcə də kiməsə də narkotik vasitə satması da müəyyən edilə bilinməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili Şahid2 və Gəncə şəhər BPİ-nin KTB-nin rəisi Şahid3 digər Şahid1 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş: - 21.03.2021-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan, 23.03.2021-ci il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 21.03.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, 23.02.2021-ci il tarixdə Gəncə şəhəri BPİ MSY-də azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - 21.03.2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan məlum olur ki, Gəncə şəhər BPİ-nin İTİ-nin TŞ-nin təhqiqatçısı X1, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları Şahid1, Şahid2 və Şahid3, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X3 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş narkotik vasitə olub-olmaması, əgər varsa təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş kütləni çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülüdə narkotik vasitə olan metamfetamin olduğunu, bükülünün ona məxsus olduğunu, həmin bükülünü 15 gün bundan əvvəl Bakı şəhərində olarkən yerdən tapdığını, həmin kütlədən heç kimə satmadığını, özü istifadə etdiyini bildirmiş, sonra iştirakçılar tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, onun üzərindən başqa heç nə aşkar edilməmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş bükülü iştirakçıların yanında açılmış, həmin bükülünün içərisində şəffaf rəngli ilk baxışdan narkotik vasitə olan metamfetaminə oxşar kütlə müəyyən edilmişdir. Şübhəli şəxsin üzərindən aşkar edilmiş kütlə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 1,24 qram olmuşdur. Həmin kütlə iştirakçıların yanında əvvəlki vəziyyətinə qaytarılıb zərfə qoyularaq möhürlənmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsindən verilmiş 22.03.2021-ci il tarixli, 16/274 nömrəli rəydən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə.” yazıları və imzalar olan kağız paketdəki, 1(bir) ədəd “gümüşü” rəngli falqa bükümündə təmiz çəkisi 0,841 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. (Metamfetaminin təmiz çəkisi – 0.841 qr., tədqiqata sərf edildi – 0.05 qr., qalıq – 0.791 qr.). Ekspertiza tədqiqatının dəyəri 32,40 manat təşkil edir. - məhkəmə-narkoloji ekspertizasının 06.07.2021-ci il tarixli, 801 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloii dispanserdə qeydiyyata alınması məsləhət görülür. - 10.06.2021-ci il tarixli “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan və 12.06.2021-ci il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 10.06.2021-ci il tarixdə əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq Gəncə şəhər BPİ MSY-nə təhvil verilmiş, 12.06.2021-ci il tarixdə Gəncə şəhəri BPİ MSY-də azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. - Gəncə şəhər Narkoloji Dispanserin 14.06.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. - Gəncə şəhər Psixonevroloji Dispanserin 14.06.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 13.04.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmişdir. - Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB 4 nömrəli xidmət sahəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyatda olduğu yer üzrə yaşadığı müddətdə müsbət xarakterizə olunmuşdur. - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X4 ilə 05.12.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 07.11.2018-ci il təvəllüdlü X5 adlı 1 azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 1 azyaşlı uşağı olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların isə olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də işin faktiki hallarını nəzərə alaraq, məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanlarının hələ tükənmədiyi qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın–azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Hal-hazırda Təqsirləndirilən şəxs faktiki olaraq Göygöl rayonunun ərazisində yaşasa da, onun rəsmi qeydiyyatı Gəncə şəhərində olduğu üçün gələcəkdə onun qeydiyyatda olduğu ərazi üzrə müəyyən sənədlər almaq üçün Gəncə şəhərinə gəlmək zərurəti yarana bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 21:00-dan saat 08:00-dək, qeydiyyatda olduğu Gəncə şəhərinin və yaşadığı Göygöl rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs 21.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23.03.2021-ci il tarixdə azad edilmiş, həmçinin 10.06.2021-ci il tarixdə axtarış nəticəsində tutularaq 12.06.2021-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 6 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ona narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyatda alınmalıdır. İş üzrə maddi sübutlar: Gəncə Şəhər Baş Polis İdarəsində saxlanılan psixotrop maddənin ekspertizadan sonrakı qalığı – 0.791 qram çəkidə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə baxış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci–ekspertiza tədqiqatının dəyəri olan cəmi 32,40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Müdafiəçi məhkum Təqsirləndirilən şəxs məhkəmədə 8 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 48 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 06 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 12 gün çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 21:00-dan 08:00-dək, qeydiyyatda olduğu Gəncə şəhərinin və yaşadığı Göygöl rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan psixotrop maddə ekspertizadan sonrakı qalığı – 0.791 qram çəkidə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə baxış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 48 (qırx səkkiz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar