Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-245/2021 23.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Bəhman oğlunun və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Kəlbəcər rayonunun Lev kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, ünvan 2ənzil 60-da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Bəhman oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Bəhman oğlu 04.02.2021-ci il tarixdə, saat 14 radələrində Gəncə şəhəri Nizami rayonu, 28 May küçəsi ilə X6 küçəsinin kəsişməsində yerləşən “Family Shoping” geyim mağazasının yaxınlığında keçmiş arvadı Zərərçəkmiş şəxs onun barışıq təklifini rədd edərək, bu məqsədlə birlikdə Göygöl rayonuna getməkdən imtina etməsi səbəbindən Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı əlində olan, istintaqa məlum olmayan deşici-kəsici alətlə qəsdən bir neçə zərbə vuraraq Zərərçəkmiş şəxs sol kürək və bel nahiyələrinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları kimi (cəmi 3 ədəd) hər biri ayrı-ayrılıqda ümumi əmək qabiliyyətinin cüzi itirilməsi ilə nəticələnin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır, o, Şəhanə ilə 2012-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Şəhanə ilə bir müddət mehriban yaşasalar da, sonradan sonuncu ilə xasiyyətləri uyğun gəlmədiyinə görə nikahları Kəlbəcər Rayon Məhkəməsinin qətnaməsi əsasında pozulmuş, hər ay hər bir uşaq üçün cəmi 320 manat alimenti Şəhanəyə ödəmişdir. O, oğlu Ataşı çox istədiyinə görə tez-tez sonuncunu aparıb yanında saxlayır. 2020-ci ilin yay aylarında Şəhanə Daşkəsən rayonunda yerləşən Yaşıllaşdırma idarəsində işə girmişdir. Həmin tarixdən o, Şəhanənin hər hansı bir şəxslə münasibət quracağına görə narahat olmuş və sonuncuya qarşı özündən asılı olmayan səbəblərə görə aqressiv olmuşdur. 03 fevral 2021-ci il tarixdə təxminən saat 16 radələrində Şəhanə mobil telefonla ona zəng edib 04 fevral 2021-ci il tarixdə icra məmurlarının iştirakı ilə övladı Ataşı aparmasından ötrü sonuncunu Gəncə şəhəri üzrə İcra idarəsinin inzibati binasına aparmağı ondan xahiş etmişdir. Artıq o, günəmuzd fəhlə işləməyindən ötrü övladı Ataşı Şəhanəyə vermək qərarına gəlmiş və bu barədə Şəhanə ilə razılaşaraq, sonuncuya sabah ona zəng etməsini bildirmişdir. Ertəsi günü, yəni 04 fevral 2021-ci il tarixdə o, mobil telefonla Şəhanəyə zəng edib İcra İdarəsinə gəlməsini, övladı Ataşı ondan götürməsini xahiş etmişdir. Şəhanə isə ona Yeni Gəncə qəsəbəsi ərazisində yerləşən “Əminə Market”in qarşısında Ataşı gətirməyini ondan xahiş etmişdir. O, da oğlu Ataşı götürüb, Şəmkir rayonunda yaşayan tanışı İntiqam adlı şəxslə tanımadığı taksiyə əyləşib “Əminə Market”in yaxınlığına getmişdir. Bir neçə dəqiqə həmin yerdə gözlədikdən sonra o, Ataşı İntiqama təhvil vermiş və Şəhanənin gəldiyini görüb ona tərəf yaxınlaşmışdır. Şəhanə ondan Ataşı soruşan zaman o, X2 təhvil verdiyini, harda olsa yanlarına gələcəklərini bildirmişdir. Bir neçə dəqiqə o, Şəhanə ilə barışmaları barədə söhbətlər etmiş və İntiqama zəng edərək Ataşı yanlarına gətirməsini xahiş etmişdir. Sonra Şəhanə ona ac olduğunu və “Əminə Market” adlanan mağazaya gedib yemək su almağı ondan xahiş etmişdir. O, Şəhanənin onunla barışmasına ümid edərək, sevincli halda sonuncu ilə birlikdə Ataşın əllərindən tutub mağazaya daxil olmuş, mağazada o, Şəhanə ilə Ataşa yemək və su almışdır. Sonra onlar mağazadan küçəyə çıxmışlar, o, bir qədər barışmaları barədə Şəhanə ilə təklikdə söhbət etməsindən ötrü Ataşı saxlamaq üçün İntiqama təhvil vermək qərarına gəlmiş və yolun əks istiqamətində yerləşən “Family Shoping” adlanan geyim mağazasına tərəf Şəhanə ilə birlikdə gedib, mobil telefonu ilə İntiqama zəng edərək sonuncunu yanına çağırmışdır. X3 təhvil verəcəyinə görə ona öz iradlarını bildirmiş, o da, Şəhanəyə narahat olmamasını, bir qədər söhbət etdikdən sonra Ataşı ona təhvil verəcəyini bildirmişdir. O, İntiqama Ataşı verdikdən sonra sonuncu onların yanından uzaqlaşmış, bir neçə dəqiqədən sonra Şəhanə ilə köhnə günləri yadına düşmüş və o, kövrələrək barışmasından ötrü sonuncunun qarşısında diz çökmüşdür. Sonra o, Şəhanəyə barışmaq istədiyini və onu Göygöl rayonunda yaşayan qohumu Vəsilənin evinə aparmağı təklif etmişdir. Şəhanə ona barışmalarının artıq gec olduğunu, onunla heç bir zaman barışmayacağını bildirmişdir. Həmin vaxt o, Şəhanənin həyatında hər hansı bir şəxsin olduğunu düşünmüş və əsəbiləşərək yol ilə hərəkətdə olan taksi sürücüsünə əl edib saxlatmışdır. Taksi avtomobilini saxladıqdan sonra o, Şəhanənin qolundan tutub sonuncunu avtomobilə əyləşdirmək istəmiş, bu an Şəhanə onun əlindən çıxıb qaçmış və taksi sürücüsü də avtomobilini idarə edərək çıxıb getmişdir. Şəhanə piyada hərəkət edən zaman o, arxa tərəfdən sonuncuya yaxınlaşaraq sol qolundan tutmaqla saxlamış, həmin vaxt Şəhanə onu arxaya itələmişdir. Artıq Şəhanənin həyatında kimsənin olduğunu zənn etdiyi üçün o, bərk əsəbiləşmiş və əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən dəstəyi qara rəngli kiçik ölçülü mətbəx bıçağını çıxartmış, əvvəlcə bıçağı Şəhanəyə nümayiş etdirməklə sonuncunu qorxutmaq istəmiş, lakin Şəhanə qaçmaq istəyən zaman o, bıçaqla sonuncunun kürək nahiyyəsinə dayanmadan 3 dəfə zərbə ilə vurmuşdur. Şəhanə yerində dayanan zaman o, sonuncunun kürək nahiyyəsindən qan axdığını görmüş və dərhal qaçıb uzaqlaşmışdır. Təxminən 200-250 metr aralıdan o, Şəhanəyə baxan zaman sonuncunun mağazanın qarşısında müvazinətini itirib yerə oturduğunu görmüşdür. Təxminən 15-20 dəqiqədən sonra o, Valeh adlı şəxsin avtomobilindən Şəhanənin nənəsi Rahilənin və Şəhanənin dayısı Xaliqi düşdüyünü, sonuncuların İntiqama yaxınlaşıb döyməklə Ataşı əlindən aldığını görmüşdür. Sonra Rahilə və Xaliq Valeh ilə birlikdə Şəhanəni avtomobilə əyləşdirib getmişlər. Bir qədər sonra o, İntiqama tərəf yaxınlaşmış və taksi ilə yaşadığı evə getmiş, İntiqam yorğun olduğuna görə yolda takisdən düşüb Şəmkir rayonuna getmişdir. Yolda o, Gəncə çayının üzərindən keçən körpünün yaxınlığında taksini saxlatdırmış, üzərində gəzdirdiyi mətbəx bıçağını çaya tullamış, sonra o, takisyə əyləşib yaşadığı evə getmişdir. Hadisənin baş verməsinə səbəb onun Şəhanəni qısqanmağı və Şəhanin yolda əl edib saxlatdırdığı taksiyə əyləşməməsi səbəb olmuşdur. Hadisə təxminən 1-2 dəqiqə ərzində davam etmişdir. Hadisə zamanı o, bıçaqla Şəhanəni vuran zaman yanlarında kimsə olmamış, kənardan isə onları görən şəxsləri görməmişdir. O, Ataşı İntiqama təhvil verən zaman, sonuncudan Şəhanə ilə barışmasından ötrü söhbət etməyi üçün bir qədər kənara getmələrini xahiş etmişdir. Buna görə də, o, əlindəki bıçaqla Şəhanəyə xəsarət yetirən zaman İntiqam ilə oğlu Ataş kənarda olduqlarına görə sonuncular hadisəni görməmişlər. Onun Şəhanəni öldürmək fikri olmamış, Şəhanəni qorxutmaqdan ötrü əlindəki bıçaqla sonuncunu vurmuşdur. Sonda o, əməlindən çox peşman olduğunu bildirib ərizə təqdim edərək 05.11.2021-ci il tarixli amnistiya aktını nəzərə alaraq cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, anası Qahirə, nənəsi Rahilə, övladları 2013-cü il təvəllüdlü Elfak, 2014-cü il təvəllüdlü Elşad, 2016-cı il təvəllüdlü Ataş və 2017-ci il təvəllüdlü Ayşən ilə birlikdə ünvan 3 ünvanında yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun keçmiş əridir. O, Azərlə 2012-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, Azərlə bir müddət mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlmədiyinə görə ailə münasibətləri pozulmuş, nikahları Kəlbəcər Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli qətnaməsi əsasında pozulmuşdur. Məhkəmə qətnaməsinə əsasən dörd azyaşlı övladının yekinlik yaşına çatanadək saxlanılması üçün Azərdən hər ay onun xeyrinə hər bir uşaq üçün 80 manat cəmi 320 manat alimentin tutulması qərara alınmışdır. Mütəmadi olaraq Azər övladları Ataşı aparıb yanında saxlamış, 2020-ci ilin avqust ayından o, Daşkəsən rayon Yaşıllaşdırma İdarəsində xadiməçi kimi işləməyə başlamışdır. 03 fevral 2021-ci il tarixdə təxminən saat 16 radələrində o, Daşkəsən şəhərində olan zaman mobil telefonla Azərə zəng edib sonuncudan övladı Ataşı Gəncə şəhəri üzrə İcra İdarəsinin əməkdaşlarının iştirakı ilə onun yanına gətirməyini, digər övladları Elfakı və Elşadı İcra məmurlarının yanında aparıb bir müddət yanında saxlamasını xahiş etmişdir. Azər də, onunla razılaşmış və övladı Ataşı sabah Gəncə şəhəri üzrə İcra İdarəsinin İnzibati binasına gətirəcəyini bildirmişdir. Təxminən 1-2 saatdan sonra o, iş yoldaşı Şahid2 mobil telefonunla zəng edib onu istifadəsində olan avtomobili ilə Gəncə şəhərinə aparmasını xahiş etmişdir. Valeh etiraz etməmiş və sonuncu 15 manat xidmət haqqı müqabilində onu idarə etdiyi VAZ 21011 minik markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Daşkəsən şəhərindən Gəncə şəhərinə yaşadığı evə aparmış, Valeh onu yaşadığı evə qoyduqdan sonra Daşkəsən şəhərinə geri qayıtmışdır. Ertəsi gün, yəni 04 fevral 2021-ci il tarixdə saat 12 radələrində o, övladı Elşadı oxuduğu 23 nömrəli məktəbə aparmış, təxminən saat 13 radələrində yaşadığı evə geri qayıtmışdır. Bir neçə dəqiqədən sonra Azər onun mobil telefonuna zəng edib harada olduğunu soruşmuş, o, da Azərə yaşadığı evdə olduğunu Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “Əminə Market” adlanan ərzaq malları mağazasına işə düzəlmək istədiyi üçün həmin mağazaya gedəcəyini, Ataşı da həmin mağazanın qarşısına gətirməsini xahiş emişdir. Təxminən saat 14 radələrində o, yaşadığı evi tərk edib marşurutla Yeni Gəncə qəsəbəsinə getmişdir. O, “Əminə Market” adlanan ərzaq malları mağazasının qarşısında olan zaman Azərin piyada ona tərəf yaxınlaşdığını gördüyü üçün sonuncudan oğlu Ataşın harada olduğunu soruşmuş, Azər ona Ataşın İntiqam adlı yaxın dostunun yanında qaldığını bildirmişdir. X5 zəng etmiş və sonuncu Ataşı yanlarına gətirmişdir. O, Ataşla görüşdükdən sonra Azərdən ac olduğuna görə “Əminə Maret” adlanan mağazaya gedib yemək, su almasını xahiş etmişdir. Sonra o, Ataş və Azərlə birlikdə mağazaya daxil olmuş, mağazadan yemək, su aldıqdan sonra onlar küçəyə çıxıb qarşı tərəfdə yerləşən “Family Shoping” adlanan geyim mağazasının kənarına tərəf getmişlər. Həmin yerdə Azər mobil telefonla dostu İntiqama zəng edərək, övladı Ataşı gəlib özü ilə birlikdə aparmasını xahiş etmiş, o, dərhal X4 aparacağına görə öz iradlarını bildirmişdir. Lakin Azər ona bu barədə məhəl qoymamış və bir neçə dəqiqədən sonra İntiqam onlara yaxınlaşıb özü ilə birlikdə Ataşı aparmışdır. Bir neçə dəqiqədən sonra Azər ağlayaraq onunla barışmaq istədiyini və onu Göygöl rayonunda yaşayan qohumu Vəsilənin evinə aparmaq istədiyini bildirmişdir. O, da Azərə heç bir zaman barışmayacağını bildirmiş, bu an Azər yol ilə hərəkətdə olan taksi sürücüsünə əl edib saxlatdırmış, taksi avtomobilini saxladıqdan sonra Azər onu həmin avtomobilə əyləşdirmək istəmişdir. Lakin o, həmin avtomobilə əyləşməməmiş və Azərin əlindən çıxıb biraz aralaşmışdır. O, piyada hərəkətə başlamaq istəyən zaman Azər arxadan onun sol qolundan dartıb saxlamış, o, Azəri özündən kənara itələyən zaman sonuncu əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən dəstəyi qara rəngli kiçik ölçülü mətbəx bıçağını çıxartmışdır. Həmin vaxt o, həyəcanlanmış və Azərin yanından uzaqlaşıb qaçmaq istəyən zaman sonuncu əlində tutduğu həmin bıçaqla onun sol kürək və bel nahiyyələrinə dayanmadan 3 dəfə zərbə ilə vurmuşdur. Azər onun kürək nahiyyəsindən qan axdığını görmüş və dərhal qaçıb onun yanından uzaqlaşmışdır. O, bir qədər irəliyə gedib yaxınlıqda olan mağazanın qarşısında müvazinətini itirmiş və yerə oturmuşdur. Bu an o, istifadəsində olan mobil telefonla iş yoldaşı Valehə zəng edib, sonuncuya Azərin onu bıçaqladığını, dərhal nənəsi Rahiləyə bu barədə məlumat verməsini və olduğu yeri demişdir. Valeh də, ona hazırda Daşkəsəndən Gəncə şəhərinə avtomobili ilə gəldiyini, təxminən 15-20 dəqiqəyə önün yanında olacaqlarını bildirmişdir. Həmin vaxt o, İntiqamın və oğlu Ataşın səslərini eşitmiş, bundan tam əmin olmuşdur ki, İntiqamın və oğlu Ataşın Azərin onu bıçaqlayaraq qaçmasından xəbəri yoxdur. Həmçinin Ataşın onun bədəninin qanadığını görüb qorxacağından ehtiyyat etdiyi üçün səsini çıxartmamış, nənəsi Rahilənin və Valehin gəlmələrini gözləmişdir. Bir neçə dəqiqədən sonra Valeh, nənəsi Rahilə, dayısı Xaliqlə birlikdə onun yanına gəlmişlər. Dayısı Xaliq onun paltarlarını qanlı gördüyü üçün ağlamağa başlamış, o, sonuncuya işarə etmişdir ki, İntiqamdan oğlu Ataşı götürsün. Xaliq İntiqama yaxınlaşan zaman sonuncu, Ataşı vermək istəməmiş, həmin vaxt, dayısı Xaliqlə İntiqamın arasında mübahisə yaranmış, mübahisə zamanı nənəsi Rahilə onları birbirindən aralamış, sonra İntiqam oğlu Ataşı dayısı Xaliqə verərək uzaqlaşmışdır. Bir neçə dəqiqədən sonra Valeh onu, nənəsi Rahiləni, dayısı Xaliqi və oğlu Ataşı avtomobilə əyləşdirmiş və onu 3 nömrəli xəstəxanaya aparmışlar. Azər bıçaqla onun bədən nahiyyənə xəsarət yetirən zaman yanlarında kimsə olmamış, kənardan da onları görən olmamış, hadisə təxminən 1-2 dəqiqə davam etmişdir. Hadisə zamanı onun əynində olan paltarlar qana boyandığı üçün o, həmin paltarları tullamışdır. Sonda Zərərçəkmiş şəxs Azər ilə barışmadığını, sonuncudan şikayətçi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Bəhman oğlunun məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilmiş və 05.11.2021-ci il tarixli Amnistiya aktını nəzərə alaraq cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Müdafiəçi2 da hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs mövqeyi ilə razı olduğunu, onun barəsində “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarını tətbiq etməklə cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı təqsirləndirilən şəxs barəsində “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının tətbiq edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan 08.08.2021-ci il tarixli DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bəhman oğlu əvvəllər məhkum olunmamışdır. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Bəhman oğlu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Bəhman oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatinda olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) Həmin Qərarın 14-cü hissəsiə əsasən bu Qərarın 8-ci və 9-cu hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 23.5-ci bəndinə əsasən məhkəmələr tərəfindən amnistiya – bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 28-ci bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Bəhman oğlunun barəsində “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndlərinin tətbiq edilməli olduğunu, eyni zamanda müdafiə tərəfinin amnistiyanin tətbiqi ilə bağlı razılıq mövqeyini nəzərə alaraq belə nəticəyə gəlir ki, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndləri tətbiq edilməklə Təqsirləndirilən şəxs Bəhman oğlu cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qərar qanuni qüvvəsini alanadək qüvvə saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs Bəhman oğluna məhkəmədə 5 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, onun işlədiyi vəkil bürosunun hesabına 30 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddiа yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndləri tətbiq edilməklə Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs Bəhman oğlu cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Bəhman oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayə işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs Bəhman oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qərar qanuni qüvvəsini alanadək qüvvə saxlanılmalıdır. Təqsirləndirilən şəxs Bəhman oğluna göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-245/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-245/2021
23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver