Məhkəmə qərarları › İş №1(044)-249/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-249/2021

20.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-249/2021 20.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 iştirakı ilə Xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasında X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirləndirilməsinə dair, X2 xüsusi ittiham qaydasında şikayətinə işin materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına X4 tərəfindən, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət daxil olmuşdur. X4 şikayətini onunla əsaslandırmışdır ki, X5 özünün “Facebook” sosial şəbəkəsindəki hesabı vasitəsilə onu nalayiq formada təhqir etmişdir. Bəxtiyar Hacıyev onu ləyaqətsiz, tərbiyəsiz, əxlaqsız, şərçi, şantajçı kimi ictimaiyyətə təqdim etmişdir. Bu təhqir və böhtanlardan o, mənəvi sarsıntı keçirmişdir. Bu təhqiredici yazılar “Facebook” sosial şəbəkəsində kütləvi formada yayımlanmışdır. Qeyd etdiklərinə əsasən, ünvan 1 ünvanında yaşayan X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, X4 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə baxışına keçirilməsindən imtina edilməlidir. Belə ki, məhkəmənin hazırlıq iclasında baxılan məsələlərdən biri də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmununun həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmamasının müəyyən edilməsidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən şikayətdə aşağıdakılar göstərilir: -şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); -törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); -cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; -şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; -cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; -şikayətin verildiyi tarix (il, ay və gün) və yer; -şikayəti vermiş şəxsin imzası. X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsindən görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 293.3.2-ci maddəsində törədilmiş cinayət barədə məlumatlarla bağlı həmin cinayətin nə vaxt törədilməsi göstərilməli olduğu qeyd edilsə də, xüsusi ittiham qaydasında şikayət ərizəsində qanunun həmin tələbinə əməl edilməyərək, törədilməsi istinad edilən cinayət əməlinin tarixi göstərilməmişdir (qeyd edilən tələbin pozulması, yəni törədilməsi istinad edilən cinayət əməlinin törədilmə vaxtının müəyyən olmamasına görə Cinayət-Prosessual Məcəlləsinin 302.1.4-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçib-keçməməsini də müəyyən etmək mümkün olmur). Bundan başqa, Cinayət-Prosessual Məcəlləsinin 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsinə dair məlumatlarla bağlı əməli törətmiş şəxsin yaşayış yerinin göstərilməli olduğu qeyd edilsə də, xüsusi ittiham qaydasında şikayət ərizəsinin əvvəlində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 yaşayış yeri kimi ünvan 2 ünvanı qeyd edilsə də, ərizənin sonunda onun faktiki olaraq ünvan 1 ünvanında yaşaması göstərilmişdir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 12-ci bəndində göstərilmişdir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır.” İş materiallarından göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət ərizəsində Cinayət-Prosessual Məcəlləsinin 293.3.3-cü maddəsinin tələblərinə uyğun olaraq törədilməsi istinad edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs X1 yaşayış yeri qeyri-müəyyən göstərilmişdir (qeyd edilən tələbin pozulmasına görə törədilməsi istinad edilən cinayət əməlinin törədilmə yerini müəyyən etmək mümkün olmur). Qeyd edilənlərlə yanaşı, xüsusi ittiham qaydasında şikayət ərizəsində Cinayət- Prosessual Məcəlləsinin 293.3.6-cı maddəsinin tələblərinə də əməl edilməyərək, şikayətin verildiyi tarix (il, ay və gün) və yer də də göstərilməmişdir. Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunmasıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1-ci maddəsində məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina etməsi ilə əlaqədar əsaslar göstərilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 11-ci bəndində göstərilmişdir ki, “...Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir.” Beləliklə də, X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3.3, 300.1.3, 300.5, 302.1.3, 302.2.3-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar