Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-25/2021 01.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1971-ci ildə Ermənistan Respublikası, Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 nəfər yetkinlik yaşına çatmayan uşaqları olan, İİ qrup əlil, fərdi fəaliyyətlə məşğul olan, məhkumluğu olmayan, Qazax rayonu, Barxudarlı kəndində qeydiyyatda olan və Gəncə şəhəri, Avtozavod qəsəbəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3 və 186.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs silah qismində əşya tətbiq etməklə xuliqanlıq etmiş, özgənin xeyli miqdarda əmlakını qəsdən məhv etmiş və zədələmişdir. Belə ki, o, xx.xx.2019-cu il tarixdə saat 21 radələrində yaşadığı Gəncə şəhəri, Avtozavod qəsəbəsində işlətdiyi “Yeni Marketin” qarşısında Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq qohumu X1 qarşı nalayiq ifadə işlətdiyi üçün ona iradını bildirərkən, heç bir əsaslı səbəb olmadan hamı tərəfindən qəbul olunmuş davranış və əxlaq normalarını pozmaqla ətrafda olan şəxslərin narahatlığına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək əvvəlcə yumruqla Zərərçəkmiş şəxs1 sifətindən, daha sonra istintaq zamanı əldə edilməsi mümkün olmayan dəmir lingi silah qismində istifadə etməklə başından və bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vuraraq ona sol təpə nahiyəsinin dərialtı hematoması, sol təpə nahiyəsinin yarası, sol said nahiyəsinin yumşaq toxumalarının əziyi və hematoması, sol kürək nahiyəsinin və döş qəfəsinin ön səthinin səthi yaraları ilə nəticələnən, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə zor tətbiq edib, daha sonra qanunsuz hərəkətlərini davam etdirərək istintaq zamanı əldə edilməsi mümkün olmayan həmin dəmir lingi silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs2 məxsus “BMW” markalı, ** CP *** dövlət nömrə nişanlı avtomaşının müxtəlif hisələrinə vuraraq 1700 manat dəyərində ön sağ farasını, 1600 manat dəyərində ön sol farasını, 1450 manat dəyərində ön alın aynasını, 860 manat dəyərində arxa aynasını vurub sındırmaqla yararsız hala salıb, təmir-bərpa işləri ilə birlikdə 470 manat məbləğində, ümumilikdə Zərərçəkmiş şəxs2 6080 manat məbləğində xeyli miqdarda əmlakını qəsdən məhv etməklə və zədələmklə qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, maddi sübutlar, həmçinin işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3 və 186.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, hal-hazırda yaşadığı evin həyətində təxminən 4 metrin 7 metrə nisbətində ərzaq mağazası inşa etmişdir. Həmin mağazada ərzaq məhsulları sataraq ailəsini dolandırmışdır. Mağazanın qarşısında ətrafı hasarlanmış futbol stadionu var. xx.xx.2019cu il tarixdə saat təxminən 21 radələrində o, stadionun kənarında dayanmış, həmin vaxt övladları stadionda gəzişirmiş. Stadionda kənar bir neçə nəfər təxminən 14-15 yaşlarında oğlan uşaqları da var idi. Onlar iki iti bir-biri ilə boğuşdururmuş, itləri boğuşdurub qurtardıqdan sonra həmin uşaqlardan biri iti onun övladlarının olduğu tərəfə gətirmişdir. Bu vaxt uşaqları qorxmuş, o da stadiona daxil olmadan həmin itlə birlikdə olan uşağı çağırıb ona öz iradını bildirmiş və iti kənarlaşdırmasını demişdir. İt onun uşaqlarını dişləyər deyə qorxmuş, onun iradından sonra həmin adını bilmədiyi uşaq stadionu tərk etmişdir. Həmin uşaq stadionu tərk edərkən onun ünvanına nalayiq ifadə işlətmişdir. O, uşaq olduğu üçün fikir verməmişdir. O, olduğu yerdə dayanmış, qonşusu Şaməddin ilə söhbət etməyə başlamışdır. O, Şaməddinlə söhbət edərkən yaşadığı küçəyə “BMV” markalı, ** CP *** dövlət nömrə nişanlı avtomaşın daxil olmuş, avtomaşından adının sonradan Ülvün olduğunu bildiyi şəxs və onun itlə bağlı irad tutduğu həmin tanımadığı uşaq düşmüşlər. Ülvün ona yaxınlaşıb Məhəmməd adlı uşağa kimsə söz desə “onun varyoxunu bel-belə edərəm” deyib söyüş söymüş, o da özünü saxlaya bilməyib bir dəfə yumruqla Ülvünü sifətindən vurmuşdur. Bu vaxt Ülvün də onu yumruqla sifətindən vurmuş, daha sonra isə onlar yaxalaşmış, həmin vaxt Şaməddin onları aralaşdırmışdır. O, Ülvünün bıçaq çıxardığını gördükdə işlədiyi mağazaya daxil olmuş və içəridə olan dəmir borunu götürüb bayıra çıxmışdır. Ülvünün onun üzərinə bıçaqla gəldiyini gördükdə sağ əlində olan dəmir boru ilə bir dəfə Ülvünün başından vurmuşdur. Bu vaxt Şaməddin Ülvünün əlindən bıçağı almış, o da Şaməddindən bıçağı götürüb mağazanın içərisinə atmışdır. Ülvün bir neçə metr aralaşıb kiməsə zəng etmişdir. Bu vaxt o, dəmir boru ilə onun avtomaşınının ön və arxa şüşələrini vurub sındırmışdır. Təxminən 10 dəqiqə sonra adının sonradan Vaqif olduğunu bildiyi şəxs gəlmişdir. Vaqif ona yaxınlaşıb nə üçün Ülvün ilə dalaşdığını və onun avtomaşınını əzdiyini soruşmuşdur. O da Vaqifə Ülvünün onun ünvanına nalayiq ifadə işlətdiyini və onun üzərinə bıçaqla gəldiyini demiş, ona görə də Ülvünü vurduğunu bildirmişdir. O, Vaqiflə söhbət edərkən adının sonradan Elvin olduğunu bildiyi şəxs və adını bilmədiyi, əvvəllər tanımadığı qara köynəkli bir nəfər gəlib çıxmışdır. Həmin vaxt Vaqif əl atıb onun əlindən dəmir borunu almışdır. Elvin ona çatdıqda həmin onunla birlikdə gələn kişi ilə onun üzərinə atılıb onu yerə yıxmış, Ülvün də onun üzərinə gəlmişdir. O, yerdə olarkən Elvin onun başının təpə hissəsindən daşla vurmuş, onlar onu yerdə sürüdükdən sonra Şaməddin və ona köməyə gələn qonşular və arvadı Günay onları aralaşdırmışlar. Bu vaxt polis əməkdaşları gəlib çıxmış və onları əvvəlcə təcili tibbi yardıma, daha sonra isə polis idarəsinə aparmışlar. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və zərərçəkmiş şəxslərin ondan hər hansı şikayət və tələbinin olmadığını nəzərə alıb məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərmişdir ki, hal-hazırda heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs2 onun qardaşıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində o, Gəncə şəhəri, Nizami küçəsində “Ekskluziv” adlanan bərbərxanada saçını kəsdirərkən Məhəmməd adlı qohumu ona zəng edib bir nəfər kişinin onu söyüb stadiondan qovduğunu demişdir. O, Məhəmməddən harada olduğunu soruşmuş, Məhəmməd ona Avtozavod qəsəbəsində olduğunu demişdir. O, bundan sonra qardaşı Zərərçəkmiş şəxs2 məxsus “BMV” markalı, ** CP *** dövlət nömrə nişanlı avtomaşınla Avtozavod qəsəbəsinə Məhəmmədin yanına getmişdir. Məhəmməd ona mini futbol stadionunun yanında dayanmış şəxsi göstərmiş, ona həmin şəxsin söyüb stadiondan qovduğunu demiş və həmin şəxsin adının Şahin olduğunu demişdir. O, avtomaşınını həmin stadionun yanına sürmüş və avtomaşından düşüb adının sonradan Şahin olduğunu bildiyi şəxsə yaxınlaşmışdır. Həmin vaxt Şahinin yanında tanımadığı bir kişi olmuşdur. O, yaxınlaşıb salamlaşmış və ondan Şahinin kim olduğunu soruşmuşdur. Şahin özünü təqdim etdikdə ondan Məhəmmədə söyüş söyüb-söymədiyini soruşmuşdur. Şahin ona söymədiyini demişdir. O, bu vaxt Məhəmmədi stadiondan qovub ona söyüş söyən şəxsin ünvanına nalayiq ifadələr işlətmişdir. Şahin o, söyüş söydükdə onun sifətindən yumruqla vurmuş, o da Şahini vurmuş, bu vaxt aralarında dava olmuş və Şahinin yanında olan tanımadığı kişi araya girib onları aralaşdırmışdır. Şahin onun əlindən çıxıb mağazaya daxil olmuşdur. O, Şahinin mağazadan bıçaq götürəcəyini fikirləşmiş və avtomaşına yaxınlaşıb avtomaşının salonundan 1 ədəd açılıb-qatlanan cib bıçağını götürüb Şahinin arxası ilə mağazanın giriş qapısına tərəf getmişdir. Bu vaxt onları aralayan həmin tanımadığı kişi onun əlindən bıçağı almışdır. Şahin həmin vaxt mağazadan əlində dəmir linglə bayıra çıxıb onun üzərinə gəlmiş, linglə bir neçə dəfə başından vurmuşdur. Həmin vaxt Şahinin adını bilmədiyi və əvvəllər tanımadığı arvadı və həmin onları aralayan kişi araya girib Şahini sakitləşdirməyə çalışırdılar. O isə avtomaşınına tərəf getmiş, Şahin onun arxasıca gəlib onu qovalamış, əlindəki linglə avtomaşının gövdəsindən və şüşələrindən vuraraq maşına zərər yetirmişdir. O, həmin vaxt Şahinin avtomaşını linglə əzdiyini gördükdə qardaşı Elvinə zəng edib məlumat vermişdir. Şahin isə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib polis çağırmışdır. Təxminən 3-4 dəqiqə sonra dostu Vaqif gəlib çıxmış, Vaqif Şahinə yaxınlaşıb onunla söhbət etməyə başlamışdır. Həmin vaxt Şahin əlində dəmir linglə Vaqiflə söhbət edirmiş. Vaqiflə Şahin söhbət edərkən qardaşı Elvin gəlib çıxmışdır. Elvin onun başının qan içərisində olduğunu, avtomaşının isə zədələndiyini gördükdə əsəbi halda Şahinin üzərinə gedib əlindəki dəmir lingdən tutub Şahinlə əlbəyaxa olmuşdur. Həmin vaxt hər ikisi yerə yıxılmış, Şahin yerdə olarkən Elvin yerdən daş götürüb Şahinin başının ortasından bir neçə dəfə vurmuşdur. Həmin vaxt ətrafda olan şəxslər onları aralaşdırmış, o, həmin vaxt mağazanın içərisinə daxil olub mağazanı dağıtmaq istəmiş, Vaqif onun arxası ilə mağazaya daxil olub ona mane olmuş, daha sonra onu bayıra çıxarmışdır. Onlar bayıra çıxdıqda polis əməkdaşları hadisə yerinə gəlib çıxmışlar. Polis əməkdaşları orada olarkən o, aralıdan qaçaraq Şahinə tərəf gəlmiş və təpiklə Şahinin sinəsindən vurmuş, Şahin zərbənin təsirindən yerə yıxılmış, bu vaxt polis əməkdaşları və ətrafda olan şəxslər onları aralaşdırmışlar. Daha sonra polis əməkdaşları onları Təcili Tibbi yardım stansiyasına aparmışlar. Sonra isə onlar polis idarəsinə gələrək ərizə vermişlər. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyini, onunla barışdığını nəzərə alaraq onun barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qardaşıdır. Onun özünə məxsus “BMV” markalı ** CP *** dövlət nömrə nişanlı avtomaşını var. xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində qardaşı Ülvün ona zəng edib Avtozavod qəsəbəsində Şahin adlı şəxslə dalaşdığını, Şahinin onun başından dəmir linglə vurub xəsarət yetirdiyini və daha sonra avtomaşını əzdiyini demişdir. O da bundan sonra yoldan keçən tanımadığı taksilərdən birinə əyləşmiş və Ülvünün dediyi yerə getmişdir. Orada Ülvünün başından qan gəldiyini, avtomaşınının isə əzildiyini gördükdə Şahin adlı şəxsin üzərinə gedib onun əlində olan dəmir lingi əlindən alıb yerə atmışdır. Bu vaxt ətrafda olan şəxslər araya girib onları aralamışlar. O, həmin vaxt yenidən Şahinin üzərinə gedib onunla əlbəyaxa olmuş, əlbəyaxa olarkən onlar yerə yıxılmış, o, yerdə olarkən daş parçası götürüb Şahinin başının orta hissəsindən, yəni yuxarısından bir neçə dəfə vurmuşdur. Həmin vaxt ətrafda olan şəxslər onları aralaşdırmağa çalışmışlar. Polis əməkdaşları hadisə yerində olarkən Ülvün qaçaraq Şahinin üzərinə getmiş, təpiklə vuraraq Şahini yerə yıxmışdır. Ətrafda olan digər şəxslər araya girib Şahinlə Ülvünü aralamış, daha sonra polis əməkdaşları xəsarət aldıqları üçün onları Təcili Tibbi yardım stansiyasına aparmışlar. O, hadisə zamanı Şahini vurduqdan sonra həmin daşı hadisə yerində atmış, daha sonra həmin daşın orada qalıb-qalmadığını dəqiq bilməmişdir. Hadisə zamanı o, Şahinlə yaxalaşıb onunla yerdə dartışıb bir-birilərini vurmuşlar. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyini, onunla barışdığını nəzərə alaraq onun barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Şahini təxminən 10 ildir tanıyır. xx.xx.2019-cu il tarixdə saat 21 radələrində o, Şahinin işlətdiyi mağazaya siqaret və çörək almağa getmiş, çörək və siqaret alıb Şahinlə birlikdə bayıra çıxmışdır. Mağazanın qarşısında küçənin kənarında dayanıb Şahinlə söhbət etməyə başlamış, onlar söhbət edərkən “BMV” markalı nömrəsini xatırlamadığı avtomaşın onların olduqları küçəyə yaxınlaşıb yanlarında saxlamışdır. Avtomaşının sükanı arxasından bir nəfər adının sonradan Ülvün olduğunu bildiyi şəxs düşüb onlara yaxınlaşmışdır. Həmin Ülvün adlı şəxs onlara yaxınlaşdıqda avtomaşına bir nəfər 12-13 yaşlarında uşaq da yaxınlaşmışdır. Ülvün onlara yaxınlaşıb söyüş söymüş və Məhəmmədə kimin söz dediyini soruşmuşdur. Daha sonra yenə də söyüş söymüş, bu vaxt Şahin yumruqla Ülvünü sifətindən vurmuş, Ülvün də Şahini sifətindən yumruqla vurmuş, Şahin və Ülvün əlbəyaxa olmuşlar. O, həmin vaxt araya girib onları aralaşdırmışdır. Şahin aralaşan zaman Ülvün avtomaşının qapısını açıb bıçaq götürmüşdür. Şahin bu vaxt qaçıb mağazaya daxil olmuş və dəmir ling götürüb bayıra çıxmışdır. Ülvün də əlində bıçaqla Şahinin üstünə getmişdir. Bu vaxt Şahinin arvadı Günay da onunla birlikdə araya girib Ülvünlə Şahini aralaşdırmaq istəmiş, onları aralaşdırmaq istəyərkən Şahin əlində olan dəmir linglə bir neçə dəfə Ülvünün başından vurmuşdur. Şahin Ülvünü vurarkən bıçaq onun əlindən yerə düşmüş, Şahin həmin vaxt əlindəki linglə bir neçə dəfə avtomaşının şüşələrinə və digər yerlərinə vuraraq avtomaşına zərər yetirmişdir. Ülvün aralaşıb kənara çəkilmiş, mobil telefon vasitəsilə zəng edib kimisə çağırmışdır. Bir neçə dəqiqə sonra adının sonradan Vaqif olduğunu bildiyi şəxs gəlib çıxmışdır. Vaqif gəldikdən sonra Şahinlə söhbət etməyə başlamışdır. Şahin Vaqiflə söhbət edərkən Ülvünün qardaşı Elvin gəlib çıxmışdır. Elvin Şahinə çatdıqda yumruqla vurmağa başlamış və onlar yaxalaşıb bir-birini yerdə sürümüyə başlamışlar. Elvin yerdən daş götürüb Şahinin başının ortasından bir neçə dəfə vurmuş, həmin vaxt Ülvün yerdən bıçağı götürüb Şahinin üzərinə getmişdir. Bu vaxt Vaqif ona mane olmuşdur. Vaqif Ülvünün əlindən bıçağı almış, həmin vaxt Günay bıçağı götürüb aparmışdır. Polis əməkdaşları gəldikdən sonra Ülvünü, Şahini və Elvini götürüb aparmışlar. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəməəmtəəşünaslıq ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 22265 nömrəli rəyindən görünür ki, 2010-cu il buraxlışlı “BMW 535İ” markalı, ** CP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən:
1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 6080,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 5610,00 manat; Təmir- bərpa işlərinin qiyməti -470,00 manat.
2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 5065,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti -4595,00 manat; Təmir-bərpa işlərinin qiyməti – 470,00 manat. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-ballistik ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 556 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan ümumi təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan komisyon məhkəmətibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, T406/2019-cu il nömrəli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər – sol təpə nahiyəsinin dərialtı hematoması, sol təpə nahiyəsinin yarası, sol said nahiyəsinin yumşaq toxumalarının əziyi və hematoması, sol kürək nahiyəsinin və döş qəfəsinin ön səthinin səthi yaraları- bərk küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2019-cu ildə törənmiş və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskdə olan marketin bayır hissəsini əhatə edən 1_02_R_**********00~1 nömrəli görüntüdə saat xx.xx.2019-cu il tarixdə saat 20:00-dan saat 20:59-dək Təqsirləndirilən şəxslə Ülvün və Zərərçəkmiş şəxs2lar arasında baş vermiş dava-dalaşla bağlı hər hansı görüntü yoxdur. Görüntüdə xx.xx.2019-cu il tarixi, saat 20:59:10-nu göstərərkən iki nəfər kişi mağazanın qarşısında dayanmışdır və küçə ilə qaranlıq olan yola işıqları yanmış vəziyyətdə avtomaşın daxil olur və həmin iki nəfər kişinin qarşısında saxlayır. Avtomaşından 1 nəfər kişi düşür və həmin iki nəfər kişiyə yaxınlaşır. Baxış zamanı Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və Şahid1 bildirmişlər ki, mağazanın qarşısında dayanmış iki nəfər kişidən kameranın çəkdiyi istiqamətdə sağda əlində sellofan torba olan kişi Şəmiddin, digər kişi Şahin, avtomaşından düşüb onlara yaxınlaşan kişi isə Ülvündür. Zərərçəkmiş şəxs1 avtomaşından düşdükdən sonra Şahin və Şəmiddinə yaxınlaşaraq onlara nəsə deyir. Görüntülərdə avtomaşının sağ ön qapısını açaraq 1 nəfər kişi də Şahin, Ülvün və Şəmiddinə yaxınlaşır. Həmin şəxs Ülvünlə bilrikdə gəlmiş şəxsdir. Ülvün Şahinə nəsə dedikdə Şahin onu bir neçə dəfə yumruqla vurur və onlar əlbəyaxa olurlar. Bir-birini qarşılıqlı vururlar. Həmin vaxt Şəmiddin araya girərək onları aralaşdırmağa çalışır. Təqsirləndirilən şəxs aralaşıb mağazaya daxil olur. Bu vaxt Zərərçəkmiş şəxs1 əynindəki köynəyi çıxarır və Şahinin arxası ilə gedib mağazaya daxil olmaq istəyir. Bu vaxt Şəmiddin ona mane olur. Ülvünün əlindən həmin vaxt nəsə yerə düşür. Bu vaxt 1 nəfər qadın mağazanın qapısına yaxınlaşır. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin qadın onun arvadı Günay Bağırovadır. Bundan sonra 1_02_R_**********00~1 nömrəli görüntü başa çatır. Qeyd olunan görüntüdə hadisə saat 20:59:10-da başlayır və 20:59:59-da qurtarır. Bundan sonra marketin bayır hissəsini əhatə edən 2_02_R_**********00~1 nömrəli görüntüyə baxış keçirilmişdir. Baxış zamanı fayl açıldıqda xx.xx.2019-cu il tarixdə saat 21:00:01-də Təqsirləndirilən şəxs mağazadan əlində dəmir linglə çıxaraq Zərərçəkmiş şəxs1 üzərinə gedir və həmin dəmir linglə bir dəfə sonuncunun başından bir dəfə isə sol qolundan vurur. Həmin vaxt Zərərçəkmiş şəxs1 əlində bıçaq vardır. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onu vurarkən qaçıb avtomaşının olduğu istiqamətə gedir. Şahin isə Ülvünün arxası ilə gedir. Zərərçəkmiş şəxs1 avtomaşının ətrafında dövrə vurub ön sol qapıya yaxınlaşır və qapını açaraq telefonu götürüb yenidən avtomaşından kənarlaşır. Qeyd olunan görüntülər xx.xx.2019-cu il tarixdə saat 21:00:01 ilə saat 21:00:55 arasında qeydə alınmışdır. xx.xx.2019-cu il saat 21:00:56-da Təqsirləndirilən şəxs əlindəki dəmir linglə avtomaşının ön alın şüşəsindən və kapotundan bir neçə dəfə vurur. Günay Bağırova həmin vaxt Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışır. Həmin vaxt bir nəfər kişi də Şahinə yaxınlaşır. Şahin daha sonra Ülvünün olduğu istiqamətə getmək istəsə də, Günay Bağırova ona mane olur. xx.xx.2019cu il tarixdə saat 21:03:34-də Şahin mobil telefonla zəng edir. Şahinin deməsinə görə o, həmin vaxt polis əməkdaşlarını hadisə yerinə çağırır. xx.xx.2019-cu il saat 21:17:00-dək hər hansı dava-dalaş baş vermir. xx.xx.2019-cu il saat 21:17:00-da bir nəfər kişi Şahinə yaxınlaşıb onunla görüşür. Təqsirləndirilən şəxs və Vaqif Bəhlulzadə bildirmişlər ki, həmin Şahinə yaxınlaşan kişi Vaqif Bəhlulzadədir. Vaqif Şahinə yaxınlaşaraq danışmağa başlayır. Görüntüdə səs olmadığı üçün onların nə danışmasını dəqiq müəyyən etmək mümkün deyil. Həmin vaxt Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs yaxınlaşır. Zərərçəkmiş şəxs1 telefonla kiməsə zəng edir. Orada həmin vaxt Ülvün, Vaqif, Günay, Şahin, Şəmiddin və Şahinin və digərlərinin deməsinə görə adı Faiq olan qonşu vardır. Həmin vaxt Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs arasında hər hansı dava-dalaş baş vermir. xx.xx.2019-cu il saat 21:19:35-də bir nəfər kişi Təqsirləndirilən şəxs yaxınlaşıb onu yumruqla vurmağa başlayır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bildirmişlər ki, həmin kişi Zərərçəkmiş şəxs2dur. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs sifətindən yumruqla vurmağa başlayarkən Zərərçəkmiş şəxs1 da Təqsirləndirilən şəxs yumruqla bədəninin müxtəlif nahiyələrindən vurur. Vaqif Bəhlulzadə, Günay Bağırova və Şahid1 onları aralaşdırmağa çalışırlar. Dava zamanı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Şahini dartıb mağazanın kənarına aparırlar. xx.xx.2019-cu il saat 21:19:48-də Şahin, Ülvün və Elvin kameranın çəkiliş zonasından uzaqlaşırlar. Həmin vaxt ətrafda qadın və kişilər vardır. Onlar baş verən dava-dalaşı izləyirlər. Günay Bağırova xx.xx.2019-cu il saat 21:19:55-də əlində olan əşya ilə mağzaya daxil olur və xx.xx.2019-cu il saat 21:20:01-də mağzadan çıxır. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin vaxt Günayın əlində olan Ülvünün əlindən alınmış 1 ədəd bıçaqdır. Günay Bağırova mağazadan çıxan vaxt onun əlində heç nə yoxdur. xx.xx.2019-cu il saat 21:20:01-dən saat 21:30:10-dək hər hansı dava-dalaş yoxdur. xx.xx.2019-cu il saat 21:30:10-da Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəf qaçıb onu yumruqla vurmağa başlayır. Bu vaxt X6 Bağırova ilə birlikdə araya girib Ülvünü Şahindən aralayırlar. Bu vaxt polis əməkdaşları da hadisə yerinə gəlib çıxırlar. xx.xx.2019cu il saat 21:30:34-də Zərərçəkmiş şəxs1 aralıdan qaçaraq gəlib təpiklə Təqsirləndirilən şəxs sinəsindən bir dəfə vurur və həmin vaxt Şahin yerə yıxılır. Həmin vaxt ətrafda xeyli sayda kənar şəxslər və polis əməkdaşları vardır. Onlar Zərərçəkmiş şəxs1 aralaşdırırlar. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs və digərlərini həmin yerdən kənarlaşdırıb aparırlar. Sonra mağazanın içəri hissəsini əhatə edən 1_06_R_**********00~1 nömrəli görüntüyə baxış keçirilmişdir. Baxış zamanı fayl açıldıqda xx.xx.2019-cu il saat 21:19:26-da Təqsirləndirilən şəxs mağazanın qapısının qarşısında yumruq və təpiklə vurularaq döyüldüyü görsənir. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bildirmişlər ki, həmin görüntüdə Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs döyürlər. xx.xx.2019-cu il saat 21:19:57-də Günay Bağırova əlində bıçaqla marketin içərisinə daxil olub bıçağı rəflərdən birinin üzərinə qoyur və bayıra çıxır. xx.xx.2019-cu il saat 21:22:10-da Günay Bağırova mağazanın içərəsinə daxil olur. xx.xx.2019-cu il saat 21:22:16-da Zərərçəkmiş şəxs1 başı qan içərisində mağazaya daxil olur. xx.xx.2019-cu il saat 21:22:55-də Zərərçəkmiş şəxs1 mağazanı tərk edir. Həmin vaxt Zərərçəkmiş şəxs1 mağazada heç bir yeri dağıtmır və zədələmir. Bundan sonra mağazanın içərisində dava ilə bağlı hər hansı görüntü yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, toplanmış sübutlarla Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin tərkib əlamətləri olduğundan ********* nömrəli cinayət işinin materiallarından fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ayrıca cinayət işi ayrılmışdır. X2 və Təqsirləndirilən şəxs barəsində Zərərçəkmiş şəxs2 xəsarət alması xüsusatı üzrə cinayət təqibi başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş video görüntülərin yer aldığı 1 ədəd disk və “BMW” markalı, ** CP *** dövlət nömrə nişanlı avtomaşın iş üzrə maddi sübut kimi tanınmışdır, diskin cinayət işinə əlavə edilməsi və avtomobilin saxlanılaması üçün sahibinə təhvil verilməsi nəzərə alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2019-cu il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 21 radələrində yaşadığı Gəncə şəhəri, Avtozavod qəsəbəsində işlətdiyi “Yeni Marketin” qarşısında Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq qohumu X1 qarşı nalayiq ifadə işlətdiyi üçün ona iradını bildirərkən, heç bir əsaslı səbəb olmadan hamı tərəfindən qəbul olunmuş davranış və əxlaq normalarını pozmaqla ətrafda olan şəxslərin narahatlığına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək əvvəlcə yumruqla Zərərçəkmiş şəxs1 sifətindən, daha sonra istintaq zamanı əldə edilməsi mümkün olmayan dəmir lingi silah qismində istifadə etməklə başından və bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vuraraq ona sol təpə nahiyəsinin dərialtı hematoması, sol təpə nahiyəsinin yarası, sol said nahiyəsinin yumşaq toxumalarının əziyi və hematoması, sol kürək nahiyəsinin və döş qəfəsinin ön səthinin səthi yaraları ilə nəticələnən, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə zor tətbiq edib, daha sonra qanunsuz hərəkətlərini davam etdirərək istintaq zamanı əldə edilməsi mümkün olmayan həmin dəmir lingi silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs2 məxsus “BMW” markalı, ** CP *** dövlət nömrə nişanlı avtomaşının müxtəlif hisələrinə vuraraq 1700 manat dəyərində ön sağ farasını, 1600 manat dəyərində ön sol farasını, 1450 manat dəyərində ön alın aynasını, 860 manat dəyərində arxa aynasını vurub sındırmaqla yararsız hala salıb, təmir-bərpa işləri ilə birlikdə 470 manat məbləğində, ümumilikdə Zərərçəkmiş şəxs2 6080 manat məbləğində xeyli miqdarda əmlakını qəsdən məhv etməklə və zədələmklə qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməllərini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3 və 186.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 1(044)-25/2021 saylı qərarından görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən törətdiyi Cinayət Məcəlləsinin 186.1-ci maddəsində nəzərdə tutulmuş əməllə bağlı cinayət məsuliyyətindən azad edilmiş və həmin maddə üzrə onun barəsində cinayət təqibinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailə şəraitlərinə təsirini nəzərə alır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışmışlar və ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2010-cu təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 adlı övladları var. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 010932 nömrəli Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X8 Birliyi tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup Qarabağ müharibəsi əlilidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 33972 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, onun himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, onun yaşayış yeri üzrə müsbət xarekterizə edilməsini, törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşmançılıq çəkməsini, həmiçinin onun Qarabağ müharibəsi əlili olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), habelə təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşmançılıq çəkməsini, həmiçinin onun Qarabağ müharibəsi əlili olmasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərara gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-cı maddəsinin tələblərinə görə həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi onun cəzasını yüngülləşdirən hal olduğundan ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası, onun təqsirləndirildiyi Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmənin son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Ev dustaqlığı qətimkan tədbirinin müddəti xx xxxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 03 (üç) ay müddətində ev dustaqlığında olmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.http://www.e-qanun.gov.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 (üç) ay müddətində ev dustaqlığında olmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Beləliklə də, yuxarıda göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Cinayət Məcəlləsinin 70.5 maddəsinə əsasən təqsirləndirilən şəxsin üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilməsini və həmin qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinin tələbinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və ya şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Qanunun həmin tələbi baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd disk cinayət işinə materiallarında saxlanılmalı, eləcə də “BMW” markalı, ** CP *** dövlət nömrə nişanlı avtomobilin isə sahibinə qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda iş üzrə məhkəmə xərci olan 103 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə
hökm e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ev dustaqlığında olduğu 03 (üç) ay müddət, ev dustaqlığında saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət iş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, eləcə də “BMW” markalı, ** CP *** dövlət nömrə nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci olan 103 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli