Məhkəmə qərarları › İş №1(044)-253/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-253/2021

29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-253/2021 29.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Məhəmmədəli oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1952-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan, Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, X11 küçəsi, ev 11-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ittiham elan edilmişdir ki, ona görə ki, o, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuş, silah qismində istifadə olunan əşya tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaş üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Belə ki, o, 23 aprel 2006-cı il tarixdə, saat 01 radələrində Gəncə şəhəri, Əli Nəzmi küçəsində yerləşən “Sahildə Görüş” restoranına qardaşı X2 dəvəti ilə gələrək, qeyd edilən restoranda təşkil edilmiş məclisdə Məzahir Bədirbəylinin tanışları Gəncə şəhər sakinləri X3, X8, Şahid2, Zərərçəkmiş şəxs, Şahid1, Şahid3 ilə birlikdə eyni masa ətrafında şam yeməyi yeyərkən, saat 02 radələrində qardaşı X4 Cənnətovla aralarında olan sözlə mübahisəsi zamanı Zərərçəkmiş şəxs onun qardaşının qarşısına masa üzərində olan boşqabı atmasından hiddətlənib, cüzi səbəbi bəhanə edərək ictimai yer hesab edilən və kənar şəxslərin istirahət etmək məqsədilə toplaşdığı restoranda ətraf masalarda əyləşmiş şəxslərin rahatçılıqlarını və restoranın fəaliyyətini pozmaqla oturduqları masa ətrafından qalxıb heç bir əsaslı səbəb olmadan uca səslə söyüşlər söyüb mübahisə yaratmaqla öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərmiş, hərəkətlərini davam etdirərək özünü qeyri-müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini ifadə edib xuliqanlıq niyyəti ilə masa üzərində olan şüşə stəkanı götürüb silah qismində istifadə etməklə onunla üzbəüz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs istiqamətində atıb baş nahiyəsindən qəsdən vurmaqla törədəcəyi əməlin ictimai təhlükəli nəticələrini arzu edərək, sonuncuya qəsdən sağlamlığa yüngül zərərvurmaya aid “təpə nahiyəsində əzilmiş yara” və sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid “alın və burun sümüyünün sınığı” kimi xəsarətləri qəsdən yetirməklə xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş, silah qismində istifadə olunan əşya tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaş üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Bununla da, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi qənaətinə gəlinmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 Məhəmmədəli oğlu vəsatətlə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi ilə əlaqədar cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmənin hazırlıq iclasında ərizə ilə müraciət edərək cinayət işi üzrə özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bildiyini və cinayət işinin icraatına bəraətverici əsaslar olmadan cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi ilə əlaqədar cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin icraatına təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənildiyini bildirmiş, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin icraatına təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, işin bütün hallarını nəzərə alıb, qanunvericiliyin tələblərinə və aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin icraatına təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanması haqqında qərardan görünür ki, cinayət işi 14 may 2006-cı il tarixdə Gəncə şəhər polis idarəsinin İstintaq şöbəsində həmin şöbənin baş müstəntiqi, polis mayoru X5 tərəfindən fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə başlanmaqla ibtidai istintaq aparılmışdır. İş materiallarında olan 17 may 2006-cı il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Gəncə şəhər polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X5 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilmişdir. İş materiallarında olan 17 may 2006-cı il tarixli qərardan görünür ki, X1 şəhər polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X5 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və istintaqdan gizləndiyinə görə eyni tarixdə axtarış elan olunmuşdur. İş materiallarında olan 19 may 2006-cı il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 308.1-ci maddələrinə tövsif edilməklə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq idarəsinə həvalə edilmiş və İdarənin xüsusilə mühüm işlər üzrə müsəntiqi, kiçik ədliyyə müşaviri Zakir Saatovun icraatına qəbul edilərək istintaq davam etdirilmişdir. İş materiallarında olan 10 avqust 2006-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə istintaq müddəti Azərbaycan Respublikası Baş Prokurorunun sabiq birinci müavini Rüstəm Usubov tərəfindən 3 ay, 14 noyabr 2006-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 14 noyabr 2006-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə istintaq müddəti Azərbaycan Respublikası Baş prokurorunun sabiq birinci müavini Rüstəm Usubov tərəfindən 3 ay, 14 fevral 2007-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 06 fevral 2007-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müsəntiqi, kiçik ədliyyə müşaviri Zakir Saatov tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən, yəni təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan gizlənməsi əsası ilə bağlı dayandırılmışdır. İş materiallarında olan 30 avqust 2007-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, kiçik ədliyyə müşaviri Zakir Saatov tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 279.1.2-ci maddəsinə əsasən, yəni təqsirləndirilən şəxsin iştirakı olmadan aparılması mümkün olan prosessual hərəkətlərin yerinə yetirilməsi zərurəti olduğundan təzələnməklə istintaq davam etdirilmişdir. İş materiallarında olan 04 sentyabr 2007-ci il tarixli qəradan görünür ki, cinayət işi üzrə istintaq müddəti Azərbaycan Respublikası sabiq Baş prokuroru tərəfindən 3 ay, 07 dekabr 2007-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 20 oktyabr 2007-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müsəntiqi, kiçik ədliyyə müşaviri Zakir Saatov tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən, yəni təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan gizlənməsi əsası ilə yenidən dayandırılmışdır. İş materiallarında olan 09 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Baş Prokurorluğunun İstintaq idarəsinə ezam olunmuş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşünas Allahverdi Allahverdiyev tərəfindən cinayət işi üzrə icraat Cinayət-Prosessual Məcəllənin 53.1.3-cü maddəsinə əsasən, yəni təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan gizlənməsi əsası ilə dayandırılmış, 04 iyun 2021-ci il tarixdə isə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 279.1.2-ci maddəsinə əsasən, yəni təqsirləndirilən şəxsin iştirakı olmadan aparılması mümkün olan prosessual hərəkətlərin yerinə yetirilməsi zərurəti olduğundan icraat təzələnmişdir. İş materiallarında olan 07 iyun 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi” haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 308.1-ci maddələrindən CM-in 127.2.3 və 221.3-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 07 iyun 2021-ci il tarixli “Cinayət təqibinə xitam verilməsi” haqqında qərardan görünür ki, X2 barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibinin olmaması əsası ilə xitam verilmişdir. İş materiallarında olan 07 iyun 2021-ci il tarixli qərardan görünür ki, Baş Prokurorluğun İstintaq idarəsinə ezam olunmuş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşünas Allahverdi Allahverdiyev tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddələrlə ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilməsinin əsasları və mahiyyəti izah edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru, İİ dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev tərəfindən qəbul edilmiş 07 iyun 2021-ci il tarixli “Cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsinin həvalə olunması” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair 61103 nömrəli cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinə həvalə edilmişdir. İş materiallarında olan 26.08.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarında olan sənədlərdəki məlumatların dəqiqləşdirilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham əsaslı hesab edilərək dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Qeyd olunanlara və qanunvericliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs elan olunmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-ci maddələri ilə olan ittiham üzrə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Qeyd edilən Məcəllənin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 53.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin istintaqdan və ya məhkəmədən gizlənməsi, ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayətin törədilməsi, habelə sülh və insanlıq əleyhinə və müharibə cinayətləri törədilməsi halları istisna edilməklə, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə əlaqədar cinayət törətmiş şəxslərin müəyyən edildiyi cinayət təqibi üzrə dayandırılmış icraata xitam verilir. Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.7-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3cü maddələri ilə elan edilmiş ittihamdan və cinayət işi üzrə təqdim edilmiş sübutların məcmusundan müəyyən olunmuşdur ki, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən təqsirləndirilən şəxs tərəfindən həmin maddələrdə nəzərdə tutulan cinayət əməlləri 23 aprel 2006-cı il tarixdə törədilmişdir. Göründüyü kimi, hal-hazırkı tarixədək az ağır cinayət hesab olunan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədildiyi vaxtdan yeddi ildən artıq müddət keçmişdir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak, həmçinin mülki iddia, maddi sübut və məhkəmə xərcləri müəyyən edilməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 57, 300, 305, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar