Məhkəmə qərarları › İş №1(044)-254/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-254/2021

11.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-254/2021 11.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təsir maddəsinin ümumi miqdarı 0.02 qram təşkil edən narkotik vasitə olan metadon dərman həbini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 10 iyun 2021-ci il tarixdə saat 19 radələrində Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, V.Xuluflu küçəsində yerləşən “Firuzə” adlı mağazanın yaxınlığında saxlanılıb ünvan 2 ünvanda yerləşən Gəncə şəhər BPİ-nə gətirilmiş və şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli şalvarının arxa sağ yan cibindən üzərində “Methadone 40” göstəriciləri olan 1 ədəd dərman konvolyutu kəsiyində tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 0.02 qram təşkil edən 1/2 hissə açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili narkotik vasitə metadon dərman həbi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə yaşayır, narkotik vasitə aludəçisidir, arabir narkotik vasitə olan metadondan istifadə edir. Barəsində cinayət işi başlanmamışdan təxminən 2-3 ay əvvəl Bakı şəhərində olarkən şəhərin xatırlamadığı küçəsində yerdən dərman konvolyutun içərisində 2 ədəd dərman həbi görüb yerdən götürmüş, həmin dərman həblərinin üzərinə baxdıqda üzərindəki yazıdan həmin həblərin narkotik vasitə metadon və güclü təsir edici travmadol həbləri olmasını bilib istifadə etmək üçün üzərində götürmüşdür. Bir neçə gün sonra həmin həblərin hər ikisini yarıya bölərək qəbul etmiş, qalan 2 ədəd yarım hissə həbləri gələcəkdə istifadə etmək üçün cibinə qoymuşdur. 10.06.2021-ci il tarixdə saat 19 radələrində Gəncə şəhəri, V.Xuluflu küçəsində yerləşən “Firuzə” adlı mağazanın yaxınlığında olarkən həmin 2 ədəd yarım hissəli dərman həbini əynində olan tünd göy rəngli şalvarının arxa sağ yan cibində saxlamışdır. Orada olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib ona polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra isə həmin şəxslər ona narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirib onu polis idarəsinə dəvət etmişlər və o, Gəncə şəhər BPİ-nə aparılmışdır. İdarədə ona hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyə şərait yaradılmış və o, təqdim edilən vəkillərin siyahısından hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi seçərək hüquqlarını dövlət hesabına həmin vəkilin müdafiə etməsini xahiş etmişdir. Bundan sonra seçdiyi vəkil Müdafiəçi dəvət olunaraq ona təqdim olunmuş, daha sonra vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, həmin vaxt ona hüquqları izah olunmuş və şəxsi axtarış zamanı ondan üzərində hər hansı qanunla dövriyyəsi qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuşdur. Bu zaman o, əynində olan tünd göy rəngli şalvarının arxa sağ yan cibindən 1 ədəd “Rothman” markalı siqaret qutusunun arxa hissəsində olan sellofanın içərisində iki ədəd yarım hissə dərman həbini təqdim etmişdir. Həmin dərman həbləri tərəzidə çəkilmiş, boz rəngli yarım hissə metadon dərman həbi konvolyutun içərisində çəkisi 0.43 qram, digər qırmızı rəngli yarım hissə tramadol dərman həbi isə konvolyutun içərisində çəkisi 0.28 qram olmuşdur. Həmin həblər zərfdə qablaşdırılaraq zərf möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşman olduğunu və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid2 Fəxrəddin oğlu ifadəsində göstərmişdir ki, o, 2012-ci ildən X5 xidmət edir, hazırda isə Gəncə şəhər BPİnin CAİ-nin kiçik inspektoru vəzifəsində xidmət edir. Ona Gəncə şəhəri, Vaqif küçəsində yaşayan Rüstəm adlı şəxsin narkotik vasitələr istifadə etməsi və mütəmadi olaraq üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin xx.xx.1983-cü il təvəllüdlü, Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsi, dalan 6, ev 8-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuş, bundan sonra 10.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərinə baxış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması və Gəncə şəhəri, V.Xuluflu küçəsində olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında Gəncə BPİ-nin CAİ-nin əməkdaşı Şahid1 ilə birlikdə Gəncə şəhəri, Vəli Xuluflu küçəsinə gedilmiş və onlar Təqsirləndirilən şəxs V.Xuluflu küçəsində “Firuzə” marketin yaxınlığında olduğunu görmüşlər. Həmin vaxt onlar sonuncuya yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nə dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil Müdafiəçi Təqsirləndirilən şəxs müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanmış, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının arxa sağ yan cibindən 1 ədəd “Rothmans” markalı siqaret qutusunu təqdim etmiş və həmin qutunun arxa hissəsində olan sellofanın içərisində dərman konvolyutunda birinin üzərində metadon yazısı olan boz rəngli yarım hissə dərman həbi və qırmızı rəngli dərman həbi aşkar olunmuş, həmin həblər dərman konvolyutunun içərisində elektron tərəzidə çəkilmiş və boz rəngli yarım hissə metadon həbi dərman konvolyutunun içərisində çəkisi 0.43 qram, digər yarım hissə dərman həbi isə konvolyutun içərisində çəkisi 0.28 qram olmuş, zərfdə qablaşdırılaraq DİN-in 91 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin dərman həblərinin metadon və travmadol həbləri olduğunu, onları 2-3 ay əvvəl Bakı şəhərində yerdən tapdığını, bir hissəsini istifadə etdiyini, heç kimə satmadığını və narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, o, 2013-cü ildən X5 xidmət edir, hazırda isə Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili vəzifəsində xidmətini davam etdirir. Ona Gəncə şəhəri, Vaqif küçəsində yaşayan Rüstəm adlı şəxsin narkotik vasitələr istifadə etməsi və mütəmadi olaraq üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin xx.xx.1983cü il təvəllüdlü Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsi, dalan 6, ev 8-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuş, bundan sonra 10.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərinə baxış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması və onun Gəncə şəhəri, V.Xuluflu küçəsində olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həm məlumat əsasında Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaş Şahid2 Fəxrəddin oğlu ilə birlikdə Gəncə şəhəri, Vəli Xuluflu küçəsinə gedilmiş və onlar Qasımovun V.Xuluflu küçəsində “Firuzə” marketin yaxınlığında olduğunu görmüş, həmin vaxt onlar sonuncuya yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nə dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil Müdafiəçi Təqsirləndirilən şəxs müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanmış, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının arxa sağ yan cibindən 1 ədəd “Rothmans” markalı siqaret qutusunu təqdim etmiş və həmin qutunun arxa hissəsində olan sellofanın içərisində dərman konvolyutunda birinin üzərində metadon yazısı olan boz rəngli yarım hissə dərman həbi və qırmızı rəngli dərman həbi aşkar olunmuş, həmin həblər dərman konvolyutunun içərisində elektron tərəzidə çəkilmiş və boz rəngli yarım hissə metadon həbi dərman konvolyutunun içərisində çəkisi 0.43 qram, digər yarım hissə dərman həbi isə konvolyutun içərisində çəkisi 0.28 qram olmuş, zərfdə qablaşdırılaraq DİN-in 91 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin dərman həblərinin metadon və travmadol həbləri olduğunu, onları 2-3 ay əvvəl Bakı şəhərində yerdən tapdığını, bir hissəsini istifadə etdiyini, heç kimə satmadığını və narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Şəxsi axtarış və götürmə haqqında” 10 iyun 2021-ci il tarixli protokoldan görünür ki, videoçəkilişlə, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarın arxa sağ yan cibindən 1 ədəd “Rothmans” markalı siqaret qutusunun arxa hissəsində olan sellofanın içərisində 2 ədəd dərman konvalyutun içərisində yarım hissəli birinin üzərində “metadon” yazılmış, digər konvalyutun içərisində yarım hissəyə bölünmüş çəhrayı rəngdə dərman həbi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “video görüntüyə baxış keçirilməsi haqqında” 25 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhər BPİ-də baş təhqiqatçı polis polkovnik-leytenantı X4, Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1, həmin idarənin kiçik inspektoru polis seryantı Şahid2 Fəxrəddin oğlu, həmçinin Müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, ilkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, ona bu barədə bildiriş təqdim olunmuş, bundan sonra ondan üzərində hər hansı narkotik vasitə və qanunsuz əşyanın olub-olmadığı soruşulmuş və bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının arxa sağ yan cibindən 1 ədəd “Rothmans” markalı siqaret qutusunu təqdim etmiş və həmin qutunun arxa hissəsində olan sellofanın içərisində dərman konvolyutunda iki ədəd olmaqla boz və qırmızı rəngli yarım hissə dərman həbləri aşkar olunmuş, boz rəngli yarım hissə dərman həbinin üzərində metadon yazısı olması müəyyən olunmuş, həmin həblər dərman konvolyutunun içərisində elektron tərəzidə çəkilmiş və boz rəngli yarım hissə metadon həbi dərman konvolyutunun içərisində çəkisi 0.43 qram, digər yarım hissə dərman həbi isə konvolyutun içərisində çəkisi 0.28 qram olmuş, zərfdə qablaşdırılaraq DİN-in 91 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin dərman həblərinin metadon və travmadol həbləri olduğunu, onları 2-3 ay əvvəl Bakı şəhərində yerdən tapdığını, bir hissəsini istifadə etdiyini, heç kimə satmadığını və narkotik vasitələrinin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 11 iyun 2021-ci il tarixli, 6/2387 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış zərfdəki bir ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutu kəsiyində ½ hissə açıq qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbinin əsas təsiredici maddəsi metadondur və həmin həbin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0.02 qram təşkil edir. Bir ədəd üzərində “Tramadol Hydrochloride 225 mg” göstəricisi olan konvolyut kəsiyində ½ hissə qırmızı rəngli dairəvi formalı dərman həbinin əsas təsiredici maddəsi tramadoldur və həmin həbin tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 0.112 qram təşkil edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 19 iyul 2021-ci il tarixli, 1002 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metadondan sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Psixonevroloji Dispanseri tərəfindən verilmiş 21.08.2021-ci il tarixli, 2131 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs psixonevroloji dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 21.08.2021-ci il tarixli, 4223 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan «Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» 27 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq ¼ hissə metadon həbi və ¼ hissə tramadol həbi xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş, həmçinin 10.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlama cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıya əsasən metadon narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,02 qram müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 23 avqust 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 06 sentyabr 2017-ci il təvəllüdlü və 22 mart 2016-cı il təvəllüdlü iki azyaşlı uşaqları var. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, onun himayəsində iki azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 10.06.2021-ci il tarixli protokoldan görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs 10 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X8 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 12 iyun 2021-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və həmin tarixdə saxlanıldığı Gəncə şəhər Baş Polis İdarəsinin X3 azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 03 gün müddətində şübhəli şəxs qismində Gəncə şəhər Baş Polis İdarəsinin X6 saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 (üç) gün müddətində şübhəli şəxs qismində tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsi, dalan 6, ev 8 ünvanında yerləşən evini axşam saat 23-dən səhər saat 07-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 19 iyul 2021-ci il tarixli, 1002 nömrəli rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinin tələbinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış ¼ hissə metadon həbi və ¼ hissə tramadol həbi məhv edilməli, bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 81.82 (səksən bir manat, səksən iki qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən 09 (doqquz) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 54 (əlli dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 iyun 2021-ci il tarixdən 12 iyun 2021-ci il tarixədək, yəni 03 (üç) gün şübhəli şəxs qismində tutulduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 06 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsi, dalan 6, ev 8 ünvanında yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış ¼ hissə metadon həbi və ¼ hissə tramadol həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin əks olunduğu və cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 81.82 (səksən bir manat, səksən iki qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 54 (əlli dörd) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar