Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-259/2021 18.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, M.Hacıyev küçəsi, ev 17, mənzil 24-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs saxlanc yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və təkrar özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 07 aprel 2021-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 2nın qapısının kilidli olmamasından istifadə edərək qapını açıb qanunsuz olaraq dəhlizə daxil olub oradan 1 ədəd 35 manat dəyərində süni dəri üzlüklü pul qabını içərisindəki 200 manat nağd pul, 1 ədəd 100 manat dəyərində “Kgtel” markalı “K5625mini” model mobil telefonu və həmin mobil telefonun içərisində olan 1 ədəd 5 manat dəyərində “**********” saylı mobil nömrəni gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 340 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrar tamah məqsədilə özgənin əmlakını açıq olaraq talamaq niyyəti ilə 21 aprel 2021-ci il tarixdə saat 11 radələrində Gəncə şəhəri, A.M.Əhmədov küçəsi boyunca piyada öz evinə doğru hərəkət edən Zərərçəkmiş şəxs2 güdüb izləmiş, sonuncu ünvan 1 ünvanının qarşısına çatdıqda arxadan Zərərçəkmiş şəxs2 yaxınlaşıb sonuncunun əlində tutduğu 1 ədəd 5 manat dəyərində içərisində 100 manat olan pul qabını dartıb əlindən almaqla açıq şəkildə talayaraq qaçıb getməklə ümumilikdə zərər çəkmiş şəxsə 105 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri onun özünün etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 180.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Gündəlik olaraq qazancını fəhləlik edərək əldə edir. 07 aprel 2021-ci il tarixdə heç bir yerdə işləmədiyi üçün maddi baxımdan sıxıntı çəkmişdir. Həmin gün səhər radələrində yaşadığı evdən çıxaraq iş tapmaq üçün şəhərin müxtəlif yerlərində piyada gəzmiş, təxminən saat 14 radələrində o, gəzə-gəzə Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Şəfa” aptekin qarşısında yerləşən binanın həyətinə gəlmişdir. Bu zaman həyətdə adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs1 binanın həyətindəki skamyada əyləşdiyini, qarşısında iki ədəd sellofan torbanın olduğunu görmüş, o, Zərraf adlı qadının yanında əyləşmiş və salamlaşaraq söhbət etmiş, yalandan həmin binada yaşadığını, iş olmadığını demiş, Zərraf xanım isə ona həmin binada tək yaşadığını demişdir. Bundan sonra Zərraf xanım sellofandan 1 ədəd pul qabını çıxarıb sepini açaraq içərisindən açar götürmüş, həmin pul qabını açarkən o, içərisində pul görmüş, həmin vaxt pula ehtiyacı yarandığı üçün Zərraf xanımın başının qarışdığı zaman həmin pul qabını xəlvətcə götürmək qərarına gəlmişdir. Zərraf xanım ayağa qalxıb sellofan torbaları götürdükdə o, kömək etmək istədiyini deyərək əlindəki torbaları götürmüş və Zərraf xanım heç bir etiraz etməmişdir. Bundan sonra onlar birlikdə binanın blokuna daxil olub ikinci mərtəbəyə qalxmış, onlar ikinci mərtəbədə pilləkənlə qalxdıqda üzbəüz yerləşən evin qarşısına çatdıqda Zərraf xanım əlində olan açarla evin qapısını açmış və sellofan torbaları götürüb evin dəhlizinə qoymuşdur. O, həmin vaxt Zərraf xanımı pul qabının yanından uzaqlaşdırmaq üçün mətbəxə getməsi və həmin vaxt dərhal pul qabını götürməsi üçün yalandan su içmək istədiyini demiş, qərarlaşdırdığı kimi Zərraf xanıma “susamışam, mənə bir stəkan su verərdiz...” deyə bildirmiş, Zərraf xanım isə ona “gözlə gətirirəm...” deyə bildirib evin qapısını örtülü vəziyyətə gətirib cüzi şəkildə aralı qoyaraq mətbəxə getmiş, o, qapının arasından Zərraf xanımın mətbəxə getdiyini görüb diqqətinin pul qabından yayındığını görərək dərhal qapını açaraq gizlincə dəhlizə daxil olub pul qabını götürərək dərhal bloka çıxıb pilləkənlərlə aşağı düşüb həyətə çıxmış və oradan da qaçaraq ara küçələrlə 18 nömrəli məktəb istiqamətində getmişdir. Həmin yerdə arxasınca heç kəsin gəlmədiyini, heç kəsin onun oğurluq etdiyini bilmədiyini dəqiqləşdirdikdən sonra pul qabını açmış, pul qabında 91 manat pul və 1 ədəd “Kgtel” markalı mobil telefon varmış, pulu cibinə qoyub dərhal telefonu söndürmüş və arxasından mobil nömrəni çıxardaraq kənara atmış, həmçinin pul qabı da, ona lazım olmadığı üçün atmış, bundan sonra həmin 91 manatı şəxsi ehtiyaclarına xərcləmiş, mobil telefonu isə nə vaxtsa lazım olarsa istifadə etmək üçün özündə saxlamış, daha sonra isə istintaqa təqdim etmişdir. Bundan başqa, o, 21.04.2021-ci il tarixdə saat 10 radələrində şəxsi işlərini qaydasına salmaq üçün Gəncə şəhəri, Atatürk prospekti ilə üzü “Mərkəzi Univermaq” istiqamətində yolun əks istiqamətində sol tərəflə səki ilə getmiş, o, Atatürk prospekti ilə İ.Məmmədov küçələrinin kəsişməsinə çatmağına az qalmış sol tərəfdə market olmuş, o, marketin qarşısından keçərkən bir nəfər yaşlı qadının marketin içərisində dayanaraq satıcıya pul verərək qarşılığında çörək aldığını görmüşdür. Həmin vaxt maddi baxımdan sıxıntı çəkdiyindən və iş olmadığına görə pulu olmadığından o, həmin yaşlı qadının pul xırdalayaraq əlindəki pul qabının içərisinə qoyduğunu görüb həmin qadından pul istəmək qərarına gəlmişdir. Bu məqsədlə təxminən 1-2 dəqiqə marketin çölündə gözləmiş, yaşlı qadın marketdən çörək alıb çıxdıqdan sonra o, qadına yaxınlaşıb öpərək qohum olduğunu, qazi olduğunu, bir ayağının protez olduğunu demiş, həmin qadın isə onu tanımadığını bildirmişdir. Bundan sonra o, həmin qadında nə qədər pulun olmasını öyrənmək üçün 2 ədəd 5 manatlıq verib əvəzində ona 10 manat verməsini istəmiş, həmin qadın isə ona pulunun olmadığını, bütün pulunu çörək alarkən verdiyini bildirmişdir. Qadının ona pul verməcəyini görüb əlindəki pul qabını götürüb qaçmaq qərarına gəlmiş, bu məqsədlə o, əlverişli şərait axtarmış, bundan sonra o, qadının ondan şübhələnməməsi üçün qadına “gəl səni yoldan keçirim” demiş, həmin qadın onunla razılaşdıqdan sonra o, qadının sol qoluna girərək yolun bir tərəfindən digər tərəfinə keçirmişdir. O, yolu keçirdikdən sonra yaxınlıqda olan taksi sürücüsünün ona baxdığını görüb şübhələnməməsi üçün həmin yaşlı qadını kəsişmədə qoyaraq, həmin şəxslərin yanından uzaqlaşması üçün düzünə hərəkət etmişdir. Yaşlı qadın isə öz növbəsində həmin taksi sürücüsünə yaxınlaşıb bir qədər söhbət etdikdən sonra düzünə üzü aşağı düşməyə başlamışdır. O, həmin qadının sakit yerə keçməsini görüb bu dəfə yenidən arxası ilə düşüb yanına yaxınlaşmışdır. Qadın onu görüb təəccüblənərək ona yenidən nə üçün gəldiyini soruşmuş, o isə həmin qadına yalandan adam gözlədiyini, susadığnı deyərək ona su verməsini xahiş etmişdir. Yaşlı qadın isə cavabında evlərinin qapısının bağlı olduğunu demiş və yenidən düzünə hərəkət etmişdir. Həmin yaşlı qadının əlindəki pul qabını götürmək üçün əlverişli fürsət tapa bilməmiş, bundan sonra qadın yenidən sağ əlində əsa, sol əlində isə çörək və pul qabı saxlayaraq hərəkət edib dar döngəyə girmiş, həmin yerin sakitlik olduğunu görüb pulu həmin yerdə götürmək qərarına gəlmişdir. Bu məqsədlə yenidən qadının arxası ilə hərəkət etmiş, qadın bu dəfə də geri çevrilib onun gəldiyini görərək nə səbəbə arxası ilə gəldiyini soruşmuş, o isə həmin qadına yenə də yalandan işıq sayğaclarına baxdığını demişdir. Bundan sonra qadın üzünü çevirib hərəkət etməyə başladıqda o, dərhal arxadan qadına yaxınlaşıb sol əlində saxladığı pul qabını dartıb alaraq dərhal əsas küçəyə, oradan da üzü aşağı hərəkət edib hadisə yerindən uzaqlaşmışdır. Həmin yerdən uzaqlaşdıqdan sonra pul qabını açmış və içərisində 21 manat pul olduğunu görmüşdür. Bundan sonra həmin pul qabını yerə ataraq nağd pulu cibinə qoyub şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan əlavə o, bildirmişdir ki, onun Zərərçəkmiş şəxs1 ilə hər hansı bir tanışlığı, heç bir münasibəti olmamışdır. O, Zərərçəkmiş şəxs1 məxsus əmlakı qanunsuz olaraq sonuncunun icazəsi olmadan götürmüş, həmin əmlakı götürməkdə məqsədi pulu qurtarması və maddi baxımdan sıxıntı çəkməyi olmuşdur. O, həmin yolla öz maddi tələbatını ödəyəcəyini düşünmüşdür. O, Zərərçəkmiş şəxs1 hər hansı bir xəsarət yetirməmiş və ya hədələməmiş və belə bir məqsədi də olmamışdır. Həmin hadisə zamanı üzərində hər hansı bir alət və ya predmet olmamış, özünü müdafiə etmək və ya kimisə qorxutmaq kimi bir fikri olmamışdır. O, həmin pul qabında cəmi 91 manat pul görmüş, başqa hər hansı pul görməmiş, Zərərçəkmiş şəxs1 əmlakını talayarkən onu heç kəs görməmiş və oğurluq etməyinin qarşısını almaq üçün hər hansı bir şəxs heç bir maneçilik etməmişdir. O, həmin ünvana gizlin daxil olmuşdur. Onun ünvan 2nın sahibi ilə heç bir tanışlığı və ya münasibəti olmamışdır. Buna görə də, o, həmin ünvana sahibinin icazəsi olmadan daxil olmuş, həmin ünvanda əvvəllər olmamışdır. Zərərçəkmiş şəxs2 ilə hər hansı bir tanışlığı, heç bir münasibəti olmamışdır. O, Zərərçəkmiş şəxs2 məxsus əmlakı qanunsuz olaraq sonuncunun icazəsi olmadan götürmüş, həmin əmlakı götürməkdə məqsədi pulu qurtarması və maddi baxımdan sıxıntı çəkməyi olmuşdur. O, həmin yolla öz maddi tələbatını ödəyəcəyini düşünmüşdür. O, Zərərçəkmiş şəxs2 hər hansı bir xəsarət yetirməmiş və ya hədələməmiş və belə bir məqsədi də olmamış, sadəcə Əntiqə Paşayevaya arxadan yaxınlaşıb pul qabını əlindən dartıb götürərək qaçıb getmiş, həmin hadisə zamanı üzərində hər hansı bir alət və ya predmet olmamış, özünü müdafiə etmək və ya kimisə qorxutmaq kimi bir fikri olmamışdır. O, həmin pul qabında cəmi 21 manat pul görmüş, başqa hər hansı bir pul görməmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. 07 aprel 2021-ci il tarixdə saat 13 radələrində evə bazarlıq etməyə qərar vermiş, bu məqsədlə 221 manat nağd pulunu və “Kgtel” markalı mobil telefonunu pul qabının içərisinə qoyaraq yaşadığı evdən piyada çıxıb evinin yaxınlığındakı Gəncə şəhəri, Atatürk prosketində yerləşən “Əminə” marketə gedib 21 manat dəyərində bazarlıq etmiş və saat təxminən 14 radələrində piyada geri qayıtmışdır. Onun hər əlində sellofan torbası olduğu üçün yorulub tənginəfəs olmuş, buna görə də bir qədər binaların həyətində olan skamyada əyləşmiş və yorğunluğu çıxdıqdan sonra evinə qayıtmaq qərarına gəlmişdir. O, əlində olan torbaları qarşısında yerə qoyaraq skamyada əyləşmiş, bu zaman bir nəfər orta boylu, sarışın, təxminən 30-35 yaşlarında, adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs da gəlib onun yanında əyləşmişdir. Pərviz elə onların yaşadıqları binada yaşadığını demişdir. Pərviz onun yanında əyləşdikdən sonra onunla söhbətə başlayaraq 1-ci blokun 4-cü mərtəbəsində evi olduğunu, həmin evi kirayə vermək istədiyini bildirmiş, o isə bu işlərdən başı çıxmadığını, maklerlərə müraciət etməsini bildirmişdir. Pərviz isə söhbətə davam edərək hal-hazırkı vəziyyətdə dolanmağın çətin olduğunu, gəlir yerlərinin az olduğunu, hər yerdə işsizlik olduğunu demiş, o isə tanımadığı üçün söhbəti tezliklə yekunlaşdırmaq istədiyindən heç bir cavab verməmişdir. Bu zaman Pərviz ondan tək yaşayıb-yaşamadığını soruşmuş, o isə oğlanları və qızları olduğunu, lakin hal-hazırda evdə olmadığını demişdir. Bundan sonra isə yerindən qalxıb evinə getməyə qərar vermiş, o, yerindən qalxmamış əvvəlcə sellofan torbanın içərisinə qoyduğu pul qabını götürərək sepini açıb içərisindən evin açarını götürmüş və yenidən pul qabını sellofan torbanın içərisinə qoyub torbaları götürərək ayağa qalxmışdır. Bu zaman Pərviz ona kömək etmək istədiyini bildirmiş, o isə ehtiyac olmadığını, torbaları özü daşıya bildiyini demiş, lakin Pərviz ondan əl çəkməyərək köməklik etmək istədiyini deyib əlində olan torbaları götürmüşdür. Pərviz təkid etdiyi üçün o, daha ona etiraz etməmiş və onlar birlikdə binanın blokuna daxil olub ikinci mərtəbəyə qalxmışlar. Onlar evlərinin qarşısına çatdıqda o, əlində olan açarla evin qapısını açmış və sellofan torbaları götürüb evin dəhlizinə qoyub təşəkkür edərək qapını örtmək istədikdə Pərviz ondan içmək üçün su istəmiş, o isə “gözlə gətirirəm...” deyə bildirib evin qapısını örtülü vəziyyətə gəritib cüzi şəkildə aralı qoyaraq mətbəxə getmiş və suyu süzüb geri dəhlizə qayıtdıqda evin qapısının açıq olduğunu, Pərvizin isə blokda olmadığını görmüşdür. Bu zaman Pərvizin oğurluq etməsindən şübhələnib dərhal sellofan torbaya baxdıqda içərisində 200 manat nağd pulu və 1 ədəd 100 manat dəyərində “Kgtel” markalı mobil telefonu olan 35 manat dəyərində süni dəri üzlüklü pul qabının yerində olmadığını görüb o, suyu gətirənə kimi Pərvizin qapını açıb dəhlizə daxil olaraq həmin əşyalarını oğurladığını anlamışdır. O, bloka çıxıb ətrafa boylansa da, görə bilməmiş və buna görə də, evinə qayıtmış, həmin vaxt evdə tək olduğundan, həmçinin şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyi üçün polisə məlumat verə bilməmişdir. 23.04.2021-ci il tarixdə o, xəbərlərdən Pərvizin onun kimi digər bir yaşlı qadının da əşyalarını oğurladığını eşitmiş və polis əməkdaşlarının onu tutduğunu bilmişdir. Bundan sonra o, sözügedən hadisə ilə bağlı polisə məlumat verməyə qərar vermiş və Gəncə şəhər Nizami RPİ-yə gedərək bu barədə ərizə yazmışdır. Bundan əlavə o, bildirmişdir ki, onun 200 manat nağd pulu, içərisində bir ədəd 5 manat dəyərində “**********” saylı mobil nömrəsi olan 1 ədəd 100 manat dəyərində “Kgtel” markalı mobil telefonu və 35 manat dəyərində süni dəri üzlüklü pul qabı talanmaqla ümumilikdə ona 340 manat dəyərində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı oğurlanmış telefonu polis tərəfindən təqsirləndirilən şəxsdən alınıb ona təhvil verilmişdir. Polis tərəfindən telefonu ona təhvil verilsə də, ona dəymiş qalan zərər ödənilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs ən ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. 21.04.2021ci il tarixdə saat 11 radələrində çörək almaq üçün marketə getməyə qərar vermiş, bu məqsədlə yaşadığı evdən piyada çıxaraq Gəncə şəhəri, Atatürk prospekinə doğru hərəkət etmiş, onların küçə ilə Atatürk prospektinin kəsişməsində qonşuluğunda yaşayan taksi sürücüsü Temuraz da dayanmış, o, Temurazla salamlaşıb görüşdükdən sonra Temuraz ona yolu keçməkdə köməklik etmiş və o, marketə daxil olmuş, marketə daxil olub çörək aldıqdan sonra marketin çölünə çıxmış, bu zaman marketin qarşısında bir nəfər orta boylu, sarışın, gödək saçlı, təxminən 30-35 yaşlarında cavan oğlan ona yaxınlaşıb öpərək onunla salamlaşıb xatırlamadığı ad deyərək həmin şəxsin oğlu olduğunu demiş, o isə ona yaşlandığını, buna görə d tanıya bilmədiyini bildirmişdir. Bu zaman həmin şəxs ondan 2 ədəd 5 manatlığın əvəzində 1 ədəd 10 manatlıq verməyini istəmiş, həmin oğlanın marketin yaxınlarında olmasına baxmayaraq ondan xırda pulunu bütövləşdirmək istəməsi ona şübhəli gəlmiş və o, “pulum yoxdu, təqüdümü almamışam” demişdir. Həmin oğlan bu dəfə də onun yanından getməyərək ona “gəl səni yoldan keçirdim” demiş, o, həmin şəxsə ehtiyac olmadığını desə də, ondan əl çəkmədiyini görüb razı olmuş, yolu keçə-keçə həmin oğlan ona qazi olduğunu, bir ayağının protez olduğunu demişdir. Onlar yolu keçərkən taksi sürücüsü Temuraz da onlara baxmış, həmin oğlan Temurazın onlara baxdığını görüb onu yoldan keçirdikdən sonra yanından ayrılaraq İ.Məmmədov küçəsinə doğru getmişdir. O isə özü piyada yavaş-yavaş yeriyərək Temurazın yanına getmiş, Temuraz ondan həmin şəxsin kimliyini soruşduqda o, tanımadığını, qazi olduğunu, bir ayağının protez olduğunu demiş, bundan sonra Temurazın yanından da keçərək öz evinə doğru sağ əlində əsa, sol əlində isə pul qabı və çörək tuta-tuta yeriməyə davam etmişdir. O, küçələrinin döngəsinə çatdıqda yenidən həmin oğlanın yanında peyda olduğunu görüb təəccüblənmiş və həmin yerdə nə üçün olduğunu soruşmuş, həmin oğlan isə cavabında adam gözlədiyini demiş, bundan sonra həmin oğlan susadığını deyərək gedib su gətirməsini istəmişdir. Oğlanın müxtəlif bəhanələrlə onun yanında olması və ondan əl çəkməməsi onu daha da şübhələndirmiş və o, həmin oğlana əl çəksin deyə evinin qapısının bağlı olduğunu, su olmadığını deyib üzünü çevirərək hərəkətini davam etdirib döngəyə girmişdir. O, dar döngəyə girən anda yenidən həmin oğlanın arxasınca gəldiyini görmüş, o, yenidən nə üçün gəldiyini soruşduqda həmin oğlan ona işıq sayğaclarına baxdığını demiş, o, bu dəfə də əhəmiyyət verməmiş və öz evinə doğru hərəkət etməyə davam edib evinin qarşısına çatmağına 1 metr qalmış həmin oğlan anidən arxadan ona yaxınlaşaraq pul qabını dartıb əlindən almış, əlində tutduğu pul qabını dartması nəticəsində o, müvazinətini itirərək yerə yıxılmış, oğlan isə pul qabı ilə birlikdə qaçaraq oradan uzaqlaşıb gözdən itmişdir. O, yerdə uzanıqlı vəziyyətdə dərhal gəlini Faziləni çağıraraq kömək istəmiş, Fazilə səsinə evdən küçəyə çıxaraq qonşuları da köməyə çağırmışdır. Həmin şəxsi tapa bilməmişlər, bu zaman həmin hadisə barədə polisə məlumat vermiş və polis əməkdaşları hadisə yerinə gələrək müvafiq sənədləşməni aparmışlar. Bundan əlavə o, bildirmişdir ki, onun 1 ədəd 5 manat dəyərində içərisində 100 manatı olan pul qabını adını sonradan bildiyi Təqsirləndirilən şəxs arxadan ona yaxınlaşıb onun icazəsi olmadan əlindən dartıb almaqla talamışdır. Onun 1 ədəd 5 manat dəyərində içərisində 100 manatı olan pul qabı talanmaqla ümumilikdə ona 105 manat dəyərində maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilməmişdir və ona görə də Təqsirləndirilən şəxs ən ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid Çingiz oğlu ifadəsində göstərmişdir ki, o, gündəlik olaraq qazancını özünə məxsus “VAZ 2107” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksiçilik edərək əldə edir. Taksi dayanacağı kimi adətən Gəncə şəhəri, A.M.Əhmədov küçəsi ilə İ.Məmmədov küçəsinin kəsişməsində dayanır. Zərərçəkmiş şəxs2 o, uşaq vaxtlarından tanıyır və Əntiqə onun qonşuluğunda yaşayır. Əntiqə yaşlı qadın olduğu üçün yeriməkdə çətinlik çəkir və adətən küçəyə çıxarkən və ya hər hansı bir yerə gedərkən onlar köməklik göstərirlər. 21.04.2021-ci il tarixdə saat 11 radələrində o, yenə adəti üzrə Gəncə şəhəri, A.M.Əhmədov küçəsi ilə İ.Məmmədov küçəsinin kəsişməsində dayanıb müştəri gözləyərkən Əntiqə xanım onun yanından keçib salam verərək Gəncə şəhəri, Atatürk prospektində yerləşən marketə çörək almağa getdiyini demişdir. Bundan sonra o, Atatürk prospektində yolun kənarında dayanaraq hərəkət edən avtomobilləri əli ilə işarə edib dayandırmış və Əntiqə xanım yolu keçərək marketə daxil olmuşdur. Həmin vaxt Əntiqə xanımın sağ əlində əsa, sol əli isə bel nahiyəsində olmuş və həmin əlində pul qabı varmış, təxminən 10 dəqiqə sonra bir nəfər orta boylu, sarışın, gödək saçlı, təxminən 30-35 yaşlarında cavan oğlan Əntiqə xanımın sol tərəfində dayanıb qoluna girərək Atatürk prospektindən yolu keçməsinə köməklik etmiş, hərəkət edə-edə söhbət etmişlər. Həmin şəxs Əntiqə xanımı yolu keçirdikdən sonra Əntiqəgil o, tərəfə doğru gəlmiş, həmin şəxs onun Əntiqə xanımı tanıdığını hiss edərək yanından ayrılıb onun qarşından keçərək İ.Məmmədov küçəsinə doğru getmişdir. Bu zaman Əntiqə xanım onun yanına yaxınlaşmışdır. O, Əntiqədən həmin şəxsin kimliyini soruşduqda Əntiqə xanım ona həmin oğlanın öpərək qohumu olduğunu deməsinə baxmayaraq, tanımadığını demiş, qazi olduğunu, bir ayağının protez olduğunu demişdir. Bundan sonra Əntiqə xanım onun yanından keçərək öz yaşadığı A.M.Əhmədov küçəsi, 1ci döngəyə doğru getmiş, Əntiqə xanım öz evinə doğru gedərkən o, yolu keçirən oğlanın İ.Məmmədov küçəsində yerləşən kişi salonunun qapısını açmaq istədiyini görmüş, həmin vaxt salon bağlı olduğundan o, həmin şəxsə salonun bağlı olduğunu, işləmədiyini demişdir. Həmin şəxs isə ona heç bir cavab vermədən bu dəfə Əntiqə xanımın yaşadığı A.M.Əhmədov küçəsi, 1-ci döngəyə doğru getmişdir. Təxminən 3 dəqiqə sonra Əntiqə xanımın yaşadığı ev tərəfdən səs-küy eşitmiş, həmin döngədən Əntiqə xanımın gəlini Fazilə çıxıb onu səsləyərək həmin oğlanın Əntiqə xanımın pulunu götürüb qaçdığını demişdir. Bundan sonra o, dərhal prospektə çıxıb həmin şəxsi tapmağa çalışsa da, buna nail ola bilməmişdir. Sonra Əntiqə xanımın yaşadığı evə getdikdə evin qarşısında olduğunu, qonşuların isə ayağa qaldırdığını görmüş, bundan sonra onlar DİN-in 102 xidmətinə zəng edib polis əməkdaşlarına məlumat vermiş və polis əməkdaşları gəlib müvafiq sənədləşməni aparmışlar. Hadisə Əntiqə xanımın yaşadığı evinin qarşısında döngədə baş verdiyi üçün o, həmin hadisə anını görə bilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 21.04.2021-ci il tarixli “baxış aparılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus əmlakın talandığı hadisə yerinə baxış keçirilmiş və baxış zamanı Zərərçəkmiş şəxs2 əmlakını talayan Təqsirləndirilən şəxs onun arxası ilə gəldiyini, evinə çatana yaxın olan döngədə evinin qarşısında həmin şəxsin ona arxadan yaxınlaşıb pul qabını dartıb əlindən aldığını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 29.04.2021-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, sözügedən soyğunçuluq cinayət hadisəsinin Gəncə şəhəri, Atatürk prospekti 345B ünvanında yerləşən marketin içərisindəki müşahidə kamerasında qeydə alınmış görüntüləri özündə əks etdirən bir ədəd “DVD” disk istintaqa təqdim edilmiş, həmin “DVD” diskə baxış zamanı müəyyən edilmişdir ki, 21.04.2021-ci il tarixdə saat 10:20 radələrində Zərərçəkmiş şəxs2 əlində olan pul qabından pul çıxardıb satıcıya verir, satıcı əvəzində isə ona çörək və verilən pulun xırdasını qaytarır. Zərərçəkmiş şəxs2 çörəyi əlinə götürür, pulu isə pul qabına qoyur. Bu ərəfədə isə Təqsirləndirilən şəxs mağazanın çöl tərəfində dayanıb içəri boylanaraq Zərərçəkmiş şəxs2 hərəkətlərini müşahidə edir. Zərərçəkmiş şəxs2 sağ əlində əsa, sol əlində isə pul qabı və çörək tuta-tuta mağazanın çölünə çıxır. Zərərçəkmiş şəxs2 çölə çıxarkən Təqsirləndirilən şəxs kameranın əhatə dairəsindən çıxır. Zərərçəkmiş şəxs2 da mağzanın çölünə çıxdıqdan sonra sola doğru hərəkət edərək kameranın əhatə dairəsindən çıxır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 15.08.2021-ci il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 aprel 2021-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs1 məxsus oğurladığı 1 ədəd “Kgtel” markalı mobil telefonu istintaqa təqdim etmiş və telefona baxış zamanı müəyən edilmişdir ki, həmin telefon 1 ədəd qara rəngli, üzərində düymələr və ekran, arxa tərəfində isə kamerasi və səsləndiricisi olan “Kgtel” markalı “K5625mini” model mobil telefondur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 23.04.2021-ci il tarixli “şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Şahid Çingiz oğlu təqdim edilən şəxsləri nəzərdən keçirib soldan sağa 3-cü yerdə dayanmış Təqsirləndirilən şəxs tanıyıb göstərərək bildirmişdir ki, həmin şəxs 21.04.2021-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 1 ünvanının qarşısında arxadan yaxınlaşıb əlindəki içərisində 100 manat olan pul qabını dartıb açıq şəkildə talayaraq qaçıb gedən şəxsdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 24.08.2021-ci il tarixli “şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim edilən şəxsləri nəzərdən keçirib soldan sağa 3-cü yerdə dayanmış Təqsirləndirilən şəxs tanıyıb göstərərək bildirmişdir ki, həmin şəxs 07 aprel 2021-ci il tarixdə saat 14 radələrində yaşadığı ünvan 2n dəhlizinə daxil olaraq oradan içərisində 200 manat nağd pul və 1 ədəd mobil telefon olan 1 ədəd pul qabını talamış şəxsdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 27.08.2021-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 1 ədəd “Kgtel” markalı mobil telefon Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs1 həmin mobil telefonu tanıyıb göstərərək bildirmişdir ki, həmin mobil telefon 07 aprel 2021-ci il tarixdə saat 14 radələrində yaşadığı evin dəhlizindən oğurlanmış mobil telefondur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 23.04.2021-ci il tarixli “şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim edilən şəxslərin fotoşəkillərini nəzərdən keçirib 2-ci yerdə qoyulmuş Təqsirləndirilən şəxs şəkilini tanıyıb göstərərək bildirmişdir ki, həmin şəxs 21.04.2021-ci il tarixdə saat 11 radələrində yaşadığı ünvan 1 ünvanının qarşısında arxadan ona yaxınlaşıb əlindəki içərisində 100 manat olan pul qabını dartıb açıq şəkildə talayaraq qaçıb gedən şəxsdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 24.04.2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus əmlakın talandığı hadisə yerinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, hadisə ünvan 4 ünvanında baş vermişdir. Hadisə baş verən mənzil 9 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 24.04.2021-ci il tarixli və 19.08.2021-ci il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” və “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 01.09.2021-ci il tarixli arayışdan görünür ki, 2021-ci ilin aprel ayı üçün 1 ədəd “Kgtel” markalı “K5625mini” model mobil telefon 100 manat dəyərində, “**********” saylı “Azercell” şəbəkəsində istifadə olunan mobil nömrə isə 5 manat dəyərindədir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 30.04.2021-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 30.08.2021-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 22.04.2021-ci il tarixli, 561 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində xəsarət müəyyən edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 24.04.2021-ci il tarixli, 585 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 02.06.2021-ci il tarixli, 1848 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs psixonevroloji dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 04.06.2021-ci il tarixli, 2303 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Şübhəli şəxsin tutulması” haqqında 22 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 24.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair təqdimat təmin edilməmiş və o, dərhal həbsdən azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 24.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 15.08.2021-ci il tarixli qərardan görünür k, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 01 sentyabr 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, cinаyət təqibi üzrə əhəmiyyət kəsb еdən hаllаrın müəyyən еdilməsinə kömək еtdiyindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təhvil verilmiş 1 ədəd “Kgtel” markalı mobil telefon, həmçinin cinayət işinə əlavə edilmiş bir ədəd “DVD” disk maddi sübut növü kimi tanınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş 04.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 07 aprel 2021-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 2nın qapısının kilidli olmamasından istifadə edərək qapını açıb qanunsuz olaraq dəhlizə daxil olub oradan 1 ədəd 35 manat dəyərində süni dəri üzlüklü pul qabını içərisindəki 200 manat nağd pul, 1 ədəd 100 manat dəyərində “Kgtel” markalı “K5625mini” model mobil telefonu və həmin mobil telefonun içərisində olan 1 ədəd 5 manat dəyərində “**********” saylı mobil nömrəni gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 340 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrar tamah məqsədilə özgənin əmlakını açıq olaraq talamaq niyyəti ilə 21 aprel 2021-ci il tarixdə saat 11 radələrində Gəncə şəhəri, A.M.Əhmədov küçəsi boyunca piyada öz evinə doğru hərəkət edən Zərərçəkmiş şəxs2 güdüb izləmiş, sonuncu ünvan 1 ünvanının qarşısına çatdıqda arxadan Zərərçəkmiş şəxs2nya yaxınlaşıb sonuncunun əlində tutduğu 1 ədəd 5 manat dəyərində içərisində 100 manat olan pul qabını dartıb əlindən almaqla açıq şəkildə talayaraq qaçıb getməklə ümumilikdə zərər çəkmiş şəxsə 105 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 180.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 177.2.3 və 180.2.2-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən cinayətin təqsirkar üçün aşkar surətdə qoca şəxsə qarşı törədilməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun əməlində cəzasını yüngülləşdirən halın olmaması ilə yanaşı, əməlində cəzasını ağırlaşdıran halı, Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəzanın təyin edilməsi məsələsinə baxaraq hesab edir ki, Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, onun cəzasını ağırlaşdıran halı və cəzasını yüngülləşdirən halın olmamasını, həmçinin təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməməsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Cinayət Məcəlləsininn 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılaraq (Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azaqdlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla) ona azadlıqdan məhrumetmə cəzası təyin edilməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 22.04.2021-ci il tarixdən 24.04.2021-ci il tarixədək, yəni 03 gün müddətində şübhəli şəxs qismində Gəncə şəhər Baş Polis İdarəsinin X3 saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün müddət təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalında dərhal həbs edilməli, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış “Kgtel” markalı “K5625 mini” model mobil telefonun sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalı, həmçinin 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə zərərçəkmiş şəxslərə onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən 10 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsininn 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılmaqla (Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azaqdlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla) ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 18.11.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “Kgtel” markalı “K5625 mini” model mobil telefonun hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslərə onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-259/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-259/2021
18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver